Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • ETSN Bakıdakı qatı dumanın səbəblərini açıqladı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda müşahidə olunan qatı dumanın səbəblərini açıqlayıb.

    Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır:

    "Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir. Bu duman havanın rütubətliliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir.

    Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif küləklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.

    Hazırda müşahidə edilən zəif cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.

    U.Tağıyeva bildirib ki, müşahidə olunan duman smoq deyil.

  • AQTA maarifləndirir - Palma yağı zərərlidirmi?

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Palma yağı” haqqında olacaq.

    Palma yağı məzə-qəlyanaltılardan tutmuş qida və kosmetika sənayesinə qədər dünyada ən geniş istifadə edilən bitki yağlarından biridir. Bu yağ Qərbi Afrika mənşəli palma ağacının meyvəsindən hazırlanır.

    Palma yağının bir növü meyvənin lətli hissəsindən (palma yağı), digəri toxum və ya çəyirdəkdən (palma çəyirdək yağı) alınır. Meyvənin lətli hissəsindən alınan xam palma yağı ümumi palma yağı istehsalının 55% - ni təşkil edir. Palma meyvələrinin emalı zamanı qırılmayan və meyvə lətindən asanlıqla ayrılan palma qozları da yağlarla zəngindir. Doymuş yağ turşularının yüksək nisbətinə görə (50%) palma yağı otaq temperaturunda bərk olur. Nisbətən yüksək ərimə nöqtəsinə malik olduğundan, hətta isti iqlim şəraitində belə qida sənayesində bir çox tətbiq sahəsinə malikdir. Xam palma yağı da antioksidant maddələrdən ibarətdir. Lakin bu molekullar saflaşdırma prosesi zamanı böyük miqdarda itirilir.

    Bu yağdan ilk dəfə 5 min il əvvəl Misirdə mumiyalanma prosedurları üçün istifadə olunub. Sonradan onun istifadəsi Qərbi və Mərkəzi Afrikada yayılıb. Fiziki və kimyəvi xüsusiyyətləri, asan əldə olunması, ucuz olması və neytral dadı sayəsində palma yağının qida sənayesində istifadəsi getdikcə daha da geniş vüsət alır.

    Yüksək istiliyə davamlılıq xüsusiyyətinə sahib olan bu yağ antioksidantlar, karotinlər (A vitamini) və E vitamini ilə zəngindir. Palma yağı beynin funksiyalarının qorunmasına, orqanizmdə A vitaminin artmasına müsbət təsir göstərir.

    Palma yağı trans yağlar kimi zərərli deyil. Belə ki, trans yağ turşuları orqanizmdə təkcə LDL - "pis" xolesterolun və triqliserid səviyyəsini artırmaqla bərabər, həmçinin HDL - "yaxşı" xolesterolun səviyyəsini azaldır. Digər tərəfdən trans yağ turşularının çoxu süni şəkildə hidrogenləşmə yolu ilə alınır. Çoxyönlü yağ və xüsusən "trans yağsız" olması faktı palma yağını heyvanların iç orqanından əldə edilmiş bərk yağlar və ya digər qismən hidrogenləşdirilmiş bitki yağlarının əvəzedicisi halına gətirib.

    Palma yağları ilə bağlı mübahisələrin mənbəyi isə Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) 2016-cı ildə bitki yağları ilə bağlı apardığı tədqiqatdır. Sözügedən tədqiqat nəticəsində EFSA bütün növ bitki yağlarının rafinasiya prosesi zamanı gündəlik normadan artıq qəbul edildikdə insan həyat və sağlamlığı üçün təhlükə yaradabiləcək 2 növ maddənin (3-MCPD, Glycidil yağ efirləri) yarandığını müəyyən edib. Qurum həmin maddələr üçün gündəlik istifadə normasını müəyyənləşdirərək risk dəyərləndirmə fəaliyyətini həyata keçirib. Tədqiqat nəticələrində palma yağlarının rafinasiya prosesi zamanı (qoxu alma mərhələsində) 200 selsi dərəcədən artıq temperatura məruz qaldıqda sözügedən maddələrin digər bitki yağlarına nisbətdə daha çox yaranma ehtimalı olduğu qeyd edilib. Göründüyü kimi, bu tədqiqat bütün növ bitki yağlarını əhatə edir və bitki yağlarının istehsal prosesi zamanı yaranan müəyyən maddələrin gündəlik normaları ilə bağlı tövsiyələri əks etdirir.

    Tədqiqatın nəticələri açıqlandıqdan sonra yanlış təhlil edilərək “palma yağları zərərlidir” kimi mətbuata ayaq açıb və insanlarda əsassız fikirlər formalaşdırılıb.

    Qeyd edilən risklərin idarə edilməsi məqsədilə Avropa Komissiyası 26 fevral 2018 ci ildə “Qida məhsullarında müəyyən çirkləndiricilərin maksimum səviyyəsinin təyin edilməsi” üzrə Təlimata əlavələr edərək qida məhsullarında Glycidil yağ efirlərinin gündəlik istifadə normasını orta yaşlı şəxslər üçün bədən çəkisinin hər kiloqramına 1000 mikroqram, uşaqlar üçün isə 500 mikroqram müəyyən edib. EFSA 2017-ci ildə isə 3-MCPD ilə bağlı gündəlik istifadə norması ilə bağlı tövsiyyəsində dəyişiklik edərək insan çəkisinin hər kiloqramı üçün 0.8 mikroqram olan dəyəri 2 mikroqram səviyyəsinə yüksəldib.

    Onu da qeyd edək ki, palma yağının gündəlik norma çərçivəsində qəbul edilməsi orqanizm üçün təhlükəli hesab edilmir. Belə ki, heyvanlar üzərində aparılan bir sıra tədqiqatlar göstərir ki, bir neçə dəfə təkrar istifadəyə verilən palma yağı antioksidant xüsusiyyətinin azalması ilə əlaqədar aterosklerotik dəyişikliklərə səbəb ola bilər. Siçanlarda 10 dəfə qızdırılan palma yağı ilə bişən yeməyi yedikdən sonra altı ay ərzində aterosklerotik lövhələr və ürək xəstəliklərinin digər əlamətləri inkişafı özünü göstərsə də, yeni palma yağı ilə bişən yemək ilə qidalandıqdan sonra bu simptomlar ilə qarşılaşılmayıb.

    Harvard qidalanma mütəxəssislərinin fikrincə, şübhəsiz olaraq palma yağı tərkibində yüksək miqdarda trans yağ turşusu olan şorteninqlərdən (qızartma məqsədli istifadə olunan yağ) daha yaxşıdır və həmçinin kərə yağı ilə müqayisədə daha doğru seçimdir. Lakin zeytun yağı, qarğıdalı, günəbaxan və raps yağı kimi otaq temperaturunda təbii maye olan bitki yağları ilk seçiminiz olmalıdır.

  • Bu il 267 km uzunluğunda qəsəbədaxili küçə və yol təmir edilib

    Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

    Agentlikdən verilən məlumata görə, bu çərçivədə 2019-cu ilin ilin 11 ayı ərzində Sabunçu rayonunda 91.6 km uzunluğunda 567 min kv.m sahəyə, Xətai rayonunda 17.7 km uzunluğunda 201 min kv.m sahəyə, Yasamal rayonunda 7.4 km uzunluğinda 151 min kv.m sahəyə, Binəqədi rayonunda 26.2 km uzunluğunda 272 min kv.m sahəyə, Səbail rayonunda 14 km uzunluğunda 100 min kv.m sahəyə, Nizami rayonunda 4.4 km uzunluğunda 73 min kv.m sahəyə, Nərimanov rayonunda 10.7 km uzunluğunda 183 min kv.m sahəyə, Xəzər rayonunda 51 km uzunluğunda 363 min kv.m sahəyə, Suraxanı rayonunda 14 km uzunluğunda 104 min kv.m sahəyə, Pirallahı rayonunda 7.3 km uzunluğunda 50 m in kv.m sahəyə, Qaradağ rayonunda 20.6 km uzunluğunda 194 min kv.m sahəyə və Nəsimi rayonunda 2.1 km uzunluğunda 61 min kv.m sahəyə asfalt-beton örtüyü döşənib.

    Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlanma işləri aparılıb.

    Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

    Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

    Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

    Hazırda Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında qəsəbədaxili küçə və yolların təmiri işlər davam etdirilir. İlin sonuna qədər təmir olunacaq küçə və yolların uzunluğu 300 km-ə çatdırılacaq.

    Ümumilikdə isə bu çərçivədə tərtib olunmuş qrafikə uyğun, 2023-cü ilə qədər Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 km yolun təmiri nəzərdə tutulur.

  • Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

    DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq.

    İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 511, BB qrupu üzrə 1756, ümumilikdə isə 2267 namizəd qeydiyyatdan keçib.

    Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

    İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

    İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 212 nəzarətçi‑müəllim, 24 nəfər buraxılış rejimi əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.

    Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    şəxsiyyəti təsdiq edən sənədin əsli;

    “İmtahana buraxılış vərəqəsi".

    Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

    İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

  • YAP Gəncə şəhər təşkilatının fəal gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib

    23 dekabr 2019-cu il tarixdə ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıqla başlayan YAP Gəncə şəhər təşkilatının fəal gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib.

    Məlumata görə, xoş əhval-ruhiyyə ilə aksiyaya qoşulan gənclər şəhərin baş meydanında, park və küçələrində, çoxmərtəbəli binaların həyətlərində YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış, YAP tərəfindən irəli sürülmüş namizədlərin seçki proqramını, seçkiqabağı platformasını əks etdirən bukletləri və digər təbliğat-təşviqat materiallarını seçicilərə paylayıblar.

    Gənclər, həmçinin bukletlə tanış olan şəhər sakinlərinə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, qazanılan uğurlardan bəhs edib, onları 23 dekabrda keçiriləcək Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

    Bukletlər və digər təbliğat-təşviqat materialları ilə yaxından tanış olan seçicilər qarşıdan gələn Bələdiyyə seçkilərində dünənin, bu günün və parlaq gələcəyimizin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

  • Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

    Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 20-si (saat 12:00) başa çatır.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, idarə tərəfindən sənədləri qəbul edilmiş eksternlər 24-25 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

    Qeyd edək ki, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

    Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

  • Azərbaycanın çayı Kanadada ən yaxşı çay adına layiq görülüb

    Azərbaycanın çayı Kanadada ən yaxşı çay adına layiq görülüb.

    Bu barədə açıqlamasında “Yaşıl Çay” MMC-nin rəhbəri Araz Yaqubov bildirib.

    Onun sözlərinə görə, bu təşəbbüs BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilib:

    “Təqribən 3-4 ay əvvəl FAO bizim məkana gəlmişdilər. Onlar buradan gedərkən özləri ilə Azərbaycan çayını apardılar. Çay Kanadada digər çaylarla birgə test yoxlamasından keçirilib. Sonda digərlərinin arasında ən yaxşı çay adına layiq görülüb”.

  • Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı

    2020-ci ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə əlaqədar tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilməsi prosesi gələn il ərzində davam etdiriləcək.

    Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

    Onun sözlərinə görə, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.

    Nazir müavini bildirib ki, Səhiyyə Nazirliyi daim dövlətin səhiyyə siyasətini yürüdür və yürüdəcək: "Pulsuz səhiyyə özünü doğrultmadı. Bu, dövlət üçün böyük yükdür və həddindən artıq problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur".

    R.Əliyev əlavə edib ki, səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, icbari tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək.

  • Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti yenidən Bakı səhnəsində

    Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır.

    Məlumata görə, 13, 15 və 16 mart 2020-ci il tarixdə Heydər Əliyev Sarayında məşhur əsərin təqdimatı keçiriləcək.

    Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

    Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək.

    Tarixi təqdimat üçün Simon Versaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanır.

    Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” əsəri əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət həmin əsəri görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov isə faciəli sevgi və fədakarlıqdan bəhs edən qədim Şərq əfsanəsinə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.

    “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru Niyazi olub.

    Daha sonra tamaşanın Novosibirskdə təqdimatı keçirilib. 1962-ci ilin iyulunda isə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası olub.

    “Məhəbbət əfsanəsi” baleti artıq 60 ilə yaxındır ki, dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya, Yuqoslaviya və digər dövlətlərdə rəğbətlə qarşılanıb.

  • Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq

    Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən daha 22 seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur.

    Mərkəzdən verilən məlumata görə, “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında quraşdırılacaq.

    Hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyalar işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.

    Qeyd edək ki, RSXM-də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.