Bakıda oktyabrın 19, 20 və 21-də “YARAT Shorts” layihəsi çərçivəsində qısametrajlı filmlərin nümayişi keçiriləcək. Tədbirdə Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan rejissorlar iştirak edəcəklər. Filmlərin nümayişi ilə yanaşı, rejissor, ssenarist və aktyorlarla da görüşlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc rejissorlara işlərini geniş auditoriyaya təqdim etməyə və yeni başlayan kino xadimləri üçün intensiv təlimlər təşkil etməyə imkan yaratmaqdan ibarətdir.
Nümayiş üçün filmlər “Qadın və onun cəmiyyətdə rolu”, “Yalnızlıq və özünüinkişaf”, “Yaddaş və xəyali mənzərələr” kateqoriyalar üzrə qəbul olunub. Tbilisidə keçirilən beynəlxalq festivalın iştirakçısı Nino Ancaparidze Gürcüstan rejissorlarının layihədə iştirakını təmin edib. “BAFTA Film Awards” (Böyük Britaniya səfirliyinin dəstəyi ilə) qalibləri Böyük Britaniya kinematoqrafını təmsil edəcəklər.
Tamaşaçılar Azərbaycan rejissorlarının filmlərini oktyabrın 19-da izləyə biləcəklər: ilk gündə on beş kinolent nümayiş olunacaq. İngiltərə kino xadimləri filmlərini oktyabrın 20-də təqdim edəcəklər: bu axşam dörd qısametrajlı filmin nümayiş olunması gözlənilir. Tədbir oktyabrın 21-də Gürcüstan filmlərinin nümayişi ilə başa çatacaq – proqrama yeddi kinolent daxildir. Üç günün hər birində filmlərin nümayişindən sonra rejissorlar ilə görüşlər və sual-cavab sessiyaları keçiriləcək.
Layihənin rəhbəri, “YARAT” Müasir İncəsənət Məkanının İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova “YARAT Shorts” layihəsinin ideyasının necə yarandığı və onun perspektivləri barədə danışır.
“YARAT vaxtilə fəaliyyət göstərən və bütün dünyada ən yaxşı qısametrajlı filmləri toplayan “Future Shorts” beynəlxalq festivalını uzun illər Azərbaycanda təqdim edib. Hər mövsüm bizə seçilmiş filmlər göndərilirdi, biz də onları böyük uğurla tamaşaçılara göstərirdik. Festival fəaliyyətini dayandıranda biz kiçik festivalımızı təşkil etmək barədə düşündük. Biz – ölkədə ən böyük müasir incəsənət mərkəziyik və çox sayda yaradıcı insanlar müxtəlif ideyalarla, o cümlədən kino sahəsinə aid ideyalarla müraciət edirlər. Yəni biz mütəmadi əsasla kino nümayişləri keçiririk, öz festivalımız isə bu vaxta qədər olmayıb”, – deyə o bildirib.
Bu il layihənin pilot buraxılışının olacağını və burada münsiflər heyətinin və ya “ciddi” mükafatların (yalnız təşkilatçıların iştirakçılar üçün nəzərdə tutduğu hədiyyələr) olmadığını qeyd edən Ülviyyə Axundova üç ölkənin iştirakının başlanğıc üçün yaxşı hal olduğunu əlavə edir.
“Layihəni festival formatına qədər genişləndirməyi planlaşdırırıq. Uğurlu olarsa, insanların xoşuna gələrsə, növbəti ildə onu daha yüksək səviyyəyə keçirməyə çalışacağıq. Mənə və bütün komandamıza elə gəlir ki, yenicə fəaliyyətə başlayan Azərbaycan kinematoqrafçılarını dəstəkləmək çox vacibdir, çünki onların əməyinin nəticələrini geniş auditoriyaya göstərmək imkanları olduqca azdır. Azərbaycanda həm Lokarno, həm Venesiya, həm də Kannda keçirilən çox nüfuzlu beynəlxalq kinofestivalların proqramına daxil ola bilən rejissorlar var, lakin ölkələri çərçivəsində onları tanımaq, onların haqqında eşitmək və işlərini görmək üçün onların o qədər də çox imkanları yoxdur”, - deyə layihənin rəhbəri qeyd edir.
Ülviyyə Axundova ölkədə kinematoqraf sənayesinin inkişafı üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirir.
“Ən yaxşı animasiya işlərinin nümayiş olunduğu bu cür festivallar – həm “Baku Shorts Film Festival”, həm də “Anima Films” və nisbətən yaxın zamanda təsis olunan “Sevil” festivalı, sənədli filmlərin nümayiş olunduğu “DokuBaku” festivalı, perspektivdə isə bizim festivalımız da – bu, zövqün formalaşdırılmasına və gənc kinematoqrafçıların yeni işlərinin dəstəklənməsinə gedən yoldur. Müəyyən bir vaxtda kəmiyyət mütləq keyfiyyətə çevriləcək!”, - deyə o vurğulayır.
Filmlərin nümayişi və sual-cavab sessiyaları “YARAT” Müasir incəsənət mərkəzinin zalında keçiriləcək, filmlərin nümayişi saat 19:00-da başlayacaq. Mərkəzin qapıları hər kəs üçün açıqdır, giriş pulsuzdur. İştirak etmək üçün “YARAT” mərkəzinin sosial şəbəkələrdəki səhifələrində və ya təşkilatın saytında dərc olunan linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir məntəqə əlavə edilib.
Report nazirliyə istinadən xəbər verir ki, sərnişinlər artıq Bakıdan Naxçıvana onlayn bilet ala bilərlər.
Portala daxil edilən istiqamətlərin sayı hazırda 40-a çatıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 92-yə, nəqliyyat vasitələrinin sayı isə 223-ə çatdırılıb.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında şair Nəbi Borçalının anadan olmasının 150 illik yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Borçalı aşıq mühtinin yetişdirdiyi görkəmli ədəbi simalardan olan şair Nəbi Borçalının həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Bu böyük söz ustadının şeirlərinin Xalq şairi Səməd Vurğunun da diqqətini çəkdiyini və məhz onun tövsiyəsi ilə mərhum folklorşünas alim Hüseynqulu Məmmədli, sonralar isə onun oğlu – tanınmış folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli tərəfindən əsərlərinin toplanıb nəşr etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Nəbi Borçalının şeirləri təkcə Borçalı aşıqlarının deyil, digər aşıq mühitlərindən olan sənətkarların repertuarında da mühüm yer tutur.
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov son illərdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan, Azərbaycan Aşıqlar Birliyinin bu istiqamətdə həyat keçirdiyi tədbirlərin əhəmiyyətindən və Nəbi Borçalı kimi böyük saz-söz ustadlarının yaradıcılığının daim diqqətdə saxlanılmasının vacibliyindən danışıb.
Tədbirin bədii hissəsində aşıqlar Nəbi Borçalının şeirlərini ifa ediblər. Aşıqları balaban ustası Ələkbər Ələkbərov müşayiət edib. Bədii qiraətçilər – pedaqogika üzrə fəlsəfə doktoru, şairə Aynur Qafarlı və Azər İqrar şairin şeirlərini səsləndiriblər.
Sonda ağsaqqal ziyalı, iqtisad elmləri namizədi Əmirxan Babaşov yubilyarın yaxınları və doğmaları adından tədbirin təşkilatçılarına təşəkkür edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, dərin fəlsəfi məna kəsb edən klassik əsər yeni rejissor yozumuna əsasən orijinallığını saxlasa da, fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində bir ilkdir.
Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc ifaçılar Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edib.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır.
Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda, teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Sabah saat 12:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılacaq.
Report bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günədək ümumilikdə 623 reys həyata keçirilib, 25 545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu işləri davam etdirilir.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Yerquruluşu işləri çərçivəsində indiyə qədər 718 406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70 860 ha), Qubadlı (79 876 ha), Kəlbəcər (195 406 ha), Cəbrayıl (104 936,5 ha) və Laçın (177 417 ha) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45 636 ha) və Ağdam (44 275 ha) rayonları üzrə isə işlər davam etdirilir", - deyə o qeyd edib.
Uzun fasilədən sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci ilin noyabr ayından etibarən abonement konsertlərinin təşkilini bərpa edir.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, noyabr ayı üçün tədbirlər proqramı elan edilib. Abonement konsertləri hər şənbə günü saat 15:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.
Noyabrın 4-də gənc istedadların iştirakı ilə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək. Konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları olmuş aşağıdakı solistlər çıxış edəcəklər: Uğur Nəbi (piano), Nuray Həsənli (piano), Şahrud Abbasova (piano), Zəhra Aslanlı (piano), Müzəffər Əliyev (piano), Fərəh Əliyeva (vokal), Nuray Quliyeva (piano), Yasəmən Ümidova (vokal), İbrahim Abbasov (tar), Zəhra Zeynalova (piano), Leyla Əfəndiyeva (piano), Ayan Əsgərli (piano), Nurcan Cəfərova (piano), Mənsur Şıxəliyev (kamança), Fatimə Süleymanlı (qanun), Xədicə Nəcəfli (Piano), Toğrul Şıxəliyev (tar). Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru (bədii rəhbər Dilarə Əliyeva, xormeyster Aysel Mehdizadə) da iştirak edəcək. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.
Noyabrın 11-də yerli və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə Azərbaycan Dövlət Fortepiano Üçlüyünün konserti keçiriləcək.
Noyabrın 18-də Azərbaycan Dövlət Simli Kvartetinin yerli və xarici bəstəkarlarının əsərlərindən ibarət konserti təşkil olunacaq. Əməkdar artist Ceyla Seyidova (skripka) və beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova (piano) çıxışlarını musiqi həvəskarlarına təqdim edəcəklər.
Noyabrın 25-də "Klavesin musiqisi gecəsi" adlı konsert gözlənilir. Tamaşaçılar qarşısında Əməkdar artist Xurşud Abdullayeva (klavesin), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor), Nemət Tanrıverdiyev (trombon) və Ülkər Qüdrətli (fleyta) çıxış edəcəklər.
Konsertlərə gəlmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az veb-saytından əldə edə bilərlər. Bir dəfə alınan bilet ay ərzində keçirilən bütün konsertlər üçün etibarlıdır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşr çapdan çıxıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, nəşr 5 dildə - Azərbaycan, özbək, türk, ingilis və rus dillərində işıq üzü görüb.
Qeyd olunub ki, 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanıb, 2022-ci il martın 31-də isə Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Qərarı ilə qədim muğam- sənət beşiyi olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaqdır. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olumasından sonrakı dövrünə aid məlumatlar da yer alır.
Daşkənddəki “Niso Poligraf” nəşriyyatında çap olunan nəşrdə Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtı olan Şuşa haqqında ən vacib faktlar, məlumatlar və fotolar öz əksini tapıb.
Nəşrdə “Şuşa İli” və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrdən bəhs olunub.
Noyabrın 30-da “Gülüstan” sarayında "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyası" İctimai Birliyinin və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək.
Zirvə bir bütöv günü əhatə etməklə 3 fərqli panel və 20-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında baş tutacaq.
“Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə aidiyyəti nazirliklər və dövlət müəssisələrindən, eləcə də özəl sektor nümayəndələrindən, şirkət və təşkilat rəhbərlərindən, sahibkarlardan ibarət 450-dən çox şəxsin iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr haqqında qarşılıqlı müzakirələr və fikir mübadilələri aparılacaq.
I Panel “Sıfıra doğru” - BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında razılaşdırılaraq 2016-cı ildə imzalanmış Paris sazişində nəzərdə tutulmuş karbon emissiyasının azaldılmasına vurğu etmək üçün bu paneldə aidiyyəti tənzimləyici dövlət qurumlarının rəhbərləri zirvənin konseptinə uyğun olaraq moderatorun suallarını cavablayacaqlar. Ölkəmizdə sənaye təhlükəsizliyi ilə bağlı problemlərdə, karbon emissiyasınının azaldılmasında sıfıra doğru hansı addımların atıldığı ilə bağlı müzakirələr olacaq.
II Panel “Orta yol” - Bu paneldə biri dövlətin tənzimləyici qurumları, digəri isə özəl sektor nümayəndələri olmaqla iki qarşı tərəfin sənaye təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət, problemlər və həlli yolları ilə bağlı moderatorun idarəetməsi ilə fikir mübadiləsi aparılacaq.
III Panel “360 dərəcə” - Bu paneldə isə sənayenin müxtəlif sahələrindən və sənaye təhlükəsizliyinin fərqli sahələrini əhatə etməklə SƏTƏM sahəsinin peşəkarlarının TEDx formatında solo çıxışları olacaq.
Tədbir haqqında ətraflı məlumatı www.stz.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
“Ferrari” və “Çiçəkli Ay qatilləri” kimi populyar filmlərin prodüseri Nils Yuol məşhur “Adidas” brendinin yaradıcısı Adi Dassler haqqında miniserial üzərində işləyir.
AZƏRTAC “Variety” nəşrinə istinadla xəbər verir ki, serial Adi Dasslerə və qardaşı, “Puma”nın yaradıcısı Rudolfla onun ədavətinə həsr olunub. Hadisələr Dasslerin böyük qızı İnqanın nöqteyi-nəzərindən təqdim olunacaq. O, atasının idmana böyük həvəsindən və yeniliklərə meyilli olmasından söhbət açacaq.
Müəlliflər qarşıdakı serialı artıq tamaşaçıların rəğbətini qazanmış “Tac” və “Varislər” seriallarının yaradıcılıq kəsişməsi adlandırırlar. Birinci mövsümdə cəmi 12 seriya planlaşdırılıb.
Layihə ilkin mərhələ prosesindədir. Miniserialın təqdimat tarixi hələ açıqlanmır.