Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Şəmkirdə gənclər üçün yeni proqram başlayır

    Avropa İttifaqının dəstəyi ilə UNICEF Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə "Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü" proqramını həyata keçirir.

    Dekabrın 26-də Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində Proqram çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan "Yarat... İnkişaf Et... Töhfə Ver..." layihəsinin Məlumatlandırma sessiyası baş tutub. "Yarat... İnkişaf Et... Tövhə Ver..." layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin idarəçiliyinə hazırlamaqdır. Layihə zamanı Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin vasitəsilə ərazidə yaşayan 25 nəfər gənc üçün 2 mərhələli sosial layihələrin idarəçiliyi, mentorluq təlimləri keçiriləcək, icmalarda kiçik təşəbbüsləri reallaşdıracaq layihə komandalarına 3 aylıq mentorlardan fərdi və onlayn konsultasiya, İctimai Forumda iştirak imkanları yaradır.

    Məlumatlandırma sessiyası zaman Layihə Koordinatoru Gulnara İsmailova layihənin mərhələləri, seçim meyarları haqda iştirakçılara ətraflı məlumat verib.

  • Azərbaycanda qadın sahibkarların sayı açıqlanıb

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki,  2019-cu il oktyabr 1-nə olan məlumata görə qeydiyyatda olan qadın sahibkarların sayı 196 030-a çatıb.

    Qeyd olunub ki, 2012-ci ildə bu rəqəm 73 469 olub və son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artıb.

  • Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

    Təbrik müraciətində deyilir:

    "Əziz həmvətənlər!

    Hörmətli soydaşlar!

    Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

    Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

    Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

    Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

    Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

    Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

    Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.

    Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.

    Bayramınız mübarək olsun!"

  • Azərbaycanda beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib

    Azərbaycanda beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib. 

    Təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib. 

    Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq. 

    Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək. Yanvarın 4-ü və 6-da isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.

    Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

  • “CinemaPlus”da “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib

    “CinemaPlus” Premium-klass kinoteatrında “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib.

    Kinoteatrdan verilən məlumata görə, reklam stendinin qarşısındakı qırmızı xalçada tamaşaçılar böyük məmnuniyyətlə işıq şousunun iştirakçıları ilə şəkillər çəkdiriblər.

    Filmin rejissoru Cey Cey Abramsdır. Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill var.

    Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab verməyi vəd edir.

    Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir. Tədbirin təşkilində dəstəyi “Light in Black” kreativ şirkəti və “Show1Baku” göstəriblər.

     “CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

  • Prezident İlham Əliyev Türkiyənin Ticarət nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz.

    Ruhsar Pekcan: Çox təşəkkür edirik. Çox məmnun olduq. Cənab Prezidentimizin Sizə sevgilərini, salamlarını gətirdik.

    Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

    Ruhsar Pekcan: Cənab Prezidentimizin və Sizin uzaqgörənliklə ölkələrimiz arasındakı əməkdaşlığa verdiyiniz önəmə əsaslanaraq biz cənab nazir Cabbarovla birlikdə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində, inşallah, gözəl işlər görəcəyik. Bu gün onunla da görüşümüz olacaq. Xatırladım ki, Birgə İqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırladıq. Mən cənab Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacağıq. Azərbaycanın Gömrük Komitəsinin sədri ilə Ankara görüşümüzdə Sadələşdirilmiş Gömrük Dəhlizi ilə bağlı anlaşma memorandumu imzalamışıq. Azərbaycan, Gürcüstan, Türkiyə olaraq Sizlərin də dəstəyi ilə, inşallah, həm ortaq biznes forum keçirəcək, həm də ortaq Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında anlaşma memorandumu imzalayaraq ölkələrimiz arasında ticarətin, gömrük-keçid prosedurlarının asanlaşdırılması ilə bağlı birgə addımlar atacağıq. Həmçinin cənab prezidentlərimizin dəstəyi ilə yaxın zamanlarda bizə güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Zati-alinizin və cənab Prezidentimizin razılığı ilə bu müqaviləni, - 15 maddəlik məhdud bir müqavilədir, - genişləndirib sənədə yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyirik. Azərbaycanın, SOCAR-ın Türkiyədəki sərmayələri bizim üçün son dərəcədə önəmlidir. Biz də bütün dəstəyimiz, təşviqimizlə SOCAR-ın yanındayıq. İnşallah, yeni sərmayələr də gözləyirik. Azərbaycanın investisiya imkanlarının tanıdılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturduq. Amma, cənab Prezident, indi həmkarlarımızla müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq.

    Prezident İlham Əliyev: Çox gözəl, çox təşəkkür edirəm. Xahiş edirəm mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana çatdırasınız. İki gün bundan öncə biz telefonla danışdıq, bu il ərzində görülmüş işlərə bir daha nəzər saldıq. Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birliyimizi daha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkdilli dövlətlər arasındakı birliyi, həmrəyliyi təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla əməkdaşlıq etməyək.

    Əlbəttə, bu il də çox önəmli hadisələr birgə qeyd olundu. Onlardan biri də TANAP-ın Avropa sərhədinə çatdırılması layihəsidir. Biz TANAP-ın Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda isə TANAP artıq Avropa sərhədinə çatdırıldı və bu tarixi hadisəni birlikdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nəhəng layihə artıq başa çatacaq.

    Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-ın yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə bizim Türkiyəyə yatırdığımız sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünki ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.

    Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiyə şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox önəmli layihələrdə - xüsusilə texnoloji baxımdan tutumlu, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiyə şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiyə şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünki biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensianal ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq.

    Əminəm ki, sizin Azərbaycana bugünkü səfəriniz çox uğurlu olacaq. Bu, bizim ilin sonunda iki ölkə arasındakı əlaqələrə verdiyimiz önəmin gözəl nəticəsi, bir yekunudur. Yekun da çox müsbətdir.

    Ruhsar Pekcan: İnşallah, cənab Prezidentim. Azərbaycanın və Türkiyənin beynəlxalq platformalarda hər zaman bir-birinin yanında olması da cənab Prezidentimizin və Zati-alinizin sayəsində bizim ayrı bir xüsusiyyətimizdir. Biz sizlərə təşəkkür edirik. Sizin TANAP-la bağlı mərasimdəki çıxışınızı daim xatırlayıram. Bu, möhtəşəm, ölkələrimizin əlaqələrini çox yaxşı izah edən bir çıxış idi.

    Prezident İlham Əliyev: Sağ olun.

  • Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib

    Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

    Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.

    Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Ali Məktəbin rektoru Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni – 2020-ci il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb.

    Rektor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.
    “Yola salmaqda olduğumuz 2019-cu il ölkəmiz və xalqımız üçün əlamətdar illərdən biri oldu. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafı, beynəlxalq nüfuzu, xalqımızın rifahı daha da möhkəmlənib. Bu il neft-qaz sektoru üçün də uğurlu il kimi yadda qaldı. Əfsanəvi “Neft daşları”nın 70 illiyi, TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi ilin önəmli enerji hadisəsi kimi tarixə düşdü. Enerji sektoru üçün yüksək ixtisaslı mühəndis kadrları hazırlayan ali təhsil ocağı kimi 2019-cu il Bakı Ali Neft Məktəbi üçün də uğurlu illərdən biri oldu. Ali Məktəbimiz peşəkar, yüksək intellektual kadr hazırlığı missiyasını bu il də uğurla davam etdirdi”.

    E.Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülərək birinci qrup üzrə ən yüksək nəticə nümayiş etdirib.

    “Daxil olduğu qrup üzrə ən yüksək bal toplayan abituriyentlər cari tədris ilində də yenə BANM-i seçdi. 2019/2020-ci tədris ilində qəbul olan tələbələrin 103 nəfəri 650-dən çox bal toplayıb. Cari tədris ilində ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - İnformasiya təhlükəsizliyi - 673,5 bal, Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisaslar oldu. Eyni zamanda Ali Məktəbin bütün məzunları beynəlxalq, transmilli və yerli neft-qaz şirkətlərində işlə təmin olundurlar”.

    Tədbir zamanı BANM tələbələrinin 2019-cu il üçün hazırladığı “O olmasın bu olsun” operettasından video fraqmentlər nümayiş etdirilib və daha sonra tamaşanı ərsəyə gətirən kollektiv mükafatlandırılıb.

    Tədbir çərçivəsində Erasmus+ proqramı, Technip FMC və Heydər Əliyev Fondunun birgə layihəsi olan “Texnoloji biliklərin ötürülməsi” üzrə magistr proqramında iştirak hüququ qazanmış tələbələrin təqdimatı olub.
    Daha sonra tədbirin ikinci - bədii hissəsi başlayıb. BANM və Azərbaycan Milli Konservatiyası tələbələrinin repertuarları maraqla qarşılanıb.

  • Almaniyada Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib

    Almaniyada Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Növbəti belə bir ev dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində açılıb.

    Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Komitə sədri Fuad Muradov çıxış edərək 24 dekabr tarixinin ölkəmiz üçün əlamətdar bir gün - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd edib. O, ölkəmizdə və beynəlxalq arenada böyük nüfuza malik dövlət başçısını bu münasibətlə təbrik edib, onun rəhbərliyi altında son illər ölkəmizin əldə etdiyi sanballı uğurlardan danışıb.

    F.Muradov Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların dövlətimizi və xalqımızı sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb: “Azərbaycan evləri soydaşlarımızın dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”.

    Daha sonra Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər şəxslər öz çıxışlarında ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu vurğulayıblar. Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan evinin açılmasını "xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi" adlandırıblar.

    Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib.

  • Yeni ilan növü aşkarlandı - Azərbaycanda da rast gəlinir

    Azərbaycan alimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat nəticəsində elm üçün yeni olan ilan növü aşkarlanıb.

    Bu barədə tədqiqatda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova məlumat verib.

    Onun sözlərinə görə, beş il davam edən tədqiqat Azərbaycan, Polşa, Ukrayna, Türkiyə və Rusiya alimlərinin birgə iştirakı ilə aparılıb. Tədqiqat nəticəsində Elaphe sauromates növünün elm üçün yeni olduğu aşkarlanıb:

    “Tədqiqat zamanı morfoloji və genetik materiallardan istifadə olunaraq Elaphe sauromates növünün zoocoğrafiyası tədqiq olunub. Nəticədə bu taksonun iki fərqli təkamül xəttinə ayrıldığı və xətlərdən birinin tamamilə yeni kriptik təkamül xətti olunduğu müəyyən edilib. Bu kriptik növün Elaphe sauromates növü ilə birlikdə Miosen-Pliosen sərhədində əcdad növdən ayrıldığı müəyyən edilib. Başqa sözlə, bu ilanın meydana çıxma dövrü milyon illər qabaq olub”.

    S.Bünyatova qeyd edib ki, yeni ilan növünün yayılma arealı Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, İran, İraq və Dağıstanı əhatə edir. İlanın ümumi uzunluğu 120 sm, bədən uzunluğu 100 sm, quyruq uzunluğu 20 sm-ə qədərdir: “İlanın bədəni üstdən açıq sarı və ya parlaq sarı rəngdədir. Bədən boyunca 50-65 ədəd qəhvəyi və ya qaramtıl dairəvi xallar yerləşir. Başı üstdən tünd rəngli olduğundan naxışları aydın seçilmir”.

  • Hoteldə istirahət etməkdən yorulanlar üçün: Kruiz səfərləri

    Çoxumuzun sevimli bayramı Yeni il yaxınlaşır. Növbəti il üçün planlar və hədəfləri müəyyənləşdirməyin vaxtıdır. Yeni il həm də yeni başlanğıclar, yeni təcrübələr deməkdir. İş, ailə, gündəlik həyat qayğıları arasında mütləq tətil planı da indidən müəyyənləşməli və gələcək illərə 2020-ci ildən xoş xatirələr toplanmalıdır.
    Tətil elə bayram qədər insanların həyatına həyəcan qatır, lakin monoton tətillər maraqsızlaşır və cəlbediciliyini itirir. Belə olan halda isə tətil sözü “əlavə xərc və ya əziyyət” təəssüratı yaradır. Tətillərin yenidən əvvəlki həyəcanını geri qaytarmaq üçün tətil marşrutunda və tərzində yenilik etmək lazımdır.

    Məlumata görə, Yeni ilin tətili üçün kruiz səyahəti seçə bilərsiniz. Növbəti ildə həyatınıza qatacağınız bu yenilik sizə böyük sevinc və bol təəssürat qazandıracaq.

    Kruiz səyahəti Avropa və ABŞ vətəndaşları üçün tanış tətil növu olsa da, Azərbaycanda bu prestijli tətil növü yenidir.

    Kruiz bir neçə şəhəri gəmi vasitəsilə səyahət etmək növüdür. Kruiz səfərinin müddəti sizin seçəcəyiniz istiqamət, marşrut xətti və gəmi şirkətinin proqramına uyğun olaraq 3 gündən 180 günə qədər davam edə bilir. Ən çox müraciət olunan kruiz səfərləri isə 5-10 gün müddətində nəzərdə tutulan səfərlərdir. Hər gəminin öznəməxsus səyahət proqramı mövcuddur. Lakin, bir qayda olaraq gündə 3 dəfə zəngin və bol çeşidli menyu ilə qidalanma təşkil olunur. Gəmi daxilində müxtəlif əyləncə proqramları, musiqili tamaşalar, akrobatların çıxışları, hovuz, SPA və digər xidmətlər mövcuddur. Gəmi portda dayansa belə, gəmidə fəaliyyətlər davam edir. Siz istəsəniz gəmidə qala və ya liman şəhərə düşüb ekskursiyalara qoşula bilərsiniz.

    Azərbaycandan kruiz səfərlərinə qoşulmaq üçün burada fəaliyyət göstərən Cruises.az-a müraciət etmək kifayətdir. Cruises.az Azərbaycanda yeganə turizm şirkətidir ki, Beynəlxalq Kruiz Asosasiyasının (CLIA) akreditasiya olunmuş üzvüdür. Bundan əlavə Cruises.az sərnişinləri fikirləşərək, onların doğru səyahəti həyata keçirməsini təmin etmək üçün lazımi bazaya və sırf kruiz səyahətlərinin təşkili ilə məşğul olduğu üçün kruizlə bağlı xüsusi təcrübəyə sahibdir. Buradan kruiz səfərlərinin satışı ilə yanaşı, səyahətlə bağlı məlumat, tövsiyə və məsləhətlər də əldə edə bilərsiniz.

    Cruises.az-ın rəhbəri Azər Quliyev deyir ki, Azərbaycanın okeanlara və digər dənizlərə böyük həcmli kruiz gəmiləri ilə çıxışı olmadığı üçün səfərlər İzmir, Dubay, Peterburq, Barselona və ya digər şəhərlərə təyyarə ilə səfər edib, bu liman şəhərlərdən kruiz səyahətinə başlaya bilərlər. Kruiz səfəri səyahət paketi halında alınsa, gəmi səyahəti ilə yanaşı, təyyarə bileti, liman şəhərə transfer və geri dönüş xidmətləri təmin edilir:
    “Gəmi səfərləri standart tətil otellərindən daha sərfəlidir. Çünki, oteldə təkcə səhər yeməyi və qalacaq yer təmin edilir, yaxşı halda isə hovuz və sauna var. Kruiz gəmisində isə qidalanma tam təmin olunur və oteldə mövcud olmayan digər istirahət fəaliyyətləri və əyləncələri təşkil edilir. Gəmi səyahəti Azərbayanda geniş yayılmadığı üçün səfərə çıxmaq istəyənləri maraqlandıran suallar da olur. Bəri başdan deyək ki, son illərdə istehsal olunan kruiz gəmiləri innovativ texnologiyaya əsaslanır. Bunun sayəsində hazırda kruiz gəmiləri ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilir. Gəmi hərəkətə başlamazdan əvvəl, bütün sərnişinlərə praktiki olaraq təhlükəsizliklə bağlı təlim keçirilir. Sərnişinləri maraqlandırır ki, görəsən gəmi çox yırğalanırmı?! Müasir və innovativ gəmilərin əyilmə dərəcəsinin 8 dərəcədən artıq olmamasına diqqət edilir və bu dərəcə daim nəzarətdə saxlanılır. Gəmilərin hər iki yanında dalğaqıranlar və xüsusi sabitləyici texnika quraşdırılıb. Həmin alətlər vasitəsilə gəmi tarazlıq və müvazinətini maksimum qoruyur.”

    Adətən, ailələr uşaqlarla adi qaydada səyahət etməyin çətinliyindən şikayətlənir, lakin kruiz səfərində belə narahatlıqlar yoxdur. Çünki, ilk növbədə uşaqlar üçün nəzərdə tutulan liman vergisindən əlavə ödəniş edilmir. Bundan əlavə uşaqlar üçün də gəmidə ayrıca istirahət proqramı nəzərdə tutulub və valieynlər öz istirahətini rahat formada keçirə bilir.

    Sonda onu da qeyd edək ki, Cruises.az vasitəsilə səfərlərin alışı əvvəlcədən və hissə-hissə ödəmək imkanı ilə həyata keçirilə bilir. Səyahətə çıxmaq istəyənlər viza müddətini nəzərə alaraq səfər paketlərini almalıdır. Səfərlər ilboyu təşkil olunur. Səyahət istəyinizə uyğun olaraq istər Uzaq Şərq (Sinqapur, Maldiv, Yaponiya, Bali), istər Avropa (Aralıq dənizi, Şimali Avropa, Yunan adaları və s.), istərsə də Şimali və Cənubi Amerika (Nyu York, Mayami, Braziliya və s.) üzrə yay tətilinə çıxa bilərsiniz.

    Vizasız səyahət etmək istəyənlər üçün də sərfəli təkliflər var. Belə ki, hər il ənənəvi olaraq İzmirin Kuşadası portundan və ya İstanbuldan başlayaraq Yunanıstanda Krit, Mikanos, Afina və Santorinini özündə birləşdirən kruiz marşrutları fəaliyyət göstərir. Bu marşrut ötən illərdə ən çox müraciət olunan səyahətlərdəndir. Bu kimi vizasız səfərlərdən yararlanmaq üçün isə əvvəlcədən Cruises.az-a müraciət etmək lazımdır.
    Bundan sonra isə sizi bu günə qədər yaşamadığınız səyahət, bol təəsürat və bütün il sizə bəs edəcək enerji gözləyir.