Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Elnarə “Qarabağ atları”na mahnı həsr etdi

    Müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısı və klipini təqdim edib. “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur.

    Trend-in məlumatına görə, klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nın Rəqs Ansamblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyilə “Sərhədçi” studiyası tərəfindən ekranlaşdırılıb.

    “Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.

    Klipin çəkilişlər Binə Atçılıq Mərkəzində aparılıb. Ekran işində Qarabağ atlarının dünyanın ən böyük arenalarında dünyanı fəth edən çıxışlarından olan videomateriallardan da istifadə edilib.

  • Nazir: "Azərbaycanın bütün mədəniyyət ocaqları bu ilin çox dəyərli keçirilməsinə töhfə veriblər"

    "Sözsüz ki, bütün mədəniyyət ocaqları cənab Prezidentin 2019-cu ili ''Nəsimi ili'' elan etməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə ciddi məşğul olub və çox dəyərli ilin keçirilməsinə töhfə veriblər".

    Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, bu il mədəniyyət sahəsi üçün çox işgüzar il olub:

    ''Bilirsiniz ki, 2019-cu il cənab Prezidentin müvafiq sərəncamı ilə ''Nəsimi ili'' elan olundu. Bu da özlüyündə mədəniyyət ili deməkdir. Çünki Nəsiminin yaradıcılığı dil, ədəbiyyat və fəlsəfə ilə bağlıdır. Bildiyimiz kimi prezidentin sərəncamı ilə mədəniyyət sahəsində islahatların aparılması tapşırılmışdı. Müəssisələrimiz tərəfindən dəyərli töhfələr irəli sürüldü. Bu töhfələrin sırasında gələcək işlərimizin qurulması, həm maddi bazanın yaradılması, həm də yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər irəli sürülüb. Hesab edirəm ki, bu il baş verən yeniliklər sırasında mədəniyyət səhəsində deyil, ümumiyyətlə, yaradıcı mühitin formalaşmasına müraciət olunmasıdır. Bu işə dövlət səviyyəsində müxtəlif qurumlar qoşulub. İnanırıq ki, növbəti illərdə yaradıcı sənayenin formalaşdırılması bizim üçün prioritet istiqamət olacaq və dövlət əhəmiyyətli proqrama çeviriləcək''.

  • Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

    Mədəniyyət Nazirliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

    İclas Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

    İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxsləri iştirak ediblər.

    Ə.Qarayev iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. O, Nazirliyin 2019-cu il ərzində gördüyü işlər haqqında hesabatın dərc olunduğunu bildirib: "Kollegiyanın iclasında 5 məsələnin müzakirə edilməsi nəzərdə tutulub. İclasda Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinin və Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq hazırlanmış tədbirlər planının icrası, Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti və rəqs müəllimi ixtisasları üzrə tədris hazırlığının vəziyyəti barədə, Mədəniyyət Nazirliyinin 2017-2018 ci illər üzrə maliyyə hesabatlarının auditor nəticələri haqqında, 2019-cu ildə mədəniyyət sahəsində görülən işlər və nəhayət 2020-ci ilin birinci yarısının planının təsdiqi üzrə məruzələr dinləniləcək".

    Sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov qurumun tədbirlər planına uyğun olaraq Nəsiminin 650, Cəfər Cabbarlının 120 illiyi bağlı gördüyü işlərlə bağlı məruzə ilə çıxış edib. O, qeyd edib ki, il ərzində Nəsiminin yubileyi ilə bağlı 500-dən çox tədbir təşkil olunub.

  • Bu il Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 21 gümüş, 18 bürünc medal qazanıblar

    Bu il beynəlxalq olimpiadalarda iştirak edən Azərbaycan məktəblilərinin sayı açıqlanıb.

    Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur.

    2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

  • Bu il milli parklara 104 276 turist səfər edib

    "Bu il Azərbaycanın milli parklarına  104 276 turist səfər edib".

    Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Arzu Səmədova bildirib.

    Onun sözlərinə görə, bunların 93804-ü yerli, 10472-si isə xarici vətəndaş olub: "Ötən illə müqayisədə, bu il milli parklara gələn ziyarətçilərin sayında artım müşahidə edilib. 2018-ci ildə ziyarətçilərin sayı 79997 olub". 

    A.Səmədova qeyd edib ki, milli parklara gələn turistlərin sayının artmasına səbəb ilk növbədə aparılan təbliğat işləri, eyni zamanda bu ildən milli parklarda müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng kütləvi tədbirlərin təşkil olunmasıdır: "Ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytının "xidmətlər" bölməsinə daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər".

  • Bu il Bakının 26 məktəbinə yeni direktor təyin olunub, 18 direktor işdən çıxarılıb

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

    İdarədən "Report"a verilən məlumata görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

    Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

    On səkkiz direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

  • Seçenov Universitetinin Bakı filialında poeziya gecəsi keçirilib

    Dekabrın 26-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək tələbələrin poeziyaya marağının artırılmasına dəyərli töhfəsinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

    Leyla Əliyeva çıxışında ən çətin və humanist peşələrdən biri olan həkim peşəsinin əhəmiyyətini vurğulayıb.

    Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri Lalə İsayeva, Nuranə Ələkbərova, Vüsalə Hüseynova Leyla Əliyevanın “Dünyanın ən gözəl insanı, haradasan?”, “İnanmırıq” və “Zaman, xahiş edirəm, dayan” şeirlərini oxuyublar. Gələcəyin həkimləri – Tamerlan Rüstəmov, Lalə İsayeva və Yaqub Kərimov da öz şeirlərini oxuyublar.

    Leyla Əliyeva gecənin sonunda tələbələrə öz kitablarını hədiyyə edib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

  • Bakı MDB məkanında Yeni il yarmarkalarına səyahət üçün ilk beş şəhər sırasındadır

    Bakı MDB məkanında Yeni il yarmarkalarına səyahət üçün ilk beş ən yaxşı şəhər sırasına daxil olub.

    AZƏRTAC xəbər verir ki, “TurStat” turizm portalı Yeni il qabağı istirahət günlərində və 2020-ci ilin yanvarında Yeni il şənliklərinə səyahətlər üçün MDB məkanında, o cümlədən Rusiyada ən yaxşı Yeni il və Milad festivallarının və yarmarkalarının reytinqini təqdim edib.

    2019-cu ilin dekabrında və 2020-ci ilin yanvarında MDB ölkələrində turistlər üçün ən cəlbedici Yeni il və Milad yarmarkaları Rusiya, Belarus və Azərbaycanda təşkil edilir.

    MDB məkanında Milad yarmarkalarının reytinqi Yeni il və Milad festivalları və yarmarkalarının populyarlığının və unikallığının təhlilinin nəticələrinə əsasən tərtib edilib.

  • "Unibank"dan restrukturizasiyaya düşən müştərilərə çağırış

    Restrukturizasiya prosesinin bitməsinə bir neçə gün qalıb. “Unibank”da prosesin gedişi ilə bağlı son vəziyyət haqda suallarımızı Bankın Satış və xidmətə dəstək departamentinin müdiri Mikayıl Məmmədov cavablandırıb.

    - Restrukturizasiya prosesinin başa çatmasına bir neçə gün qalıb. “Unibank”da bu istiqamətdə işlər necə gedir?

    “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının ikinci mərhələsinin icrası Unibank tərəfindən davam etdirilir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 35 milyon manatı ötüb. Prosesi vaxtında və keyfiyyətlə icra etmək üçün bankımızın bir sıra filialları hətta şənbə-bazar günləri də müştərilərə xidmət edir. Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Müştərilərin restrukturizasiya ediləcək kreditləri üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda nəzərdə tutulduğu kimi kredit illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə rəsmiləşdirilir.Yeni kredit müqaviləsinə görə, birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində çox kiçik məbləğ edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük, onun aylıq ödənişlərinin minimuma salınmasıdır. Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi və kredit üzrə müştərinin əmək haqqı və ya pensiyasından tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq kredit borcundan asılı olaraq cüzi məbləğ ödəyir. Hətta restrukturizasiya müqaviləsi imzalamış bir sıra Unibank müştərilərinin nümunəsində deyə bilərəm ki, ilk bir ilin ödənişi 40-50 qəpik belə təşkil edir.

    - Restrukturizasiya prosesi müştəriyə daha hansı üstünlükləri verir?

    Restrukturizasiya prosesinin müştəriyə verdiyi üstünlük təbii ki, təkcə aylıq ödənişin 3-4 dəfə azalması ilə bitmir. Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir ki, bu də müştərinin ümumi borcunun ciddi şəkildə azalmasına səbəb olur. Ən əsas üstünlük isə müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsinin formalaşmasıdır. Fərmanın ikinci mərhələsinin əhatə etdiyi şəxslər bir ildən artıq gecikməsi olan müştərilər olduğundan, onlar yenidən kredit götürə bilmirdilər. Restrukturizasiya müqaviləsindən sonra isə müştərilərin kredit tarixçəsi tamamilə təmizləndiyi üçün yenidən kredit götürmək imkanı yaranır.

    - 30 dekabr 2019-cu il vətəndaşların restrukturizasiya müraciətlərinin qəbulunun son günüdür. Amma hələ də bu fürsətdən istifadə etməyən müştərilər var.

    - Bəli, prosesin yekunlaşmasına 1 həftədən də az müddət qalıb. Biz çalışdıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan, Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələ də restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək, restrukturizasiya müqaviləsini imzalasınlar. Bəzən isə Bank əməkdaşının restrukturizasiya müqaviləsini imzalamaq üçün zənginə müsbət cavab verməyən müştərilər də olur. Onlara da demək istəyirəm ki, Cənab Prezidentin onlar üçün yaratdığı bu xüsusi imkandan istifadə etmək üçün tələssinlər. Restrukturizasiya müqaviləsi imzalamayan müştərilər gələn il öz kreditlərini əvvəlki şərtlərlə ödəmək məcburiyyətində qalacaqlar. Adının restrukturizasiya siyahısında olub-olmamasını yoxlamaq istəyən müştərilər şəxsiyyət vəsiqələri ilə onlara yaxın Unibank filialına yaxınlaşaraq, bunu dəqiqləşdirə bilərlər. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində, “Dərnəgül” və “Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Odur ki, fərmanın əhatə etdiyi qalan bütün müştərilərimizi dekabrın 30-dək Unibank filiallarında gözləyirik.

  • “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının təqdimatı olub

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində nəşr edilmiş “Vətən, Bayraq, Millət” şeirlər antologiyasının fiziki imkanları məhdud istedadlı şəxslərin də iştirakı ilə təqdimat tədbiri keçirilib.

    Məlumata görə, tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müəsissələrinin sakinlərinin əl işləri də təqdim edilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir “Azərbaycan üçün oxu” layihəsi çərçivəsində xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış video çarxın nümayişi ilə başlayıb. Video çarxda şeir ziyalılar, o cümlədən bir sıra tanınmış fiziki imkanları məhdud insanlar tərəfindən səsləndirilir və ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bəndlə bitir.

    Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səslənib.

    Millət vəkili Qənirə Paşayeva tədbiri açaraq, gənclərimizə vətənpərvərlik ruhunun aşılanmasının əhəmiyyətini, bu tədbirin də əsasında bu məqsədin dayandığını deyib.

    Sonra “Vətən, Bayraq, Millət” şeirlər antologiyası təqdim olunub. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova kitab barədə məlumat verib.

    Təşkilat tərəfindən nəşr etdirilmiş kitab gənclərimizdə vətənpərvərlik duyğularının gücləndirilməsinə, dövlət atributlarımıza daha çox sevginin aşılanması baxımından bir töhfə məqsədi daşıyır. Vətənpərvərlik mövzularında ilk dəfə ən gözəl 100 şeirin antologiya şəklində toplandığı kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu şeirlər də yer alıb.

    Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nazirliyin həssas qruplarla, o cümlədən əliliyi olan şəxslərlə bağlı layihələrini, onların istedad və qabiliyyətlərinin yaradıcılıq potensiallarının aşkara çıxarılması və ictimaiyyətə tanıdılması üçün aparılan işləri qeyd edib. Bu sahədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərini diqqətə çatdırıb, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyini vurğulayıb.

    Sahil Babayev nazirliyin dəstəyi ilə ötən ilin dekabrında Azərbaycan və ingilis dillərində 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomunun, görmə imkanları məhdud şəxslərin şerlərindən ibarət “Zülməti dələn işıq” kitabının nəşr edildiyini deyib. O bildirib ki, eyni zamanda, nazirliyin sifarişi və dəstəyi ilə icra olunan layihələrin bir istiqaməti də Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkilinə xidmət edir. Bu istiqamətdə aparılan işlər də Milli Qəhrəmanlarımızın cəmiyyətdə daha yaxından tanıdılması ilə yanaşı, gənclərimizin vətənpərvərlik duyğularının gücləndirilməsinə öz töhfəsini verir.

    Daha sonra əməkdar artist Anar Şuşalı “Ölkəm” mahnısını ifa edib. Leyla Əliyevanın müəllifi olduğu “Zəhranın xatirəsinə” seiri əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında təqdim edilib. Paralimpiya çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev, sağlamlıq imkanları məhdud istedadlı gənclərimizdən Mətanət Qudsi, fiziki imkanları məhdud idmançı, çempion Aynur Məmmədova, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxış ediblər. Fiziki imkanları məhdud şairə və aparıcı Zeynəb Nəcəfova öz şeirini söyləyib. Xalq artisti Gülyanaq Məmmədova, fiziki imkanları məhdud sənətçi Murad Sadıq vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
    Tədbir zamanı fiziki imkanları məhdud şəxslərə bayram hədiyyələri təqdim edilib.