Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qarsda “Məndə sığar iki cahan” adlı konfrans keçirilib

    Qars şəhərində Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində “Məndə sığar iki cahan” adlı konfrans keçirilib.

    Tədbir Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Qafqaz Universitetinin Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı iləbaş tutub.  

    Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki qardaş ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda naminə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra dünya şöhrətli azərbaycanlı sənətçi Sami Yusifin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiya tamaşaçılara təqdim olunub.

    Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qafqaz Universitetinin professoru Çulpan Çetin və ali təhsil müəssisəsinin müəllimi Könül Quliyeva çıxış ediblər. Çıxışlarda İmaddədin Nəsimi şəxsiyyətinin bütövlüyündən və nadir yaradıcılıq üslubundan bəhs edilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu il Azərbaycanda Nəsimi ili kimi qeyd olunur. Tarixdə ilk dəfədir ki, Nəsiminin həyat və yaradıcılığı dünya ictimaiyyətinə bu qədər geniş və əhatəli şəkildə çatdırılıb.

    Sonda Qafqaz Universitetinin tələbələri İmadəddin Nəsiminin şeir və qəzəllərini səsləndiriblər.

  • Azərbaycanda rusiyalı turistlər üçün müsabiqə keçirilir

    Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın məşhur https://sletat.ru onlayn platforması ilə birgə onlayn kampaniyaya start verilib.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, kampaniya çərçivəsində Azərbaycanın turizm potensialını tanıtmaq və rusiyalı turistləri mövcud turizm imkanları ilə tanış etmək məqsədilə müsabiqə keçirilir.

    Müsabiqəyə əsasən paytaxtın əsas turizm məkanları, xizək kurortları, sağlamlıq turizmi mərkəzləri və qastronomik turizm nümunələrinin hər birindən ən azı birini seçməklə individual turizm marşrutu hazırlamaq mümkündür.

    Müsabiqə çərçivəsində ölkənin müxtəlif bölgələrində yerləşən turistik mərkəzlər, Şahdağ və Tufandağ kimi xizək kurortları, Zaqatala və Göy göl qoruqları, Hirkan Milli Parkı, Batabat gölü kimi təbiət turizmi nümunələri, Milli Xalça Muzeyi, İçərişəhər, Atəşgah, Nizami küçəsi, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi kimi paytaxtın turistik məkanları, Naftalan, Qalaaltı, Duzdağ, həmçinin Qəbələ, Lənkəran və Lerikdə yerləşən müalicəvi turizm imkanları seçim olaraq təqdim olunur.

    Yanvar ayının 31-nə kimi davam edəcək müsabiqədə iştirak etmək üçün əsas şərt https://sletat.ru/special/azerbaijan/ səhifəsinə daxil olaraq qeyd olunan məkanlar arasında seçim etməklə turizm marşrutu hazırlamaq və sosial şəbəkələrdə paylaşmaqdır. Müsabiqənin sonunda 3 təsadüfi qalib seçilərək aviabilet, hotel, transfer, xizək keçid bileti daxil olmaqla Azərbaycana səfər ilə mükafatlandırılacaq.

    Qaliblərin siyahısı https://sletat.ru saytında və saytın “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində elan olunacaq.

    Xatırladaq ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən rusiyalı ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisə 49 min nəfər və ya 6% artaraq 866 min nəfər təşkil edib.

  • ABŞ və Koreya vətəndaşlarına çoxdəfəlik giriş vizaları üçün rüsum iki dəfədən çox azaldılıb

    Nazirlər Kabinetinin qərarı (№489) ilə ABŞ və Koreya Respublikasının vətəndaşlarına çoxdəfəlik giriş vizaları üçün rüsumun məbləği iki dəfədən çox azaldılıb.

    Hazırda Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği 350 ABŞ dolları müəyyən edilib.

    Ümumilikdə, Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin müəyyən olunması zamanı qarşılılıq prinsipinin nəzər alınması vacib hesab olunur.

    Belə ki, ABŞ tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə - turist, tələbə və mübadilə vizaları üçün 160 ABŞ dolları, habelə əmək, şirkətlərarası transfer və din xadimləri vizaları üçün 190 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

    Həmçinin ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi qarşılılıq prinsipinə uyğun olaraq Azərbaycan tərəfindən ABŞ vətəndaşlarına daha uzunmüddətli vizaların rəsmiləşdirilməsini və çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə tutulan dövlət rüsumunun azaldılmasını xahiş edib.

    Koreya tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizaların rəsmiləşdirilməsinə görə 150 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.

    Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasına səfər etmək istəyən ABŞ və Koreya Republikası vətəndaşları üçün çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə dövlət rüsumunun azaldılması məqsədəuyğun hesab olunur.

    Proqnozlaşdırmaq mümkündür ki, bu layihənin qəbul edilməsi nəticəsində Azərbaycan Respublikası ilə ABŞ və Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və sosial əməkdaşlıq əlaqələrinin inkişafına, ikitərəfli ticarət dövriyyəsinin artmasına, o cümlədən ölkəmizə xarici investisiya qoyuluşu prosesinə müsbət təsir göstərə və həmin ölkələrdən Azərbaycan Respublikasına müxtəlif məqsədlərlə səfər edən şəxslərin sayının artmasına səbəb ola bilər. 

  • “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 6 gün iş olmayacaq

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

    Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, 6 yanvar tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

     

  • Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

    Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanının keçirilməsinə başlanılır.

    Təhsil Nazirliyindən verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçirilir.

    Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

    İmtahanların keçirilməsi dekabrın 28-də yekunlaşacaq.

    İmtahanlarda dövlət ümumi təhsil müəssisələrində işləyən 2700-ə yaxın psixoloqun iştirakı gözlənilir.

    Psixoloqlar üçün diaqnostik qiymətləndirmədə iştirak məcburi deyil. Diaqnostik qiymətləndirmədə iştirak psixoloqların sonrakı fəaliyyətinə müsbət təsir edəcək.

    Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqlarının artımı məsələsi də müzakirə olunan vacib məsələlərdən olacaq.

  • Xalq artisti Çimnaz Babayeva vəfat edib

    Xalq artisti, bənzərsiz balet ustası, Dövlət mükafatı laureatı Çimnaz Babayeva dekabrın 23-də ömrünün 74-cü ilində vəfat edib.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

    Görkəmli sənətçi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun "Məhəbbət əfsanəsi" baletində Şirin, Q.Qarayevin "Yeddi gözəl"də Aişə, "İldırımlı yollarla"da Sari, Ə.Bədəlbəylinin "Qız qalası"da Gülyanaq, F.Əmirovun "Nəsimi haqqında dastan"da Nəsiminin sevgilisi, L.Minkusun "Don Kixot"da Kitri, D.Şostakoviçin "Xanım və xuliqan"da xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.

    Ustad sənətkar həm də pedaqoji fəaliyyətlə məşğul olub. O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib. Teatrda gənc balet artistlərinin yetişdirilməsində onun zəhməti əvəzsizdir.

    Klassik rəqslərin böyük bilicisi olan Çimnaz Babayeva öz quruluşlarında da klassik xoreoqrafiya və Azərbaycan milli rəqs sənətinin sintezinə nail olub, baletlərə yüksək professionallıqla quruluş verib. O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış edib.

    Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə bir çox fəxri adlara və yüksək hökumət mükafatlarına layiq görülüb. O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən o, Prezident təqaüdçüsü idi.

    Allah rəhmət eləsin!

  • Gələn ildən kənd təsərrüfatı təyinatlı subsidiyalar elektron hökumət üzərindən veriləcək

    Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarının ilk mərhələsini başa çatdırıb. Nazirliyin EKTİS-in tətbiqinə məsul qurumlarının nümayəndələrindən ibarət mobil heyət üç həftə ərzində respublikanın 50-dən artıq rayonunda görüşlər keçiriblər. Noyabrın 29-dan start verilən görüşlərə Qusar rayonunda yekun vurulub.

    Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Qusar rayon icra hakimiyyətində fermerlər, icra nümayəndələri və bələdiyyə sədrləri ilə keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, EKTİS-in tətbiqi qrafik üzrə davam edir: "Bugünədək 50-dən çox rayonda EKTİS-in tətbiqinə dair izahat, məlumatlandırma işləri aparmış, yeni subsidiya mexanizmini, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat qaydalarını, payızlıq əkinlərin bəyan edilməsi prosedurunu izah edən bukletlər, çap materialları paylamışıq. İlk mərhələnin nəticələrini uğurlu saymaq olar. Bu gün payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb, EKTİS-də qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaradan fermerlərin sayı isə 435 min nəfəri keçib. Gələn ildən kənd təsərrüfatı təyinatlı subsidiyaların elektron hökumət üzərindən veriləcəyini nəzərə alsaq, qeydiyyat və bəyan göstəricilərini qənaətbəxş saymaq olar".

    Görüş iştirakçılarına EKTİS-də qeydiyyat proseduru, məlumatların daxil edilmə ardıcıllığı, payızlıq əkinlərin bəyan edilməsinin vacibliyi, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib.

    Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə məlumatlandırma işlərini davam etdirəcək.

  • “AzerGold” və İDEA İctimai Birliyi məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verdi

    “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji siyasətinin davamı olaraq məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verib.

    “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, layihə çərçivəsində Cəmiyyətin Çovdar Filiz Emalı Sahəsində (ÇFES) tullantıların çeşidlənməsinə başlanılıb. Belə ki, “AzerGold” QSC ilə “Az.Ekol.” MMC arasında imzalanan müqaviləyə əsasən ÇFES-də istifadə olunmuş, yararsız pet şüşələri, kağız, karton, plastik tullantıları üçün xüsusi toplama qutuları yerləşdirilib. Sahədə çeşidlənib toplanan tullantılar utilizasiya üçün sözügedən şirkətə təhvil verilərək təkrar emala yönləndiriləcək.

    Məişət tullantılarının ətraf mühitə təsirinin mimumuma endirilməsi, istifadəyə yarassız plastik qabların yığımı və çeşidlənməsi qaydaları ilə tanışlıq məqsədilə ÇFES-də informativ təlim keçirilib. Tədbir çərçivəsində ərazidə çalışan işçilərə tullantıların çeşidlənməsinin ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu, tullantıların təkrar emala yönləndirilməsi üçün tələb olunan qaydalar və bu kimi mövzularda təlimatlandırılıblar.

    Xatırladaq ki, “AzerGold” QSC tərəfindən nəinki məişət, cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan bütün növ tullantıların düzgün idarə olunması daim xüsusi nəzarətdə saxlanılır. Həmçinin, ekoloji tarazlığın qorunmasına daim diqqət yetirən “AzerGold” QSC tərəfindən ÇFES-də ekoloji monitorinq proqramının icrası çərçivəsində mütəmadi olaraq tozölçmə işləri həyata keçirilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılır. Ərazilərin tullantılardan təmizlənməsi üçün Cəmiyyət tərəfindən həmçinin mütəmadi iməcilik aksiyaları keçirilir. Təsadüfi deyil ki, “AzerGold” QSC Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO beynəlxalq standartlarına dair sertifikatlara layiq görülüb.

  • Əbülfəs Qarayev: Son 16 ildə ölkəmizdə aparılan islahatlar ucqar bölgələrimizi də əhatə edib

    Məmnunluq doğuran haldır ki, son 16 ildə ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edib.

    Məlumata görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

    Nazirin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə mədəni həyata da mühüm və müsbət təsir göstərib.

    Ə.Qarayev əlavə edib ki, ümummilli Liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyduğumuz 16 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində özünü göstərir:

    "Ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə qürur hissi keçirməyə bilmirik. Mədəniyyət obyektlərinin, ilk növbədə, kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi ("Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı", "Azərbaycan kinosu 2008-2018-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə") icra olunub, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa-sı, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020" və s. proqram və layihələrin reallaşdırılması davam etdirilir".

    Mədəniyyət naziri bildirib ki, son on altı ilin mədəniyyət salnaməsinə nəzər yetirəndə ölkəmizdə musiqi sahəsinin yüksəliş dövrünü yaşadığını əminliklə söyləyə bilərik. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan musiqisinin inkişafına və təbliğinə misilsiz töhfələr verir.

  • “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub

    Paytaxt məktəbliləri arasında keçirilən “Kiçik tədqiqatçılar” müsabiqəsinin qalibləri bəlli olub.

    BŞTİ-dən verilən məlumata görə, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 193 nömrəli tam orta məktəbin komandası I, 244 və 282 nömrəli tam orta məktəblərin komandaları II, 29, 211 və 245 nömrəli tam orta məktəblərinin komandaları isə III yerə layiq görülüblər.

    Qalib komandalar BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin şəhər mərhələsində iştirak edən bütün komandalara BŞTİ tərəfindən sertifikatlar təqdim olunacaq.

    Qeyd edək ki, “Kiçik tədqiqatçılar” müsabiqəsinə ümumilikdə 253 məktəbin komandası qatılıb. Onlardan 26 komanda rayon mərhələsində qalib gələrək şəhər turunda iştirak etmək hüququ qazanıb.

    BŞTİ-nin əmrinə əsasən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.