“Azərişıq” ASC 2015-ci ildə yaradılarkən müştəri məmnünlüğünü artırmaq, məmur-vətəndaş kontaktını aradan qaldırmaq, şəffaflığı təmin etmək məqsədi ilə ilkin olaraq 4 istiqamətdə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyətə başlayaraq, hazırda 16 xidmət üzrə abonentlərə xidmət göstərir”.
Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, 2015-ci ildən bu günə qədər 16 xidmət üzrə “Azərişığ”a “ASAN xidmət”, ASAN Kommunal, KOB evləri və elektron qaydada yarım milyona yaxın müraciət daxil olub.
“16 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kilovata qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün müraciət edən 6,6 min sahibkarın və 120 min vətəndaşın evinə, bağına və ya həyətinə işıq çəkilib. Göstərilən müddət ərzində obyektin elektrik şəbəkəsinə qoşulması üçün müddət 74 gündən 20 günə, prosedurlar isə 7-dən 2-yə endirilib. İşin yüksək səviyyədə təşkili, operativliyi və keyfiyyəti təmin etmək üçün “Azərişıq” ASC-də ayrıca “ASAN xidmət”lə iş departamenti yaradılıb. “Azərişıq” mütəxəssislərinin yaratdığı Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsi ilə onlayn qaydada elektrik təchizatı şəbəkəsinə qoşulması təmin edilib.
Səhmdar Cəmiyyətin Şəmkir, Mingəçevir, İmişli və Qəbələdə Avtomatik İdarəetmə mərkəzi yaradılıb və mərkəzlərdə quraşdırılan server vasitəsi ilə Elektron Müraciətlərin İdarəolunması Sistemi “ASAN Xidmət”in işinə inteqrasiya edilib. Xatırladaq ki, 2019-cu ildə açıqlanan Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünya üzrə ikinci yerdə qərarlaşıb”.
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdiyev və libretto müəllifi Pərviz Seyidlinin “İstintaq” əsərini səhnələşdirəcək.
Teatrdan verilən məlumata görə, tamaşada vətənpərvər ruhlu aydınların 1906-cı ildə yaratdığı “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın represiya illərində çəkdiyi iztirablarından bəhs edilir.
Tamaşada “Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandırmaqla onu sevənlərin qarşısına tam fərqli ampluada çıxacaq, repressiyaya məruz qalan ailələrdə qadınların çəkdiyi əzab-əziyyətləri öz heyrətedici ifası ilə tamaşaçılara çatdıracaq.
Xalq artisti ilə yanaşı, tamaşada Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.
Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.
“Əsərin qəribə və çox təsirli bir süjet xətti var. Burada ermənilərin dəyirmanına su tökən çar generallarına və onların müşavirlərinə qarşı fərdi mübarizə aparan difaiçilərdən biri olan Nağı bəy Şeyxzamanlının həyat yoldaşı Səlimə xanımın əzab dolu həyatından bəhs olunur. Səlimə xanım Türkiyədə mühacirət həyatı sürən həyat yoldaşından fərqli olaraq Azərbaycanda qaldığı üçün
37-ci ildə həbs olunur və ən dəhşətlisi odur ki, onun istintaq prosesini bolşevik ideologiyasının təsiri altında öz xalqına qarşı manqurtlaşan azərbaycanlı zabit aparır. Verilən işgəncələrə, edilən zülmlərə baxmayaraq müstəqillik ideyalarına sadiq qalan, difaiçilərin siyahısını satqınlara verməyən Səlimə xanım isə əsər boyu bu gənc azərbaycanlı zabitlə mübarizəsini davam etdirir və sonda hadisələrin gedişatını tam fərqli məcraya yönəldə bilir. Səlimə xanımın sayəsində gənc zabit gec də olsa öz bağışlanmaz səhvini anlayır və onu bu işə sövq edən erməni cəlladlarından qisasını alır… Vətənpərvərlik mövzusunda hazırlanan bu layihə ümumilikdə Azərbaycanın mübariz qadınlarının düşmənə qarşı barışmaz mövqeyini sərgiləyir”, - deyə Xalq artisti F.Məhərrəmov bildirib.
“AzerGold” QSC-nin nizamnamə kapitalı 10 milyon manat və yaxud 6 dəfə artırılıb.
Şirkətin kapitalı 2 milyon manatdan 12 milyon manata çatdırılıb.
Xatırladaq ki, “AzerGold” ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Səhmdar cəmiyyəti Azərbaycanda qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Ankara şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC-a istinadən bildirilir ki, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyevin yağlı boya ilə çəkdiyi portretlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi faciənin hərbi cinayət kimi mahiyyətini özündə əks etdirir.
Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfirliyinin və digər dövlət qurumlarımızın əməkdaşları, QHT təmsilçiləri, o cümlədən müəllifin sənət yoldaşları iştirak ediblər.
Rəssamın mövzu ilə bağlı 32 portretinin nümayiş olunduğu sərgi fevralın 15-dək davam edəcək.
Qeyd edək ki, rəssam M.Əliyevin Türkiyədə və başqa ölkələrdə çox sayda fərdi sərgisi təşkil olunub. Onun yaradıcılığında vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər əsas mövzuları əhatə edir.
Yanvarın 31-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada ağlasığmaz sevgi oyunlarından bəhs olunur. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də izlənilib və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
Hərənin öz qisməti, taleyi olan bu həyatda onun öhdəsinə bəstəkarlıq missiyası düşmüşdü. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.
Yanvarın 21-i görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür.
O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.
Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir.
Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Bəstəkarın insan duyğularına toxunan mahnıları dinləyicilərin qəlbində ona əbədilik qazandırıb. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar.
Azərbaycan Dövlət “Yuğ” Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası növbəti dəfə nümayiş edilib.
Teatrdan bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Yeni səhnə redaksiyasında təqdim edilən səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış ediblər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edib.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün yanvarın 29-da təqdim olunacaq.
Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.
“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.