Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub

    Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda qış gündönümü gününə həsr olunmuş — ənənəvi Çin Dunçji bayramı bədii gecəsi keçirilib.

    Universitet-dən verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təqviminin ən mühüm mövsümlərindən biri olan Dunçji bayramının fəlsəfəsi və tarixi köklərindən danışaraq bu bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun müəllimi Zhang Xin bayramın keçirilməsi ənənələri, Dunçji əfsanələri və mərasimlərindən danışıb.

    ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri qədim Çin şairlərinin uzun ömürlülüyü, qış və gözəlliyi təcəssüm etdirən Dunçji rəmzi olan Meixua gavalı çiçəklərinə həsr olunmuş şeirləri oxuyublar. Sonra ADU Konfutsi İnstitutunun əməkdaşları ailə birliyinin rəmzi olan "tanyuan" düyü sancaqları ilə bayram şirniyyat şorbasının hazırlanması üzrə master – klass keçiriblər.

     
  • Heydər Əliyev adına AAHM-də Milli Qəhrəmanın xatirəsi yad edilib

    Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun şəhid olduğu vaxtdan üç il keçir. Üç il öncə əsgər Çingiz Qurbanov Vətəni müdafiə edərkən qəhrəmanlıqla həlak olub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhidin ailə üzvlərini qəbul edərkən dediyi kimi Çingiz böyük qəhrəmanlıq, böyük igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə gəlmişdi. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

    Ali Baş Komandanın “Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir... Bütün Azərbaycan Çingizlə fəxr edir... Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır...” sözləri bu gün Azərbaycan Ordusunun hərbi hissələrində keçirilən vətənpərvərlik tədbirlərində bir daha xatırlanır və hərbi qulluqçularımızı Çingiz kimi igidlərin qəhrəmanlıqlarından bəhrələnməyə, şanlı döyüş tariximizə yeni-yeni səhifələr yazmağa ruhlandırır.
    Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məkətbində də qəhrəmanın xatirəsi yad edilib.

    Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin mənalı ömür yolu barədə ətraflı məlumat verib.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş (ölümündən sonra) Çingiz Qurbanovun adı ölkəmizdə yetərincə əbədiləşdirilib. Qusar şəhərində küçələrdən birinə, xidmət etdiyi döyüş mövqeyinə, təhsil aldığı Həzrə kənd tam orta məktəbinə onun adı verilib, xatirə lövhəsi vurulub, haqqında kitab yazılıb, film çəkilib, tamaşa hazırlanıb. Şəhidin ailəsi Bakı və Qusar şəhərlərində mənzillə təmin olunub. Ailəsi daim diqqət mərkəzindədir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qəhrəmanın anadan olmasının 25 illiyi doğulduğu Qusar rayonunda, xidmət etdiyi hərbi hissələrdə, eləcə də cəbhəyanı bölgələrdə təntənəli şəkildə qeyd olunub. Bu günlər isə onun xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilir.
    Tədbirdə polkovnik Emin Səfərov çıxış edərək milli qəhrəmanların təbliğinin gələcək zabitlərin yetişməsində, onların Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında, döyüş və vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib.

    Son vaxtlar Bakı Bələdiyyə Teatrının repertuarına daxil olan Abdulla Qurbaninin “Çingiz dastanı” adlı ikihissəli tamaşa təqdim edilib. Tamaşada teatrın aparıcı aktyorlarından Əməkdar artistlər Səmayə Sadıxova, Əfqan Soltanov, Hüsniyyə Mürvətova, Aydın Əliyev, İlqar Musayev və başqaları ifa etdikləri obrazlarla tamaşaçıların böyük marağına səbəb olublar. Kütləvi səhnələrdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti çıxış edib.

    Tamaşadan sonra Bakı Bələdiyyə Teatrına, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə, eləcə də aktyorlara qəhrəmanlıq ənənələrinin təbliğində və Azərbaycan Ordusunun şəxsi heyətinə mədəni xidmət göstərilməsində fəaliyyətlərinə görə Müdafiə Nazirliyinin adından hədiyyələr təqdim edilib.

  • Ukrayna azərbaycanlıları həmrəylik toplantısında “Azərbaycan diasporu” kitabını təqdim ediblər

    Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının mərkəzi qərargahında Həmrəylik Günü ilə bağlı toplantı, eyni zamanda filologiya elmləri doktoru, tanınmış jurnalist Rövşən Raqifoğlunun (Məmmədov) “Azərbaycan diasporu” kitabının təqdimatı keçirilib.

    Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UADB), Ukrayna Azərbaycanlıları Alimlər Şurasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK), ölkədəki tanınmış azərbaycanlıların və eyni zamanda bir sıra vilayətlərdən gələn diaspor rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda əvvəlcə 2019-cu ildə Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub.

    Bildirilib ki, bu il Ukrayna azərbaycanlılarının fəallığı əvvəlki illərə nisbətdə daha məhsuldar olub. Bura Ukraynada azərbaycanlıların yüksək vəzifələrə irəli çəkilməsi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə bir sıra yeni layihələrin baş tutması və sair daxildir. 

    UADB sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Azərbaycana baş tutan səfərinin fəaliyyətlərinə böyük təkan verəcəyini bildirib. H.Cavadov milli diaspor fəaliyyətimizdə ilk nəzəri əsər olan “Azərbaycan diasporu” kitabı haqqında da söz açaraq bildirib ki, nəşr ilkin olaraq gənclər təşkilatlarının fəallarına, eləcə də qərb bölgəsi də daxil olmaqla bütün Ukraynada Azərbaycan mərkəzlərinə çatdırılıb və bu proses növbəti aylarda da davam edəcək: 

    “Bu kitab elmi vəsait kimi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qlobal informasiya savaşında iştirakında istifadə üçün çox vacib materialdır. Burada qeyd olunan statistikalar, analizlər və qarşıda duran vəzifələr bizim fəaliyyətimiz üçün maraqlı hədəflər müəyyənləşdirir. Kitabda Azərbaycançılıq ideologiyasına uyğun olaraq diasporumuzun aparmalı olduğu işlərlə bağlı əsas strategiya müəyyənləşdirilib ki, bu da indiki zamanda bizə çox lazımdır. Kitabda maraqlı elmi araşdırmalar var. Bizim, xüsusən də gənclərimizin sözü gedən elmi araşdırmalarla tanış olması şərtdir”. 

    Çıxış edən BUAK və Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də “Azərbaycan diasporu”nun xaricdə yaşayan həmvətənlər üçün əsl məlumat bazası olduğunu qeyd edərək bunun digər dillərə tərcümə olunmasını da təklif edib. 

    Daha sonra Ukraynada azərbaycanlı alimlər - Fərhad Turanlı, Arif Quliyev, Ukraynanın Xalq artisti Qurban Abbasov və Ukraynanın vilayətlərindən gələn digər diaspor rəhbərləri həmrəylik günü ilə bağlı hesabatlarını verərək təqdim olunan kitab haqqında bildiriblər ki, bu, diaspor fəaliyyətdə maraqlı addımdır, bunun Ukraynadan başqa digər ölkələrdə də fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəalları arasında yayılması da zəruridir.

    Bildirilib ki, bu əsər xüsusilə informasiya savaşında dünya azərbaycanlıları üçün əsl məlumat kitabçasıdır. Daha sonra qərara alınıb ki, kitab nüsxələrinin daha bir hissəsi də Bakıdan gətirilsin və aidiyyəti təşkilatlara verilsin. 

    Qeyd edək ki, “Azərbaycan diasporu” kitabı Rövşən Raqifoğlunun sayca üçüncü elmi əsəridir. Bundan başqa, o, 40-dan çox elmi məqalənin müəllifidir, ali təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olub. Tədbirdə eyni zamanda Azərbaycan Respublikasının Diasporla İş zrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən layihələr barədə videoçarxlar da nümayiş olunub.

  • “Volkswagen” elektrikli avtomobil istehsalı ilə bağlı yeni planlarını açıqladı

    Alman avtomobil istehsalçısı “Volkswagen” 1 milyon elektrikli maşın istehsal etmək məqsədinə iki il tez, 2023-cü ildə çatacağını açıqlayıb. 2025-ci ilə qədər isə elektrikli maşınların sayını 1,5 milyona çatdıracağını açıqlayıb.

    Alman avtomobil istehsalçısı keçən il 50 min, bu il isə 70 min elektrikli avtomobil istehsal edib.

    Məlumata görə, “Volkswagen” yeni “ID.3” modelləri ilə istehsal gücünü və satışını artırmağı planlaşdırır. Yeni nəqliyyat vasitəsində istifadə edilən batareyaların daha ucuz və uzun ömürlü olacağını bildirən şirkət elektrikli nəqliyyat vasitələrinin orta gəlirlilər üçün də əlçatan olacağını vurğulayıb.

    Qeyd edək ki, ”ID.3” modelinin qiyməti 30 min avrodan az olacaq və bir dəfəyə 330-500 km məsafə qət edə biləcək.

    Xatırladaq ki, bu ilin sentyabr ayında Frankfurt avtosalonunda təqdim olunan “ID.3” modellərinin tədarükünə gələn ildən başlayacaq. Şirkət Almaniyanın şərqindəki “Zvickau” zavodunun ildə 330 min nəqliyyat vasitəsi istehsal edə biləcəyini açıqlayıb.

  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

    Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.

    Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

    Dekabrın 30-dan bütün “Şəbəkə“ xidmət mərkəzləri saat 9:00-dan 17:00-dək, yanvarın birindən saat 10:00-dan 17:00-dək, digər bayram günləri Mərkəzi Şəbəkə saat 09:00-18:00, digərləri isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.

    Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

    Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı “1655” nömrəli “Qaynar xətt”lə əlaqə saxlamaları xahiş olunur.

  • Xalq artisti, xanəndə Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd edilib

    Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsi xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti, xidmətləri olan ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

    Məlumata görə, tədbir Azərbaycan Prezidentinin Əlibaba Məmmədovun 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunub.

    Konsertdən əvvəl musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti olan Əlibaba Məmmədovun uzun illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrətdiyini söyləyib.

    Konsertdə şagirdlər Azərbaycan bəstəkarlarının əsərləri və ustad xanəndənin repertuarındakı muğam və bəstələri ifa ediblər.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq Bülbül adına Orta İxtisas Musiqi məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəbləri ilə birlikdə konsertlər keçirir. Birgə əməkdaşlıq nəticəsində keçirilən konsertlərin məqsədi gənc istedadların səhnəyə alışması və peşə səriştələrinin artırılmasına xidmət edir.

  • Tanınmış xanımlar “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim ediblər

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib.

    “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən (ASC) Trend-ə verilən məlumata görə, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

    “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə xalqımızın geyim etnologiyasının bir hissəsi hesab olunan, gözəllik, zəriflik rəmzi sayılan, qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadan bu qədim sənət incisi məşhurların iştirakı ilə ictimaiyyətə təqdim olunub. Ölkənin içtimai-siyasi, sosial və mədəni həyatında fəal rol oynayan tanınmış xanımlar bir araya gələrək, Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları ən gözəl və məxsusi tərzdə təqdim ediblər. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirən, nəciblik və xanımlıq rəmzi sayılan kəlağayını “Made in Azerbaijan” brendi adı altında dünyaya tanıtmaq məqsədi ilə təşkil edilmiş bu fotosessiyada millət vəkilləri Elmira Axundova və Ülviyyə Ağayeva, xalq artistləri Flora Kərimova və Həmidə Ömərova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, Hüsniyyə Mürvətova, aktrisa Sevinc Əliyeva, teleaparıcılar Dilarə Səlim, Nərgiz Cəlilova, Lalə Azərtaş, “Bakı Park Bulvar” AVM-nin PR-meneceri Günay Malikqızı və digər tanınmış simalar iştirak ediblər.

  • Nəsiminin 650 illiyinə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanın premyerası olub

    Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mənəm, mən...” adlı tamaşanın premyerası olub.

    Məlumata görə, tədbirdə dövlət və hökumət üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

    Səhnə əsərinin nümayişindən öncə rejissor Mehriban Ələkbərzadə çıxış edərək tamaşa haqqında məlumat verib. Bildirib ki, səhnə əsəri böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanıb. Vurğulayıb ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dramı kimi təyin edilib.

    Ölkəmizdə “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən bəhs edən rejissor, hazırkı premyeranın da reallaşan tədbirlərin davamı olduğunu qeyd edib. Səhnə əsərinin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edən M.Ələkbərzadə tamaşanın repertuarında xüsusi yer tutacağına əminliyini ifadə edib.

    Sonra tamaşa nümayiş olunub.

    Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış ediblər.

    Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

    Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

  • Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

    Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.

    Akademik Milli Dram Teatrından verilən məlumata görə, teatrda hazırlanan “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, Musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

    Tamaşada əməkdar artistlər Mətləb Abdullayev və Əlfida Cəfərov (Şaxta Baba), aktrisa Fəridə Şahbazova (Qar Qız), əməkdar artist Mehriban Xanlarova (Befan nənə-1), aktrisa Dilarə Nəzərova (Befan nənə-2), əməkdar artist Sevinc Əliyeva (Befan nənə-3), aktyorlar Vüsal Mustafayev və Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev və Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), əməkdar artist Əminə Cəfərova (Panda), aktyorlar Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edirlər.

    Yeni il tamaşası 27 dekabrdan yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılaraa hədiyyələr də daxildir.

  • PAŞA Sığorta “Uğur çarxı” Yeni il hədiyyə kampaniyasına start verir

    PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə könüllü avtomobil sığortası (KASKO) üzrə “Uğur çarxı” adlı hədiyyə kampaniyasını elan edir.

    Şirkətdən verilən məlumata görə, yanvarın 31-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər kampaniyadan faydalanaraq şirkətdən Yeni il hədiyyəsi qazanacaqlar. Beləliklə, minimum 500 AZN sığorta haqqı ilə KASKO sığortası əldə edən hər bir fərdi müştəri uğur çarxı vasitəsilə təsadüfi seçim əsasında hədiyyə əldə edəcək. Bunun üçün müştərilərə xüsusi onlayn interfeys təqdim ediləcək və burada onlar çarxı fırladaraq təsadüfi qaydada seçilən hədiyyəyə sahib olacaqlar.

    Kampaniyanın şərtlərinə əsasən 500-2500 AZN sığorta haqqına malik KASKO müştəriləri üçün çarxın üzərində 100 AZN nominallı Azpetrol kartı, Kapital Bank hədiyyə kartı, Maxi.az kartı, Bravo kartı, videoqeydiyyat cihazı yer alacaq. 2500 AZN-dən yüksək sığorta haqları üçün isə 200 AZN dəyərində hədiyyələr nəzərdə tutulur.

    KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

    Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

    PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.