Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Avropa İttifaqı ölkələrinə ilbiz, qurbağa ayağı və bal ixrac edəcək

    “Avropa İttifaqı (Aİ) ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır”.

    Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.

    Onun sözlərinə görə, Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib.

    “Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan kimi tanınır. Bundan əvvəl balıq kürüsünü Aİ-na ixrac edə bilirdik. Sahibkarların müraciəti əsasında ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı Azərbaycan səlahiyyətli ölkələr sırasına daxil edilib”, - Agentlik rəsmisi qeyd edib.

    E.Mikayılov onu da vurğulayıb ki, AQTA sahibkarların müraciətini nəzərə alaraq, daha iki yeni məhsulun Avropa İttifaqına ixracı ilə bağlı danışıqlara başlayıb: “Son illər balın ixracında ciddi artım dinamikası bizə imkan verdi ki, orqanik balı Aİ-na ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək”.

  • BDU nümayəndə heyəti Ümümdünya Əqli Mülkiyyət Təşkilatının konfransında iştirak ediblər

    Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, Jurnalistika fakültəsinin tələbəsi Hacıbaba Mustafayev və Coğrafiya fakültəsinin tələbəsi Tinatin Həsənova Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrədə yerləşən Baş Qərargahında (İsveçrə) keçirilmiş konfransında iştirak ediblər.

    BDU-dan verilən məlumata görə, konfransın əsas məqsədi Ümümdünya Əqli Mülkiyyət Təşkilatı və onun fəaliyyəti ilə tanış olmaq, əqli mülkiyyət hüquqlarının qorunması, patentlərin verilməsi və əmtəə nişanlarının təsis olunması qaydalarını öyrənməkdən ibarət olub.

    BDU nümayəndə heyəti konfransın “Ümümdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətinə ümumi baxış”, “Əqli mülkiyyət və Beynəlxalq çətinliklər”, “Əqli mülkiyyət və biznes”, “Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Hakimlik və Əlaqələndirmə Mərkəzinin fəaliyyəti”, “Rəqəmsal dövrdə müəlliflik hüququ”, “Beynəlxalq patent qanunu”, “Beynəlxalq əmtəə və nişan hüququ” sessiyalarında və panellərində iştirak edib, Təşkilatın İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üzrə şöbəsinin müdiri Mixal Svantnerin moderatorluğu ilə keçirilən və universitetlər üçün “Əqli mülkiyyət siyasəti”, “Kiçik və orta sahibkarlığa dəstək” adlı dəyirmi masa müzakirələrinə qatılıblar.

    Nümayəndə heyətinin iştirak etdiyi sessiyalar və dinlədikləri çıxışlar onların əqli mülkiyyət haqqında daha zəngin məlumat əldə etmələri ilə yanaşı, son dövrlərdə BDU-nun tələbələri və əməkdaşlarının elmi-praktiki nailiyyətlərinin sayının və keyfiyyətinin artması, onların öz nəticələrinin Beynəlxalq müstəviyə çıxarılması istiqamətində olduqca səmərəli olub.

  • Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

    Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

    Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12 400 nəfərə çatdırılması nəzərdə tutulur.

    Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

  • Bakıda bu avtobuslar səhərə qədər işləyəcək

    Bakıda bir neçə marşrut xətt avtobusları səhərə qədər işləyəcək.

    Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq:

    "Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər".

  • “Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu hazırlanıb

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə əsasında “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloq hazırlanıb. 

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, kataloq-təqvim üç dildə – Azərbaycan, rus, ingilis dillərində tərtib edilib. 

    Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir.

    Layihə “Mədəniyyət” qəzetinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Setline” MMC tərəfindən həyata keçirilib.

    Elektron kataloqda Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin doğum və vəfat tarixi, fəaliyyəti, müxtəlif dövrlərdə mədəniyyət sahəsində baş vermiş hadisələr, eləcə də ölkəmizdə tarixi və əlamətdar günlər, mədəniyyətlə bağlı milli və beynəlxalq peşə bayramları, digər mühüm faktlar barədə yığcam ensiklopedik məlumatlar ilin müvafiq ay və günləri üzrə (1 yanvardan 31 dekabradək) təqdim edilir. Təqvimin mətnləri hər ay üzrə günbəgün, artan xronologiya üzrə verilib.

    Kataloqa Azərbaycan Respublikasının, eləcə də keçmiş SSRİ-nin fəxri adlarına layiq görülmüş, həmçinin mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində mühüm xidmətləri olan, elmi və yaradıcılıq fəaliyyəti göstərən insanlar barədə məlumatlar daxil edilib. Dünyasını dəyişmiş mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri haqqında ayrı-ayrı mətnlər fotolarla müşayiət olunur. Təqvimdə şəxsiyyətlərlə bağlı mətn-məlumatlar, əsasən, onların doğum günləri üzrə təqdim olunur. Eyni zamanda, mədəniyyət, incəsənət və ədəbiyyat tariximizdə xüsusi yeri, xidmətləri olmuş şəxsiyyətlər vəfat günləri üzrə də xatırlanır.

    Həmçinin Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixinin mühüm səhifələri, hadisə və faktları, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsinə dair fərman və sərəncamları, o cümlədən dövlət başçısının sərəncamları əsasında qeyd olunan yubileylər, müxtəlif mərasimlər, Milli Məclisin, Nazirlər Kabinetinin mədəniyyətlə bağlı  qəbul etdiyi qanun və qərarlar elektron kataloqda müvafiq günlər üzrə əksini tapıb.  

    Kataloq-təqvimin hazırlanmasında bu sahə üzrə mövcud olan geniş ədəbiyyat – Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, o cümlədən teatr, kino, musiqi, təsviri sənət və digər sahələr, muzey, kitabxana işi və s. haqqında kitablar, ensiklopedik toplu və nəşrlər nəzərdən keçirilib, eləcə də mövzu üzrə müvafiq elektron mənbələrdən istifadə olunub. 

    Eyni zamanda, Mədəniyyət Nazirliyinin müvafiq müraciəti əsasında respublikamızın yaradıcılıq təşkilatları – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və digər qurumlar layihə ilə bağlı rəy və təkliflərini bildiriblər. Qeyd olunan rəylər tərtibçi heyəti tərəfindən diqqətə alınıb, o cümlədən kataloqda mətnlər üzrə elektron axtarış (PDF formatda) imkanı təmin edilib.

    “Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) yerləşdirilərək istifadə üçün açıq olacaq, həmçinin elektron formatda nazirliyin idarə və təşkilatlarına, respublikamızın mədəniyyət müəssisələrinə, eləcə də kütləvi informasiya vasitələrinə göndəriləcək.

    Elektron kataloqdan Azərbaycanın mədəni irsi, ədəbiyyatı, incəsənəti, bu sahələrdə fəaliyyət göstərən şəxsiyyətləri barədə tarixi-bioqrafik məlumatlar əldə etmək – təqvimin hər gününün mədəniyyət tarixi və məzmunundan xəbərdar olmaq istəyən hər kəs faydalana bilər.

    İlk dəfə mədəniyyətimizin günbəgün tarixi üç dildə və belə geniş formatda oxucu və istifadəçi auditoriyasına təqdim olunur. Layihə qlobal internet məkanında Azərbaycan mədəniyyəti haqqında mövcud informasiya bazasının genişlənməsinə xidmət edəcək.

  • İdris İsayev: "Ali təhsil müəssisələri innovasiyaların yaradıcısı olmalıdır"

    "Bu gün ömür boyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir. Ali təhsil müəssisələrimiz innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar. Bu, əsas hədəflərdəndir".

    Bu fikirləri Təhsil nazirinin müavini İdris İsayev deyib.

    Onun sözlərinə görə, strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib: "Düzdür, bizim ali təhsil müəssisələrimizin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi start-up layihələri dəstəklənir. Amma bu, kifayət qədər deyil".

    Nazir müavini bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməlidirlər: "Onlar bu fəaliyyəti kommersiyalaşdırmalıdırlar. Son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkələr innovasiya və təhsilə xüsusi diqqət yetirir, bu sahəyə investisiya yatırırlar. Son on ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz təşkil edirsə, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faizdir".

  • “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək

    Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, "Sizi tanıyaq” layihəsi çərçivəsində reallaşacaq tədbir imkansız ailələrin övladları, sağlamlıq problemi olan uşaqlar üçün nəzərdə tutulub.

    Giriş sərbəstdir.

  • Dahi şair İmadəddin Nəsimiyə həsr olunan nəşrlərin təqdimatı keçirildi

    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist, professor Hüseynbala Mirələmovun İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi – 650” elektron məlumat bazasının təqdimatı keçirilib.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir Nazirlik və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşib.

    Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq qeyd etdi ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizlə yanaşı, xarici ölkələrdə də silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır.

    Direktor bildirdi ki, Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində Nəsiminin müxtəlif ölkələrdən 30-a yaxın əlyazması Azərbaycana gətirilib və bu istiqamətdə işlər davam etdirilir.

    Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd etdi ki, bu gün ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasında yer alır. Tədbir iştirakçıları adından ölkə başçısını doğum günü münasibətilə təbrik edən nazir 2019-cu ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirdi.

    Əbülfəs Qarayev ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini diqqətə çatdırdı. Bildirdi ki, 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESKO səviyyəsində qeyd olunub. Ümummilli liderin təşəbbüsü ilə Bakıda böyük şairin heykəli ucaldılıb, haqqında bədii film çəkilib, akademiyanın Dilçilik İnstitutuna, metronun bir stansiyasına və paytaxtın rayonuna şairin adı verilib, əsərləri kütləvi tirajla çap olunub, yaradıcılığına dair tədqiqat əsərləri yazılıb. Müstəqillik dövründə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayıb.

    Sonra İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan qısa film nümayiş etdirildi.

    AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirdi ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti xüsusi yer tutur. Nəşr Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Əsərdə H.Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması cəsarətli addım hesab olunmalıdır.

    Onun sözlərinə görə, əsərdə Nəsimi sevgisi və nifrəti ilə zəngin mənəviyyata malik sadə və müdrik bir insan kimi oxuculara təqdim olunub. Yazıçı Nəsiminin həyat və fəaliyyətinin hürufilik mücahidliyi dövrünü deyil, sadə və kamil insan həyatı yaşamaq mərhələsini qələmə alıb.

    Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Hüseynbala Mirələmovun yazıçı dilini onun bədii təfəkkürünün zənginliyinin təbii göstəricisi kimi qiymətləndirdi. Yazıçını müasir Azərbaycan ədəbiyyatının ən parlaq, ən məhsuldar simalarından biri kimi səciyyələndirən akademik onun hekayə, povest, roman, dramaturgiya və publisistikasında qaldırılan kifayət qədər ciddi sosial-mənəvi problemlərin yalnız Azərbaycanda deyil, əsərlərinin tərcümə olunub yayıldığı ölkələrdə də böyük maraq doğurduğunu, Azərbaycan ədəbiyyatı, ədəbi-ictimai təfəkkürünün səviyyəsi barədə aydın təsəvvür yaratdığını vurğuladı.

    Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev bildirdi ki, Hüseynbala Mirələmovun yaradıcılığının əsas qayəsini bu günün insanı, onun düşdüyü mürəkkəb sosial-psixoloji vəziyyətlər və ondan optimal çıxış yollarının axtarılıb tapılması təşkil edir: “Hüseynbala Mirələmov əlinə qələm alandan bəri yazdıqlarının həqiqət olduğuna ürəkdən inanıb, bir şey düşünüb, başqa şey yazmayıb. Onun yaradıcılığının mühüm xüsusiyyətləri humanizmi və mütəfəkkir məsuliyyətidir. Hüseynbala Mirələmov yaradıcılığında müasir olduğu qədər məsuliyyətli, məsuliyyətli olduğu qədər humanist sənətkardır. O, ən mənfi qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür və qiymətləndirir”.

    Milli Məclisin deputatları Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Salidə Şərifova çıxış edərək İmadəddin Nəsiminin ölməz irsindən söz açdılar.

    Daha sonra povestin müəllifi Hüseynbala Mirələmov çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.

    Sonda “İmadəddin Nəsimi - 650” elektron məlumat bazası təqdim olundu.

  • Azərbaycan cəlbedici turizm məkanları arasında ilk onluğa daxil oldu

    Böyük Britaniya Bel Çantalı Səyahətçilər Cəmiyyəti (British Backpacker Society) Azərbaycanı səhayət üçün perspektivli ölkələr arasında ilk onluğa daxil edib.

    Məlumata görə, Azərbaycan macərapərəstlər üçün maraqlı ölkə kimi təqdim olunub.

    Qeyd olunub ki, Cəmiyyət Azərbaycanın şimalında dağ kəndlərinə səhayət etmə təklif edir.

    Bundan başqa, ölkənin Xəzər dənizinin sahilində yerləşməsi qeyd olunub və şimalda “həyəcanverici dağlar”la, cənubda “heyrətamiz palçıq vulkanları” ilə, qərbdə “maraqlı mədəniyyətlərlə”, şərqdə isə “Qafqazın ən gözəl şəhəri” Bakı ilə əhatə olunduğu vurğulanıb.

    Azərbaycanın cəlbediciliyinin əsasında Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində yerləşməsi göstərilib.

    Reytinqdə, həmçinin Efiopiya, Rusiya, Bosniya, Qazaxıstan, Özbəkistan, Qazaxıstan yer alıb.

  • Prezident İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

    Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Dövlət başçısı tədbirdə çıxış edib.

    Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

    Dövlət başçısı ölkədə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.

    Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olunub.

    Tədbirdə Pərviz Tağıyev, Ramiz  Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

    Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə - Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim edib.

    Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.