Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” ikihissəli komediyası 40-cı dəfə nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçıların hər dəfə böyük maraq və rəğbətlə qarşıladığı bu tamaşa 2015-ci ildən teatrın repertuarındadır və artıq neçə ildir uğurla nümayiş olunur. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış ediblər.
Süjet xətti gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərində aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Azərbaycan “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti teatrın repertuarında yeni tamaşalardan sayılan “Quş dili” tamaşası növbəti dəfə dekabrın 29-da təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın müəllifi, rejissor Əbdülqəni Əliyev, mətnin müəllifi Təranə Vahiddir.
Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və Ləman Novruzova iştirak edəcəklər.
Əsərdə cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrayıl gəlir. Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.
Bakı Kitab Mərkəzi Yeni il ərəfəsində balacaları sevindirəcək.
AZƏRTAC xəbər verir ki, mərkəzdə yeni yaradılmış “Oyan” Uşaq Teatrı dekabrın 27-də “Yeni il gəlir” adlı tamaşanın premyerasını nümayiş etdirəcək.
Musiqi və zarafatlarla dolu tamaşa dekabrın 27-də mərkəzin 2-ci mərtəbəsində göstəriləcək.
Biletləri Bakı Kitab Mərkəzinin kassalarından əldə etmək olar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız Qalasının 2019-cu ildəki 150 mininci ziyarətçisi mükafatlandırılıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, şanslı ziyarətçi Rusiya vətəndaşı olub. Ona Qoruq İdarəsi tərəfindən “150 mininci ziyarətçi” sertifikatı və xatirə hədiyyələri təqdim olunub.
Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən “Cineteca” kinoteatrında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimaiyyət üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və İspaniyada yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüseri olduğu ekran əsəri haqqında məlumat verib.
“Son iclas” bədii-sənədli filminin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığını, hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini diqqətə çatdıran səfir A.Məhərrəmov, filmin ssenarisinin bu günə qədər araşdırılmamış və gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alındığını qeyd edib.
Daha sonra çıxış edən “Nexos Assosiasiyası – Sivilizasiyalar Alyansı” təşkilatının prezidenti, İspaniya İpək İnstitutunun vitse-prezidenti Enrike Qaspar filmin ispan dilində subtitrla təqdim edilməsini ekran əsərinə qarşı marağı daha da artıracağını, filmin çəkilişlərinin peşəkarcasına aparılaraq, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alındığını, ümumiyyətlə filmin layihəsi üzrə 6 aya yaxın işin davam etdiyini bildirib.
“Son iclas” filmi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Beynəlxalq Muğam Mərkəzində Türkiyənin tanınmış caz müğənnisi Sibel Koşe konsert proqramı ilə çıxış edib.
Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, konsertdən öncə ifaçı Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “İlk dəfədir Bakıdayam. Şəhəriniz çox gözəldir. Azərbaycanlılar musiqiyə, mədəniyyətə dəyər verən insanlardır, bunun üçün də burada olduğumdan çox məmnunam".
Azərbaycanın caz musiqisi və caz ifaçıları haqqında məlumatlı olduğunu vurğulayan ifaçı Vaqif Mustafazə yaradıcılığına dərin hörmətini də qeyd edib.
Türkiyənin caz divası sayılan Sibel Köse konsert zamanı dünya caz standartları sayılan “My secret love”, “Petite fleur”, “Autmn leaves”, “Flor de lis” və digər kompozisiyalar səsləndirib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir.
Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzinin səhnəsindən tamaşaçılarla görüşə gəlir. BMM-nin səhnəsində caz sənətinin tanınmış simalarının çıxışları da bu silsilədən olan konsertlərin davamıdır.
Görkəmli qrafika ustası, Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar rəssam, professor Cəmil Miryusif oğlu Müfidzadə 2019-cu il dekabrın 20-də ömrünün 86-cı ilində vəfat edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Cəmil Miryusif oğlu Müfidzadə 24 fevral 1934-cü ildə Naxçıvanın Ordubad rayonunda anadan olub. O, 1948-1955-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Rəssamın diplom işi “Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı rəngkarlıq əsəri olub. O, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini (1955-1956), Xarkov Dövlət Rəssamlıq İnistitutunun “Qrafika” fakültəsinin tələbəsi (1959-1962) olmuşdur. Cəmil Müfidzadənin növbəti diplom işi “Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsidir.
O, tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak edib. Rəssamın işlədiyi “Doğma düzənlər” ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunub. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) “Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak edib.
Cəmil Mufidzadə qrafika sənətinin fərgli texnikalarından yaradıcılıqla istifadə edib. Rəssam ksilloqrafiya texnikasında işlədiyi “Bakı albomu” (1962-1966), “Neft daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. əsərlərin adlarını qeyd etmək olar. Rəssamın yaradıcılığında “İçərişəhər” (1965-2000) silsiləsi xüsusi yer tutur. “Əcdadlarımızın yaşayış yerləri” (1968), “Göy pəncərəli evlər” (1968), “Babaların yurdu” (1968), “Köhnə Bakı” (1970), “Azərbaycan qadının keçmişdə” (1971), “Şirvanşahlar sarayı” (1971), “Xan saryı” (1977,1992), “Köhnə evlər” (1977), “Qədim Bakı” (1977), “Yeni Məscid” (1977), “Türbə” (1984), “Dəvələr” (1985), “Qız qalası” (1985), “İçərişəhər” (1991), “Təndir” (1992), “Suçular” (1993), “Şirvan qapıları” (1993), “Namaz” (1993), “Tut ağacı”, “Karvansaray” (2003) və digər əsərlər İçərişəhərə həsr edilmiş lövhələrindədir.
O, qarışıq texnikada işlədiyi ilk dörd əsər 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş olunub. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın “Bakı-neft paytaxtıdır”, “Abşeron nefti”, “Çənlər parkı”, qarışıq texnikada isə “Neft ehramı”, “Neft saxlancı”, “Neft mədənlərində” əsərlərinin adlarını qeyd etmək olar.
Rəssam, 1960-1970-ci illər yaradıcılığıda yer alan “Buhenvald” (1965-1967), “Sülhün keşiyində” (1970-1972), “Bakı-neft paytaxtıdır” (1967-1970), eləcə də səksəninci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi “Bu bir daha təkrar olmamalıdır” (1982-1983) silsilələrində dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirib.
Cəmil Müfidzadə Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.
Rəssam “Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer almışdır. Topluya “Axırıncı tikan”, “Qurumuş çeşmə başında”, “Əsrlərin görüşü” və “Naməlum səs” əsərləri daxildir.
Cəmil Müfidzadənin digər qrafik silsiləsindən “Şimal”a (1976-1979) “Bəyaz gecələr”, “Şaxta 45 dərəcədədir”, “Şimalın adi günləri”, “Balıqçı adası” lövhələrinin adlarını qeyd etmək olar. Onun “Misir təəssüratları” (2004-2006) silsiləsinə “Tənha yolçu”, “Misir tarixi”, “İki dost”, “Daimi dostlar” tabloları daxildir.
Rəssamın Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunub.
Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qaleriyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P. Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə fırça ustası 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Cəmil Müfidzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Bakı şəhəri Keşlə qəsəbəsi ərazisindən keçən dəmir yollarında aparılan yenidənqurma işləri çərçivəsində içməli su xətlərinin yeri dəyişdirilir.
“Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar 19 dekabr 2019-cu il tarixində gün ərzində Nizami rayonunun Keşlə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Nazirlər Kabinetində aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb.
Məlumata görə, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində:
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə
- buğda;
- arpa;
- qarğıdalı;
- kartof;
- şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə
- portağal;
- limon;
- naringi;
- çay;
- tütün;
- çəltik;
- üzüm;
- fındıq;
- pambıq.
Heyvandarlıq sahəsində:
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -
- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar
Suda yetişdirilən məhsullar üzrə:
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə
- Balıqların sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək.
Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması İnvestisiya risqlərini azaldacaq, fermerlərin himayəsini gücləndirəcək, istehsalı genişləndirmək üçün şəraiti təmin edəcək, məşğulluğa müsbət təsir edəcək, sadalanan məhsulların istehsalında artıma səbəb olacaq, bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə verəcək sığorta bazarını gücləndirəcək.
Bakı Nəqliyyat Agentliyi il ərazində paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə məlumat yayıb.
Agentlikdən verilən məlumatda bildirilir ki, il ərzində paytaxtda pilot layihə kimi 100 metr velosiped yolu inşa edilib:
"Hesabat dövründə həmçinin 675 metrlik piyada səkisi "ideal səki" tələblərinə uyğunlaşdırılıb, 256 avtobus dayanacaq pavilyonu təmir edilib, dəmir yolu keçidlərində 218 yol nişanı quraşdırılıb. Bununla yanaşı, il ərzində 19 ədəd 3.27 yol nişanı 3.28 nişanı ilə əvəz edilib, 21 taksi duracaq məntəqəsi təşkil olunub".