Bakı Nəqliyyat Agentliyi 2019-cu il ərzində "Vətəndaş məmnuniyyəti"nin təmin edilməsi istiqamətində görülən işlərin hesabatını yayımlayıb.
Agentlikdən verilən məlumata görə, hesabatda qeyd edilir ki, cari ildə vətəndaşlar tərəfindən quruma 9 min 84 müraciət daxil olub, onlardan 6 min 936-sı cavablandırılıb.
İl ərzində 50 min 940 zəng qəbul edilib, 318 məlumat ictimaiyyətə yayımlanıb.
Həmçinin sosial şəbəkə üzərindən 7 min 25 müraciətə cavab verilib, 195 vətəndaş qəbul edilərək müraciətləri cavablandırılıb.
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank öz müştərilərinə Bankın filiallarına gəlmədən və növbələrdə vaxt itirmədən hesabdan çıxarışların onlayn sifarişi imkanını təqdim edir.
Bankdan verilən məlumata görə, çıxarışları Onlayn Bank xidməti və Mobil əlavə vasitəsi ilə sifariş etmək mümkündür.
Onlayn şəkildə dərhal yüklənən hesabdan çıxarışlar PAŞA Bank tərəfindən ödənişsiz qaydada təqdim olunur. Xidmət həm korporativ müştərilər, həm fiziki şəxslər üçün nəzərdə tutulur. Hesabdan çıxarışları aşağıdakı keçidlər vasitəsilə onlayn sifariş etmək mümkündür:
Korporativ müştərilər üçün:
Onlayn Bank
https://pashabank.digital/login#/
Fiziki şəxslər üçün:
Online Bank
https://ib2.pashabank.az/ibank/banking#sms_code_retail
Mobil əlavə
https://play.google.com/store/apps/details?id=az.pasha.mobilebank&pcampaignid=MKT-Other-global-all-co-prtnr-py-PartBadge-Mar2515-1
https://itunes.apple.com/az/app/pasha-mobile-bank/id1139683794
Özəl ekspertlər də verdikləri rəyə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Bunu Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.
O bildirib ki, ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir.
"Həmçinin, özəl ekspertlərin də səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var".
Onun sözlərinə görə, dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququ müraciət edən şəxsin özü tərəfindən müəyyən edilə bilər".
İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən “CTF 2019” müsabiqəsinin qalibləri müəyyən edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, kibertəhlükəsizlik üzrə “Capture the flag” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqə çərçivəsində ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssisləri öz güclərini sınayıblar. “CTF” formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bilik və bacarıqlarını qiymətləndirməyə imkan verir.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov müsabiqənin informasiya təhlükəsizliyinin inkişafı üçün əhəmiyyətini və bu sahədə mütəxəssislərin sayının artmasının vacib olduğunu bildirib.
Müsabiqənin təşəbbüskarları “Smart IT” və “Solid Lab” şirkətlərinin rəhbərləri Qurban Zeynalov və Andrey Petuxov iştirakçıların həm kəmiyyət, həm də keyfiyyət baxımdan artdığını, yaxşı hazırlıq səviyyələrinin olmasını bildiriblər. Onlar iştirakçılara daha böyük nailiyyətlər arzu ediblər.
İştirakçılar üçün informasiya təhlükəsizliyi məsələlərinə həsr edilmiş əhatəli master-klass keçirilib.
Müsabiqənin tərəfdaşı “Gulfstream Distribution” şirkətinin məruzəsində şirkətin məhsul portfeli və xüsusilə də kibertəhlükəsizlik həlləri, həmçinin “Cisco ISE” həllinin xüsusiyyətləri və faydaları barədə məlumat verilib. Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir mübadiləsi aparılıb.
Müsabiqədə 60-dan artıq komanda iştirak edib. “n0_pwn1c” komandası 1-ci, “SecX” komandası ikinci, “n0b0dy” komandası üçüncü yerə layiq görülüb. Qaliblər diplom və 6000 AZN pul mükafatı ilə mükafatlandırılıblar.
Ardıcıl üçüncü ildir ki keçirilən tədbir ölkədə ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi ilə yanaşı, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyinə çevrilib.
Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiberinsidentlərin qarşısının alınması üzrə həllər təqdim edən “Smart IT” (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan “Solid Lab” (www.solidlab.ru) şirkətləridir.
Müsabiqəyə rəsmi tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, gümüş tərəfdaşı BAKOTECH (https://bakotech.com), bürünc tərəfdaşı “ Gulfstream Distribution (www.gulfstream.az)” şirkətidir.
“Əgər gömrükdə şəffaflıqdan danışırıqsa, burada qida təhlükəsizliyi məsələsi kənarda qala bilməz”.
Bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq: "Bu məntəqələr serhəd-keçid məntəqələrinin yaxınlığında olacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq".
Bakı Slavyan Universitetində ERASMUS+ (PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində silsilə seminarlar keçirilib.
Slavyan Universitetindən verilən məlumata görə, seminarlar çərçivəsində Rus dili və onun tədrisi metodikası kafedrasının dosent əvəzi Raziyyə Balayeva tərəfindən “Российские народы тюркского происхождения” (Rusiyanın türk mənşəli xalqları) mövzusunda seminar keçirilib. Seminarda Rusiya ərazisində yaşayan türk xalqlarının tarixi, mədəniyyəti, kökləri, müasir dövrümüzdəki vəziyyətləri haqqında məlumat verilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
“Dinləmə dərslərinin təşkil edilməsi və bu zaman vacib olan bacarıqların formalaşması” mövzusunda növbəti seminar Xarici dillər kafedrasının müəllimi Simnarə Cəbrayılova tərəfindən aparılıb. Seminar çərçivəsində dinləmə dərslərinin təşkili qaydaları müzakirə olunub. Müəllim S. Cəbrayılova bildirib ki, bu dərslərin təşkili üçün xüsusi metodlardan istifadə edildiyi zaman dərsin məhsuldarlığı daha da artır. Dinləyicilər “3 addımda dinləmə” metodu ilə tanış olublar.
Sonda verilən tapşırıqlar praktik şəkildə yerinə yetirilib.
“Molla Nəsrəddin” satirik jurnalının əksər karikaturalarının müəllifi, alman rəssam Oskar Şmerlinqin (1863-1938) rəqəmsal arxivi hazırlanır.
Layihə üzrə araşdırmaçılar ABŞ-dan olan Naomi Kaffi (Naomi Caffee) və Robert Denisdir.
Araşdırmaçılar layihənin Tbilisidə keçirilən təqdimatında bildiriblər ki, O.Şmerlinqin rəqəmsal arxivinin yaradılmasına ABŞ-ın araşdırma mərkəzlərinin dəstəyi ilə 2018-ci ildə başlanılıb. Arxiv üçün O.Şmerlinqin karikaturaları və onun haqqında sənədlər Gürcüstanın Milli Parlament Kitabxanası və Milli Arxivindən toplanıb.
N.Kaffi deyib ki, O.Şmerlinqin 1900-cı illərin əvvəllərində əməkdaşlıq etdiyi “Molla Nəsrəddin”, gürcüdilli “Eşmaxis Matraxi” (Şeytanın qamçısı), erməni dilli “Xatabala” jurnalları üçün çəkdiyi karikaturalarda oxşar mövzulara rast gəlinir: “Bu mövzulara o dövr üçün aktual olan ana dilində təhsil, din, inqilablar, siyasi oyanış daxildir. Karikaturaçının illüstrasiyaları ilə həmin dövrdə baş vermiş proseslər arasında paralellər aparmaq və onları müqayisə etmək olur”.
Araşdırmalar zamanı karikaturaçı-rəssamın həyatı və çalışdığı “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı sənədlər də üzə çıxıb. Bu sənədlər arasında “Molla Nəsrəddin” jurnalının Tbilisidə nəşr olunması ilə bağlı onun müəllifi, Azərbaycanın böyük ədibi, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadənin Tiflis qubernatoruna 1906-cı ilin fevralında ünvanladığı ərizə, onunla və O.Şmerlinq arasında yazışmalar da yer alıb. Alman rəssamın həmçinin 1920-1921-ci illərdə Azərbaycanda - Gəncə və Xankəndində yaşayıb fəaliyyət göstərdiyi də məlum olub. Rəssamın tapılan bioqrafik sənədlərində onun Tbilisidə deyil, Stavropolda anadan olması qeyd edilib.
R.Denis vurğulayıb ki, rəqəmsal arxiv üzərində işlər davam etdirilir və artıq www.schmerling.org saytı istifadəyə verilib: “Oskar Şmerlinqin bütün rəsmləri, illüstrasiya, karikaturaları, həyat və yaradıcılığı ilə bağlı bütün sənədləri toplayaraq onları rəqəmsal arxivə daxil etməyə çalışırıq. Sayt hələlik yalnız ingilis dilindədir. Onlayn resursun gələcəkdə rus, gürcü, Azərbaycan, erməni dillərinə də tərcümə olunması nəzərdə tutulub”.
Qeyd edək ki, O.Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamı olub. Nəşrin baş qəhrəmanı Molla Nəsrəddinin bədii obrazı da ona məxsusdur.
Dekabrın 23-də Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.
Müvafiq tarixdə “ASAN Xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.
Nyu-Yorkda, BMT-nin iqamətgahında iki əlamətdar hadisəyə - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə və qarşıdan gələn üç ildə, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təntənəli bayram tədbirinin keçirildiyi salona çoxsaylı qonaqlar toplaşıblar. BMT Baş katibinin müavinləri, Birləşmiş Millətlər Təşkilatı Katibliyinin və BMT sisteminin yüksəkvəzifəli əməkdaşları, qurumun üzvü olan dövlətlərin səfirləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan diplomatlarının dostları və həmkarları qonaqlar arasında olublar.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı, səfir Yaşar Əliyev qonaqlara təbrik nitqində Azərbaycanın diplomatik xidmət orqanlarının inkişafının əsas mərhələlərini göstərib, bu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII Konfransının uğurla keçirildiyini qeyd edib, Azərbaycanın BMT ideallarına və müxtəlif sferalarda çoxtərəfli əməkdaşlığın prinsiplərinə sadiq olduğunu vurğulayıb. O deyib: “Azərbaycan sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın əldə olunması, mədəniyyətlərarası və dinlərarası dialoqun irəlilədilməsi və dərinləşdirilməsi üçün ardıcıl səylər göstərir”.
Qonaqlar təntənə və bayram əhval-ruhiyyəsi yaradan səmimi və mehriban qəbulu, ənənəvi Azərbaycan qonaqpərvərliyini və milli mətbəximizin ləziz təamlarını layiqincə qiymətləndiriblər.
Rəssamlıq sənətini seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur.
AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadənin anım günüdür.
Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.
Təhsilini başa vurduqdan sonra Bakıda “Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.
Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.