Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • AccessBank-ın yeni strateji inkişaf planı təsdiqləndi

    AccessBank-ın 2020-2022-ci illər üzrə strateji inkişaf planı təsdiqlənib.

    Məlumata görə, sənəd 3-4 dekabr tarixlərində keçirilən Müşahidə Şurasının iclasında müzakirə olunub. Bundan sonra üçillik strateji inkişaf planı dekabrın 5-də baş tutan səhmdarların növbədənkənar yığıncağında təsdiqlənib.

    AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, sənədə əsasən, biznesin həcminin genişləndirilməsi, əməliyyat effektivliyinin və risklərin idarəolunması sisteminin səmərəliyinin artırılması 2020-ci il və növbəti dövr üçün əsas prioritet olacaq.

    "AccessBank-ın əsas maliyyə göstəriciləri inamlı artım nümayiş etdirir. 2019-cu ilin noyabr ayında bankın xalis mənfəəti 3 milyon manat təşkil edib ki, bu da bizim gözləntilərimizi üstələyib. Eyni həcmdə mənfəətin əldə olunmasını dekabr ayı üçün də proqnozlaşdırırıq. Bununla yanaşı, AccessBank 2020-ci ildə mənfəətə çıxmağı planlaşdırır. Ümumilikdə, gələn ilə olduqca böyük optimizmlə baxırıq. Bankımız mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində lider mövqeyini qoruyur. Əhali tərəfindən AccessBank-a göstərilən etimad yüksək olaraq qalır ki, geniş və artan əmanətçi bazamız bunun bariz nümunəsidir. Əsas biznes proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırmanın yüksəldilməsi və özünəxidmət zonalarının genişləndirilməsi ilə bağlı həyata keçirdiyimiz bir sıra layihələr hədəflərimizə çatmaq üçün əsas amillər olacaq", - sədr qeyd edib.

  • DTX-nin Mədəniyyət Mərkəzində Sevinc Ağasıyevanın solo konserti keçirilib

    Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr olunan “Həqq məndədir” adlı solo konserti baş tutub. 

    Gecədə əməkdar artist, tarzən Şəhriyar İmanovun rəhbərlik etdiyi qrupun - musiqiçilər klavişdə Bəbir Bəbirli və Şükür Əliyevin müşayəti ilə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları ifa olunub. Həmçinin bədii qiraət ustası Xəzər Süleymanlının tədqimatında şairin qəzəlləri özünəməxsus şəkildə oxunub.

    Tanınmış ziyalılar, nəsimişünaslar, incəsənət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə ifalar audiotoriya tərəfindən böyük maraqla qarşılanıb.

    Tədbirdə həmçinin musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan “Etməgil” mahnısının klipi də təqdim olunub.

    Sonda xalq artistləri Mehriban Zəki, Xalidə Quliyeva, Mədəniyyət.az jurnalının baş redaktoru Zöhrə Əliyeva və Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdemir çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. 

  • Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

    25 yanvar 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcəkdir.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Mərkəz tərəfindən 25 yanvar 2020-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkdir. İmtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 2019-cu il 24 dekabr tarixindən 2020-ci il 24 yanvar saat 13:00-dək davam edəcək.

    İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından(ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

    Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

    Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

    Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM-lə yazışmaların operativliyinin təmin edilməsi üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır.

    Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:

    Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;

    Test imtahanı proqramları;

    “Namizədin yaddaş kitabçası” .

    Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar.

    Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

    İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

  • Arxiv xidməti rəhbərləri və əməkdaşları üçün növbəti seminar-məşğələ keçirilib

    Dekabrın 24-də Azərbaycan Respublikası Dövlət Arxivinin qəbul mənbəyi olan idarə, müəssisə və təşkilatların arxiv xidməti rəhbərləri və əməkdaşları üçün “İdarə arxivlərində Milli Arxiv Fondu sənədlərinin təşkili” mövzusunda seminar - məşğələ keçirilib.

    AZƏRTAC xəbər verir ki, seminarda Milli Arxiv İdarəsinin rəhbərliyi, şöbə müdirləri, həmçinin Dövlət Arxivinin rəhbərliyi və əməkdaşları iştirak edib.

    Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək ənənəvi olaraq keçirilən seminar-məşğələlərin əhəmiyyətindən söz açıb.

    Milli Arxiv İdarəsinin rəhbəri bu gün ölkəmizdə əlamətdar bir günün olduğunu da diqqət çəkib. O, dövlətimizin başçısı, Prezident İlham Əliyevi ad günü münasibətilə Azərbaycan arxivçiləri adından təbrik edib. Ə. Rəsulov, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə arxivçilərə təbrik və arzularını çatdırıb.

    Sonra gündəlikdə duran məsələlər - qurumlarda arxiv işinin vəziyyəti, komplektləşdirmə mənbələri ilə əlaqələr, problemlər, həmçinin informasiya təminatı və arxivlərdə elektron xidmətlərin təşkili, elektron arxiv informasiya resurslarının yaradılması və idarə edilməsi haqqında, həmçinin son dövrlərdə İdarə tərəfindən görülən işlər barədə məlumat verilib.

    Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov, İdarənin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov, Komplektləşdirmə, İdarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Cəmaləddin Cavadov, Milli Arxiv İdarəsi yanında İdarə sənədlərini qaydaya salan Mərkəzin direktoru Sevinc Tahirova, Dövlət Arxivinin Komplektləşdirmə və idarə arxivləri ilə iş şöbəsinin müdiri Aygün Bəyli çıxış ediblər.

    Seminarda Milli Arxiv İdarəsinin “Elektron Arxiv Sistemi- EAS”, “Elektron Arxiv Məlumat Sistemi – EAMS” və “Elektron Hesabatlar Sistemi – EHS” onlayn olaraq iştirakçılara nümayiş etdirilib və onların iş prinsipi, sənədlərin elektron daşıyıcılara köçürülməsi, elektron sənədlərin idarə edilməsi haqqında ətraflı məlumat verilib.

    Açıq diskussiya şəraitində davam edən seminarda arxivçilərin suallarının cavablandırılması və müzakirələrlə davam edib.

  • Yazıçılar Birliyinin 85 illiyi təntənəli şəkildə qeyd olunub

    Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illiyi təntənəli şəkildə qeyd olunub.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, AYB-nin üzvləri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub.

    Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Ötən ilin dekabr ayında dövlətimizin başçısının qəbulunda olduğunu və bir neçə xahiş etdiyini söyləyən Azərbaycan Yazıçılar Birliyinin sədri vurğulayıb ki, Prezident bu xahişlərin hər birinə müsbət cavab verib.

    “Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi, üç yazıçıya Xalq yazıçısı, üç yazıçıya isə Əməkdar incəsənət xadimi fəxri adları verildi. Bilirsiniz ki, Qarabağ münaqişəsi başlananda məcburi köçkünləri Şüvəlandakı Yaradıcılıq Evinə yerləşdirmişdik. Yaradıcılıq evi Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun hesabına tikilmişdi. Sonrakı illərdə qaçqınlar üçün şəhərciklər salınsa da, Yaradıcılıq evinin təmirə ehtiyacı var idi. Bunu dövlətimizin başçısının diqqətinə çatdırdım, bundan sonra binanın təmirini dövlət öz üzərinə götürdü. Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı. Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”, - deyə Xalq yazıçısı Anar qeyd edib.

    Yazıçılara göstərilən dövlət qayğısından söz açan Yazıçılar Birliyinin rəhbəri deyib: “Sovet İttifaqının süqutundan sonra əksər ölkələrdəki yazıçılar birlikləri dağıldı. Bizdə isə ulu öndər Heydər Əliyev yazıçıları himayəsinə götürdüyü üçün Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq. Tariximizdə qara səhifələr də, faciəvi illər də olub. Bütün bunlara baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub, yazıçıların müqəddəs ocağı kimi fəaliyyət göstərib, bundan sonra da göstərəcək”.

    Xalq yazıçısı vurğulayıb ki, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Yazıçılar Birliyi milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib. Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib.

    Tədbir bədii hissə ilə davam edib.

    Gecədə Xalq şairləri Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Vahid Əziz, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi şeirlərini söyləyiblər.

    Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

  • AQTA istehlakçılara çağırış etdi: Neqativ hallara biganə qalmayın

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən etibarən qida təhlükəsizliyinin təmin olunması prosesində istehlakçıların iştirakına xüsusi diqqət yetirir.

    AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət və yoxlama tədbirləri zamanı vətəndaşlardan daxil olan bu məlumatlar xüsusi əhəmiyyət kəsb edir. Agentliyin 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət və şikayətlərin hər biri diqqət mərkəzində saxlanılır və operativ şəkildə icrası təmin olunur. Unutmaq olmaz ki, qida zəncirinin istənilən mərhələsində hər hansı qanunsuz fəaliyyətlə məşğul olan sahibkar birbaşa özü məsuliyyət daşıyır. Bu sahədə ictimai nəzarətin və ictimai qınağın daha da gücləndirilməsi üçün hər bir istehlakçının prosesdə iştirakı vacibdir.

    Agentlik bir daha vətəndaşlardan qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları neqativ hallara biganə qalmamağı və bu sahədə qanunsuz fəaliyyətlə üzləşdikdə AQTA-nın 1003 - Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.

  • İlahiyyat İnstitutu müəlliminin məqalələri impakt faktorlu jurnalda dərc olunub

    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Əzizovanın iki elmi məqaləsi impakt faktorlu jurnallarda - Sivas Cümhuriyyət Universiteti İlahiyyat fakültəsi və Hitit Universiteti İlahiyyat fakültəsi jurnallarında dərc olunub.

    İlahiyyat İnstitutundan verilən məlumata görə, “Zidliklərin vəhdəti: Qut-ul Amarə mühasirəsində əsir düşmüş ingilis hərbçilərinin gündəliklərində türklər və almanlar” (The Unity of Opposites: The Image of the Turks and the Germans According to the Records of British War Prisoners after the Siege of Kut al-Amara) mövzusunda qələmə alınmış məqalədə ingilis hərbçilərinin Qut-ul Amarə bölgəsində yaşadıqları məğlubiyyət acısının təsiri ilə bəzən hər iki tərəfə münasibətdə şişirdilmiş ifadələrin işlədildiyi əksini tapıb.

    “Milli tarixin yenidən yazılması prosesində sabitlər və dəyişkənlər: sovet və postsovet dövründə Azərbaycan tarixçiliyində Osmanlı təsəvvürü (tarix dərs kitabları kontekstində)” (Constants and Variables in the Reconstruction Process of National History: Mutual Analysis of Ottoman İmage in pre and post-independence Period of Azerbaijan History (within the framework of history textbooks) mövzusundakı məqalədə isə sovet və müstəqillik dövründə Azərbaycan tarixçiliyndə Osmanlı dövlətinə baxış qarşılıqlı müqayisə olunub.

    Qeyd edək ki, hər iki jurnalda ilahiyyat elmlərinin bütün sahələrinə dair məqalələr dərc olunub ki, bunlara İslam tarixi, dinlər tarixi, din sosiologiyası, din psixologiyası və s. daxildir. Sivas Cümhuriyyət Universiteti İlahiyyat fakültəsi jurnalı “Web of science” və “Scopus”, Hitit Universiteti İlahiyyat fakültəsi jurnalı isə “Web of science” beynəlxalq bazalarında referatlaşdırılıb.

    Xatırladaq ki, Aİİ ilahiyyat elmləri sahəsində tədqiqatların aparılması məsələsinə xüsusi önəm verir. Belə ki, ali təhsil müəssisəsində tədris prosesinə cəlb edilən müəllimlər dünyanın müxtəlif ölkələrində beynəlxalq konfranslarda iştirak edir, tədqiqat sahələrinə uyğun elmi məqalələrin, kitab və dərsliklərin nəşrinə çalışırlar.

  • Bakıda “Sofra” restoranın fəaliyyəti məhdudlaşdırıldı

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    AQTA-dan verilən məlumata görə, KİV-də yayılan məlumat əsasında AQTA əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Yıldız Catering” MMC-yə məxsus “Sofra” restoranında yoxlama keçiriblər.

    Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Həmçinin müəssisədə həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Yoxlama zamanı o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.

    Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

  • “FINCA Azerbaijan” Balakəndə fəaliyyətə başladı

    “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakəndə yeni filialını açıb. Bu filial vasitəsi ilə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan müştərilərə kredit məhsulları təklif olunur.

    Balakən şəhəri, M.Əsədov küçəsi 3 A ünvanında fəaliyyət göstərən yeni ofis öz işini irəli aparmaq istəyən kiçik sahibkarların FINCA-nın maliyyə xidmətlərindən faydalanmağa imkan verəcək.

    “FINCA Azerbaijan” bu il filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 9 yeni filial açaraq ofislərinin ümumi sayını 14-ə çatdırıb. FINCA növbəti ildə daha 8 filial açılmasını planlaşdırır.

    Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa, müştərilər www.finca.az saytı vasitəsi ilə kredit üçün onlayn qaydada müraciət edə bilərlər.

    “FINCA Azerbaijan” haqqında

    “FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.

  • Rövşən Rzayev Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirdi

    Bakı Ali Neft Məktəbində təhsil alan və çalışan qaçqın və məcburi köçkünlərlə görüş keçirilib.

    Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, görüşdə məktəbin rektoru Elmar Qasımov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ali Məktəbin və Komitənin məsul əməkdaşları, tələbələr və onların valideynləri iştirak edib.

    Tədbirdə çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapmasıdır.

    Rektor qeyd edib ki, MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur.

    “Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir. Bu gün Bakı Ali Neft Məktəbində təhsil alan, çalışan qaçqın və məcburi köçkünlərin timsalında deyə bilərəm ki, cəmiyyətimizin həssas koteqoriyasına aid olan bu həmvətənilərimiz də onlara göstərilən etimadı layiqincə doğruldurlar. İşğal altındakı torpaqlarımızdan olan BANM tələbələri öz intellektual potensialı, nizam-intizamı, xüsusi qabiliyyətləri ilə fərqlənirlər. Onlar arasında ən yüksək - 700 bal toplayanlar, Prezident təqaüdçüləri, qabaqcıl layihə və proqram müəllifləri, beynəlxalq təqaüd proqramlarının qalibləri, xaricdə ən nüfuzlu təhsil ocaqlarında magistr təhsili alanlar, tanınmış yerli və transmilli şirkətlərdə aparıcı vəzifələrdə çalışanlar da var. Hazırda BANM-də 85 nəfər işğal altındakı şəhər və rayonlarımızdan olan tələbə təhsil alır. Onlardan ödənişli ixtisaslarda oxuyanlar təhsil haqqından azad olunublar, eyni zamanda, xüsusi imtiyazlardan da yararlanırlar”. - deyə rektor əlavə edib.

    Sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırki səviyyəsi haqqında məlumat verib.

    Bildirilib ki, münaqişə nəticəsində doğma yurd-yuvasını tərk etmiş insanlar ağır məhrumiyyətlərə məruz qalıb. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifah halının yüksəldilməsinin qayğısına qalır, bu istiqamətdə nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla yerinə yetirilir.

    Xatırladılıb ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu ənənəyə uyğun olaraq, bu il 20 illik yubileyi qeyd edilən Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələrin salınmasına yönəldilir.
    Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi üçün güclü ordu ilə yanaşı, savadlı, dünyagörüşlü gənclərə də ehtiyacı var. Gənclərimiz onlar üçün yaradılmış imkanlardan istifadə etməklə yaxşı təhsil almalı, müasir biliklərə yiyələnməli, beynəlxalq tribunalarda xalqımızın və dövlətimizin mövqeyini müdafiə etməlidirlər.

    Azərbaycanda təhsilə dövlət qayğısının yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, insan kapitalının daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar böyük əhəmiyyət kəsb edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin inkişafında, onun maddi texniki bazasının möhkəmlənməsində müstəsna xidmətləri var.

    Diqqətə çatdırlıb ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilən qəsəbələrdə müasir standartlara cavab verən yeni bağça və məktəb binaları da tikilir. Məcburi köçkünlər üçün hər cür imkan yaradılır.

    Dövlət Komitəsinin sədri görüş iştirakçılarının suallarını cavablandırıb, tələbələri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində maarifləndirmə və könüllük proqramlarına qoşulmağa dəvət edib.
    Sonda Rövşən Rzayevə BANM-in “Fəxri qonaq” plaketi təqdim olunub.