Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Böyük teatr ustası - Tofiq Kazımov

    Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.

    Bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 97-ci ildönümü tamam olur.

    Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

    Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.

    Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

    Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar o zamankı teatrsevərlərin yaxşı xatirindədir.

    Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci ildə avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

  • Azərbaycan bu həftə Dünya Bankı ilə özünüməşğulluq proqramı üzrə kredit sazişinə dair danışıqlar aparacaq

    “Azərbaycanda ötən il özünüməşğulluq proqramı daha da genişləndirilib”.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

    “2019-cu ildə 10 min 354 vətəndaşımız bu proqrama cəlb edilib. Onlar müvafiq təlimləri başa vurublar, öz biznes planlarını uğurla müdafiə ediblər və artıq 8 min 500 nəfəri öz aktivlərini alıb. Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaq. BMT İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması, əlavə 500 nəfərin aktivlərlə təmin olunması proseduru məhz bu iki layihə çərçivəsində icra olunur. Bu proqramın da genişləndirilməsinə, Dünya Bankı ilə danışıqların yekunlaşdırılmasına dair Sizin tapşırıqlarınız olub. Biz artıq Dünya Bankı ilə ilkin müzakirəni yekunlaşdırmışıq. Kredit sazişi üzrə danışıqlar yanvar ayının 18-nə təyin olunub. Bu danışıqlar yekunlaşdıqdan, Dünya Bankının proseduruna uyğun onun Şurasında təsdiq olunduqdan sonra iyun ayına qədər müqavilənin imzalanmasını gözləyirik. Lakin həm Maliyyə Nazirliyi, eyni zamanda, Dünya Bankı ilə müzakirələr nəticəsində belə qərara gəlinib ki, müqavilə imzalanana qədər də retroaktiv maliyyələşmə prinsipi əsasında hazırlıq işlərini artıq fevral ayından başlayaraq icra edəcəyik”, - deyə o, qeyd edib. 

  • "Azərbaycan Sığortaçılar Assosiasiyası" daşınmaz əmlakın icbari sığortası ilə bağlı açıqlama yayıb

    Son günlər daşınmaz əmlakın icbari sığortası mətbuat və ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. 

    Bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin açıqlamasında bildirilir. 

    "Yayılan məlumatlara aydınlıq gətirmək və əhalini bu istiqamətdə maarifləndirmək məqsədilə bildiririk ki, daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” qanuna əsasən tətbiq olunur. Bu sığorta məhsulu əhalinin sosial rifahını, sahibkarlıq subyektlərinin mənafeyini, eləcə də maliyyə sabitliyini qorumaq məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq yaradılıb. Məhsul, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının eləcə də mənzillərin yanğın, təbii fəlakət, texnogen qəza və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanmasını nəzərdə tutur.

    Son illər ərzində ölkədə baş vermiş təbii fəlakətlər və iri həcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin ödənilməsi kontekstində gündəmə gəlmiş çətinliklər daşınmaz əmlakın icbari sığortasının vacibliyini təkrarən vurğulayıb. Bu məqsədlə, “İcbari sığortalar haqqında” qanunun tətbiqi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları və Fövqəladə Hallar Nazirliyi, eləcə də ASA təbliğat və təşviqat işlərini aktivləşdirib. Bir sıra hallarda, təəssüf ki, bu fəaliyyət əmlakın icbari sığortası vasitəsilə fiziki və hüquqi şəxslərin əldə edəcəkləri fayda və risklərə qarşı təminatın təbliği ilə yanaşı daha çox qanunvericilikdən irəli gələn cərimələrin qabardılması tərzində aparılıb.

    ASA-nın mövqeyi ondan ibarətdir ki, qanunvericiliklə müəyyən edilmiş inzibati tənbeh tədbirlərinin tətbiqinin aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olduğunu nəzərə alaraq, sığora şirkətləri və sığora vasitəçiləri tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə təbliğat mümkün sanksiyalar aspektindən deyil, daşınmaz əmlak sahiblərinin maarifləndirilməsi kontekstində aparılmalıdır. Bu istiqamətdə əhalinin maliyyə savadlığının artırılması ölkədə sığorta mədəniyyətinin dərinləşməsinə xidmət edəcək.

    İl rəzində ASA əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində müxtəlif kampaniya və tədbirlər həyata keçirməyi planlaşdırır", - açıqlamada qeyd olunub. 

    Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür. 

  • Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıblar

    Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Beynəlxalq Jəutikov Olimpiadasında Azərbaycan məktəbliləri uğurla iştirak edərək 1 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar.

    Təhsil Nazirliyindən bildirilib ki, fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov 20 ölkədən 588 məktəblinin iştirak etdiyi nüfuzlu tədbirdə informatika fənnindən qızıl medal sahibi, eyni təhsil müəssisəsinin şagirdi Murad Eynizadə gümüş medal, Gəncə Şəhər 15 nömrəli orta məktəbinin şagirdi Əziz Hüseynov də bürünc medal sahibi olublar.

    Həmçinin fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov riyaziyyat fənnindən gümüş medal, 9-cu sinif şagirdi Toğrul Abbasov, habelə Şuşa rayonu Malıbəyli kəndi 1 nömrəli orta məktəbinin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medala layiq görülüblər. Nəhayət, fizika, riyaziyyat, informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov fizika fənnindən bürünc medal qazanıb.

    Qeyd edək ki, Qazaxıstanın görkəmli riyaziyyatçı alimi akademik Orımbek Jəutikovun şərəfinə adı qoyulmuş Beynəlxalq Jəutikov Olimpiadaları (İZHO) 2005-ci ildən etibarən hər il keçirilir. Bu tədbirlərdə 2006-cı ildən iştirak edən azərbaycanlı məktəblilər bütövlükdə 3 qızıl, 19 gümüş, 27 bürünc medal qazanıblar.

  • “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini genişləndirir

    Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı öz bəhrəsini verir. Xalçaçılıq xalqımızın milli dəyəri kimi bu gün ölkəmizdə ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib. Azərbaycan xalçaçılığının inkişafı istiqamətində 2019-cu ildə də mühüm tədbirlər həyata keçirilib.

    Bu barədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

    Bildirilir ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması xalçaçılıq sənətinin yaşadılmasını, ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildə fəaliyyətini, əsasən, Dövlət Proqramında qarşıya qoyulan tapşırıqların icrası istiqamətində qurub.

    Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Səhmdar Cəmiyyətin Qobustan və Qəbələ filiallarının, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub. Qobustandakı filialın və tədarük məntəqəsinin açılışında birinci xanın Mehriban Əliyeva da iştirak edib.

    2019-cu ildə Səhmdar Cəmiyyətin daha bir filialı – İsmayıllı şəhərində ikinci xalça istehsalı emalatxanası fəaliyyətə başlayıb. Bu filialın fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib, 100-ə yaxın toxucu kadr hazırlanıb.

    2019-cu il ərzində “Azərxalça”nın 21 filialında 2 min 555 ədəd, 8 min 836 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Lənkəran şəhərindəki xalça istehsalı emalatxanasıdır. Belə ki, 2019-cu ildə Lənkəran filialında 900 kvadratmetr xalça istehsal olunub.

    “Azərxalça”nın fəaliyyəti dövründə, ümumilikdə, 4 min 292 ədəd, 14 min 770 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri satılıb.

    Xalça fabriklərinin xammalla təmin edilməsi məqsədilə görülən işlər də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında inşa edilən Yunəyrici-Boyaq Fabrikində tikinti işləri başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, Çin, İsveçrə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.

    Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində ötən ilin may ayından yun qəbuluna başlanılıb. İndiyədək 298 ton yun tədarük olunub.

    Bu il boyaq bitkilərinin də tədarükünə başlanılacaq. Ona görə də ötən il bölgələrdə əhali ilə görüşlər keçirilib, boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə əhaliyə izah edilib.

    Azərbaycan xalçasının dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 2019-cu ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, “Azərxalça”nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

    Xalça istehsalı emalatxanalarının yaradılması istiqamətində görülən işlər 2020-ci ildə də davam etdiriləcəkdir. Prezident İlham Əliyevin 5 noyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanası tikiləcəkdir.

    Bu il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2019-cu ildə potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.

    Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. İndi ölkəmizdə istehsal olunan xalçalar dünyanın müxtəlif ölkələrində satışa çıxarılır. Odur ki, “Azərxalça” keyfiyyətli məhsul istehsalına ciddi diqqət yetirir.

    Səhmdar Cəmiyyətin fəaliyyətinin, xalça istehsalının genişləndirilməsi, kadr hazırlığı işinin təkmilləşdirilməsi, xalçaçılığın rəqabət qabiliyyətinin, ixrac potensialının artırılması istiqamətində görülən işlər uğurla davam etdirilir.

  • Sabahın hava proqnozu açıqlanıb

    Sabahın hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət 80-85 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq

    Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 15-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

  • İşdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçi öz işlərinə bərpa olunub

    Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il işdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçini öz işlərinə bərpa etdirib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

    Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

    Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 178,7 min manat məbləğində vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 95,4 faizi əməkhaqlarından,qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

  • Milli Kitabxanada “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb

    Dekabrın 14-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin anadan olmasının 90 illiyi münasibətilə “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb.

    Kitabxanadan bildirilib ki, sərgidə akademikin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, elmi məqalələri, rəyçisi və redaktoru olduğu, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunur.

    Qeyd edək ki, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.

  • Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və pianoçu Lyuka Debarqın konserti keçiriləcək

    Martın 14-də Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.

    Konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.

    Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

    Baltikyanı ölkələrin gənc musiqiçilərindən ibarət kamera orkestrini 1997-ci ildə skripkaçı Gidon Kremer yaradıb. Qrup qısa vaxt ərzində dünya səviyyəsində peşəkar kollektivə çevrilib və beynəlxalq nüfuz qazanıb.

    “Kremerata Baltika” 50-dən artıq ölkədə çıxış edib, 600 şəhərdə mindən çox konsert verib. 2002-ci ildə “Qremmi” (“Grammy”) və “Exo” (“ECHO”) mükafatlarını qazanıb. Orkestr 20-dən çox kompakt disk (CD) yazdırıb və 2003-cü ildən Latviyada öz festivalını keçirir.

    Fransız pianoçu Lyuka Debarq (Lukas Debargue) Gidon Kremer və “Kremerata Baltika” orkestri ilə 2017-ci ildən əməkdaşlıq edir. O, 2018-ci ildə kollektivin Çin və Yaponiyaya qastrollarında iştirak edib.

    Lyuka Debarq dünyanın nüfuzlu konsert salonlarında aparıcı simfonik orkestrlərlə çıxış edib. O, akademik repertuarından əlavə caz da ifa edir, həmçinin musiqi bəstələyir. Pianoçu 2014-cü ildə 9-cu Qayar Beynəlxalq Pianoçular Müsabiqəsində 1-ci yer qazanıb, 2015-ci ildə P.İ.Çaykovski adına 15-ci Beynəlxalq Müsabiqənin laureatlarından olub. 2017-ci ildə Almaniyanın nüfuzlu “Exo Klassik” (“ECHO Klassik”) mükafatı ilə təltif olunub.

  • Respublika Uşaq Kitabxanasında “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçirilib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq və kitabxana əməkdaşları üçün “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçirilib.

    Təlim “Silent Communication” komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə ilə komandanın əlaqələndiricisi, təlimçi, jest dili tərcüməçisi Könül Quliyeva tərəfindən reallaşıb.

    Təlimin keçirilməsində məqsəd eşitmə və danışma məhdudiyyətli uşaqların kitabxanadan istifadəsi, informasiyanı düzgün əldə edə bilməsindən ibarətdir. Bununla bağlı təlimin nəzəri hissəsində tədbir iştirakçılarına jest dilinın yaranma tarixi haqqında ətraflı məlumat verilib, həmçinin jest dilində istifadə olunan bütün hərflər əyani olaraq göstərilib.

    Tədbirin sonunda “Silent Communication” komandasının əməkdaşları tədbir iştirakçıları ilə birgə “Səssizlik fərq deyil, eynilikdir!” şüarını jest dilində səsləndiriblər.