Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə “Ümid” Beynəlxalq İncəsənət müsabiqəsi keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri bu müsabiqədə uğurla iştirak ediblər.
Məktəbin yuxarı yaş kateqoriyasında klarnet üzrə Adil Soltanlı 1-ci yerə, fortepiano üzrə Fidan Qədimova 3-cü yerə layiq görülüblər.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkilatçılığı ilə Bakıda 16-17 aprel 2020-ci il tarixdə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək.
Aİİ-nin mətbuat xidmətindən verilən məlumata əsasən, Simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı mövcud imkanları müəyyənləşdirmək; müsəlman cəmiyyətləri arasında birgəyaşayışla əlaqədar təcrübələrdən istifadə etməklə, xüsusilə bu sahədə mütəxəssis və elmi tədqiqatçıların verdikləri töhfəni üzə çıxarmaq, qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək; ölkələrarası birgəyaşayış təcrübəsindən müasir dövrdə istifadə imkanını və bu təcrübənin gələcəkdəki mümkün rolunu təyin və təşviq etmək, müəyyənləşdirmək; İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatların artmasına töhfə vermək; Azərbaycan və Türkiyə arasında mövcud əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etməkdir.
Qeyd edək ki, Simpoziumda iştirak üçün 16 fevral 2020-ci ilədək tezislərin göndərilməsi vacibdir. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və elektron poçt ünvanı göstərilməlidir. Yazının əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir. Tezisin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində “Times New Roman” şriftində symposiumbaku@ait.edu.az elektron ünvana göndərilməlidir:
Müəlliflər tezisləri İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi; birgəyaşayışın vacibliyi; birgəyaşayış mədəniyyətini gücləndirən amillər; cəmiyyətlərdə birgəyaşayış təcrübəsi; birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər; birgəyaşayış qarşısında duran maneələr; müsəlman təfəkküründə cəmiyyət anlayışları; qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü və s.); İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri; təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi, təhsil proqramı və birgəyaşayış mədəniyyəti (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrü); əqli və elmi tapıntılara uyğun bilik formalaşdırılması; formalaşdırılan biliyin imkanların bərabərliyi kontekstində bölüşülməsi; təhsildə şagird və müəllim fəallığı; dini təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi; ali dini təhsilin birgəyaşayışa töhfəsi; məktəblərdəki dini təhsilin birgəyaşayışa töhfəsi; fərqli elm sahələrində birgəyaşayış təcrübəsi; İslamın birləşdiricilik funksiyası və məzhəblər, siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri; fiqh elminin birgəyaşayış mədəniyyətinə təsiri (əhliyyət, məşvərət, əmanət, ədalət və s.); İslam tarixində birgəyaşayışa dair nümunələr; kəlam elminin doğru din anlayışına təsirləri (qəzavü-qədər, Tanrı və kainat anlayışı); xurafat, fanatizm və təkfir kontekstində müsəlmanlıq anlayışının birgəyaşayışa mənfi təsirləri; Quranda birgəyaşayışın əhəmiyyəti; hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması mövzularında təqdim edə bilərlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində 20 Yanvar şəhidlərinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
İdarədən bildirilib ki, əvvəlcə məktəbin müəllimi Vüsalə Məmmədova çıxış edərək faciədən 30 il keçməsinə baxmayaraq, bu gün də həmin hadisələrin xatirələrimizdə yaşadığını, qan yaddaşımıza həkk olunduğunu söyləyib. Qeyd edib ki, 20 Yanvar hadisələrini gənclərə təbliğ etmək hər bir azərbaycanlının ən mühüm vəzifəsi olmalıdır.
Tədbirdə şagirdlərin ifasında görkəmli bəstəkarlardan V.Adıgözəlovun, E.Nəzirovanın, T.Bakıxanovun, H.Xanməmmədovun, A.Mirzəyevin və digərlərinin əsərləri səsləndirilib.
Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycan İcmaları Konqresinin, “Qobustan” Cəmiyyətinin üzvlərinin, Minsk şəhəri və ətraf bölgələrdə yaşayan soydaşlarımızın və Belarusda təhsil alan tələbələrimizin, hərbiçilərimizin iştirakı ilə anım mərasimi keçirilib.
Səfirlikdən verilən məlumata görə, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının dövlət himni səslənib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Lətif Qəndilov bildirib ki, 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın yaddaşında silinməz acı xatirələrlə həkk olunub. Həmin gün müasir tariximizə xalqımızın milli azadlıq hərəkatının, milli dövlətçiliyin qurulmasının qanla yazılmış qəhrəmanlıq səhifəsi kimi daxil olub. Dağlıq Qarabağda erməni özbaşınalıqlarına qarşı azərbaycanlıların haqlı etirazları ilə bağlı yaranmaqda olan oyanışı boğmaq məqsədilə Mixail Qorbaçov və onun erməni əlaltıları xalqımızın azadlıq istəyini qan içində boğmağa cəhd ediblər. Yüzlərlə mülki şəxsin öldürülməsinə, yaralanmasına və həbs olunmasına baxmayaraq, xalqımızın müstəqillik ruhunu sındıra bilməyiblər.
Səfir qeyd edib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gedərək M.Qorbaçovun və Mərkəzin törətdiyi qanlı hadisələr barədə bəyanatla çıxış edib və dünya ictimaiyyətini baş vermiş vəhşiliklər barədə məlumatlandırıb. Bununla da Azərbaycan xalqı qərarını verərək, qəti şəkildə genişmiqyaslı milli azadlıq hərəkatına başlayıb. “O vaxt baş verən hadisələrə bu gün baxanda aydın görünür ki, həmin dövrdə milli dövlətçiliyimizin olmaması hadisələrin əsas səbəbi olub. Bu gün milli varlığın yeganə təminatçısı müstəqil dövlətin olmasıdır. Məhz buna görə də bütün varlığımızla müstəqil dövlətimizin və onun başçısı cənab İlham Əliyevin ətrafında sıx və möhkəm birləşməyimiz vacibdir. Dövlətimizə, vətənimizə və müstəqilliyimizə qarşı atılan bütün addımlar və təxribatlar önündə xalqımız iradəsini ortaya qoyaraq, milli birliyimizi nümayiş etdirməlidir. Biz ermənilərlə başlanılan mübarizəmizi olduğu yerdən davam etdirib prosesin sonunu yalnız bu cür tezləşdirə bilərik”, - deyə L.Qəndilov əlavə edib.
Səfir ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb, Azərbaycanın hazırda regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrildiyini vurğulayıb. Regionda baş verən böyük münaqişələr, vətəndaş müharibələri, iğtişaşlar, terror aktlarına baxmayaraq, ölkəmizdəki siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifahın dayanıqlı inkişafın davam etməsi üçün dövlətimizin ətrafında birləşməliyik.
Lətif Qəndilov bildirib ki, tarixboyu Azərbaycan xalqı müxtəlif müsibətlərə məruz qalıb. Səfir xalqımıza qarşı törədilmiş bu cinayətləri yaddaşımızda gücləndirməklə gələcəkdə bu kimi hadisələrin qarşısını ala biləcəyimizi söyləyib. Unutqanlıqla biz hər şeyi itirə bilərik. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq.
Səfir Ermənistanın Azərbaycanın dünyada artan nüfuzundan və beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin möhkəmlənməsindən narahat olduğunu və bu məqsədlə sosial media vasitəsilə yalan təbliğat aparmağa və ruh düşkünlüyü yaratmağa çalışdığını qeyd edib. Bildirib ki, Ermənistan təxribat xarakterli addımlar ataraq ölkəmizin daxilində iğtişaşlar yaratmağa səy göstərir. Xalqımız müxtəlif qüvvələr tərəfindən aparılan bu təxribatlara uymamalı və bunun qarşısını birlik olaraq sərt şəkildə almalıdır.
Tədbirdə Azərbaycan İcmaları Konqresinin rəhbəri Natiq Bağırov, “Qobustan” cəmiyyətinin rəhbəri Baxşı Qənbərov və digərləri çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb, diasporun hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi və iqtisadi kursunu dəstəklədiyini, ona qəlbən inanaraq hər zaman ölkəmizi qorumağa hazır olduğunu bildiriblər.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı filmə baxıb, səfirliyin foyesində faciəni əks etdirən fotosərgi ilə, həmçinin səfirlik tərəfindən hazırlanmış press-relizlərlə və nümayiş etdirilən kitablarla tanış olublar.
Bu gün ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən, tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarət edirlər.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regionunda qadın əhalisi arasında ən çox piylənmə faizi üzrə reytinq tərtib edib.
Rusiya KİV-inə istinadən xəbər verir ki, araşdırmalara görə, reytinqdə sonuncu yeri qadınları piylənmədən ən az əziyyət çəkən Azərbaycan (15,8%) tutub. Başqa sözlə, Avropada ən incə qadınlar Azərbaycanda yaşayırlar.
Reytinqdə sondan ikinci yeri zərif cinsin 16,2 faizinin piylənmədən əziyyət çəkdiyi Moldova tutub, Bosniya və Herseqovina və Ermənistan isə 17,1 faiz göstərici ilə 3-4-cü yerləri bölüşüb.
Rusiyada bu göstərici 18,1%, Gürcüstanda 19,2%, Türkiyədə isə olduqca yüksəkdir - 24.4%.
Avropada qadınları piylənmədən ən çox əziyyət çəkən ölkə Macarıstandır - 28,2%.
ÜST həmçinin müqayisə üçün ABŞ-dakı vəziyyəti də göstərib: orada qadınların 35,5%-i artıq çəkilidir.
Reytinqin üst sıralarında həmçinin Böyük Britaniya (26,9%), İrlandiya (25,1%), İspaniya (24,6%), Almaniya (24,2%), Fransa və Ukrayna (hər biri 22%), İtaliya (20,1%) yer alıb.
Yanvarın 16-da “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Anar Əzimovun bədii debütü olan “Altı” filmi nümayiş olunub.
Rus dilində izlənilən ekran əsəri İkinci Dünya müharibəsindən bir detektiv trillerdir.
Qaçmaq ərəfəsində beş qadın çətin bir seçimlə üzləşir: bir növbətçi məmurun qatilini düşərgə müdirliyinə vermək və ya dirək dirəyində ölmək... Beşinin qərar verməyə cəmi bir neçə saatı var.
Qeyd edək ki, film “Ən yaxşı xarici film” (2018) kateqoriyasında “Fabrique Du Cinema” jurnalının (İtaliya) mükafatına namizəd olub. Film, həmçinin İtaliya-Azərbaycan film festivalında “Zoroaster Award” mükafatına “Ən yaxşı film” nominasiyasında layiq görülüb.
Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı yenidən tamaşaçıların görüşünə gəlib.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “ƏSA” Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşası nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lermandır. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik komediya əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibətilə qonşu ölkədə səfərdə olub.
Tədbirlə bağlı təəssüratlarını bildirən Azər Paşa Nemətov deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır: “Teatrın 40 illik yubileyinin qeyd olunması Gürcü Teatr Günü çərçivəsində təşkil olunmuşdu. Bu yubiley bizim üçün xüsusi əhəmiyyət kəsb edir və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Gürcüstan Prezidentinin adından məktub oxundu, Təhsil, Elm, Mədəniyyət və İdman naziri teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik etdi, onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Səfərdə gürcü teatrının ən müqtədir sənətkarları ilə, o cümlədən böyük teatr rejissoru Robert Sturua ilə görüşdüm, birgə yaradıcı əlaqələrlə bağlı çox faydalı müzakirələr apardıq. Eyni zamanda, yubiley mərasimində çıxış etdim, teatr ictimaiyyəti adından təbrikimizi çatdırdım. Bildirdim ki, iki dost ölkənin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox uğurlu əlaqələri var, əminəm ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək”.
Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, hazırda mədəniyyət sahəsinin tərkib hissəsi kimi Gürcüstan və Azərbaycan arasında teatr əlaqələri də intensiv şəkildə davam edir: “Artıq iki ilə yaxındır ki, biz Gürcüstan Teatr Cəmiyyəti ilə yaradıcılıq və qarşılıqlı əlaqələr istiqamətində memorandum imzalamışıq. Bu proses çox aktiv davam edir. Onu da deməliyəm ki, birgə qastrol səfərləri ilə bağlı maraqlı müzakirələrimiz oldu. Gürcüstan teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına, onun kollektivinə və repertuarına böyük marağı var. Ona görə də yaxın aylarda teatrımızın kollektivinin Gürcüstana qastrol səfəri nəzərdə tutulub”.
Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də xalq teatrı adını alıb.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.