Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək.
Tədbirdə 20 Yanvar faciəsində həlak olanların xatirəsi anılacaq və şəhidlərimizin şərəfli ömür yolundan söz açılacaq.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası nümayiş olunacaq.
Fevralın 2-də təqdim ediləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları canlandıracaq.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş möhtəşəm tamaşa Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub. İllərdir səhnədən düşməyən bu komediya hər dəfə böyük maraqla izlənilir, rəğbətlə qarşılanır.
Yanvarın 29-da Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün təqdim olunacaq.
Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.
Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcəklər.
“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.
Bu layihə bizim üçün çox önəmli və zəruri bir layihədir. Çünki birbaşa gənclərlə, tələbələrlə bağlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Yüksəl” layihəsinin təqdimatı zamanı Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı deyib.
“Mən Heydər Əliyev Fonduna və layihəyə maliyyə dəstəyi göstərən “BP” Azərbaycan şirkətinə öz minnətdarlığımı bildirirəm. Bu layihə düşünüldüyü andan tam sosial layihə kimi planlaşdırılmışdı. Bakı Kitab Mərkəzi olaraq layihə çərçivəsində hər həftə müxtəlif sahələr üzrə tələbə və gənclər üçün mühazirələr təşkil ediləcək və hər mühazirənin sonunda onlara kitablar hədiyyə olunacaq. Burada məqsəd tələbələrin intellektual səviyyəsinin artırılması, dünyagörüşlərinin genişləndirilməsi, mütaliəyə həvəsin yaradılmasıdır ki, bu da çox vacib bir məsələdir. Ümidvarıq ki, layihə gənclər üçün maraqlı, perspektivli və hər cəhətdən gərəkli olacaq”, - deyə G.Anarqızı bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Mərdəkan Mədəniyyət Sarayında, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Qızıldaş qəsəbə Mədəniyyət evində və R.Axundov adına Mədəniyyət evində filmlərin nümayişi davam etdirilib.
İdarədən bildirilib ki, tamaşaçılar Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” filminə (rejissor Kəmalə Musazadə), Yasamal rayonu Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Əli Məmmədova həsr olunmuş “Taleyin sorağında” filminə (rejissor Taleh İsmayılov), Qızıldaş qəsəbə Mədəniyyət evində Milli Qəhrəman Ehtiram Əliyevə həsr olunmuş “777” filminə (rejissor Cavid İmamverdiyev) və R.Axundov adına Mədəniyyət evində Milli Qəhrəman Mikayıl Cəbrayılova həsr olunmuş “İki əsgər” filminə (rejissor Vəli Səyyadi) tamaşa ediblər.
Mədəniyyət müəssisələrində tədbirlər dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Filmlərin nümayişindən əvvəl “Vətənpərvərlik kinosu həftəsi” layihəsinin məqsəd və məramı haqqında məlumat verilib, Milli qəhrəmanların döyüş şücaəti ilə tamaşaçıları tanış ediblər.
Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.
Yanvarın 17-dək davam edəcək layihə çərçivəsində təqdim edilən filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində reallaşır.
2019-cu ildə Azərbaycanda təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 mlrd. kubmetr təşkil edib.
Bu barədə SOCAR-ın ötən il üzrə hesabatına əsasən xəbər verilir.
Məlumata görə, 2018-ci ilin analoji göstəricisi (10,6 mlrd. kubmetr) ilə müqayisədə ölkədaxili təbii qaz istehlakı təxminən 918 milyon kubmetr və ya 8,7% artıb. Bildirilib ki, artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır. Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatda deyilir:
"Bismillahir-Rəhmanir-Rəhim!
Azərbaycan xalqına qarşı dəhşətli cinayət - tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 30-cu ildönümü ərəfəsindəyik. 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsinə rəgmən xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirən, qanlı cinayətin təşkilatçılarını sərt ittiham edən, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirən Heydər Əliyev bu addımı ilə ümummilli lider olaraq Azərbaycanın hələ elan olunmamış müstəqilliyinin ilk tarixi səhifəsini yazdı. Şəhidlərin layiq olduqları status da məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı dönəmində rəsmiləşdi və 20 Yanvar hadisələri Azərbaycan Milli Məclisində siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi.
Həmin faciə günlərində Bakıdan səsini ucaldan Şeyxülislam Allahşükür Paşazadə sovet rejiminin ciddi təzyiq, təhdid və məhdudiyyətlərinə baxmayaraq, keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu etiraz məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Milyonlarla insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız var idi və şəhidlərin dəfn mərasimində müxtəlif dini konfessiyaların başçıları hamı ilə birgə idilər. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi, milli birlik, həmrəylik örnəyi olaraq həkk olundu.
Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Dünya qəbul etməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları, insanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar cinayəti də vardır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.
Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini — Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. Açılmalıdır ki, o zaman Azərbaycana qarşı əsassız ittiham yürüdülmüş, baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə cəhd edilmiş, xalqımızın istibdada qarşı mübarizəsi dünya ictimaiyyətinə İslam fundamentalizmi, ekstremizm kimi təqdim edilmiş və nəticə etibarilə, günahsız insanların qanı tökülmüşdü. Yer üzündə ədalətin təmini, Uca Yaradanın xəlq etdiyi insan həyatına qarşı təcavüzə son qoyulmasının yolu günahsız insan qırğınlarına beynəlxalq müstəvidə hüquqi-siyasi və mənəvi qiymət verilməsindən, bu cinayətləri törədənlərin cəzalandırılmasından keçir.
Azadlığın, müstəqilliyin yolu agırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildir. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Qurani-Kərimdə buyurulur: «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzilənirlər...» (Ali-İmran, 169). Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə millətimiz öz ülvi arzularına yetişəcək, doğma torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın hər yerində qələbə şəninə bayram namazları qılınacaqdır, inşallah.
Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar günü bütün məscidlərimizdə bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini dualarla yad etməyi vacib sayır.
Uca Allah şəhidlərimizə rəhmət eləsin!"
Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
Bu barədə Agentlikdən məlumat verilib.
Agentlik bir daha qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
“Bir daha sürücülərimizdən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik”, - BNA-nın məlumatında deyilir.
Yanvarın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar - Qan Yaddışımız” adlı vəsaitin və eyniadlı elektron məlumat bazasının, habelə 20 Yanvar İctimai Birliyi tərəfindən nəşr olunmuş “Qalibiyyət qartalları” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitabxanadan bildirilib ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə reallaşacaq tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”.
Bunu "Seçkinin mediada isıqlandırlması" mövzusunda keçirilən tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes deyib.
Onun sözlərinə görə, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib: “Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mərkəzi Seçki Komissiyasına, Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.
Z.Hernyes həmçinin bildirib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: “Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.