Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “LUKOYL” Azərbaycanda iki layihədə maraqlıdır

    Rusiyanın “LUKOYL” şirkəti Azərbaycanda iki layihədə maraqlıdır.

    Məlumata görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

    O bildirib ki, hazırda danışıqlar prosesi gedir:

    “Ümid edirik ki, danışıqları 2020-ci ilin birinci rüvündə başa çatdıracağıq. Bizi iki layihə maraqlandırır, amma müqavilələr hələlik imzalanmayıb. Biz ilk layihələrimizi məhz Qazaxıstan və Azərbaycanda reallaşdırmışıq və bu ölkələri yaxşı tanıyırıq. Bu gün biz bəlkə də yeganə şirkətik ki, Xəzər hövzəsinin geologiyası və karbohidrogen ehtiyatlarının formalaşmasını tədqiq etmişik. Bu, bizə daha səmərəli yataqlara diqqət ayırmağımıza imkan yaradıb”.

  • Azərbaycan Avropaya bitkiçilik məhsulları ixrac edəcək

    “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik mənşəli məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı ilə bağlı danışıqlar aparır”.

    Bunu Agentliyin sədrinin müşaviri Elxan Mikayılov deyib.

    “Qeyri-neft məhsullarının ixracında fındıq ön pillələrdə dayanır. Fındıq məhsullarının Aİ-na üzv ölkələrinə ixracına imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq. Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər hesabına ölkədə istehsal olunan fındığın qablaşdırılması, emalı və daşınması Aİ-nın tələblərinə uyğun olacaq. İmtina hallarında əsas arqumentləri sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlər təşkil edir. Odur ki, Aİ-na üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük. Bu isə imkan verəcək fındıqla yanaşı pomidor, xurma və digər məhsulların Avropaya ixracını asanlaşdıraq”, - deyə o, qeyd edib. 

  • "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Yeni il" şənliyi təşkil edib

    "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən "İstedArt" mədəni-xeyriyyə layihəsi çərçivəsində  "Yeni il" şənliyi təşkil olunub. 

    İdarənin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında düzənlənən tədbirdə musiqili və əyləncəli şou-proqram təşkil olunub, uşaqların əl işlərindən ibarət sərgi açılıb. Proqramın sonunda uşaqlara müxtəlif yeni il hədiyyələri təqdim edilib.

    Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi "IstedArt" layihəsində müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqlar üçün sənət dərsləri keçirilir. 2018-ci ildə start verilmiş bu layihənin hazırda 4-cü mövsümü davam edir.

  • Azərbaycan Qida Təhlükəsizlik Agentliyi ixraca dəstək verəcək

    Azərbaycan Qida Təhlükəsizlik Agentliyi müvafiq dövlət strukturlarının resurslarından istifadə edərək ixracatçılara təmənnasız konsaltinq xidmətləri, həmçinin ixraca qoyulan tələblərin yerinə yetirilməsi üçün yaranan xərclərin bir hissəsinin qrant və kreditlər vasitəsilə ödənilməsinə dəstək göstərəcək.

    Bunu "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüşdə Agentliyin sədrinin müşaviri Elxan Mikayılov deyib.

    “Məsələyə hərtərəfli yanaşma tətbiq ediləcək. Belə ki, müxtəlif dövlət orqanlarının resurslarını vahid konsepsiya altında yığmaqla, sahibkarlara real ixraca çıxana qədər bütün xidmətlər göstəriləcək. Növbəti mərhələ potensial alıcıların tapılması ilə bağlı olacaq. Bu istiqamətdə alıcılarla paralel olaraq danışıqlar aparılır. Məsələn, sahibkarların məhsullarını beynəlxalq sərgilərdə tanıdılması təşkil olunacaq”, - o qeyd edib. 

  • CinemaPlus “Soyuq əllər, isti ürək” Yeni il yarmarkasında iştirak edir

    “CinemaPlus” kinoteatrı 1 dekabr-13 yanvarda Fəvvarələr meydanında “Nərgiz” fondunun dəstəyi ilə təşkil edilən “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.

    Yarmarkaya gələn qonaqlar “CinemaPlus” kinoteatrından hədiyyə kartları satın ala və ən son 4DX texnologiyası haqqında məlumat əldə edə biləcək. 

    Xatırladaq ki, bu texnologiya “Dəniz Mall” ticarət mərkəzində ölkənin ən böyük kinoteatrı olan “Cinemaplus”da quraşdırılacaq.

    İnnovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir. 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verənlərə cəlb edir.

    Ticarət mərkəzinin açılışı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Ticarət mərkəzinin dizaynı londonlu dizayner Çapman Teylor tərəfindən hazırlanıb. O, dizayn zamanı Azərbaycanın gerbinin səkkizguşəli ulduzundan ilhamlanıb.

    “CinemaPlus” 11 zal və 1165 oturacaqdan ibarətdir. Ümumilikdə isə kinoteatrın tərkibinə 7 kinoteatr, 33 ekran və 3638 yer daxildir.

  • Tramp "Evdə tək-2" filminə çəkilməsindən danışıb

    ABŞ prezidenti Donald Tramp məşhur "Evdə tək-2" filmində iştirakından bəhs edib.

    Ağ Ev rəhbəri xüsusən uşaqların bu ekran əsəri barədə maraqla danışmalarından bəhs edib.

    "Çoxları hər il bu barədə danışırlar, xüsusilə Milad günlərində. Onlar, xüsusən azyaşlı uşaqlar deyirlər - mən indi səni kinoda gördüm. Onlar məni televizorda görmürlər kimi, mənə kinoda fikir verirlər. Bu, yaxşı filmdir və mən yumşaq desək, cavan idim. Və mənim üçün bunu etmək şərəfi idi", - deyə ABŞ prezidenti Floridadakı iqamətgahında hərbi qulluqçularla videoəlaqə ilə ünsiyyət saxlayaraq deyib.

    Qeyd edək ki, 1992-ci ildə çəkilmiş filmdə Tramp özü rol oynayıb. O, kiçik epizodda baş qəhrəmana – itmiş oğlan Kevinə kömək edir. Tramp ona mehmanxananın zalına necə keçməyi deyir. Bu epizod təxminən 10 saniyə davam edib.

  • Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni laboratoriyalar yaradılır

    Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni laboratoriyaların yaradılmasına başlanılıb.

    Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov bildirib.

    Onun sözlərinə görə, bir neçə özəl sahibkarlıq subyekti ilə birlikdə fərdi laboratoriyaların açılması istiqamətində iş aparılıb: “Yəni, modern laboratoriyaların hazırlanması, avadanlıqlarının müəyyən edilməsi, laboratoriyaların akkreditasiyadan keçirilməsi ilə bağlı bir neçə sahibkarla görüş keçirdik. Bizdə olan məlumatlara görə, özəl sahibkarlıq subyektləri labaratoriyaların yaradılması işlərinə başlayıblar. Digər tərəfdən ölkədə fəaliyyət göstərən iki labaratoriya ilə müayinə nəticələrinin qarışıqlı tanınması ilə bağlı razılıq əldə edilib. Biz maraqlıyıq ki, qida təhlükəsizliyi ilə bağlı yoxlamalar AQTA-ňın laboratoriyaları ilə yanaşı başqa laboratoriyalarda da aparılsın".

  • Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır

    Azərbaycan toyuq və giləmeyvə ixracı ilə bağlı potensial bazarlar axtarışındadır.

    Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

    Onun sözlərinə görə, sahibkarların müraciətləri nəzərə alınaraq Koreya və Çin bazarlarına Azərbaycan məhsullarının ixracı ilə bağlı müraciətlər edilib: “Çin bazarına toyuq məhsullarının ixracı ilə bağlı müraciət etmişik. Eyni zamanda Koreya və Çin bazarına gilemeyvələrin də ixracı ilə bağlı danışıqlar gündəmdədir”.

  • FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

    FHN-dən bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

    - Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

    - İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

    - Ağac tezalışan oyuncaqla bəzədilməməli;

    - Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

    Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

    - Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

    - Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

    - Pəncərədə dəmir barmaqlıq olmamalı;

    - Məkanın iki çıxışı olmalı;

    - Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

    - Otağın qapıları mütləq bayıra açılmalı;

    - Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

    - Şənlikdə işıq tam söndürülməməli;

    - Şənliyə tezalışan materialdan paltar geyinilməməli;

    - Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

    Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.

  • ADNSU-da High Performance Computing Elmi Mərkəzi açılıb

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing Elmi Mərkəzinin açılış mərasimi keçirilib.

    Tədbirdə hökumət nümayəndələri, AMEA-nın İnstitut direktorları, rektorlar, elm adamları və tələbələr iştirak ediblər.

    Universitetin rektoru, professor Mustafa Babanlı ADNSU-da belə mərkəzin yaradılmasında əsas məqsədin HPC-nin nəzəri və tətbiq sahələrində yeni və innovativ tədqiqat ideyalarının yayılması, ölkənin sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsi, məlumatların və proqramların respublika xaricinə ötürülməsinin qarşısının alınması, Big Data prosesinin idarə olunması və bu sahədə ixtisaslaşdırılmış kadrların yetişdirilməsi olduğunu vurğulayıb.

    Mərkəzin icraçısı Nigar İsmayılova HPC-nin 20 hesablama düyünündən və 1 Master hesablama düyünündən ibarət çox təyinatlı klaster kompüter sistemi olduğunu deyib. Bildirib ki, mərkəz kompüter elmlərində, o cümlədən hava proqnozlaşdırılması, neft və qaz çıxarma kimi istiqamətlərdə böyük tətbiq imkanlarına malikdir.

    Sonda mərkəzdə fəaliyyət göstərən müəllim və tələbələrə sertifikatlar təqdim olunub.