2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub.
DİM-dən verilən məlumata görə, doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.
Fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.
Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.
Digər imtahanların qrafiki ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AMEA-nın Coğrafiya İnstitutu və Seysmoloji Xidmət Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Məlumata əsasən, Respublika İmzalanma mərasimində AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Respublika Seysmoloji Xidmət Mərkəzinin sədri Qurban Yetirmişli iştirak edib.
Qonaqları salamlayan universitetin rektoru, professor Gülçöhrə Məmmədova qonaqları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, son illər rəhbərlik etdiyi universitetlə sözügedən qurumlar arasında işgüzar əlaqələr mövcuddur. Rektor bu əlaqələrin uğurlu nəticəsi olan Əməkdaşlıq Memorandumunun hər bir tərəf üçün geniş imkanlar açacağına ümidvar olduğunu bildirib. O, Memorandum çərçivəsində birlikdə müxtəlif layihələrin, tədbirlərin, konfrans və forumların keçirilməsi ilə yanaşı, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulmasının nəzərdə tutulduğunu vurğulayıb.
“Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə də töhfə verəcək”, - deyə G. Məmmədova bildirib.
İmzalama mərasimində çıxış edən qonaqlar, universitetin əməkdaşları da birgə işbirliyinin mütəxəssis hazırlığına, universitet tələbələrinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirak edərək yetişəcəyinə, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin ediləcəyinə dəstək olacağını vurğulayıblar.
Daha sonra ikitərəfli əməkdaşlığa dair Memorandum imzalanıb.
2019-cu ildə Azərbaycanda 2,833 milyon nəfər dəmir yolu nəqliyyatından istifadə edib.
Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verilir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib.
Onun sözlərinə görə, bu, 2018-ci illə müqayisədə 35,8% çoxdur.
Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən sədr Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.
C.Qurbanov dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiqi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb.
Bildirib ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olması aparılan islahatların beynəlxalq miqyasda təsdiqini tapması deməkdir. Qarşıda duran perspektiv işlərdən danışan sədr bu il Qəbələ və Şahdağ layihələrinin prioritet olduğunu vurğulayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib.
Bu barədə AMB-nin internet səhifəsinə istinadən xəbər verir.
Məlumata görə, dəyişikliklər çərçivəsində qurumda Əli Əhmədovun rəhbərlik etdiyi Bazar əməliyyatları departamenti, Şaiq Adıgözəlovun rəhbərlik etdiyi İqtisadi təhlil departamenti, Toğrul Əliyevin rəhbərlik etdiyi Risklərin idarə edilməsi departamenti, Namiq Yaqublunun rəhbərlik etdiyi Satınalmalar bölməsi ləğv edilib.
Əvəzində AMB-də Fuad İsayevin rəhbərliyi ilə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Elrad Seydiyevin rəhbərliyi ilə Maliyyə bazarlarında əməliyyatlar departamenti, Vüsal Qurbanovun rəhbərliyi ilə Sığorta fəaliyyətinə nəzarət departamenti, Tərlan Rəsulovun rəhbərliyi ilə Valyuta ehtiyatlarının idarə edilməsi departamenti, Elnur Allahverdiyevin rəhbərliyi ilə Lisenziyalaşdırma şöbəsi və Zaur Hacılının rəhbərliyi ilə Maliyyə monitorinq bölməsi yaradılıb.
Arif Şirəliyevin rəhbərlik etdiyi Strateji idarəetmə departamenti Korporativ idarəetmə departamenti adlandırılıb, Elizbar Əzimovun rəhbərlik etdiyi Ümumi şöbə isə Katibliyə çevrilib.
Digər 14 departament (Beynəlxalq əməkdaşlıq və kommunikasiya, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları, İnsan resursları, İnzibati, Maliyyə idarəetməsi, Nağd pul, Ödəniş sistemləri və hesablaşmalar, Pul siyasəti, Statistika, Tədqiqatlar, Təhlükəsizlik, Xəzinə) olduğu kimi qalıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk Səfərova Türkiyədə dünyanın müxtəlif ölkələrinin qatıldığı “Caspi art 9” Beynəlxalq Sanat Yarışmasının Qran-Pri diplomuna layiq görülüb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, aktrisa bu müsabiqəyə qatılmaq üçün hazırladığı “Vəsf” balet-kompozisiyasından çəkilmiş foto və video materialları bir neçə ay öncə həmin təşkilatın ünvanına göndərib və bu yaxınlarda aldığı nəticələr onu çox sevindirib.
“Mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt sayıram. Bu, təkcə mənim uğurum deyil. Məşq prosesinə yaradılan şəraitə görə teatrın rəhbərliyinə, baş dirijorumuz, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevə, quruluşçu baletmeysterimiz, Əməkdar artist Yelena Ağayevaya, çəkilişdə göstərdiyi köməyə görə rejissor Samir Qulamova, teatrın geyim sexinin əməkdaşlarından tutmuş səhnə maşinistlərinə qədər, əziyyəti olan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm”, – deyə Mələk Səfərova sevincini bölüşüb.
Qeyd edək ki, Mələk Səfərova Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. İndiyə qədər bir çox müsabiqələrdə iştirak edib.
Teatrda işlədiyi qısa müddət ərzində “Baladadaşın toy hamamı” (“Qəribə gülüş”), “Qızıl toy” (“Ukrayna rəqsi”), “Fərzəlikefcom” (“Yuxu” səhnəsi), “Fransızsayağı qarnir” (duet) “Paris Notr-Dama ithaf”(duet), “Mənim günahım” (solo) və demək olar ki, teatrın repertuarında olan bir çox tamaşalarda fəal iştirak edib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Mələk Səfərova ötən il Akademik Musiqili Teatrın 109-cu mövsümünün “Ən yaxşı balet artisti” mükafatına da layiq görülüb.
2019-cu ildə 3,6 milyona yaxın insan Minsk kinoteatrlarında filmə baxıb.
Yerli mətbuata istinadən verilən məlumata görə, bu göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 290 min nəfər çoxdur.
Ötən ilin ən populyar 20 filminə Rusiya və xarici istehsalın müxtəlif janrları olub. Ən çox baxılan ilk üçlüyə “Mstiteli. Final”, “Djoker” və “Korol lev” filmləri daxil olub. Belarus filmlərinin yayımı da kifayət qədər olub.
Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib. Müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.
O deyib ki, namizədlərin seçimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək:
“Müsabiqədə iştirak edəcək namizədlərdən idarəetmə bacarığı, sahəvi biliklər, ümumi dünyagörüşü, sahə üzrə iş təcrübəsi, natiqlik, kompüter və xarici dil bilikləri tələb olunur. Seçimlər zamanı təbiət elmləri üzrə elmi dərəcəsi olan namizədlərə üstünlük veriləcək. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal və ali təhsil haqqında diplomun surəti) 30 yanvar 2020-ci il tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinə təqdim etməlidirlər”.
Bu il yanvarın 20-dən fevralın 20-dək “Belarus Respublikasının ən yaxşı poçt markası” müsabiqə-sorğusu keçiriləcək.
“Azerpoçt”a istinadən xəbər verilir ki, hər kəs bu yarışmada iştirak edə bilər.
Bunun üçün aşağıdakılar tələb olunur:
- Belpoçta saytının «Филателия»http://www.belpost.by/stamps/best-stamp-2019/ bölməsinə daxil olmaqla, sorğu blankını yükləyərək doldurmaq, sonra isə ən çox bəyənilən poçt markasının və ya poçt blokunun nömrəsini göstərmək, eləcə də vinch@belpost.by elektron poçt ünvanına göndərmək lazımdır.
- Ölkənin istənilən poçt şöbəsinə baş çəkməli, müsabiqənin şərtləri ilə tanış olmalı və təqdim edilən sorğu blankını doldurmaq lazımdır. Sorğununun üzərinə “Müsabiqə” sözünü qeyd edib, “Marka” Nəşriyyat mərkəzi, RUP “Belpoçta”, pr. Nezavisimost, 10, 220050, Minsk ş. ünvanına göndərməlisiniz.
Qeyd edilən müddət ərzində müsabiqənin sorğu blankını düzgün dolduran və qalib markanın adını bildirən bütün iştirakçılar arasında hədiyyələr oynanılacaq. Hədiyyələr filatelik məhsul dəstləri olacaq.
Xatırladaq ki, ən çox səs toplayan poçt markası və ya bloku qalib hesab ediləcək.
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-cu ildə 51 layihə üzrə 1 080 km yol çəkməli idi”.
Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
“Plan artıqlaması iləyerinə yetirilib və 1 376 km yol çəkilib. Bu işlərin bir qismi mövcud yolların yenidən qurulması və onların üzərində süni qurğuların quraşdırılması ilə bağlıdır”, - deyə o, qeyd edib.
Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib.
Məlumata görə, Fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Astara, Biləsuvar, Xızı, İmişli, Qazax, Masallı, Sabirabad və Şamaxıda olaraq bir il ərzində istifadə edilməsi nəzərdə tutulan 42 adda dərman preparatını, eyni zamanda həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb.
Xatırladaq ki, səhiyyə və sosial sahələrdə fəaliyyət Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir. Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Fond eyni zamanda “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqların əməliyyatına dəstək, “Koxlear implantasiya” kimi layihələr həyata keçirir.