Oktyabrın 24-də saat 19:00-da “Libraff” kitab mağazası məkanında “İranə Qasımova ilə klassik poeziya” layihəsi çərçivəsində Osip Mandelştamın yaradıcılığına həsr olunmuş ədəbi gecə keçiriləcək. Tədbirdə şairlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, eləcə də poeziya sevənlər görkəmli şairin şeirlərini oxuyacaqlar.
Tədbirin təşkilatçısı və layihənin müəllifi şair, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya toplusunun müəllifi İranə Qasımovadır.
AZƏRTAC xəbər verir ki, “İranə Qasımova ilə klassik poeziya” 2019-cu il iyunun 25-dən mütəmadi olaraq keçirilir. Layihənin keçirilən hər gecəsi bir klassik şairə həsr olunur. Tədbirlər “Baku Book Center”, “Libraff” kitab evi, “Azerkitab” kitab mağazası, “Art Tower Gallery”, Azərbaycan Yazıçılar Birliyi, Səməd Vurğunun Ev-muzeyində keçirilib. Layihənin reallaşdırıldığı dörd il ərzində A.S.Puşkin, M.Y.Lermontov, V.V.Mayakovski, M.İ.Tsvetayeva, S.A.Yesenin, Səməd Vurğun, Nizami Gəncəvi, Y.A.Yevtuşenko, İ.A.Brodski, A.A.Blok, A.A.Axmatova, B.L.Pasternak, Mikayıl Müşfiq, N.S.Qumilyov, K.D.Balmont, Mirzə Şəfi Vazeh, İ.Severyaninə həsr olunmuş ədəbi gecələr keçirilib.
“Bu dəfəki gecəmizin qəhrəmanı “Gümüş əsr” poeziyasının ən parlaq nümayəndələrindən biri olan Osip Mandelştamdır. Onun yaradıcılığı bu günə kimi aktualdır”, - deyə İranə Qasımova qeyd edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin tikintisi nəzərdə tutulub.
Report xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində "Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri" mövzusunda təşkil olunmuş paneldə bildirib.
"Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Bu kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb. Ağalı kəndinin idarəedilməsinə cəlb olunan əməkdaşlarımızın əksər hissəsi məhz buranın sakinləridir", - deyə N. Cəfərov qeyd edib.
Azərbaycan İstiqlal Muzeyinin “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” adlı layihəsi çərçivəsində qazilərlə görüş keçirilib.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirdə bu günün tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, məhz həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan edib.
Sonra tədbir iştirakçıları Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Tədbirdə çıxış edən qazilər sarsılmaz birliyə malik olan xalqımızın milli müstəqilliyinin bərpa olunmasından 32 il keçdiyini vurğulayıblar. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən, şanlı tarix yazan Vətən oğullarımızın qəhrəmanlığından, misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən bəhs edilib.
Daha sonra tədbirdə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin istedadlı, fəal uşaqları vətənpərvərlik mövzusunda musiqi nömrələri və Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının müşayəti ilə konsert proqramı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müalicə alan qaziləri , Xətai rayonu 7 nömrəli tam orta məktəblərin şagirdləri və İRƏLİ İctimai Birliyinin könüllüləri iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 25-ci sessiyasında iştirak edir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilən “Qlobal İnvestisiya Forumu” və “Qlobal Təhsil Forumu”nda təmsil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, forumlarda dünya turizm sənayesinin aparıcı şirkət və təşkilatlarının nümayəndələrinin iştirakı ilə turizmdə mövcud trendlər, eləcə də ölkələr üçün investisiya imkanları, həmçinin turizm təhsili sahəsində mövcud olan innovativ məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
BMÜTT-nin Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 68-ci iclasında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi nəzərə alınaraq, 25-ci Baş Assambleya çərçivəsində ölkəmizə üzvlük səlahiyyətləri verilməsi barədə qərar qüvvəyə minəcək.
Səfər çərçivəsində Fuad Nağıyevlə Braziliyanın turizm naziri Celso Sabino de Oliveira arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə Braziliya arasında turizm üzrə əməkdaşlıq üçün media və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanıtım və təbliğat tədbirləri, eləcə də tanışlıq səfərlərinin təşkili məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti oktyabr ayının 17-də keçirilən İcraiyyə Şurasının 119-cu sessiyasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyətinin, həmçinin cari ilin 20 oktyabrında Səmərqənddə keçiriləcək BMÜTT-nin İcraiyyə Şurasının 120-ci sessiyasında da iştirakı nəzərdə tutulur.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bəstəkar və pianoçu Lalə Əhmədovanın “Vətənim Azərbaycandır” adlı solo konserti keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildiriblər ki, dirijor Firəngiz Xəlilovanın rəhbərliyi, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin “Vio Cello” kamera orkestrinin (bədii rəhbərlər Könül Bəkirova və Şəms Əliyeva) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Mehdiyeva (piano), Taleh Rəsulov (tenor), Ruslan Əliyev (tar), Kamran Teymurov (tar), Tural Qədirov (kamança) və Çinarə Mahmudova (vokal) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Lalə Əhmədovanın əsərləri səslənib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" ASC-ni dövlət qeydiyyatına alıb.
Report xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Xətai küçəsi, nizamnamə kapitalı 4 min manat, qanuni təmsilçisi isə Namiq Əhməd oğlu Əhmədovdur.
I Beynəlxalq Peşə Ustalığı Yarışması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilməsi simvolik məna daşıyır.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
Onun sözlərinə görə, məqsəd qonaqları bu ərazilərlə yaxından tanış etməkdir: “Qardaş ölkələrin energetiklərinin işğaldan azad edilmiş rayonlara dəvət edilməsi simvolik olmaqla yanaşı, yarış iştirakçılarını “Azərişığ”ın gördüyü işlər, xüsusilə innovativ həllərə dair tətbiq edilən yeniliklər, SCADA sistemi, qapalı yarımstansiya forması və digər işlərlə tanış etməkdir. Onu da qeyd edim ki, buradakı şəhərlərin əksəriyyətində elektrik şəbəkələrində ənənəvi dayaqların heç biri olmayacaq. Elektrik şəbəkələri tamamilə yeraltı, mühafizə olunan xüsusi izolasiyalı kabellərlə qurulur. Biz bunu ilk dəfə Şuşada tətbiq etmişik və digər ərazilərdə də tətbiqini davam etdiririk”.
Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisi 2024-cü ilin sonuna yekunlaşması nəzərdə tutulub.
Report xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində deyib.
O bildirib ki, uzunluğu 44 kilometr olan Bərdə-Ağdam avtomobil yolu isə artıq yekunlaşmaq üzrədir: "Ağdamda kəndlərdə və yaşayış məntəqələrində də artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanacaq. Digər kəndlər isə layihələndirmə prosesindədir".
Bakıdakı Rus evində jurnalist İradə Əsədovanın “Bakı, sevgim mənim” adlı fotosərgisinin açılışı olub. Tədbir Bakıdakı Rus evində fəaliyyət göstərən Fotoklubun layihəsi çərçivəsində keçirilib.
AZƏRTAC Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə (RİMM) istinadla xəbər verir ki, sərgidə şəhərin müasir ruhunu əks etdirən 20 foto əsəri nümayiş olunub. Ekspozisiya parlaq və solğun rənglərin, donub qalmış formaların və insanların qaynar axınının çərçivələrinin, kəskin təsvirlərin və gündəlik fonun yaratdığı təzadlar üzərində qurulub.
İradə Əsədova fotoqraf, bloger və jurnalistdir, ölkənin mədəni həyatının işıqlandırılmasına verdiyi töhfələr bir sıra mükafatlarla qiymətləndirilib. Sərgi müəllifinin sözlərinə görə, Bakı onun üçün tükənməz ilham mənbəyidir. Şəhərə olan sevgi, hətta hər bir bakılıya yaxşı məlum olan yerlərdə belə fotoqrafa bənzərsiz kadrlar tapmağa kömək edir. Şəhərin hələ tam sezilməyən və incəlik bəxş edən ruhunu tutmaq bacarığı onun foto əsərlərini mülayimlik, sevgi və rahatlıqla dolğunlaşdırır.
Layihənin kuratoru qismində fotoqraf Vsevolod Tsurikov çıxış edib. Tədbirin musiqi qonağı Bakı Musiqi Akademiyasının məzunu Əminə Əhmədova, aparıcısı isə Lalə Həsənova olub.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Simurq” layihəsi çərçivəsində konsert təşkil olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dirijor Cavad Tağızadənin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solistlər - violin ifaçıları Evgeniya Epşteyn (İsrail - Xorvatiya), Surə Rüfət, Zeyn Cəfərov, Özcan Cabbari, Osman Mustafazadə, Kənan Məmmədzadə, Qədir Günəşov, Xədicə Gözəlova, Nəzrin Hüseynova, Aydan Hacıəhmədova, Fəridə Abbaszadə, Yulia Motorina və Renata Abubəkirova öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.