24 dekabr ölkəmizin ən gənc, dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiosu – “ASAN Radio”nun 4 illiyidir.
Məlumata görə, “ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb.
“ASAN Radio” dövlət, həmçinin beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə faydalı əməkdaşlıq edir. Əhalinin maarifləndirilməsi və vətəndaş suallarının birbaşa cavablandırılması çərçivəsində, həmçinin musiqili və müsabiqə formatlı faydalı verilişlər təqdim edir. Cari verilişlərimizlə yanaşı, “ASAN Cavab”, “Rəqəmsal Azərbaycan”, “Mənəvi dəyərlər”, “DOST məsləhəti”, “Sahibkar vaxtı”, “ProDemos” kimi proqramlar yayımlanır. “Bir sual, bir cavab”, “Azərbaycan tarixi”, “Ana dili”, “Bizimki”, “Milli kinomuz” və s. buraxılışlar 100 FM-də təqdim olunur.
ABŞ-ın Azərbaycandakı səfirliyi ilə “Hello America!” proqramı, Aİ-nın Bakı nümayəndəliyinin dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” verilişi yayımlanır. Britaniya Şurası ilə “Obla Air” və “Selector” layihələri təqdim olunur. “TRT Ankara” ilə “Radio körpü” qurulur.
“ASAN Radio”nun əməkdaşları bu il ərzində ABŞ və Avropanın aparıcı radiostansiyalarında təcrübələrini artırıblar.
“ASAN Könüllüləri”, ADA, Bakı Dövlət, Azərbaycan Dillər, Slavyan Universitetlərinin jurnalistika fakültəsinin tələbələri “ASAN Radio”da təcrübə keçirlər.
“ASAN Radio” dinləyicisinə yalnız zövqlü musiqi təqdim edir, beynəlxalq miqyaslı yarış, tədbir və sərgilərin eksklüziv media tərəfdaşıdır.
“Faydalı Məlumat” dalğası şüarı ilə ölkənin 80%-ə qədərinə yayımlanır. “ASAN Radio” Bakı və Abşeron yarımadası, Sumqayıt, Xızı, Şabran, Siyəzən, Tovuz, Qazax, Ağstafada 100 FM-də, Cənub və Aran bölgəsində - Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ, Quba, Xaçmaz, Qusar, Xudat, Nabran və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır. Asanradio.az saytı və mobil tətbiqlərdən də dalğamızı dinləmək olar. “ASAN Radio” – Faydalı Məlumat dalğası!
Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü Oyununun final mərhələsinə start verilib.
Məlumatına görə, dekabrın 23-də keçirilən yarımfinal mərhələsində ilk oyunda Omar Çövkən Komandası ilə Polad Çövkən Komandası qarşılaşıblar. Görüşdə Omar Çövkən Komandası rəqibi üzərində 2-1 hesablı qələbə qazanıb.
Günün ikinci yarımfinal görüşü Buta Qolden Çövkən Komandası ilə Sərhədçi Çövkən Komandası arasında baş tutub. İlk hissənin qolsuz keçməsinə baxmayaraq ikinci hissədə Buta Qolden Çövkən Komandası rəqibi üzərində üstünlük əldə edərək 4-1 hesablı qələbə əldə edib.
Bu gün keçirilən yarışın final mərhələsində ilk olaraq Polad və Sərhədçi çövkən komandaları üçüncülük uğrunda, ardınca isə Buta Qolden və Omar Çövkən komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşılaşacaqlar.
Sonda oyunun final mərhələsi keçiriləcək.
Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50 000 manat təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Sərəncamı dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına xüsusi qayğısının daha bir təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılması nəzərdə tutulur.
Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək. Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq.
"Növbəti illərdə rezidenturaya qəbul olmaq üçün tələb olunan balın artırılması məsələsinə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsinə əsasən bunun üçün 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".
Bunu Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır: "2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu şərt saxlanılacaq. Amma növbəti illərdə balın artırılması məsələsinə baxılacaq".
“Turan Bank” ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində, mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində saziş imzalanıb.
Bu barədə “Turan Bank”a istinadən xəbər verilir.
Məlumatda deyilir ki, əldə edilmiş razılığa uyğun olaraq AYİB Banka MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstərəcək. Məqsəd “Turan Bank”ın kredit vermə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasıdır.
Qarşılıqlı razılığa əsasən texniki yardım proqramının həyata keçirilməsi üçün işçi qrupu yaradılıb və müvafiq iş planı təsdiq edilib. Texniki yardım proqramının icrasına gələn aydan başlanılacaq və 1 il davam edəcək.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Üçüncü Bahar” layihəsi tərəfindən Azərbaycanda ilk dəfə yaşlıların festivalı keçirilib.
Festivalın ilk günü yaşlı insanların iştirakı ilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində “poeziya saatı”, “musiqili dəqiqələr” adlı silsilə tədbirlər keçirilib, təqaüdçülərin hekayələri dinlənilib.
Festivalın ikinci günü Bakı şəhərində davam edib. İki hissədən ibarət olan proqramın birinci hissəsi ustad dərsləri və sərgiyə, ikinci hissəsi isə festivalın bağlanış proqramına həsr edilib. Nizami Kino Mərkəzində baş tutan festivalın birinci hissəsində iştirakçılar masaüstü oyunlar, ustad dərslərində maraqla iştirak ediblər. Daha sonra qonaqlar “Üçüncü Bahar” üzvləri tərəfindən hazrlanan əl işlərinin nümayiş olunduğu sərgi güşəsi ilə tanış olublar.
Proqramın ikinci hissəsi “Üçüncü Bahar” təşkilatının 3 illik fəaliyyəti haqqında video çarxın nümayişi ilə başlanıb.Daha sonra festivalın ilk günü haqqında video çarx təqdim edilib, “Yaşlılardan ibarət xor kollektivinin” ifası dinlənilib, “Nəsillərarası dialoq” səhnəciyi nümayiş edilib. Tədbir yaşlı və gənc nəslin nümayəndələrinin “Hər şey gözəldir həyatda” mahnısı əsasında vals rəqsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Üçüncü Bahar” layihəsinin məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır.
Layihə çərçivəsində “Üçüncü bahar” Festivalından sonra Şamaxı şəhərində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün “Yaşa Mərkəzi”nin istifadəyə verilməsi nəzərdə tutulub.
İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədi ilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçirilir.
Məlumatda deyilir ki, dekabrın 23-29-da 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.
Qeydiyyat kampaniyası dekabr 23-də D.Bünyadzadə küçəsi, 11D, dekabr 24-də M.Seyidov küçəsi, 3149-cu məhəllə, dekabrın 25-də Moskva prospekti, 3168-ci məhəllə, dekabrın 26-da D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, dekabrın 28-də Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, dekabrın 29-da isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir dekabrın 25-də saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin yanvarın 17-də Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.
“Azərbaycan vokalçıları” festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərlik etdiyi orkestr elə ilk dəqiqələrdən zalda xüsusi atmosfer yaradıb.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev giriş sözündə respublikamızda ilk dəfə keçirilən festivalın böyük əhəmiyyətindən danışıb, səhnəyə festivalın ideya müəllifi və bədii rəhbəri, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovu dəvət edib.
Ramil Qasımov çıxışında operetta janrının Azərbaycanda böyük tarixi hadisə olduğunu qeyd edərək, vurğulayıb ki, zamanında bu teatrda Lütfiyar İmanov, Kamal Kərimov, Mobil Əhmədov kimi unudulmaz sənətkarlar çalışıb, vokal sənətinin tarixində silinməz iz qoyublar.
Çıxışından sonra Ramil Qasımov tamaşaçılara gözəl ifası ilə unudulmaz dəqiqələr bəxş edib. Bu xoş təəssürat gecənin sonuna qədər davam edib, gənc vokalçıların bütün çıxışları alqışlarla qarşılanıb. Konsert repertuarında Azərbaycan opera və operetta incilərinin ən parlaq nümunələri yer alıb. Anşlaqla keçən möhtəşəm konsert böyük rezonansa səbəb olub.
Daha sonra festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi məktəbləri şagirdlərinin konserti keçirilib. Gənc ifaçılar Azərbaycan bəstəkarlarının əsərlərini, Avropa opera incilərini ifa ediblər.
“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin dəstəyi ilə Şuşa Dövlət Musiqili Teatrında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi-tədbir keçirilib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə gənc rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Layihənin rəhbəri Elnurə İsgəndərova tədbiri açaraq ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın tarixində rolundan danışıb. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bu günü milli birlik ideologiyasının simvolu kimi qeyd etdiklərini diqqətə çatdırıb.
Tədbirin təşkilatçılarından Aygün İsgəndərova bu il gənc rəssamların əsərlərindən ibarət 30-dan artıq sərginin keçirildiyini bildirib. O, rəsmlərdə vətənpərvərlik, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin və multikulturalizmin təbliğ olunduğunu deyib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əziz çıxışında müxtəlif yaş qruplarından olan rəssamların əsərlərindən ibarət bu sərginin təqdirəlayiq olduğunu və belə tədbirlərin gənc rəssamların inkişafına müsbət təsir etdiyini bildirib.
“Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qalib Əzizov hər bir xalqın inkişafında sağlam, vətənpərvər, savadlı gəncliyin mühüm rol oynadığını vurğulayıb, gənclər siyasətinin dövlətimiz üçün prioritet istiqamət olduğunu, bu sahədə müxtəlif proqramların həyata keçirildiyini nəzərə çatdırıb.
Sərgidə 150 rəssamın 200-dək rəsm əsəri nümayiş olunub. İl ərzində fərqlənmiş gənc rəssamlar İctimai Birlik tərəfindən diplom və mükafatlarla təltif olunub.
Tədbir incəsənət ustalarının konserti ilə başa çatıb.