Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində mənzil fondu yaradılıb

    2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlıq işləri həyata keçirib.

    Bu barədə Fondun açıqlamasında bildirilir.

    Məlumatda həmçinin deyilir ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb. 

    Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara “ASAN Xidmət” Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.

  • “CinemaPlus”da 20 Yanvar faciəsinə həsr olunan filmin ödənişsiz nümayişi keçiriləcək

    “CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək. 

    Kinoteatrdan verilən məlumata görə, filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

    Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. Ekran əsərinin süjet xəttinə görə, iki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicədir.

    Bundan başqa, yanvarın 20-də “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

  • Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

    Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hitlər” adlı konsert proqramı keçiriləcək.

    “IP Orchestra Azerbaijan” ifasında konsertdə AcDc, Metallica, Nirvana, Aerosmith, Green Day, Placebo, Blur, Corn, Rammstein, Queen, Led Zeppelin, Zemfira, Marlin Manson, Cranberries və s. ifaçı və qrupların bir-birindən maraqlı mahnıları səsləndiriləcək.

    Gecənin xüsusi qonağı Əməkdar artist Şəhriyar İmanovdur.

    Konsertə biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.

     
  • “Azərbaycan Dəmir Yolları” ötən il 1 000-dən çox şəxsi işə qəbul edib

    Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 170 nəfər çalışır.

    Bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib.

    “Ötən il 1 046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub”, - o deyib.

    Bundan başqa, sədrin sözlərinə görə, ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib.

    “2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”, - C.Qurbanov əlavə edib. 

  • Rüstəm Şahbazov: "Sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı işlər aprel ayınadək tamamlanacaq"

    "Bakı şəhərində 163 000 sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb. Digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak aidiyyatı yerli komissiyalar tərəfindən araşdırılıb. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb". 

    Bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov isə daşınmaz əmlakın sənədləşməsindən danışarkən bildirib.

    Onun sözlərinə görə, bu işlər aprel ayına qədər tamamlanacaq: "Ondan sonra müvafiq materiallar Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq".

    R.Şahbazov qeyd edib ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərinə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir.

  • Rusiya və Azərbaycanın balet ulduzları Bakıda eyni səhnəni bölüşəcək

    Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladığı Pyotr Çaykovskinin “Qu gölü” baleti növbəti dəfə təqdim olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, teatrın rəhbərliyi səhnə əsərində baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edib.

    Baletdə, həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış edəcəklər.

    Səhnə əsəri baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.

  • Sabah hava yağmursuz olacaq

    Sabahın hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 17-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 17-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib

    Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb.

    Açıqlamada deyilir:

    "31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

    Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

    İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.

    Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri".

    Açıqlamada bildirilib ki, sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

    • Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

    • Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

    • Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

    • Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar".

    ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.

     
  • Bakı Uşaq Teatrı bu dəfə “Sevgi şimşəyi” ilə gəlir

    Bakı Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində “Sevgi şimşəyi” tamaşasını təqdim edəcək.

    Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Səhnə əsəri komediya janrında hazırlanıb.

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

    Səhnə əsəri ilk dəfə Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında nümayiş edilib.

  • “20 Yanvar” metro stansiyasında hüzn və şərəf dolu bir tarix xatırlanacaq

    Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi faciənin qurbanları Bakı metropolitenində dərin hüzn və ehtiramla yad ediləcək.

    Bu barədə quruma istinadən xəbər verilir.

    Məlumata görə, yanvarın 17-də saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq.

    Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət foto-sərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək.

    Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək.

    Sərgidə həmin dövrdə “20 Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı Ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək.

    Bundan başqa, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də "Nərimanov" elektrik deposunda çalışır.

    Xatırladaq ki, sərgi 4 gün davam edəcək.