Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Azərbaycanfilm”lə “Tacikfilm” arasında Memorandum imzalanıb

    Tacikistanın paytaxtı Düşənbə “Taci Somon” Birinci Düşənbə Beynəlxalq Film Festivalı keçirilib. 25 ölkədən 75 filmin nümayiş olunduğu festivalda Azərbaycanı “Hasar” (rejissor Qulu Əsgərov) və “Sonuncu foto” (rejissor Türkan Hüseynova) filmləri təmsil edib.

    AZƏRTAC xəbər verir ki, festivalda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Emin Nəcəfov iştirak edib.

    Birinci Düşənbə Beynəlxalq Film Festivalı çərçivəsində “Tacikfilm” kinostudiyası ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Memorandum imzalanıb.

    Memorandum beynəlxalq əməkdaşlığının inkişafına, müştərək kino layihələrinin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, peşəkarlığın artırılmasına və yaradıcı gənclərin dəstəklənməsinə, habelə kino günlərinin və tədbirlərin keçirilməsinə şərait yaradacaq.

  • SOCAR və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb.

    Reportun SOCAR-a istinadən verdiyi məlumata görə, Şirkətin Baş ofisində təşkil olunan imzalanma mərasimindən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

    Tədbirdə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Sazişin önəmini qeyd edib. Sənədin gələcək mühəndislərin hazırlanmasına, tələbələrin neft-qaz sənayesinə marağının artmasına verəcəyi töhfələrdən bəhs edən vitse-prezident əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

    Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin təşkilinə görə SOCAR-ın rəhbərliyinə təşəkkürünü bildirib, ölkəmizin neft sənayesinin əldə etdiyi tarixi nailiyyətləri vurğulayıb. Universitetin əsas strateji yol xəritələrindən birinin təhsil və sənaye arasında sıx əlaqələrin yaradılması olduğunu söyləyən rektor bu gün SOCAR ilə əməkdaşlığın qurulması ilə bu istiqamətdə önəmli addımın atıldığını diqqətə çatdırıb.

  • “Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala gecəsi keçirilib

    Nizami Kino Mərkəzində “Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala gecəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin layihə rəhbəri Ariz Məmmədov, prodüseri Kənan Səfər, quruluşçu rejissoru Elvin İsmanlı, ssenari müəllifi Elşən Məmmədlidir.

    Filmdə Xalq artisti Məmməd Səfa Qasımov və gənc aktyorlar Vüqar İmanov, Kamil Vəlicanov və başqaları oynayıb.

    Film qısa zaman kəsiyini əhatə etsə də, özündə böyük məna ehtiva edir. Ekran işində cəmiyyətdə kitaba olan etinasızlıqdan bəhs edilir.

  • Mahnıları səsləndikcə xatırlanan sənətkar

    Bu gün görkəmli müğənni Şövkət Ələkbərovanın anadan olmasının 101-ci ildönümü tamam olur

    İfa etdiyi mahnılarla ilk gündən dinləyicilərin ürəyinə yol taparaq yaddaşlarda həkk olunan Şövkət Ələkbərova o nadir sənətkarlardandır ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub gedib. Bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü vurduğu mahnılar bu gün tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 101-ci ildönümü tamam olur.

    1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gələn unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasını alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazandı.

    Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.

    “Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edib. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəyinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

    Şövkət Ələkbərovanın sənəti daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sənətkarın 90 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd edilib.

    Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildəndir. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

  • “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş

    Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirin qonaqları Xalq artistləri, görkəmli opera ifaçıları Fidan və Xuraman Qasımovalar olub.

    Gecədə tamaşaçılara Ümummilli Lider Heydər Əliyevin Xalq artistləri ilə xatirə şəkillərindən, görkəmli opera ifaçılarının ifalarından ibarət videoçarx təqdim olunub. Tədbir boyu Əməkdar artistlər Nigar Məlikova və Rəna Ağayevanın pianoda müşayiət ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Fəridə Məmmədova, Aqşin Abdullayev və Fatimə Cəfərzadənin füsunkar musiqi nömrələri səsləndirilib.

    “MədəniyyətimİZ” layihəsi çərçivəsində təşkil olunan görüşdə ölkə gənclərinin yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən müxtəlif dövlət proqramları və layihələr, peşəkar musiqi mədəniyyətimizin təbliği, müasir tendensiyalarla milli musiqi ifaçılığının sintezi məsələləri geniş müzakirə olunub.

    Dünyaşöhrətli opera ifaçıları ilə canlı ünsiyyətdə olmaq arzusunda olan gənclər musiqili gecədən böyük zövq alıblar.

  • “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı olub

    Oktyabrın 19-da Nizami Kino Mərkəzində 44 günlük Vətən müharibəsində şəhid olan Cavid Həsənova həsr edilmiş “Yuxumdakı şəhid” sənədli filminin təqdimatı keçirilib.

    Tədbirdə hökumət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, iş adamları, müəllim və tələbələr iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Xəzər Universitetinin rektoru İradə Xəlilova rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli yoldan danışıb, Silahlı Qüvvələrimizin hər bir mənsubunun qəhrəmanlıq salnaməsində silinməz iz buraxdığını diqqətə çatdırıblar. Ordumuzun son antiterror tədbirlərinə toxunan natiqlər oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycan Bayrağı ucaltmasını bütün dünya azərbaycanlılarının sevinclə qarşıladığını diqqətə çatdırıblar.

    Vurğulanıb ki, Vətənimiz uğrunda mübarizədə canlarından keçən oğullarımızdan biri də İkinci Qarabağ müharibəsi şəhidi Cavid Həsənovdur. Sənədli filmin təqdimatının məhz Vətən müharibəsinin üçüncü ildönümü günlərinə təsadüf etməsini yüksək qiymətləndirən çıxışçılar bununla Cavid Həsənovun timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu bildirib, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıblar.

    Sonra çıxış edən tədbirin təşkilatçısı “Biz bir ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə filmin ərsəyə gəlmə səbəbi haqqında məlumat verərək deyib: “İki əvvəl yuxumda bir oğlan gördüm. O, mənə “anamı tap, ondan muğayat ol” dedi. Zaman keçdi. Bir müddət sonra həmin şəxs yenə yuxuma gəldi. Yenə də “anamı tap, ondan muğayat ol. Oğlu şəhid olan ağlamaz” dedi. Ayılanda həmin oğlanın şəhid olduğunu anladım, lakin kim olduğunu bilmirdim. Bir şəhidin məclisində təsadüfən bir ananın sinəsindəki şəhid şəkli diqqətimi çəkdi. Şəkildəki şəhidin siması mənə haradansa tanış gəlirdi. Elə həmin an yuxumu xatırladım, bu, həmin şəhiddir deyib adına baxdım, anası ilə tanış oldum. Olanları ona danışdım. Ana da təəccübləndi. Uzun zamandan sonra yaşadıqlarımı lentə almağa, sənədli film çəkməyə qərara aldıq. Yaşadığım hadisənin təsirindən hələ də çıxa bilmirəm. Hər dəfə kimsə məndən qardaşımın olduğunu soruşanda, mən xeyr cavabını verirdim. Lakin indi həmin suala “bəli, var, amma şəhid olub” deyirəm. Mən bu gün fəxrlə yaxşı ki, yuxuda olsa belə Cavidi tanıdığımı deyirəm. Ruhun şad olsun, Cavid qardaşım”.

    Şəhidin anası Mirvari Həsənova şəhid anası olmaqdan qürur duyduğunu desə də, oğlu üçün çox darıxdığını dilə gətirib. O bildirib: “Övladımızla nə qədər fəxr etsək də, onların həsrətini, intizarını çəkirik. Amma başımız dikdir. Oğullarımız özləri ilə bərabər, bizi də zirvələrə qaldırıblar”.

    M.Həsənova filmin ərsəyə gəlməsində dəstəyi olanlara minnətdarlığını bildirib.

  • “Oyun animasiyası” və “Oyun dizaynı” kursları üçün müraciətlərin qəbulu bu gün yekunlaşacaq

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Oyun Tərtibatçıları Emalatxanası bölməsi yaradılıb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin bölməyə daxil olan “Oyun animasiyası” və “Oyun dizaynı” kursları üçün müraciətlərin qəbulu bu gün yekunlaşacaq.

    Azərbaycanda ilk dəfə "Oyun dizaynı" kursunda səviyyə dizaynı, resurs idarəçiliyi, oyun monetizasiyası, hekayə yaradıcılığı, oyunların düzgün balanslaşdırılması kimi mövzuların əsasları tədris ediləcək. “Oyun animasiyası” kursunda isə videooyunlarda istifadə olunan animasiyanın əsasları, oyun personajı animasiyalarının yaradılması və həmin animasiyaların oyun mühərrikində tətbiqi kimi biliklərin iştirakçılara öyrədilməsi nəzərdə tutulur.

    Kurs 3 ay müddətinə yekunlaşacaq. Kursun sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.

    Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub “Oyun Tərtibatçıları Emalatxanası” bölməsindən qeydiyyat üçün müraciət edə bilər.

  • Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Bərdədə vətəndaşları qəbul edib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Bərdə şəhərində Goranboy, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağdaş rayonlarından, həmçinin Naftalan və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edib.

    Bu barədə Reporta Dövlət Xidmətindən bildirilib.

    Məlumata görə, qəbulda 23 vətəndaş iştirak edib. İştirakçılar daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət edib.

    Bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat və izahat verilib.

    Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu barədə əvvəlcədən Xidmətin rəsmi saytı (emlak.gov.az) və KİV vasitəsilə məlumat veriləcək.

  • Gənclər Kitabxanasında Zəngilan Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 Oktyabr – Zəngilan Şəhəri Günü elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və elektron resurslar bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Zəngilan rayonunun yaranma tarixi, mədəni - tarixi abidələri, təbii sərvətləri haqqında geniş məlumat verilir. Materiallarda Ali Baş Komandan İlham Əliyevin diplomatik siyasəti, əzmkarlığı, polad iradəsi və Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində geri qaytarılan Zəngilan rayonunun işğaldan azad olunması, şanlı Ordumuz tərəfindən bu torpaqlara Azərbaycan bayrağının sancılması görüntüləri yer alır. Burada Zəngilan rayonunda aparılan yenidənqurma, tikinti-quruculuq işləri, yüzlərlə Zəngilan sakininin öz doğma torpaqlarına – Ağalı kəndinə qayıtdığı haqqında foto və videoçəkilişlər təqdim edilir.

    Virtual kitab sərgisində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimindən olan qürurverici görüntülər də yer alır. Həmçinin sərgidə Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Xan çinarlı Zəngilan”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəngilan ensiklopediyası”, “Zəngilan tarixi, coğrafiyası, iqtisadiyyatı”, “Unudulmayan xatirələr”, “Son gümanım – Zəngilanım” kimi 20-dən çox kitabın, “Bu yol Zəngəzura gedir”, “Zəngilan növbəti sakinlərini qarşılayır”, “Şan-şövkətli Zəngilanda”, “Ağalıda yaşanılan bir il” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.

    Zəngilan Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Zəngilan şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətni ilə tanış ola bilərlər.

    20 Oktyabr – Zəngilan Şəhəri Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

  • Qələbənin ildönümünə həsr olunmuş “workshop”

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünə həsr olunmuş “Zəfər Zirvəsi” adlı “workshop” keçiriləcək.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini və texnika incəliklərini öz aralarında və sənətsevərlərlə bölüşmə imkanına xidmət məqsədilə elan olunub.

    “Workshop”da iştirak üçün 18 yaşdan yuxarı rəssamlar (yağlı boya, qrafika, akvarel, qarışıq texnika, vitraj, gil) və heykəl ustaları müraciət edə bilərlər. “Workshop” iştirakçı sayından asılı olaraq hər dəfə 20 rəssam olmaqla noyabrın 6-7-8-də növbəli şəkildə Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunacaq. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

    Qeydiyyatdan keçmək istəyən şəxslər 051 310 74 01 əlaqə nömrəsinin vatsap adresinə ad, soyad, təvəllüd və işləyəcəyi texnikanı qeyd etməklə müraciət edə bilərlər. Müraciətlər noyabrın 3-dək qəbul olunur. İştirakçılar masa və molbertlərlə təmin olunacaqlar.