Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Instagram” selfiləri depressiyaya səbəb ola bilər

    “Instagram” sosial şəbəkəsinin depressiyaya səbəb olduğu ortaya çıxıb. 

    “CNN Türk”ə istinadən xəbər verilir ki, sosial gender sahəsində ciddi araşdırmaları ilə tanınan “Sex Roles” elmi jurnalı belə bir nəticəyə gəlib. 

    Mətbu orqanın 164 qadın tələbə arasında keçirdiyi sosioloji sorğu nəticəsində “Instagram”a bir ədəd selfi yükləmək üçün dəfələrlə şəkil çəkən insanların həm fiziki, həm də ruhi depressiyaya daha meyilli olduğu müəyyənləşib. 

    Eyni zamanda araşdırmada şəkil redaktoru proqramı, həmçinin “Photoshop”dan istifadə edən insanlarda da depressiyaya meyillilik aşkarlanıb.

  • Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

    "Bakı Metropoliteni"nin alternativ enerji üçün yaratdığı dizel stansiyaları istismara tam hazırdır.

    Bunu açıqlamasında "Bakı Metrpoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, artıq "Azərenerji" ASC-nin yarımstansiyalarında generatorlar quraşdırılıb: "10 yarımstansiyada 17 dizel generatoru quraşdırılıb. Generatorlar tam olaraq istifadəyə hazırdır, artıq xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək, qatar və sərnişinlər tam təhlükəsiz tuneldən çıxarılacaq".

    B.Məmmədov bildirib ki, hazırda stansiyalarda dizayn işləri görülür. Yaxın vaxtlarda, daha doğrusu fevral ayında stansiyaların təqdimatı keçiriləcək.

  • “Tesla” maşınları daha bir özəlliyə sahib olacaq

    ABŞ-ın “Tesla” şirkəti yeni model maşınlarına süni zəka özəllikləri ilə yanaşı, danışma funksiyasını da əlavə edəcək.

    “CNNTürk”ə istinadən xəbər verilir ki, süni zəka sahəsində hətta “Apple” kimi şirkətlərlə rəqabətdə olan “Tesla” yeni model maşınlarında danışma özəlliyini də tətbiq edəcək.

    Xatırladaq ki, 2 il öncə “Tesla” şirkətində süni zəka üzərində çalışan komandanın rəhbərliyinə Andrey Karpatı təyin edilmişdi. Bu təyinatdan sonra “Tesla” maşınları, özəlliklə süni zəka sahəsində bir çox xüsusiyyətlər əldə edib.

  • Sabaha gözlənilən hava şəraiti açıqlanıb

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 18-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə yanvarın 18-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

     
  • "Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

    "Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

    Məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

    "Stansiyada divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək".

  • Bakı metrosunda qatarların səsi eşidilməyəcək

    "Bakı Metropoliteni" QSC tərəfindən qatarların hərəkət etdiyi yollarda dəmir-beton bloklarının quraşdırılması qatarların daha səssiz hərəkət etməsini təmin edəcək.

    Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, dəmir beton bloklarının xüsusi üstünlüyü ondan ibarətdir və burada relslə beton blok arasında olan təbəqələrdə müxtəlif materiallardan istifadə edilir ki, bu da səs-küyün azaldılmasına səbəb olur.

    "İlk dəfə olaraq dəmir-beton bloklardan ibarət olan yeni sistem B3 stansiyası ilə "Memar Əcəmi" stansiyaları arasında olan hissədə tətbiq olunub. Eyni zamanda, "Avtovağzal" stansiyasından üzü "Xocahəsən" deposuna olan tunellərdə də məhz həmin sistemlər olacaq", - deyə B.Məmmədov qeyd edib.

  • Balakəndə heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərə başlanılıb

    Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirlərinə başlayıb.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Balakən rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

    Hazırda Agentliyin Balakən Rayon Baytarlıq İdarəsi rayonda mövcud olan iribuynuzlu və təkdırnaqlı heyvanlar arasında qarayara, eləcə də sahibli itlər arasında quduzluq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirlərini həyata keçirir.

    Profilaktik tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də iti yoluxucu xəstəliklər barədə sahibkarlara ətraflı məlumat verərək, təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.

    Balakən rayonunda cari ildə mövcud olan 38 min baş iribuynuzlu, 37 500 baş xırdabuynuzlu heyvan, 1 300 baş təkdırnaqlı, 4 200 baş it və 200 min baş quşlar arasında bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, itlərdə quduzluq və atlarda rinopnevmoniya xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin iribuynuzlu heyvanlarda vərəmə, atlarda isə manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.

    Qeyd edək ki, Balakən Rayon Baytarlıq İdarəsinin 11 sahə baytarlıq məntəqəsi tərəfindən 2019-cu il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 3 587 baş iribuynuzlu, 35 ana qoyun və 702 baş qoçlardan qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3 300 baş iribuynuzlu heyvanda vərəm (allergik), 702 baş qoçda infeksion epidedimit (seroloji) və 1000 baş atda manqo xəstəliklərinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkar edilməyib.

    Həmçinin başa vurduğumuz 2019-cu ildə rayonda 44 240 (o cümlədən 5 340 başı cavan) baş iribuynuzlu, 37 340 baş xırdabuynuzlu, 1 800 baş təkdırnaqlı heyvanda qarayara, 91 065 (o cümlədən 13 210 başı cavan) baş iribuynuzlu, 74 910 baş xırdabuynuzlu heyvanda dabaq, 44 494 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 1 250 baş iribuynuzlu heyvanda leptospiroz, 37 345 baş xırdabuynuzlu heyvanda çiçək, 6 765 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini) və 5 150 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4 909 baş itdə quduzluq, 380 200 baş cücədə (“La-sota” vaksini ilə) və 269 400 baş quşda (“H” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb, eləcə də 6 660 kvadratmetr sahədə profilaktik və 2 150 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb.

    Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

    Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

  • “Qaraca qız” növbəti dəfə səhnədə...

    Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Abdulla Şaiqin xalq nağılı əsasında qələmə aldığı “Qaraca qız” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

    İkihissəli nağıl-tamaşa Əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunacaq. Tamaşanın rəsm quruluşu İlham Elxanoğluya, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur. Səhnə əsərində əsas rolları sənət ocağının sevilən aktyorları Hacı İsmayılov, Münəvvər Əliyeva, Xədicə Novruzlu, Nigar Məmmədova, Nigar Güləhmədova, Rövşən Kərimduxt, Elnar Qarayev və başqaları ifa edəcək.

    Tamaşa təbii fəlakət nəticəsində valideynlərini itirən və bir qaraçı ailəsinin himayəsində böyüyən balaca Tutunun həyatından bəhs edir.

    Qeyd edək ki, tamaşa teatrda ilk dəfə 2013- cü il martın 16-da səhnəyə qoyulub.

  • Bakı metrosunda ventilyatorların sayı artırılır

    “Əvvəlcədən planlaşdırıldığı kimi, bu il “Bakı Metropoliteni” QSC-nin şaxtalarında 16 ventilyator quraşdırılacaq”.

    Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərionə görə, ventilyatorlardan 7-si ölkəyə fevral-mart aylarında gətiriləcək.

    “Yeni ventolyatorların 10-u metronun “Qırmızı” və “Yaşıl” xətləri üçün nəzərdə tutulub. Ötən il olduğu kimi bu il də həmin ventolyatorlar fibroopltik kabellər vasitəsi ilə SCADA sisteminə birləşdiriləcək. Ötən həftə qərar verildi ki, bu ventilyatorların yay dövrünə qədər quraşdırılması üçün ilkin hazırlıq işləri görülsün”, - deyə o, qeyd edib.

    Xatırladaq ki, ötən il Bakı metrosunda 7 ventilyator quraşdırılıb. 

  • AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

    Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 yanvar faciəsində, ümumiyyətlə Qarabağ müharibəsində, Aprel döyüşlərində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Universitetin mətbuat xidmətindən verilən məlumata əsasən, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb.

    Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

    Çıxışında rektor yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, eyni zamanda 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

    Rektorun çıxışından sonra söz alan universitetin İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb. O qeyd edib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, itkilərimiz oldu. Kafedra müdiri vurğulayıb ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

    Tələbələrdən Məhbubə Nağızadə və Nüsrət Fərəcli yaxın keçmişimizin qanlı səhifəsi olan yanvar hadisələri barədə fikirlərini paylaşıblar, ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.

    Mitinqdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər gül dəstələri düzüblər.