Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mahnı teatrında bayram şənliyi təşkil edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının rusdilli uşaqlardan ibarət “Günay” studiyası Rəşid Behbudov adına Mahnı Teatrında Şaxta baba, Qar qız, məşhur pişiklər Leopold, Basilio və Tom ilə birlikdə parlaq, rəngarəng bayram şənliyi keçirib.

    İdarədən bildirilib ki, bu ilin rəmzləri Mickey, Mini Mouse və digər siçanlarla birlikdə əsl “ulduz” konserti baş tutub.

    Dekabr ayında Moskvada keçirilən “Millətin Qızılı” Beynəlxalq festival-müsabiqəsində müxtəlif nominasiyalarda diplomlar qazanan 20 laureat öz mahnıları, rəqsləri və maraqlı səhnəcikləri ilə tamaşaçıları sevindirib.

    Tamaşaçılar bir neçə saat ardıcıl davam edən möhtəşəm Yeni il tamaşasını maraqla izləyiblər. Uşaqlar fərqli ifaları ilə hər kəsi heyran ediblər.

    “Günay” studiyasının xoreoqrafı Günəş Talıbova, bədii rəhbəri və rejissoru Larisa Viktorovna Tarusovadır.

  • Bakının bir sıra magistrallarında sürət həddi endirilib

    Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verilir.

    Qeyd edilib ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

    "Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - BNA bildirib.

  • Əziz Qaralov: "Hazırda Badamdarda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”

    “Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində gərginlik qalmaqdadır”.

    Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

    Onun sözlərinə görə, əməkdaşlar hələ də ərazidədir və araşdırmalar davam etdirilir:

    “Asfalta tökülən torpaq qatı götürülməyib. Hazırda asılı qalmış torpaq qatında xırda uçqunlar baş verir”.

    Xatırladaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.

  • "Buta Airways" Lvova yeni təyyarə ayırıb

    Bu gün Bakıdan Lvova (Ukrayna) uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə yenisi ilə əvəz olunub. 

    AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, təyyarə qarşıdakı 1 saat ərzində Ukraynaya yola düşəcək: “Artıq həmin təyyarə yenisi ilə əvəz olunub və plan üzrə 10:45-də Ukraynaya yola düşəcək”.

    Xatırladaq ki, Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib. "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

    Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

    Ümumilikdə 1,5 saat ərzində problemin aradan qaldırılmasına cəhdlər olunsa da, heç bir nəticə əldə olunmayıb. Sərnişinlərin başqa təyyarəyə köçürülmələri qərara alınıb.

  • Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı vəzifəsinə işə qəbul elan edib

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qeydiyyatçı vəzifəsinə işə qəbul elan edib.

    AQTİ-dən verilən məlumata görə, vəzifə və öhdəliklər aşağıdakılardır:

    - Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;

    - Gələn qonaqların qarşılanması və yola salınması;

    - Daxil olan korrespondensiyanın qəbul edilməsi;

    - Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;

    - Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.

    Namizədə tələblər:

    - Yaş həddi: 35 yaşadək;

    - Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);

    - Ünsiyyətcil və komanda ruhlu;

    - Detallara diqqətlilik, səliqə və peşəkarlıq;

    - Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;

    - Ali təhsilli;

    - Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;

    - Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).

    Şərtlər:

    - Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü.

    Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2020 tarixinə qədər hr.aqti@afsa.gov.az ünvanına göndərə bilərlər. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

  • Nazirlik daha 15 növdə e-arayış xidmətini istifadəyə verəcək

    Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır.

    ƏƏSMN-dən verilən məlumata görə, nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir.

    2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

    1.İş yerinə dair e-arayış xidməti

    2.Əlilliyə dair e-arayış xidməti

    3.Müavinətlə təmin edilmə barədə e-arayış xidməti

    4.Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti

    5.Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti

    6.Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti

    7.Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti

    8.Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti

    9.Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti

    10.Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti

    11.Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti

    12.Fərdi şəxsi hesab barədə e-arayış xidməti

    13.Məşğulluq altsistemindən e-arayış xidməti

    14.Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti

    15.Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

    Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

    2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

  • “Azərenerji” “Şəki” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa edib

    “Azərenerji” ASC “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Şəki” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində təmir-bərpa işlər həyata keçirib. Bu barədə qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

    T.Abdullayevin sözlərinə görə, 2018-ci ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər “Şəki” Elektrik Stansiyasında mövcud 10 aqreqatdan 2 ədədinin korpusu dağıldığından ümumiyyətlə işləmirdi, qalan 8 aqreqat isə kəsirlə fəaliyyət göstərib:

    “Daha doğrusu “Şəki” Elektrik Stansiyasının qoyuluş gücü 87 meqavat olsa da, cəmi 40 meqavat güclə və tez-tez dayanmalar olmaqla işləyirdi. Korpusu dağılan 2 aqreqat da daxil olmaqla 10 aqreqatda təmir işləri aparılıb, ehtiyat hissələri dəyişdirildikdən sonra, indi stansiya 80 meqavatdan artıq güclə işləyir. Stansiyada 50 faiz və ya 40 meqavat “itirilmiş” güc bərpa edilməklə yanaşı, etibarlıq və dayanıqlıq təmin edilib”.

    Qeyd edək ki, “Azərenerji” ASC “Şəki” Elektrik Stansiyası ilə yanaşı ümumilikdə 6 ədəd modul tipli elektrik stansiyası da daxil olmaqla, 12 elektrik stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində yenidənqurma və təmir işləri aparır. Bu günə qədər ümumilikdə 485 meqavat “itirilmiş” güc bərpa edilib.

    2018-2021-ci illəri əhatə edən reabilitasiya proqramı çərçivəsində ümumilikdə 1000 meqavata yaxın “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub.

  • Damazlıq heyvan idxalçılarına xəbərdarlıq edildi

    Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi damazlıq heyvan idxalçılarına xəbərdarlıq edib.

    Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, son illər damazlıq heyvandarlığa marağın yüksəlməsi bu sahədə, xüsusilə idxal prosesi zamanı bir sıra prosedurlara ciddi əməl olunması zərurətini meydana çıxarıb: "İdxal edilən heyvanların damazlıq keyfiyyətlərinin respublikamızın damazlıq strategiyasına uyğunluğu və heyvanların idxal olunduğu ölkə və zonaların xəstəlikdən azad olması ən vacib şərtlərdəndir.

    Eyni zamanda, heyvanların cins tərkibinin yaxşılaşdırılması ölkədə təkcə heyvanların sayını deyil, həm də yüksək məhsuldarlığa malik heyvan cinslərini artırmaqla məhsul istehsalının yüksəldilməsinə nail olmağı nəzərdə tutur. Buna görə də yüksək sinifli, nəsil şəcərəsi bilinən və məhsuldar cinslər yetişdirilən Avropa ölkələrindən (Almaniya, Avstriya, Fransa, Hollandiya, İtaliya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya) damazlıq heyvan idxalı məqbul hesab olunur. Ona görə də postsovet ölkələrinin epizootik durumunun stabil olmadığını və heyvanların damazlıq göstəricilərinin identifikasiya sistemi üzərindən tam izlənilmədiyini nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən yalnız epizootik vəziyyəti stabil olan ölkələrdən damazlıq heyvanların alınmasına maliyyə dəstəyi göstəriləcək".

    Məlumatda qeyd olunub ki, idxal edilən heyvanın müəyyən edilən tələblərə uyğunluğunu təsdiq etmək üçün idxalçı fermer və ya sahibkarlar tərəfindən heyvanların yetişdirildiyi damazlıq təsərrüfatı haqqında zəruri məlumatlar - heyvanların damazlıq sertifikatı, doğulduğu və yetişdirildiyi təsərrüfat, ölkə, bölgə, ünvan məlumatları, təsərrüfatın fəaliyyət növü və tətbiq edilən seleksiya-damazlıq proqramı haqqında göstəricilər Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmalıdır: "Məlumatlar təhlil edildikdən sonra damazlıq heyvanların idxalına münasibət müsbət olduğu halda sahibkar Nazirlikdən verilmiş cavab məktubunu digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidir.

    İxracatçı ölkənin epizootik vəziyyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) əldə edilmiş məlumatlar əsasında qiymətləndirilir. Bu məlumatlar iki qrupa bölünür: a) təcili bəyan edilən məlumatlar, b) epizootik vəziyyət barədə dövri məlumatlar.

    Bu barədə www.oie.int veb səhifəsindən əldə etmək olar.

    Sahibkarlıq subyektləri idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq rəyi (icazəsi) almaq üçün idxaldan əvvəl Qida Təhlükəsizliyi Agentliyinə regional bölmələr vasitəsilə, elektron formada aşağıdakı sənədləri təqdim etməlidir;

    - Ərizə

    - Kənd Təsərrüfatı Nazirliyinin razılıq məktubu

    - İxracatçı ilə bağlanmış müqavilənin surəti

    - Heyvanların beynəlxalq baytarlıq (sağlamlıq) sertifikatının surəti

    - Heyvanların mənşə sertifikatının surəti

    Heyvanların daşınma marşrutu üzrə tranzit icazələrinin alınmasına zərurət yarandıqda icazənin alınması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Tranzit icazə müqavilədə göstərilmiş sayda heyvanlara şamil olunur. Müxtəlif növ heyvanların idxalı üzrə baytarlıq tələblərini Qida Təhlükəsizliyi Agentliyinin www.afsa.gov.az veb səhifəsindən əldə etmək olar".

  • UNESKO-nun mükafatını qazanan sənət ustası: Mehmet Gürsoy

    2009-cu ildə UNESKO tərəfindən “Yaşayan insan xəzinəsi” mükafatına layiq görülən Mehmet Gürsoy “Kütahya” plitəsini dünyaya tanıtmaq üçün 50 ölkədə 72 sərgi açıb.

    AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, döşəmələri “göz musiqisi” olaraq xarakterizə edən 44 yaşlı kafel ustası Mehmet Gürsoy XVI əsrdə istifadə edilən naxış və rəngləmə texnikasını tətbiq edərək sözdə “atəşə çiçəklər” qatmaqdadır.

    Bu sənətin incəliklərinə toxunan Gürsoy deyib: “Yaratdığım təsvirlər mənim üçün göz musiqisidir. Bütün bu rəngləri tək-tək tətbiq etdim; mərcan qırmızı, zümrüd yaşıl, lapis mavi və firuzəyi ...”.

    “Kütahya” plitəsini bir çox ölkədə sərgilər vasitəsilə tanıtmağa çalışan sənətkar onların böyük maraq yaratmaqla yanaşı, həm də satıldığını bildirib.

  • “Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunacaq

    Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə yanvarın 26-da teatrsevərlərin ixtiyarına verəcək.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.

    Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.

    Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.