Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda atəşfəşanlıq olacaq

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-də gecə saat 12:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çil-çıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

    Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də gecə saat 12:00-da Dənizkənarı Milli Parka dəvət edir.

  • Serbiyadakı həmvətənlərimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə bir araya gəlib

    Serbiyada yaşayan həmvətənlərimiz qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Belqradda yerləşən səfirliyi tərəfindən keçirilən tədbirdə bir araya gəlib.

    Tədbirdə həmçinin Serbiyanın nüfuzlu ictimai, siyasi və mədəniyyət xadimləri, ziyalılar, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri də iştirak edib.

    Tədbirdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciəti oxunub.

    Səfir Eldar Həsənov bayram təbrikində xarici ölkələrdə, o cümlədən Serbiyada yaşayan azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə Azərbaycan dövlətinin qayğısını vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan xalqının əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. O, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, keçirilən görüşlər barədə tədbir iştirakçılarına məlumat verib. Bu münaqişənin həlli üçün dünyada yaşayan həmvətənlərimizin həmrəy olmasının vacibliyini də vurğulayıb.

    İştirakçılara habelə, 2019-cu ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində səfirlik tərəfindən həyata keçirilən işlər barədə də qısa məlumat verilib, qarşıda duran vəzifələrdən danışılıb.

    Sonda qonaqlar Azərbaycan milli mətbəximizin zəngin süfrəsinə dəvət edilib.

  • Bayram ərəfəsində Bakı və Abşeronda şəhid ailələrinə baş çəkilib

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların, bir qrup ictimai xadimin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və eləcə də Yeni il bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

    Məlumata görə, Səfərbərlik Hazırlığı və Səfərbərlik İdarəsinin rəisi polkovnik Şaiq Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayonu idarəsinin rəisi polkovnik Vüqar Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayonu bölməsinin rəisi mayor Adil Hüseynov, Azərbaycan Respublikası Çernobıl əlilləri ittifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov və Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev şəhid Elxan Həsənovun Qaradağ rayon Lökbatan qəsəbəsində yaşayan ailəsinə baş çəkiblər, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar.

    Daha sonra onlar zəngilanlı şəhid Zaur Həsənovun Abşeron rayonu Masazır qəsəbəsində yaşayan ailəsinin qonağı olublar. Şəhid ailələrinə ərzaq yardımı edilib və görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlah Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur.

    Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sahədə müxtəlif layihələr həyata keçirir.

  • Bu il Milli Xalça Muzeyi 120 mindən çox ziyarətçi sayı ilə rekordunu yeniləyib

    Bu il Azərbaycan Milli Xalça Muzeyi üçün bir çox önəmli hadisələrlə yadda qaldı.

    Muzeydən bildirilib ki, bu il mədəniyyət ocağı 122 min 143 nəfər ziyarətçi sayı ilə öz rekordunu yeniləyərək respublikada ən çox ziyarət edilən muzey olub.

    Builki ən önəmli hadisələrdən biri də Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan məkana çevrilməsidir. Belə ki, artıq burada fiziki məhdudiyyətli insanların muzeyə daxil olması, ekspozisiya ilə tanışlıq məsələləri öz həllini tapıb. Qeyd edək ki, muzeyin inklüziv proqramları haqqında bəyanatlar ICOM, NEMO kimi nüfuzlu beynəlxalq muzey təşkilatlarına təqdim olunub. Muzeyin uğurlu təcrübəsi xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib, ICOM Kanada, İntercom, NEMO və CAMOC komitələri bunu mühüm xəbər kimi öz saytlarında paylaşıb.

    “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.6 (Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi) bəndinin icrası istiqamətində Azərbaycan Milli Xalça Muzeyinin keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajına düzəlişlər edilib. Belə ki, xalçalar haqqında məlumatda onların toxunduğu yer kimi artıq Azərbaycan göstərilir. Bu proqramın 7.1.3-cü bəndinin (Ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanması) icrası ilə bağlı Türk İslam Əsərləri Muzeyində olan Azərbaycan xalçalarından ibarət kataloq nəşr olunub.

    Bu il ərzində Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətində kolleksiyaların zənginləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. Fond əhalidən satınalma yolu ilə altı muzey əhəmiyyətli əşya əldə edib. O cümlədən, muzey tarixində ilk dəfə olaraq “Sotheby’s” hərrac evindən Qacar dövrünə aid iki ədəd qadın bəzək əşyası alınıb. Muzeyə Amerika vətəndaşları Dumas Jones və Jay Jones tərəfindən XIX əsrə aid “Qonaqkənd” xalçası hədiyyə olunub. Bununla yanaşı, muzeyin kolleksiyası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunan altı qiymətli xalça ilə də zənginləşib. Bütün bu eksponatlar gələn il də ictimaiyyətə təqdim olunacaq.

    2019-cu il muzeyin keçirdiyi sərgilər respublikamızın mədəni həyatında unudulmaz izlər qoyub. Muzey daxilində on, Rusiya, Çin və Fransada isə üç sərgi açılıb. Əlbəttə ki, bunların sırasında “Azərbaycan mədəni irsi Luvr Muzeyində” sərgisini xüsusilə qeyd etmək lazımdır. Belə ki, muzeyin tarixində ilk dəfə Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir Azərbaycan xalçası vətənimizə gətirilərək nümayiş olunub.

    Bu ildə Azərbaycan Milli Xalça Muzeyi xarici muzey və ali təhsil ocaqları ilə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirib. Belə ki, Özbəkistanın “İçan qala” Dövlət Qoruğu, Buxara Dövlət Muzey - Qoruğu və Səmərqənd Dövlət Muzey - Qoruğu, A.Kasteyev adına Qazaxıstan Respublikası Dövlət İncəsənət Muzeyi, Türkiyənin Ankara Universiteti, İranın Təbriz İslam İncəsənəti Universitetinin Xalça fakültəsi, Tatarıstanın “Kazan Kremli” Dövlət Tarix-Memarlıq və İncəsənət Muzey-Qoruğu ilə anlaşma memorandumları imzalanıb.

    Bu il həm də muzeyin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və ona “Milli” statusu verilib.

    Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi 3-cü ildir ki, dünyada ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.

  • Məşhur müğənni Sami Yusufdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə möhtəşəm musiqi töhfəsi

    2019-cu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunmuşdu.

    Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, qədim abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salan möhtəşəm layihənin musiqi proqramının müəllifi Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf olub. Onun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanıb.

    Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrildi, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici topladı.

    Qeyd edək ki, sözügedən mədəni proqram doqquz elementdən ibarət idi və “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdu.

    Müğənni Sami Yusufun konsertin “Nəsimi poeziyası” bölməsi ilə yanaşı, digər bir neçə hissəni də “YouTube” kanalında paylaşması böyük izləyici marağı doğurub. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tarixi vətənlərini – Azərbaycanı tərənnüm edən bu musiqi kompozisiyalarını dərin rəğbət hissi ilə qarşılayaraq ürək sözlərini çoxsaylı internet şəbəkələrində paylaşmaqda davam edirlər.

    AZƏRTAC xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş edib.

    Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusufla bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (solo tarda Sahib Paşazadə) və xor ifa edir.

    Videonu tanınmış müğənni “Azərbaycan: Əbədi varlıq” başlığı ilə yayımlayıb.

    Böyük Britaniyada yaşayan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir. Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub.

  • Tbilisidə azərbaycanlı rejissorun yeni tamaşası təqdim olunub

    Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.

    “Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın “Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.

    Gənc azərbaycanlı aktyorların yeni performansları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

    Tamaşadan sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə və başqaları çıxış edərək Anar Rafiqoğlunu və aktyorları təbrik edib, onlara uğurlar arzulayıblar.

    Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır.

  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu ili uğurla başa vurur

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsində ilin yekunlarına dair iclas keçirilib.

    İclası Baş İdarənin rəisi Cəlil Məlikov açaraq 2019-cu il üzrə görülən işlər barədə məruzə ilə çıxış edib. İdarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri, mədəniyyət mərkəzləri, muzeylər, kitabxanalar və Mədəni Tədbirlər və Yaradıcı Gənclərlə İş Mərkəzinin fəaliyyətini, görülən işləri və perspektivdə nəzərdə tutulan planları müzakirə edib.

    Bu il idarə üçün məhsuldar bir il olduğunu vurğulayaraq C.Məlikov Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən tabeli qurumlarda rəngarəng tədbirlərin keçirildiyini, ədiblərlə, bəstəkarlarla görüşlərin uşaqların estetik zövqünün formalaşmasında, onların mədəni səviyyəsinin yüksəlməsində və mədəni irsimizə qayğı ilə yanaşmalarına, yaradıcı fəaliyyətə sövq etməsinə təkan verdiyini bildirib.

    İclasda idarənin cari ildə maddi-texniki bazasının möhkəmləndirilməsi, səyyar konsert və tamaşaların keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunduğunu, mədəniyyət mərkəzlərinin konsert meydanına çevrilərək, rəngarəng layihələr üçün hər zaman açıq olduğunu qeyd edib. Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə keçirilən “Muğam dünyasına səyahət” layihəsi, hazırda bütün müəssisələri əhatə edən “Bakı–100 il musiqi gözü ilə” layihəsinin əhəmiyyətindən danışarkən proqramların ənənəvi və müasir musiqini təbliğ etməsindən, tamaşaçılarda Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə təmasda olmasına imkan yaratmasından bəhs edib.

    Eyni zamanda, hər mədəniyyət müəssisəsinin bu istiqamət üzrə qarşısına mühüm vəzifələr qoyaraq, yeni təqvim ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirib. Burada mədəniyyət mərkəzlərinin əhatə dairəsində yerləşən obyektlərlə və əhali ilə yaxından tanış olub, işin maraq və istəklərə uyğun, müasir innovativ alətlərdən istifadə etməklə qurulmasının vacibliyini xüsusilə diqqətə çatdırıb.

    Cari ildə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gedən əsaslı təmirdən və gələn ildə onun oxucularla görüşə bir çox yeniliklərlə gələcəyindən söhbət açıb. Əzim Əzimzadənin və Cəlil Məmmədquluzadənin ev-muzeylərinin əsaslı təmirdən sonra ziyarətçilərə açılmasından və sonuncu muzeyin tam innovativ texnologiya ilə muzey işinə yeniliklər gətirdiyini vurğulayıb.

    Əsaslı təmirə bağlanmış M.S.Ordubadinin Xatirə Muzeyinin isə gələn il tamaşaçıların görüşünə tamamilə başqa tərzdə gələcəyini və interaktiv, innovativ yeni ekspozisiyasında müasir informasiya texnologiyalarının müasir nailiyyətlərinin tətbiq ediləcəyini bildirib.

    Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və onların filiallarının qarşısında duran vəzifələrə toxunan C.Məlikov çıxışında kitabxananın formatında ciddi dəyişikliklərin olacağını, oxucunun burada səs-küydən uzaq, sakit, lazımi resurslarla təchiz olunmuş kitab dünyasına vararaq, rahat işləməsi üçün hər bir şəraitin yaradılmasının vacibliyini söyləyib. Bu nöqteyi-nəzərdən kitabxanalardan oxucu tələbatı ilə yanaşı, kitab mağazalarında da tələbatların öyrənilməsini bestsellerlər və digər çətin əldə olunan kitabların kitabxana rəflərində yer alaraq, oxucuların ixtiyarına verilməsinin vacibliyini söyləyib. Kitabxanaların həm lokal, həm də qlobal elektron şəbəkəyə qoşulmasının vacibliyini vurğulayan Baş İdarənin rəisi bu sahədə də avtomatlaşdırılmış sistemin oxucularla, izləyicilərlə kitabxana arasında operativ ünsiyyətin qarşılıqlı faydalı olacağını diqqətə çatdırıb. 2020-ci il ərzində Səbail rayon MKS, Balaxanı qəsəbə Mədəniyyət Evi və H.Sarabski adına Mədəniyyət Mərkəzinin kitabxanalarla birlikdə yeni binalara köçürüləcəyini söyləyib. Yasamal rayon Heydər Əliyev Mərkəzinin bu il cari təmirdən sonra açıldığını və fəaliyyətinin 10 illiyinin təntənəli surətdə qeyd edildiyini diqqətə çatdırıb.

    Uşaq musiqi məktəblərinin və incəsənət məktəblərində fəaliyyətin yaxşılaşdırılması, müəllimlərin peşəkarlığının qiymətləndirilməsi məqsədilə işçi qrupların yaradıldığını və onların bu məqsədlə xüsusi məcmuə hazırladıqları bildirilib. Eyni zamanda, sözügedən məktəblərdə ustad dərsləri praktikasının və paytaxt məktəblərinin bölgə məktəbləri ilə təcrübə mübadiləsinin mütəmadi keçirilməsinin vacibliyi göstərilib. Musiqi və incəsənət məktəbləri şagirdlərinin cari ildə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda qazandıqları uğurlar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni ildə ev sahibliyi edəcəyi beynəlxalq mədəniyyət yarışmaları da müzakirəyə təqdim edilib. Baş İdarənin bu il ilk dəfə 23 ölkə içərisində Azərbaycanı Avropa Musiqi Məktəbləri Birliyinin tam üzvü kimi təmsil etməyə başlaması və bu addımın mədəniyyətimizin ölkəmizin hüdudlarından kənarda təbliğində mühüm addım olması da xüsusilə vurğulanıb.

    İdarənin tabeliyində olan Mədəni Tədbirlər və Yaradıcı Gənclərlə İş Mərkəzinin tez-tez hərbi hissələrdə çıxışlar etməsi, mərkəzin nəzdində Bakı Kamera Orkestrinin, “Rast” qrupunun bazasında Estrada Teatrının yaradılması, Kino Mərkəzinin fəaliyyətə başlaması və onun tərkibində Kino Məktəbinin açılması istiqamətində mühüm işlərin görülməsi, “Bakı mədəniyyət telekanalının” və “Bakı mədəniyyət radiosunun” yeni ildə açılması istiqamətində fəaliyyətin davam etdirildiyi də iştirakçıların diqqətinə çatdırılıb, bakılıların sevimli mahnı yarışması olan “Bakı payızı” mahnı müsabiqəsinin 2020-ci ildə sənətsevərlərə təqdim olunacağı bildirilib.

    İclasın sonunda Baş İdarənin rəisi Cəlil Məlikov kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, onlara və ailə üzvlərinə cansağlığı, firavanlıq və mədəni dəyərlərimizin təbliği istiqamətində əzmkarlıq arzulayıb.

  • Xətai Sənət Mərkəzində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılıb

    Xətai Sənət Mərkəzində “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılıb.

    Sərgidə layihənin əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edib.

    Sərgi çərçivəsində qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşib. Qalib məktəblilər müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıb.

    Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

  • Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

    Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

    Məlumata görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2019-2020-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır.

    Qeyd olunub ki, cari tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

  • Aİİ-də “Bədii əsər oxuma” mövzusunda bilik yarışması keçirilib

    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədii əsər oxuma (yerli ədəbiyyat)” mövzusunda bilik yarışı keçirilib.

    İnstitutdan verilən məlumata görə, yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I, II və IV kurs tələbələri, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə, 8 komanda mübarizə aparıb.

    Üç turdan ibarət olan yarışmada 45 sual səsləndirilib. Suallar İsa Hüseynovun “Məhşər”; Süleyman Rəhimovun “Mehman”; Məmməd Səid Ordubadinin “Qılınc və qələm”; Cəfər Cabbarlının “Almaz”; Hüseyn Cavidin “İblis” əsərlərinin mövzularını əhatə edib.

    Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ali təhsil müəssisəsində keçirilən müsabiqələr tələbələrin elmə, maarifləndirici yarışmalara marağının artırılması, onların ümumi biliyinin və dünyagörüşünün yüksəldilməsi, öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmaları baxımından xüsusi əhəmiyyətə malikdir.

    Bu yarışmanın tələbələrə təcrübə qazanmaq imkanı yaratdığını nəzərə çatdıran C.Məmmədov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini bildirib. Aİİ rəhbəri bacarıq imkanlarını nümayiş etdirmələri baxımından, bu istiqamətdə təşkil olunan müsabiqə və bilik yarışmalarının xüsusi rol oynadığını vurğulayıb.