Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gənc Tamaşaçılar Teatrı Əməkdar artist Almaz Mustafayevanın yubileyinə hazırlaşır

    Yanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, sevilən aktrisa, Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək.

    Məlumata əsasən, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

    Qeyd edək ki, hər zaman orijinal, fərqli tədbirlər hazırlayan yaradıcı heyət aktrisanın əlamətdar gününü də qeyri-adi üslubda təqdim edəcək. Son dərəcə maraqlı, teatrlaşdırılımış yubiley tədbirində aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq. Yubiley mərasimində teatrın bütün kollektivi çıxış edəcək və səhnədən yubilyara təbriklər ünvanlanacaq. Həmçinin ekranda Almaz Mustafayevanın sənət fəaliyyətini əks etdirən fotolar, kadrlar nümayiş ediləcək.

    Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, "Sehirli xalat" filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Almaz Mustafayeva kinoda və teatrda maraqlı, biri-birindən seçilən fərqli obrazlar ifa edib. Eyni zamanda müasir seriallarda canlandırdığı obrazlarla da aktrisa çağdaş tamaşaçıların qəlbinə yol tapıb.

    50 ildir Gənc Tamaşaçılar Teatrında çalışan Almaz Mustafayevanın ailəsi də sənətə, Azərbaycan Teatrına xidmət edir. Sənətkarın hər iki oğlu Mustafa və Tural Mustafayevlər teatr sənətimizin inkişafı üçün çalışır, rəssam və rejissor kimi fəaliyyət göstərirlər.

    Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatına, 2013-cü ildə isə Əməkdar artist Fəxri adına layiq görülüb.

  • Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ölkəmizin ədəbiyyatına dair prioritet tərcümə və nəşr layihələrini elan edib.

    Mədəniyyət Mərkəzindən verilən məlumata görə, bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini özbək dilinə tanınmış füzulişünas alim Erqaş Açilovun, Seyid Əzim Şirvanini tanınmış tərcüməçi Tahir Qahharın, Mirzə Ələkbər Sabiri isə şair-tərcüməçi Karim Bahriyevin özbək dilinə tərcümə etməsi ilə bağlı razılıq əldə edilib.

    Seyid Əzim Şirvaninin 185 illiyi ilə əlaqədar hər iki ölkə alimlərinin, ədəbiyyat nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulub.

    AMM-in direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə bildirib ki, ötən il böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Molla Pənah Vaqifin qəzəlləri, habelə XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin çoxsaylı əsərləri özbək dilinə tərcümə olunaraq çap edilib.

    S.Abbasov vurğulayıb ki, il ərzində “Azərbaycanı tanıyaq” və “Azərbaycan tarixi, ədəbiyyatı hər bir ölkədə” layihələri çərçivəsində həm Azərbaycana dair özbək dilində buraxılan nəşrlər, həm də Azərbaycan, ingilis və rus dillərində Azərbaycandan göndərilən yüzlərlə əsər Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, elmi- tədqiqat, habelə təhsil ocaqlarının kitabxanalarına hədiyyə olunub və bu iş davam etdirilir.

     
  • Azərbaycan MDB-də müəllif turları üçün ən populyar üçlüyə daxildir

    Azərbaycanda Bakı, Qobustan, Şəki və Qəbələ MDB ölkələrində müəllif turları üçün ən populyar istiqamətlər siyahısına daxil edilib.

    Rusiyanın “TurStat” turizm portalı rusiyalı turistlər üçün MDB-də müəllif turlarının ən populyar istiqamətlərinin siyahısını təqdim edib.

    Bu siyahıya, Azərbaycandan Bakı, Qobustan, Şəki və Qəbələ ilə yanaşı, həmçinin Qazaxıstandan Almatı şəhəri və Almatı vilayəti, Burabay və Aktau, Belarusdan Minsk şəhəri, Minsk vilayəti və Vitebsk, Özbəkistandan Buxara və Səmərqənd və s. daxil edilib.

    “Turstat”ın məlumatına görə, müəllif turları turizmin ən populyar növlərindən birinə çevrilir. Travel-blogerlər tərəfindən təqdim edilən müəllif turları və ekskursiyalar daha çox populyarlaşır.

    Müəllif turları dedikdə, travel-ekspertlə 5-15 nəfərlik kiçik qruplarda səyahət və turlar nəzərdə tutulur.

    Müəllif qastronomik turlarına, ekskursiya turlarına, trekinq-turlara və ekspedisiyalara, cip-turlara, həmçinin fototurlara daha çox tələbat var. Bir həftəlik müəllif turuna turistlər iki adama 1000-1500 dollar xərcləməyə hazırdırlar.

    Reytinq müəllif turları və istirahət təklifləri bazarının analizinin nəticələri əsasında tərtib edilib.

  • “Muğam axşamları” layihəsi davam edir

    Beynəlxalq Muğam Mərkəzinin sevilən və tamaşaçılar tərəfindən böyük maraqla gözlənilən “Muğam axşamları” layihəsinin növbəti konserti yanvarın 25-də reallaşacaq.

    Həmin gün sevilən xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Nisbət Sədrayeva “Çahargah” muğamını təqdim edəcəklər.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamımız təqdim edilib.

    Layihənin il boyu davam edəcək konsertlərində də “Bayatı-Şiraz”, “Humayun”, “Şüştər”, “Şahnaz”, “Orta Mahur”, “Arazbari”, “Osmanlı”, “Heydəri”, “Bayatı Qacar”, “Mahur hindi”, “Qarabağ şikəstəsi”, “Xaric segah”, “Heyratı”, “Mirzəhüseyn segahı”, “Kəsmə şikəstə”, “Bayatı Kürd”, “Ovşarı”, “Dəşti”, “Qatar”, “Rahab” və “Şirvan şikəstəsi” muğamları təqdim olunacaq.

    Konsertlərə biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzləri və iticket.az saytından əldə etmək olar.

     
  • Qar yağacaq, güclü külək əsəcək, temperatur 4-6 dərəcə aşağı enəcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Nazirlikdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də güclü cənub-qərb küləyi əsəcək, yanvarın 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Yanvarın 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı olacağı gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

    Yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 23-ü axşamdan 25-dək hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

    Yanvarın 23-də güclü cənub-qərb küləyi 24-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

     
  • Misirdə tapılmış qayaüstü rəsmlər ölkənin turizm xəritəsinə daxil ediləcək

    Misirin Cənubi Sinay əyalətində tapılmış qayaüstü rəsmlər ölkənin turizm xəritəsinə daxil ediləcək. Misirin Turizm və Qədim Abidələr Nazirliyinə istinadən xəbər verilir ki, qədim mağarada olan bu rəsmlər Sarabit əl-Xademin 60 və Şimali Müqəddəs Katerinanın 30 kilometrliyində aşkar edilib.

    Misirin Qədim Abidələr üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, mağara Zəranij adlanan və çətin relyefi olan ərazidə yerləşir. Qədim bədəvi tayfalarının yaşadığı bu mağaranın dərinliyi 3 metr, hündürlüyü 3,5 metr, diametri isə 22 metrdir. Onun sözlərinə görə, bu, Cənubi Sinay bölgəsində aşkar edilən ilk bu cür tarixi abidədir.

    Arxeoloqların ehtimalına görə, mağarada qədim insanlar eramızdan əvvəl 5,500 – 10 000 il əvvəl yaşayıblar. Qum qayalarının üzərində onların istifadə etdikləri uzunqulaq, qatır, dəvə, habelə qadın təsvirləri var. Misirin rəsmi qurumları qədim mağaraya turist səfərləri təşkil etmək üçün ətraf ərazililərin abadlaşdırılması planı hazırlayacaqlar.

     
  • Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək.

    Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.

    Regionlarda yaşayan iştirakçıların rahatlığını təmin etmək üçün imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2020-ci il 21 yanvar saat 11:00-dan 27 yanvar saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

    İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış heç kim binaya buraxılmayacaq. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.

     
  • Şəmkir gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

    Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Şəmkir gəncləri də qoşulublar.

    Məlumata əsasən, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

    Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

     
  • "PwC": Şirkət rəhbərləri bu il iqtisadi inkişafın zəifləyəcəyini gözləyir

    Beynəlxalq konsaltinq və audit şirkəti “PwC” ənənəvi olaraq hər il hazırladığı “Qlobal CEO” anketinin nəticələrini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda açıqlayıb.

    Anketi dünyanın 83 ölkəsindən 600 şirkətin rəhbəri doldurub. 

    Onların 53%-i bu il iqtisadi inkişafın zəifləyəcəyini proqnozlaşdırır. Bu, hesabatın hazırlanmasına başlanıldığı 2012-ci ildən bəri ən yüksək göstəricidir. 

    Xatırladaq ki, 2019-cu ildə sorğuda iştirak etmiş CEO-ların 29%-i iqtisadi artım tempinin azalacağını gözləyirdilər.

  • Bakıda 4 nömrəli marşrut xətti kart sisteminə keçir

    Yanvarın 24-dən etibarən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

    Məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.