Azərbaycan Dövlət Pantomima Teatrında “Xocalı - bu olub” tamaşası 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf edilib.
Teatrdan bildirilib ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev canlandırıb.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq ötən ilin fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlanıb.
Fevralın 2-də İsrailin Tel-Əviv şəhərində Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi həyata keçiriləcək.
Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib elan olunub. Milli Qəhrəmanımız Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasıdır.
Layihədə məqsəd İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin tədbir vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılmasıdır. Bədii hissədə Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) ilə yanaşı, İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı gözlənilir.
Tədbirdə Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, V.Adıgözəlov, Q.Qarayev, F.Əlizadə, İ.İsrafilovanın əsərləri ilə yanaşı, dünya bəstəkarların əsərləri səsləndiriləcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni səhnə əsərinin məşqlərini uğurla davam etdirir. Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının yaradıcı kollektivi bu dəfə Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda hazırlanan “İstintaq” tamaşasıdır. Bəstəkar Ceyhun Allahverdiyev və libretto müəllifi Pərviz Seyidli olan səhnə əsərində xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın repressiya illərində çəkdiyi iztirablarından bəhs edilir.
Tamaşada Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandırmaqla onu sevənlərin qarşısına tam fərqli ampluada çıxacaq, repressiyaya məruz qalan ailələrdə qadınların çəkdiyi əzab-əziyyətləri öz heyrətedici ifası ilə tamaşaçılara çatdıracaq.
Xalq artisti ilə yanaşı, səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.
Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.
“Əsərin qəribə və çox təsirli bir süjet xətti var. Burada ermənilərin dəyirmanına su tökən çar generallarına və onların müşavirlərinə qarşı fərdi mübarizə aparan difaiçilərdən biri olan Nağı bəy Şeyxzamanlının həyat yoldaşı Səlimə xanımın əzab dolu həyatından bəhs olunur. Səlimə xanım Türkiyədə mühacirət həyatı sürən həyat yoldaşından fərqli olaraq Azərbaycanda qaldığı üçün 37-ci ildə həbs olunur və ən dəhşətlisi odur ki, onun istintaq prosesini bolşevik ideologiyasının təsiri altında öz xalqına qarşı manqurtlaşan azərbaycanlı zabit aparır. Verilən işgəncələrə, edilən zülmlərə baxmayaraq müstəqillik ideyalarına sadiq qalan, difaiçilərin siyahısını satqınlara verməyən Səlimə xanım isə əsər boyu bu gənc azərbaycanlı zabitlə mübarizəsini davam etdirir və sonda hadisələrin gedişatını tam fərqli məcraya yönəldə bilir. Səlimə xanımın sayəsində gənc zabit gec də olsa öz bağışlanmaz səhvini anlayır və onu bu işə sövq edən erməni cəlladlarından qisasını alır… Vətənpərvərlik mövzusunda hazırlanan bu layihə ümumilikdə Azərbaycanın mübariz qadınlarının düşmənə qarşı barışmaz mövqeyini sərgiləyir”, – deyə Xalq artisti F.Məhərrəmov quruluş verdiyi tamaşa haqqında öz fikirlərini belə bölüşüb.
Azərbaycanın iki dağ-xizək kurortu MDB məkanında ən yaxşılar sırasındadır.
MDB-nin qış kurortlarına turlar və tətil təkliflərinin təhlili əsasında “TurStat” agentliyinin tərtib etdiyi reytinqə əsasən, “Tufandağ” (Qusar rayonu) və “Şahdağ” (Qəbələ rayonu) dağ-xizək kurortları “TOP-10”a daxil edilib.
Reytinqin tərtibatçıları MDB məkanında xizək və snoubord üzrə ən yaxşı kurortların Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Ermənistanda yerləşdiyini vurğulayıb.
Qış kurortlarına turlar və tətil təkliflərinin təhlilinə əsasən, MDB ölkələri arasında ilk onluğa həmçinin Qazaxıstandakı Çimbulak, Altay Alpları və Nurtau, Belarusdakı Loqoysk və Siliçi, Ermənistandakı Tsaxkadzor, Qırğız Respublikasındakı Karakol və Özbəkistandakı Çimgən kurortları daxil edilib.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb.
Kinoteatrdan verilən məlumata görə, bir bilet alan tamaşaçılar iki film izləyəcəklər.
Ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davamı olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir. “Deli” ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. “Emanet” isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.
Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci yer alıblar.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Çinin “Huawei” və Niderlandın “TomTom” şirkətləri kartoqrafik məlumatların istifadəsi ilə bağlı razılığa gəlib.
“Reuters”ə istinadən xəbər verilir ki, Çin korporasiyası “TomTom” vasitəsilə smartfonlarda “Google Map”i əvəzləyəcək.
“TomTom”un nümayəndəsi razılaşmanın bir neçə gün öncə əldə olunduğunu bəyan edib. Razılaşmanın detalları açıqlanmır.
Agentliyin məlumatına görə, “Huawei” yeni tərəfdaşın məlumatlarını öz brendi altında istifadə etmə hüququ qazanıb.
“Android Authority” nəşri yazıb ki, razılaşma “Huawei”yə yeni servisi “Huawei Maps” adı altında işə salmaq hüququnu verir.
Xatırladaq ki, Çin və ABŞ arasında olan ticarət müharibəsi fonunda “Google” şirkəti “Huawei” ilə əməkdaşlığı dayandırıb. “Google”un bu addımı atmasının səbəbi isə ABŞ-ın Ticarət Departamentinin “Huawei”in ABŞ-ın milli maraqlarına zidd fəaliyyətlərdə əli olmasını bəyan etməsidir.
Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar geniş anım tədbiri keçirilib.
Saraydan XeberOxu.Az-a verilən məlumata görə, öncə 20 Yanvar faciəsini əks etdirən kitab stendə baxış keçirilib.
Daha sonra anım təbdirində 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Heydər Əliyev Sarayının rəhbərliyi milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edənlər, Azərbaycan xalqına qarşı törədilmiş qanlı 20 Yanvar hadisələrinin başvermə səbəbləri haqqında geniş məlumat veriblər və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar. 20 Yanvar hadisələrindən 30 il keçməsinə baxmayaraq, xalqımızın həmin gecəni daim xatırlayacağını və şəhidlərimizim xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər.
Azərbaycanın Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə 17 yanvar 2020-ci il tarixində Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda 20 yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Səfirlikdən verilən məlumata görə, mərasimdə Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak etmişdir.
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Azərbaycanın müasir tarixinin qanlı səhifələrindən olan 20 yanvar faciəsinin 30-cu ildönümünün anım mərasimində iştiraka görə qonaqlara təşəkkürünü bildirərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşun hissələrinin Bakıya bir neçə istiqamətdən yeridildiyini və paytaxtı zəbt edərək 137 silahsız insanın gətlə yetirildiyini, 744 insanın yaralandığını və 841 nəfərin qanunsuz həbs edildiyini söyləmişdir.
Səfir, Sovet İttifaqının Kommunist Partiyasının və Hökumətinin qərəzli daxili siyasəti və M.Qorbaçovun uğursuz “Perestroyka”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında desinteqrasiya proseslərinin başlandığını və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatlarının canlandığını qeyd edərək, SSRİ rəhbərliyinin məsələni siyasi yolla həllinin mümkünsüz olmasının anladığını və əvəzində terrora əl atdığını və Azərbaycanda “erməni kartı”ndan məharətlə istifadə etdiyini söyləmişdir. Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddialarının və 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulmasının qarşısının alınması əvəzinə Azərbaycanda “milliətçi ekstremistlər və mocahedlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq və burada yaşayan erməniləri qorumaq bəhanəsi ilə silahlı dəstələrin şəhərə yeritdiyini bildirmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” təxribat qrupunun respublika televiziyasının enerji blokunu partlatdığı, digər kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı və beləliklə xalq və beynəlxalq ictimaiyyətin xəbər almaq imkanından məhrum olunduğu qeyd edilmişdir.
Əməliyyat zamanı nəinki mülki şəxslərin öldürüldüyü, hətta təcili yardım maşınlarına hücüm edildiyini vurğulayan N.Qurbanova 20 Yanvar hadisələrinin SSRİ-nin qüvvələri tərəfindən 1986-cı ildə Almatıda, 1989-cu ildə Tbilisi və 1991-ci ildə Vilnusda baş tutmuş hərbi müdaxilələr arasında ən qəddar olduğunu bildirmişdir. “Human Rights Watch” təşkilatının Sovet ordusu tərəfindən 20 yanvar zorakılığını kollektiv cəza üsulu və Azərbaycan mülki şəxsləri tərəfindən göstərilən müqavimətə uyğun olmadığı kimi qiymətləndirildiyi tədbir iştirakçıların diqqətinə çatdırılmışdır.
Bu faciənin SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə SSRİ Müdafiə naziri Dmitri Yazov və Daxili İşlər Naziri Vadim Bakatinin rəhbərliyi altında SSRİ Müdafiə və Daxili İşlər Nazirliyiklərinin xüsusi təyinatlıları və Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil edildiyi bildirilmişdir.
Bildirilmişdir ki, faciə milliyyətindən, yaşından, cinsindən və ya sosial statusundan asılı olmayaraq silahsız insanların həyatını almışdır: onlar arasında 13 yaşlı Larisa Məmmədova, 3 uşaq anası Fəridə Abbasova, yeni evlənmiş İlham və Farizə. Cütlüyün taleyi barədə bəhs edilərək onların evləndiyi 30 iyun tarixinin sonradan Azərbaycanda sevgililər günü kimi qeyd olunduğu bildirilmişdir.
N.Qurbanova bu terror aktına ilk etirazın və siyasi qiymətləndirmənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq 21 yanvar 1990-cı ildə onun Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyini, silahsız insanların gətlində Sovet İttifaqının rəhbərliyinin günahlandırdığını və faciənin törədilməsində cavabdeh olanların ifşa etdiyini söyləmişdir. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra məhz onun təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymətləndirmə verildiyi bildirilmişdir.
Daha sonra N.Qurbanova 1990-cı ildə yaşanan bu faciənin ümummilli matəm günü olması ilə yanaşı xalqımızın müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixində qəhrəmanlıq səhifəsi olduğunu qeyd etmiş və bunun nəticəsi olaraq 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etdiyini söyləmişdir.
Tədbirdə CBC telekanalının dəstəyi ilə 20 Yanvar hadisələrinin xronikasını və şahidlərin ifadalərini əks etdirən “İş nömrə 2. Qara Yanvar” adlı sənədli film nümayiş etdirilmişdir. Daha sonra, bolqar ifaçısı Ani Linçeva tərəfindən Azərbaycan, Bolqarıstan və dünyaca tanınmış bəstəkarların klassik əsərləri pianoda ifa edilmişdir.
Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılmışdır.
Xətai Sənət Mərkəzində növbəti rəsm müsabiqəlinə başlanılıb. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub, 1 və ya 2 əsərinin fotosunu göndərməklə göstərilən anketi doldurmalıdırlar.
Qeydiyyat fevral ayının 2-dək aparılacaq.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq
Sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.
FİDE bu il 16 yaşadək şahmatçılar arasında keçiriləcək Dünya Şahmat Olimpiadasının keçiriləcəyi məkanı açıqlayıb.
Qurumun rəsmi saytında dərc edilən məlumatda deyilir ki, Olimpiada bu ilin oktyabrın 2-dən 12-dək Azərbaycanın Naxçıvan şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan yığması 2019-cu ildə Türkiyənin Çorum şəhərində keçirilən son Olimpiadanın qalibi.