Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində və Şüvəlan qəsəbə Mədəniyyət evində filmlərin nümayişi davam etdirilib.
Izləyicilər Qaradağ və Suraxanı rayonlarındakı Heydər Əliyev mərkəzlərində Milli Qəhrəman Rövşən Əliyevə həsr olunmuş “Rövşən” filminə (rejissor Natiq Qurbanov), A.R.Qobustanlı adına Mədəniyyət evində Milli Qəhrəman Məmməd Hüseynova həsr olunmuş “Müəllim” filminə (rejissor Emin Əfəndiyev) və Şüvəlan qəsəbə Mədəniyyət evində Milli Qəhrəman Səxavət Məhərrəmova həsr olunmuş “Məni yada salarkən” filminə (rejissor Yavər Rzayev) tamaşa ediblər.
Mədəniyyət müəssisələrində tədbirlər dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Filmlərin nümayişindən əvvəl “Vətənpərvərlik kinosu həftəsi” layihəsinin məqsəd və məramı haqqında məlumat verilib, yaradıcı heyət, Milli qəhrəmanların ailə üzvləri və silahdaşları onların göstərdikləri igidliklərdən bəhs ediblər.
Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.
"Google" axtarış sisteminin ana şirkəti sayılan “Alphabet” korporasiyasının bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, buna səbəb ötən gün şirkətin səhmlərinin qiymətinin 0,8% artaraq 1 450 dolları keçməsidir.
Hazırda dünyanın ən bahalı şirkəti Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudia Aramco”dur (1,8 trilyon dollar). Onu ABŞ-ın texnologiya şirkətləri "Apple" (1,38 trilyon dollar) və "Microsoft" (1,27 trilyon dollar) izləyir.
2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10 652 sahibkarlıq subyektindən 405-ə imtina cavabı verilib.
Məlumata görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
O bildirib ki, hesabat dövründə sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlarla dövlət-özəl əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 80 tədbir təşkil edilib, 3900-dən çox sahibkarla görüşlər keçirilib. Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib.
Q.Təhməzli əlavə edib ki, 2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub.
Azərbaycandan bəzi ölkələrə qida məhsulları daha asan şəkildə ixrac olunacaq.
Məlumata görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.
Onun sözlərinə görə, ötən il ərzində Agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədi ilə təqdim olunması təmin edilib.
Q.Təhməzli hesab edir ki, bu istiqamətlərdə sazişlərin bağlanması respublikamızdan qida məhsullarının həmin ölkələrə asanlıqla ixrac olunmasına şərait yaradacaq.
“1990-cı ilin 20 Yanvar hadisələri müasir Azərbaycanın tarixində “Qara Yanvar” olaraq qalıb və 70 illik Sovet hakimiyyətinə son qoyub”.
Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfransda deyib.
Nazir qeyd edib ki, həmin dövrdə Sovet hökuməti Bakıya yeritdiyi ordunun əhalini qoruyacağını elan etsə də, SSRİ Daxili İşlər Nazirliyinin başçısı ordunun yeridilməsinin məqsədinin sovet rejiminə qarşı olan millətçi müxalifətdən qorunmaq olduğunu bildirmişdi: “Onlar sadəcə bütün sosialist ölkələrinə eyni hadisənin onların da başına gələ biləcəyini nümayiş etdirmək istəyirdilər. Bu, göstəriş aktı idi”.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev 30 il əvvəl qoşunların 20 yanvar tarixində Bakıya yerdilməsinin SSRİ Konstitusiyasına zidd olduğunu xatırladıb. O bildirib ki, əhali xəbərdar edilməmişdi, deməli, məqsəd insanları küçələrdə yaxalamaq və öldürmək idi.
Prezidentin köməkçisi Ermənistan baş nazirinin Bakıda 20 Yanvar hadisələrinin “Azərbaycan millətçiləri” ilə mübarizəyə istiqamətləndiyi ilə bağlı verdiyi son açıqlamanı absurd adlandırıb. “Şəhidlər Xiyabanındakı məzarlara baxın, burada yeniyetmələrin məzarları da var. Müstəqillik qazanmaq və onu qorumaq çox çətindir. Bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Azadlığımız uğrunda şəhid olanları şərəflə xatırlamalıyıq”, - o deyib.
2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə, 2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub:
"Bundan başqa ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb. İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb. 2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib".
Q.Təhməzli diqqətə çatdırıb ki, 2020-ci ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək".
Sədr bildirib ki, layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən İT əsaslı yoxlamalara başlanacaq:
"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib. Eyni zamanda ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı AQTİS-də ixrac modulunun hazırlanmasına başlanıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır".
Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub.
Bunu AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə, müraciətlərdən 2291 zəng (11%) istehlakçı hüquqlarının pozulması halları, 480 zəng (2,4%) qida zəhərlənməsi, 89 zəng (0,5%) brusellyoz xəstəliyi, 39 zəng (0,3%) qarayara xəstəliyi, 26 zəng (0,1%) isə vərəm xəstəliyi barədə olub:
“Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi və digər qida mənşəli xəstəliklərə aid Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən 482 təcili bildiriş və məlumat daxil olub. Araşdırmalar nəticəsində 482 bildiriş və məlumat əsasında 208 zəhərlənmə faktı təsdiq edilib, 274 bildiriş təsdiqini tapmayıb. Müraciətlər əsasında ümumi sayı 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir".
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər təşkil edib.
Yasamal rayonu 176 nömrəli orta məktəbdə “20 Yanvar - Qanlı və şanlı gecə” adlı ədəbi gecə keçirilib.
Tədbirdə kitabxananın əməkdaşları 20 Yanvar faciəsi, şəhidlər mövzusunda çıxışlar edib, şagirdlər şeirlər söyləyiblər. Məktəbdə tədbirin davamı olaraq şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi kompozisiyalarla çıxışlar ediblər.
Respublika Gənclər Kitabxanasının növbəti tədbiri “20 Yanvar faciəsini unutmayaq” adlı dəyirmi masa olub. Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Kitabxananın əməkdaşlarından Q.Mustafayeva “Tarixin şəhid qanı ilə yazılan səhifəsi”, N.Cəlilova “Şəhidlik zirvəsi”, L.Xasıyeva “20 Yanvar-qəhrəmanlıq tarixi”, L.Cəfərova “Yaddaşların qanlı tarixi” adlı məruzələrlə çıxışlar ediblər.
20 Yanvar faciəsini əks etdirən filmin nümayişindən sonra “Qanlı yanvar, qan yaddaşımız” adlı kitab sərgisinə baxış keçirilib.
20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qəbul olunan tədbirlər planına əsasən Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, BŞİH-in qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülüb, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Xiyabanın girişindəki bu kompozisiyanı güllərdən döşənən xalça və məzarlaradək divarlarda səkkizguşəli ulduzların üzərinə vurulan bir cüt qərənfil tamamlayacaq. Bu işlərə təcrübəli mütəxəssislər, rəssam-dizaynerlər cəlb olunub.
Anım gününə bir neçə gün qalsa da, artıq ziyarətçilərin xiyabana axını müşahidə olunur. Ziyarətçilər arasında məktəblilər, müəllimlər və xarici ölkə vətəndaşları da var.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətini təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək.
Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
"Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - V.Əsədov deyib.