Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xəzərdə nərə balığı ovuna qadağanın müddəti uzadılıb

    Xəzər dənizində nərə balıqlarının ticarət məqsədilə ovlanması ilə əlaqədar qadağa 2020-ci ildə davam edəcək.

    Məlumata görə, bunu İranın Balıqçılıq Təşkilatının sədri Nəbiyulla Xunmirzayi Tehranda keçirilə Xəzər dənizində su canlıları ehtiyatının qorunması və istifadə edilməsi ilə əlaqədar 3-cü iclasın sonunda deyib.

    N.Xunmirzayinin sözlərinə görə, bununla əlaqədar protokol Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın nümayəndələri tərəfindən imzalanıb.

    Təşkilat sədri əlavə edib ki, nərə balıqlarının ovu sadəcə ehtiyatların bərpası və araşdırma işləri üçün mümkün olacaq:

    “Hazırda nərə balığının ticarət məqsədilə ovu qadağandır. 5 sahilaynı ölkənin ehtiyatları bərabər deyil və ölkələr ehtiyatları araşdırmaq və onu bərpa etməkdədirlər".

    N.Xunmirzayinin sözlərinə görə, ölkələrin ehtiyatlarının bərpası üzrə zaman cədvəli tənzimlənib.

    Təşkilat rəsmisi qeyri-qanuni ovla mübarizə ilə əlaqədar protokolun ilkin mətninin Türkmənistanın Aşqabad şəhərində keçiriləcək işçi qrupunun iclasında araşdırılacağını deyib.

  • “İl Sonu”nda YAP Gəncə şəhər təşkilatının fəal gəncləri mükafatlandırılıb

    Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İl Sonu” adlı gənclər üçün əyləncəli bayram tədbiri keçirilib.

    YAP Gəncə şəhər təşkilatından verilən məlumata görə, Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil edilən tədbirdə YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkədə görülən işlərdən, onlara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkə Başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

    “Xüsusən, Yeni Azərbaycan Partiyasının sıralarıda yer alan gənclər ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər” – deyə Orxan Əhmədov bildirib.

    Gəncləri əlamətdar bayramlar münasibətilə təbrik edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov yola saldığımız 2019-cu ildə istər idman, istərsə də gənclərlə iş sahəsində uğurlu göstəricilərin əldə edildiyini diqqətə çatdırıb.

    Bayram şənliyində bir-birindən şux mahnılar, rəqslər, rəngarəng çıxışlar, viktorinalar gənclər tərəfindən alqışlarla qarşılanıb.

    Sonda 2019-cu ildə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətində seçilən gənclərə fəxri fərman və tədbirin tərəfdaşları “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, SV Dental klinikası tərəfindən hədiyyələr təqdim edilib.

  • Övladlığagötürmə sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verildi

    Övladlığagötürmə sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib.

    Nazirlikdən verilən məlumata görə, valideyn himayəsindən məhrum olmuş uşaqlar barədə məlumatları müvafiq altsistemə daxil edən orqanların siyahısı da müəyyən edilib.

    Övladlığagötürmə sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2019-cu il tarixində imzalanan Fərmanlar Ailə və Mülki Prosessual Məcəllələrinə dəyişikliklə bağlı müvafiq qanunlarının tətbiqi ilə bağlı bir sıra məsələləri tənzimləyir.

    “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində daha bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

    Onların sırasına övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, müsahibələrin, təlimlərin keçirilməsi, müəssisədə uşaqla övladlığa götürmək istəyən şəxslərin görüşünün təşkili, uşağın sınaq müddətində övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi barədə qərar qəbul edilməsi daxildir.

    Fərmanla, həmçinin, valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar edən və bu cür uşaqlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemə daxil edən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı müəyyən edilib. Siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları daxildir.
    “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanda isə məhkəməyə övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Eyni zamanda, övladlığa götürənlərin maddi-məişət şəraitinin yoxlanılması səlahiyyəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

  • Bakı Ali Neft Məktəbinin nigeriyalı tələblələrinin ifasında “Sarı gəlin”

    Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələblələri Azərbaycanın xalq mahnısı, əfsanəvi “Sarı gəlin”i ifa ediblər. Ötən gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ali Məktəbdə təşkil olunan tədbirdə Neft-qaz mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika, eyni zamanda, Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Hüseynli Günel, Əsgərzadə Nilufər xalq mahnısını tamaşaçılar qarşısında təqdim ediblər.

    Əcnəbi tələbələr 3 gün ərzində mahnını Azərbaycan dilində ifa etməyi öyəniblər. Onlar BANM-də təhsil aldıqları müddətdə Azərbaycan dili və tarixi ilə yaxından maraqlandıqlarını, ölkəmizin milli mənəvi dəyələrinin onlarda yüksək təəssürrat yaratdığını qeyd ediblər.

    ““Sarı gəlin” mahnısının sözləri və musiqisi çox gözəldir. Eyni zamanda, bu xalq mahnısının hekayəsi də olduqca maraqlıdır. Ümumiyyətlə, Azərbaycanın zəngin tarixi, milli musiqisi, milli rəqsləri var. Biz də bunları sevə-sevə öyrənirik”, – deyə İ.Çidinma bildirib.

  • Cəlil Məmmədquluzadənin ev-muzeyi əsaslı təmirdən sonra açılıb

    Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 25-də böyük yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov muzeyin ekspozisiyası, burada görülən işlər barədə Əbülfəs Qarayevə məlumat veriblər. Bildirilib ki, təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Həmçinin üç (Azərbaycan, rus, ingilis) dildə təqdim olunan yeni İP texnoloji vasitə ilə muzeyə ekskursiya etmək mümkündür.

    Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzildə ömrünün ən çətin vaxtları keçib. Burada ev-muzeyin yaradılması haqqında qərar respublika hökuməti tərəfindən hələ 1976-cı ildə qəbul olunmuşdu. Muzeyin təntənəli açılışı ədibin anadan olmasının 125 illiyində, 1994-cü il dekabrın 28-də, ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.

    Muzeyin birinci zalında C.Məmmədquluzadənin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar nümayiş olunur. İkinci zal vaxtilə Məmmədquluzadələr ailəsinin qonaq otağı olub. Burada ailə həyatını əks etdirən ekspozisiya sərgilənir.

    Ev-muzeyində həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin müəllifi olduğu, əsli Naxçıvandakı Ədəbiyyat muzeyində saxlanılan əsər – yazıçının həyat yoldaşı Həmidə xanımla portreti yer alır.

    Muzeyin daha bir zalı bütünlüklə görkəmli publisistin yaradıcılığını əks etdirir. Burada “Cəlil Məmmədquluzadə və Azərbaycan teatrı” guşəsi, "Molla Nəsrəddin" jurnallarının nüsxələri, jurnalın yayımı ilə bağlı qaimələr, yazıçının əlyazmaları, yazı masası, "Ölülər" tamaşasının 1916-cı ildə çap edilən afişa-proqramı nümayiş olunur. Muzeydə ümumilikdə 5432 eksponat qorunur.

    Ev-muzey ilə tanış olan nazir Əbülfəs Qarayev buradakı ədəbiyyat nümunələrinə, “Molla Nəsrəddin" jurnallarının nüsxələrinə baxıb, təmir-bərpadan sonra muzeyə ziyarətçilərin sayı ilə maraqlanıb. Bildirib ki, yeni üslubda təqdim edilən ekspozisiya cəlbedicidir. Multimedia avadanlığının təqdimatı muzeyə gələnlərdə xoş təəssürat yaradır. Bu layihəni virtual ziyarət formatında da təqdim etmək olar. Muzey təkcə nümayiş üçün deyil, elmi-tədqiqat işinin aparılması üçün vacib məkandır.

    Nazir muzeyin kollektivinə uğurlar arzulayıb və əməkdaşlarla xatirə şəkli çəkdirib.

  • Almaniyada daha bir Azərbaycan evi Kölndə açılıb

    Xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri 25 dekabrda Almaniyanın Köln şəhərində açılıb.

    Məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə, Komitənin Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan, Köln Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib. Kölndəki Azərbaycan evi də, digər şəhərlərdə olduğu kimi, soydaşlarımızla yanaşı Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeridir.

    Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərməsi üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Soydaşlarımız öz çıxışlarında evlərin yaradılmasını xaricdə yaşayan azərbaycanlılara dövlətimizin diqqət və qayğısının bir nümunəsi olduğunu qeyd ediblər.

    Tədbir Azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə davam edib.

    Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi 24 dekabr tarixində Berlin şəhərində açılıb.

  • "Rabitəbank"dan xanım sahibkarlara xüsusi dəstək!

    Rabitəbank regionda sahibkarlıq fəaliyyəti ilə məşğul xanımlara, mikro bizneslərinin inkişafı üçün avadanlıqlar hədiyyə edib!

    Azərbaycan Qadın Sahibkarlalığının İnkişafı Assosiyasının (AQSİA) təşəbbüsü və Rabitəbankın maliyyə dəstəyi ilə #GücXanımlarda sosial dəstəyi çərçivəsində, sahibkar xanımlara mikro bizneslərinin inkişafı üçün lazımi avadanlıqları hədiyyə edib.

    Belə ki, Daşkəsən rayon sakini Tərlan xanıma peşəkar tikiş maşını, Tovuz rayon sakini olan Tovuz xanıma isə müasir süd sağan avadanlıq hədiyyə olunmuşdur. Qeyd edək ki, Rabitəbank sahibkar xanımların bizneslərinin inkişafı məqsədi ilə 0% komissiya ilə, illik faiz dərəcəsi 14,9% olmaqla 1.000.000 manata qədər dəstək kreditləri verir.

    Həmçinin Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” üzrə Aqrar sahədə fəaliyyət göstərən sahibkar xanımlara illik faiz dərəcəsi 8,8% olmaqla 800.000 manata kimi Aqrar kreditindən faydalanmaları üçün xüsusi imkan təklif edir.

    Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.

  • Hacıqabulda ağacəkmə aksiyası keçirilib

    Bu gün Hacıqabul Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı-Qazax yolunun Hacıqabul rayon mərkəzi ilə birləşən hissəsində ağacəkmə aksiyası keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin, Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada ETSN-nin tinglik müəssisələrində yetişdirilən 2000-ə yaxın Eldar şamı ağacı əkilib.

    Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.

  • Azərbaycanda gənc fermerlərə torpaq sahələri ayrılır

    2019-cu ildə Aqrar Kredit və İnkişaf Agentliyi 260 gənc fermerə Lənkəran rayonunun 28 kəndində limon əkini üçün 51 hektar torpaq verib.

    Məlumata görə, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

    O bildirib ki, 300 gənc fermer üçün 100 hektar sitrus bağında bərpa işləri aparılıb.

    Onun sözlərinə görə, digər regionlarda da analoji işlər görülüb. Belə ki, Masalı rayonunda çayçılığın inkişafı üçün 90 gənc fermerə 5 kənddə 18 hektar torpaq verilib. Şəki rayonunda tütünçülüyün inkişafı üşün 100 gənc fermerə 5 kənddə 30 hektar ayrılıb. Şamaxı rayonunda üzümçülüyün inkişafı üçün 100 gənc fermerə 7 kənddə 25 hektar torpaq ayrılıb, eləcə də 300 gənc fermer üçün 30 hektar üzüm bağında bərpa işləri aparılıb.

  • İordaniya səfiri AzMİU-nun qonağı olub

    İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Ğoşeh bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

    Universitetdən verilən məlumata görə, Rektor professor Gülçöhrə Məmmədova qonağı salamlayaraq, rəhbərlik etdiyi təhsil müəssisəsi, fakültə və ixtisaslar barədə qonağa məlumat verib, universitetin beynəlxalq əlaqələrindən danışıb. Universitetdə bu günə qədər 84 iordaniyalının oxuduğunu, onlardan 75-nin keçmiş SSRİ dövründə, 9 nəfərinin isə 2001-2016-cı illərdə təhsil aldıqlarını səfirin diqqətinə çatdırıb. G.Məmmədova vurğulayıb ki, ölkələrimiz arasında qurulmuş işgüzar əlaqələr nəticəsində 2011-16-cı illərdə universiteti bitirən iordaniyalı tələbələrin diplomları öz ölkələrində tanınıb. Hazırda İordaniya vətəndaşlarının AzMİU-ya marağının azalmasını o, məhz bu faktorla əlaqələndirib.

    Səmimi qəbul üçün rektora minnətdarlıq edən cənab Sami Asem Abdullah Ğoşeh bu məsələni diqqətdə saxlayacağını, yaxın günlərdə ölkəsinə səfəri çərçivəsində maraqlanacağını xüsusi qeyd edib. Səfir AzMİU ilə İordaniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

    Görüşdə tələbə-müəllim mübadiləsi, təqaüd və təcrübə proqramları, təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda səfir Universiteti gəzib, Memarlıq fakültəsi ilə yaxından tanış olub.