Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Eminem yeni albom buraxıb

    Amerikalı reper Eminem yeni albom buraxıb.  

    "Lenta.ru"ya istinadən xəbər verilir ki, o, bu barədə sosial şəbəkədəki səhifələrində məlumat paylaşıb. 

    “Music to Be Murdered By” adlanan alboma 20 kompozisiya daxil edilib. Onların arasında Ed Şiran, Royce Da 5’9”, Juice WRLD Anderson .Paak kimi ifaçılarla duetlər yer alıb.

  • Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər imtahan veriblər

    Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub.

    Bildirilib ki, qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib.

    Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirəcək.

    Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

  • BMTM ödənişsiz Təcrübə Proqramı üçün müraciətlərin qəbulunu elan edib

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və yeni məzunlar üçün ödənişsiz təcrübə proqramı elan edib.

    Mərkəzdən verilən məlumata görə, təcrübə proqramı fevral ayından başlayaraq 6 ay müddəti üçün nəzərdə tutulub.

    Təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaq və adları BMTM-nin kadrlar bazasına daxil ediləcək. Namizədlərin tərcümeyi-hal (CV), motivasiya məktubu, maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayış və 2 ədəd tövsiyə məktubundan ibarət sənədlər toplusunu müraciət etdiyi sahəni qeyd etməklə info@aircenter.az ünvanına göndərməsi xahiş olunur. Ümumilikdə proqram 15 vakansiya üzrə elan edilib.

    Müraciət üçün son tarix yanvarın 31-dir. Təcrübə proqramı fevralın 10-dan başlayacaq.

  • "Bibiheybət yolu"nda tikinti-bərpa işləri davam etdirilir

    Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

    Agentlikdən verilən məlumatda bildirilir ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində hazırlanmış hesabat əsasında, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

    Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində olacaq. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılır. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulur və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.

    Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılırır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular atılacaq.

    AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, müvəqqəti 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə işlər aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib. “Tikinti norma və standartları”na uyğun olaraq yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.

    Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

    Zolaqlardan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Bunun üçün ərazidə zəruri nişanlanma və xətlənmə işləri aparılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.

    Tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin I rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub.

    Xatırladaq ki, sözügedən yolda noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.

     
  • ASCO-nun yeni gəmisi “Akademik Xoşbəxt Yusifzadə” adlandırılacaq

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı Sərəncamda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) tapşırıq verilib. Sərəncama əsasən, ASCO özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

    ASCO-nun mətbuat xidmətindən daxil olan məlumatda bildirir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin Xoşbəxt Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

    Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.

    "Dənizçilər olaraq ASCO-ya məxsus gəminin görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin adını daşımasından sonsuz qürur və iftixar hissi duyuruq. İnanırıq ki, “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri istifadəyə verildikdən sonra həm Donanmamız, həm də ümumilikdə ölkəmiz üçün böyük uğurlar gətirəcək.

    Bir daha Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə dənizçilər adından təbrik edir, möhkəm cansağlığı, səmərəli fəaliyyətində uğurlar arzulayırıq", - deyə məlumatda bildirilir.

     
  • “Loqos” elmi-publisistik psixoloji jurnalın səkkizinci sayı işıq üzü görüb

    3 aydan bir nəşr edilən“Loqos” elmi-publisistik psixoloji jurnalının bu dəfəki sayında il ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin filiallarında baş verən mühüm tədbirlər, əməkdaşlıqlar və beynəlxalq təlimlər haqqında geniş məlumat verilib.

    Jurnalda uşaqların nitq inkişaf ləngiməsi, hamilə qadın psixologiyası və doğuş riskləri, münasibətdə üçüncü şəxs, uşaqlarda ikinci dil qorxusu, hər yaş qrupuna uyğun düzgün oyuncaq seçimi kimi günümüzün bir çox aktual problemlərinə psixoloq yanaşması da yer alıb.

    Məlumat üçün bildirək ki, jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Məmmədova, baş redaktoru Rəhilə Gülgündür.

     

  • Məleykə Abbaszadə dövlət qulluğunda işləyənlərə müraciət edib

    Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğunda işləyənləri “Yüksəliş” müsabiqəsində fəal iştirak etməyə çağırıb.

    Sədr bu günə kimi 3000-dən çox insanın müsabiqə üçün qeydiyyatdan keçdiyini bildirib.

    Onun sözlərinə görə, müsabiqə ilə maraqlananların sayı isə 4000 nəfərə yaxındır: “Mən nəinki işi olmayan, hətta daha çox dövlət qulluğunda çalışan insanlara müraciət edirəm. Kim hesab edirsə ki, potensialı tam açılmayıb, karyerasının inkişaf sürəti onu qane etmir, bu müsabiqə onlar üçün çox gözəl imkandır. Onlar bu prosesə qoşulsunlar və nəticə əldə etsinlər. Qeydiyyat mərhələsi bitəndən sonra qeydiyyatı təsdiq olanlara sınaq təşkil ediləcək. Bununla onlar biləcək ki, hansı xüsusiyətər lazımdı və biz nəyi axtarırıq”.

    M.Abbaszadə deyib ki, müsabiqə üçün müraciət edənlərdən yalnız 20 faizi qadınlardır: “İmtahan bazar günü və online olacaq. Hətta övladları yanlarında olanda belə imtahan suallarına cavab verə biləcəklər”.

  • Sumqayıt və Novxanıda qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirildi

    Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib.

    Məlumata görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    Onun sözlərinə görə, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib:

    "Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.

  • İrəvan teatrı ötən ili uğurla başa vurub

    Ötən il Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla yadda qalıb.

    Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

    Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsəd ilə teatrın kollektivi fevralın 2-də yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olub. Tamaşanın bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

    Martın 29-da İrəvan Teatrı Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə çıxış edib. Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışıb. Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

    Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 3, 12, 16-da Gəncə, Şəki və Sabirabadda yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə qastrol səfərində olub.

    Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.

    Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

    Kənd sakinlərinə və kənd yaxınlığında olan hərbi hissələrdəki zabit və əsgər heyətinə mədəni xidmət göstərmək və vətənpərvərlik ruhunu qaldırmaq məqsədilə İrəvan Teatrı iyulun 27-də şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 137-ci mövsümü qastrol səfəri ilə uğurla başa vurub.

    Bildirib ki, İrəvan Teatrı 138-ci mövsümü sentyabrın 15-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.

    Noyabrın 4-də teatrın kollektivi Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində şair-dramaturq İmir Məmmədlinin “Oğru və Doğru” pyesi əsasında hazırlanan tamaşanın premyerasını uğurla təqdim edib.

    Tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar teatrın kollektivi dekabrın 9-da şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan yeni tamaşanın, ikihissəli tarixi elegiyanın premyerasını təqdim edib. S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

    Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

    Mədəniyyət Nazirliyinin “Nəsimi ili” ilə əlaqədar həyata keçirdiyi tədbirlər planı çərçivəsində bölgələrdə yerli icra hakimiyyəti orqanları ilə birgə İrəvan Teatrı şair-dramaturq İftixarın “Haqq mənəm” tamaşası ilə Balakən və İmişli rayonlarında qastrol səfərində olub.

    Qeyd edilib ki, bu il də teatrın kollektivi bir neçə səhnə əsəri ilə tamaşaçıları sevindirəcək.

  • Vyanada Çingiz Babayevin xalçalardan ibarət sərgisi açılıb

    Yanvarın 15-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin xalçaçılıq əsərlərindən ibarət sərgisi açılıb.

    AZƏRTAC-a istinadən bildiririk ki, Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Çingiz Babayevin yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, istedadını bir sıra incəsənət istiqamətləri üzrə isbata yetirən Çingiz Babayev rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir. Müxtəlif materiallarla işləməyi sevən incəsənət xadiminin xalçalar üçün naxış və eskizləri diqqəti cəlb etdiyinə görə, onun Vyanada ilk xalça sərgisini təşkil etmək ideyası meydana gəlib.

    L.Qasımova, həmçinin bildirib ki, qədim Azərbaycan xalçaçılıq sənətinə müasir yanaşma üslubu maraqla qarşılanır və müəllifin xalçaları eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin eksponatları sırasına daxil edilib. Vyanada təşkil edilən hazırkı sərgidə müəllifin dizayn verdiyi xalçalarla yanaşı eskizlər, eləcə də gümüş məmulatlar nümayiş olunur.

    Çingiz Babayev bu sərginin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərkən bildirib ki, onun müəllifi olduğu xalçalar ilk baxışda izləyicidə qədim xalçalarla oxşarlıq təsəvvürü yaradır. Lakin onun xalçaları orta əsr xalçaları ilə məzmun və ideyaca fərqlənir, müasir dünyamızın aktual mövzuları, gündəlik həyatın problemlərinə müəllif baxışı bu xalçalarda öz əksini tapır.

    Sərgidə Çingiz Babayevin yaradıcılığına həsr olunmuş film nümayiş olunub. Filmdə müəllifin yaradıcılıq emalatxanasında xalça eskizlərinin yaranması və peşəkarlar tərəfindən toxunması barədə görüntülər təqdim olunub.

    Sərgi fevral ayının ortalarına kimi davam edəcək.