Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı nəşr olunub

    150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından növbəti nəşr – dünyaşöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

    Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının “Yalnız özümçün yazıram...” sərlövhəli müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.

    Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızıdır.

    Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Baku Book Centre”, “Çıraq” kitab evi, Prezident Kitabxanası, Azərbaycan Dillər Universitetinin satış köşkü kitab evlərindən və mağazalarından əldə etmək olar.

  • Bakıda “Musiqinin rəngləri” sərgisi açılıb

    Bakıdakı Rus Evində rəssam Mahru Nortonun “Musiqinin rəngləri” adlı fərdi sərgisi açılıb.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM/Rus Evi) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspozisiyada qeyri-adi texnikada yazılmış və unikal incəliklə dolu musiqi və mistik seriyanın əsərləri təqdim olunub.

    Mahrunun əsərləri müxtəlif qalereyaların sərgi salonlarını bəzəyir və bütün dünyada şəxsi kolleksiyaların bir hissəsidir. Rəssamın musiqiyə bənzərsiz sevgisi onun rəsm əsərlərində təcəssüm olunur. O tamaşaçını rəsmlərindəki həssas fiqurlarla sözün əsl mənasında qarışan əsrarəngiz obrazlar və musiqi alətləri ilə dolu dünyasına qərq edir.

    Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Rəşad Ağayev tədbirin musiqi qonağı olub, bundan əlavə tanqo müəllimləri İlham Osmanov və Alfiya Sultanova da rəqs nömrələrini təqdim ediblər.

    Sərgi oktyabrın 31-dək davam edəcək.

  • Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar videomaterial, virtual və ənənəvi kitab sərgisi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumat verilib. Burada müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi fəaliyyətini əks etdirən məlumatlar, maraqlı faktlar, sənədlər, foto və videogörüntülər də təqdim edilib.

    Virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, müstəqillik, onun mahiyyəti, insan həyatında daşıdığı müstəsna əhəmiyyət haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr yer alıb. Materiallarda müdrik rəhbər, uzaqgörən siyasi lider, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyini qoruyub saxlayan, günü-gündən daha da güclənən, beynəlxalq siyasi arenada müstəsna nüfuza malik olan Azərbaycan dövlətinin Şanlı qələbəsini, Zəfər tarixini əks etdirən məlumatlar da təqdim edilib. Virtual kitab sərgisində Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi şəhərində söylədiyi tarixi çıxışın görüntüləri də yer alıb.

    18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisində “İlham Əliyev. İnkişaf - məqsədimizdir”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Müstəqillik yollarında: liderlik missiyası”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kimi 20-ə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilib.

    18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytda yerləşdirilib.

  • Gənclər Kitabxanasında “Füzuli Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Füzuli rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik siyasəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Füzuli rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.

    Videoçarxda Azərbaycanın müasir tarixinin ən şanlı görüntüləri olan Prezident İlham Əliyev tərəfindən Füzulidə Azərbaycan bayrağının qaldırılması, burada inşa edilən beynəlxalq hava limanının istifadəyə verilməsi görüntüləri də yer alır. Materiallarda Füzuli rayonunda aparılan yenidənqurma işlərinə, yüzlərlə Füzuli sakininin öz doğma torpaqlarına qayıtmalarına, bu ərazilərin yenidən dirçəlməsinə, çiçəklənməsinə dair görüntülər təqdim edilir.

    17 oktyabr – “Füzuli Şəhəri Günü”nə həsr edilən virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Zəfər salnaməsi”, “Qarabulaqdan Füzuliyədək”, “Sevgilim, Vətən”, “Qarabağ Azərbaycandır!”, “Və Nida!”, “Füzuli rayonunun memarlıq abidələri”, “Füzuli rayonu: ensiklopedik məlumat kitabı” kimi 20-dən çox kitabın, “Füzuli regionun gözəl şəhərlərindən birinə çevriləcək”, “İsveçli səyyahlar Füzuli rayonunda”, “Füzuli şəhərində Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməli qoyulub” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb. Eyni zamanda, kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb.

    Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Füzuli şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

    Baza ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

  • Görkəmli xanəndə Səxavət Məmmədovun 70 illiyinə həsr olunmuş konsert keçiriləcək

    Oktyabrın 25-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Səxavət Məmmədovun 70 illiyinə həsr olunmuş konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə “Qarabağ” ansamblının ifasında Səxavət Məmmədovun repertuarından mahnı və təsniflər ifa olunacaq. Ansamblın bədii rəhbəri Əməkdar artist Firuz Səxavət, konsertmeysteri Əməkdar artist Əliağa Sədiyevdir (tar).

    Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə "Hümayun" xalq ansamblının solisti olub. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təbliğ edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

    “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət Məmmədov bu kollektivlə təkcə Qarabağı deyil, keçmiş SSRİ-ni, eləcə də Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

    Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.

    Onun səsi “Segah"a yatımlı olduğundan ruhu da "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır.

  • Lənkəran Teatrı Bakıda “Qonaq Teatr” layihəsi çərçivəsində “Cəmilə” tamaşasını təqdim edib

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq Teatr” layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı “Cəmilə” (Çingiz Aytmatov) romantik dramını tamaşaçılara təqdim edib.

    Teatrdan AZƏRTAC-a bildiriblər ki, tamaşa Lənkəran Dövlət Dram Teatrının bərpasının 50 illiyi münasibətilə nümayiş olunub.

    Teatr Xadimləri İttifaqının böyük səhnəsində göstərilən tamaşada müharibənin insanların taleyinə vurduğu zərbələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

    Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Xankəndində Azərbaycan bayrağının ucaldılması münasibətilə hamını təbrik edib.

    Hacı İsmayılov teatrın keçdiyi zəngin inkişaf yolundan söz açıb. Qeyd edib ki, repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarında ölkəmizi uğurla təmsil edir.

    Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzulayan Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və bərpasının 50 illiyi münasibətilə teatrı İttifaqın Fəxri fərmanı ilə təltif edib.

    Tədbirdə, həmçinin teatrın bərpasında xüsusi xidmətləri olan aktyorlar - Xalq artisti Qabil Quliyev Fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva “Qızılgül” mükafatı ilə təltif olunublar.

    Sonda tamaşanın uğurlu quruluşuna görə gənc rejissor İmran Ali Qurban İttifaqın Fəxri fərmanına layiq görülüb.

    Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildiriblər.

  • "Azəristiliktəchizat"da yeni təyinat olub

    "Azəristiliktəchizat" ASC-nin 9 saylı İstilik Sistemləri İstismar Sahəsinə rəis təyin edilib.

    Bu barədə Reporta ASC-dən bildirilib.

    Məlumata görə, bu vəzifə İstismar Sahəsinin baş mühəndisi Elçin Rəcəbova həvalə edilib.

    O, bu vəzifədə səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən azad edilən Nüsrət Abdullayevi əvəz edib

    Qeyd edək ki, 9 saylı İstilik Sistemləri İstismar Sahəsi Suraxanı rayonu ərazisində yerləşir, Yeni Günəşli qəsəbəsində 153 yaşayış binası, 8 882 mənzil, 4 məktəb, 8 uşaq bağçası, 29 digər təsərrüfat obyektlərinə xidmət göstərir.

  • Milli Kitabxanada “Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

    Milli Kitabxanada “Füzuli Şəhəri Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, kitab və məqalələr, ənənəvi sərgidə isə Füzuli şəhərinin toponimiyasını, tarixini, memarlıq abidələrini, Azərbaycanda erməni-daşnak terrorunun xronologiyasını, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan kitablar və s. materiallar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilər.

    Ənənəvi kitab sərgisi bir həftə davam edəcəkdir.

  • Sabah Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

    Sabah Bakının Nəsimi, Binəqədi və Qaradağ rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Reporta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, “Bakı Metropoliteni” QSC-yə məxsus “Xocəsən” elektrik Deposunun qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 26-cı km hissəsində qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı oktyabrın 18-də saat 09:00-dan işlər başa çatanadək “Xocasən”, “Alatava” və “Sulutəpə” Qaz Paylayıcı Stansiyalarından, həmçinin “Fərəh MMC” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Nəsimi, Binəqədi (bir hissəsi) və Qaradağ (kiçik bir hissəsi) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • SOCAR yeni şirkət yaradıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SOCAR Projects International" MMC-ni dövlət qeydiyyatına alıb.

    Report xəbər verir ki, yeni kommersiya qurumu Dövlət Neft Şirkətinin (SOCAR) vaxtilə baş ofisinin yerləşdiyi, hazırda şirkətin "Azneft" İstehsalat Birliyinin ofisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73 ünvanında qeydiyyatdan keçib.

    Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.