Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Gövhəri–laməkan” adlı sərgi açılıb.
Sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilib.
Tədbiri Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Azər Zeynalzadə açaraq Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi haqqında ətraflı məlumat verib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova qeyd edib ki, ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb və ittifaqın təşkilatçılığı ilə rəsm sərgiləri və müsabiqələr təşkil olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazilə Rəhimova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan olunub və bununla bağlı Azərbaycanda, o cümlədən xaricdə müxtəlif tədbirlər həyata keçirilir, şairin kitabları nəşr olunur, mətbuatda Nəsimi yaradıcılığı geniş təbliğ edilir.
ADPU-nun müəllimi İslam Gülmalıyev şairin qəzəllərindən nümunələr söyləyib.
Sərgidə 40 rəssamın 40-a yaxın əsəri nümayiş olunub.
Sonda tədbirin fəal iştirakçıları diplomlarla təltif edilib.
İllərin görüşüb-ayrıldığı, bayramın bayrama qovuşduğu bu günlər paytaxtımızın mədəniyyət müəssisələri, incəsənət ocaqları üçün xüsusilə əlamətdardır. Bu məkanlarda yanvarın ilk həftəsinin tədbirləri ənənəvi olaraq daha çox uşaqlara ayrılır. Amma uşaqlara məxsusi diqqətlə bərabər böyüklər, onların sənət zövqü də unudulmur. Yeni ilin ilk ayında paytaxtın mədəniyyət məkanlarının repertuarı zəngin və rəngarəngdir.
“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin bayram ərəfəsində çapdan çıxan növbəti nömrəsi uşaqdan böyüyə hər kəsə bu yöndə bələdçilik edə bilər.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Afişa” əlavəsinin 2020-ci il yanvar nömrəsində Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər diqqətə çatdırılır. Heydər Əliyev Mərkəzində davam edən sərgilər, Azərbaycan Milli İncəsənət Muzeyində, Bakı Konqres Mərkəzində uşaqlar üçün hazırlanan layihələr haqqında məlumat almaq mümkündür. Nizami Kino Mərkəzində və Bakı Dövlət Sirkində uşaqlar bayram proqramına qatılmaq istəyənlər də nəşrdəki məlumatlardan yararlana bilərlər. Teatrların aylıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, “Afişa” əlavəsinin yanvar nömrəsi dekabrın 28-dən etibarən paytaxtdakı 1, 3 saylı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr əldə də edə bilərlər. Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan “Mədəniyyət+Afişa” mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin “ASAN xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.
Milli Arxiv İdarəsindən bildirilib ki, sərgidə dahi sənətkarın həyat və fəaliyyətinə aid olan bir sıra sənədlər və fotoşəkillər yer alıb.
Hüseynqulu Sarabski yüksək səhnə ustalığı və dərin musiqi biliyi sayəsində adını Azərbaycan milli incəsənət tarixinə qızıl hərflərlə yazdırmağa nail olub.
Hələ uşaqlıqdan böyük musiqi marağı və məlahətli səsi ilə tanınan Hüseynqulu Sarabski kiçik yaşlarından rövzəxanları və xanəndələrı dinləyər, əzbərlədiyi mərsiyə və qəsidələri, mahnı və muğamları ustalıqla ifa edib. Həvəskarlar tərəfindən “Xan Sarabi” adı altında səhnələşdirilmiş dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasına ilk dəfə tamaşa etdikdən sonra özünün gələcək sənət adını – Sarabskini seçib.
Səhnə fəaliyyəti həvəskar teatr truppalarından başlayan H.Sarabski tamaşaların birində ifa etdiyi “Hicaz” muğamı ilə onu izləyən Üzeyir Hacıbəylinin diqqətini cəlb edib.
Otuz ildən artıq olan səhnə yaradıcılığı dövründə neçə-neçə opera və operettalarda əsas partiyaların ifaçısı olmasına baxmayaraq, o, hər kəsin yaddaşında milli səhnəmizin Məcnunu kimi həkk olunub.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair, tərcüməçi Məmməd Aslanın anadan olmasının 80 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib. Eyni zamanda, videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb.
Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şairlə bağlı xatirələrini bölüşərək Məmməd Aslanı uşaqlıq illərindən tanıdığını söyləyib. “O, bizim ailəmizin bir üzvü olub. Kəlbəcərə çox bağlı insan idi. Məmməd müəllimin mənim uşaqlıq həyatımda dərin iz qoyub. O həm də gözəl rəssam idi. Bu gün onun çəkdiyi şəkilləri xatirə kimi saxlayıram. Bu gün babamın, nənəmin istifadə etdiyim şəkillərini bir zamanlar Məmməd Aslan köçürüb. Onun xüsusi zarafatları var idi. O, eyni zamanda, dövlətini sevən adam idi, dövlətçilik və Vətən yolunda canını qurban verməyə hazır bir şəxs idi. Məmməd Aslana Əməkdar mədəniyyət işçisi fəxri adı verilib, eyni zamanda, “Şöhrət” ordeni ilə təltif edilib. Onu xatirəsi hər zaman bizim üçün əzizdir”.
Sonra Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı "Ruhani" saz havasının müşayiəti ilə Məmməd Aslanın şeirlərini səsləndirib.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı və digər çıxış edənlər Məmməd Aslanın yaradıcılığından danışıb və onunla bağlı xatirələrini bölüşüblər.
Gecədə aşıqların ifasında müxtəlif saz havaları səsləndirilib.
Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi.
Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.
Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda milli kino günü hər il avqustun 2-də qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 121-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.
Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə “ağıllı bağ” yaradılır.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb. İnstitutun Mətbuat xidmətindən verilən məlumata görə, “ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.
Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.
Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılır. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.
“Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq.
Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.
“Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürüləcək. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.
Daha bir yenilik isə ondan ibarətdir ki, “ağıllı bağ”da dədə-baba alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.
“Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması yanvar ayının sonuna kimi başa çatdırılacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının “Günay” uşaq teatrı Azərbaycan Teatr İşçiləri İttifaqında “Nəsimi” tamaşasının premyerasını keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl Rus Mədəniyyət Məlumat Mərkəzinin ölkəmizdəki sədri, Rusiya səfirliyinin müşaviri Valentin Petroviç Denisov, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin prorektoru Rafik Novruzov, Əməkdar mədəniyyət işçisi, incəsənət üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı çıxış edərək Nəsimi yaradıcılığından və böyük mütəfəkkirə həsr olunan səhnə əsəri barədə fikirlərini bölüşüblər.
“Nəsimi” tamaşasının ssenarisi, səhnələşdirilməsi və musiqi tərtibatı “Günay” teatrının rəhbəri Larisa Viktorovna Tarusovaya, xoreoqrafiyası Günəş Talıbovaya aiddir.
Əsas rolları Leyla Murşudova (Nəsimi), Olesya Aksyonova (Fatma), Tamerlan Yarmamedov (Timur) ifa ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.
Xatırladaq ki, tamaşanın ilk nümayişi 2019-cu ilin dekabrında Moskvada keçirilən “Millətin Qızılları” Beynəlxalq festival-müsabiqədə baş tutub. Burada tamaşa Rusiyanın teatr xadimləri tərəfindən yüksək qiymətləndirilib və 1-ci dərəcəli laureat adına layiq görülüb. Bu yarışmada “Günay” teatrının gənc sənətçiləri “Qızıl açar” tamaşasına görə 1-ci dərəcəli laureat adını, solo və qrup nominasiyaları üzrə müxtəlif dərəcələrə görə mükafatlar qazanıblar. Ümumilikdə, “Günay” teatrı bu festivalda 20 laureat diplomu qazanıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edib.
AMM-də təşkil olunan şənlikdə 150-yə yaxın azərbaycanlı uşaq və onların valideyni iştirak edib.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara yaxşı oxumağı tövsiyə edib və ən xoş arzularını çatdırıb.
Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, uşaqlar mahnı oxuyub, rəqs ediblər. Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz təqdim olunub.
Şənliyin sonunda Şaxta baba və Qar qız uşaqlara Yeni il hədiyyələri paylayıb.
Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun “Gilavar” adlı yeni kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitaba müəllifin son illərdə qələmə aldığı “Gilavar” romanı, “Sibir toyu”, “Meymun oyunu”, “Bəyaz qaranlıq”, “Qan qoxusu” və digər hekayələri daxildir.
“Gilavar” dənizdən əsən mülayim Cənub küləyidir, Moryana adı ilə də tanınır. Özü ilə ilıqlıq gətirir. Oxucu dənizdən əsən küləyin ilıqlığını roman boyu hadisələrin dinamik inkişafında, təsvirində, müxtəlif taleli, fərqli xarakterli insanların ədəbi-bədii obrazlarının canlılığında duyur, hiss edir.
Kamil Əfsəroğlu çağdaş ədəbiyyatımızda realizm ənənəçiliyinin davamçısı, fərdi üslubu ilə seçilən nasirlərdəndir. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Yazıçı çağdaş ədəbiyyatımızda baş verənləri, müasir insanın cəmiyyətdəki yerini, mövqeyini göstərməklə yanaşı, yaxın tariximizin kölgədə qalmış mənzərələrini də uğurla canlandırır.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) I kurs tələbələri “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsini ziyarət ediblər.
İnstitutdan verilən məlumata görə, tələbələrə “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsi və ümumilikdə, Azərbaycanda Xristianlıq tarixi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, bütün dini icmalara bərabər şərait yaradıldığı kimi, Azərbaycanın katolik icmasına da qayğı göstərilir və katoliklər üçün kilsə yenidən bərpa olunub.
Daha sonra bildirilib ki, “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsinin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Burada eyni vaxtda 250-300 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Kilsənin rəsmi açılış mərasimi isə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər. Eyni zamanda, 2007-ci ilin aprelində Roma-Katolik Kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerottinin yeni kilsəni təqdis etdiyi və ilk ibadətin həyata keçirildiyi qeyd olunub.
Mərasimdə Azərbaycan Respublikası Katolik Kilsəsinin Apostol Prefekturası Dini Qurumunun təmsilçisi Yozef Marek xristianların inanc əsasları və ibadətləri, Azərbaycanda xristian icmalarının vəziyyəti, dini tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqliliklərin birlikdə yaşama təcrübəsi mövzularında tələbələrin suallarını cavablandırıb.