Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda V Beynəlxalq Avrasiya Risk konfransı keçirilir

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təbii və texnogen risklərin minimallaşdırılması üzrə innovasiyalar” mövzusunda V Beynəlxalq Avrasiya Risk konfransı öz işinə başlayıb.

    Report xəbər verir ki, tədbirdə bir çox ölkələrdən aparıcı mütəxəssislər iştirak edir.

    Konfransda Nobel Sülh Mükafatı Laureatı professor Svyatoslav Timaşevməruzəçi qismində dəvət olunub. O, risk qiymətləndirməsinə əsaslanan fənlərarası tədqiqatlardakı son tendensiyalar, kritik və strateji infrastrukturların idarə edilməsi mövzusunda məruzə ilə çıxış edib.

    Oktyabrın 19-na qədər davam edəcək V Beynəlxalq Avrasiya Risk konfransı ADDA, “AMİR Technical Servises” şirkəti, Paris dağ-mədən məktəbi, Milan Politexnik Universiteti, Honqkonq Şəhər Universiteti, Dayanıqlılıq üzrə Beynəlxalq Qrup – ABŞ-nin Qnedenko Forumu , Avrova Təhlükəsizlik və Dayanıqlılıq Assosiasiyası və Qingdao Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunub.

  • Bakıda “Harika Kanatlar - Viking” musiqili-interaktiv tamaşası təqdim olunacaq

    Heydər Əliyev Sarayında Türkiyə (Ankara) teatrının təqdimatında “Harika Kanatlar-Viking” musiqili-interaktiv tamaşa təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, musiqisi və ssenarisi peşəkar qrup tərəfindən hazırlanan və uşaqların sevgisini qazanan yeni “Harika Kanatlar - Viking” musiqili-interaktiv tamaşa noyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.

    Yalnız bir gün və iki seans olacaq musiqili-interaktiv tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

    Saat 12:00 və 15:00-da baş tutacaq möhtəşəm, interaktiv, əyləncəli “Harika Kanatlar - Viking” ailəvi musiqili-interaktiv tamaşanın biletlərini şəhərimizin kassalarından əldə edə bilırsiniz.

  • Azərbaycan və Çin enerji sahəsində Anlaşma Memorandumu imzalayıb

    Azərbaycan Energetika Nazirliyi və Çinin Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

    Reportun Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, memorandum “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşündə imzalanıb.

    Görüş zamanı elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.

    Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.

    Həmçinin, görüşdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində və ikitərəfli formatda iki ölkə arasında münasibətlərin inkişafına dair müzakirələr aparılıb. “Bir kəmər, bir yol”u ilk gündən dəstəkləyən Azərbaycanın müxtəlif layihələrlə bu qlobal təşəbbüsün reallaşmasına töhfələrindən danışılıb.

    “Dövlət başçılarının dostluğu və strateji baxışlarının münasibətlərimizin hərtərəfli inkişafını təşviq etdiyi, əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib. Çinə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Azərbaycan və digər mənşəli xam neft, neft məhsulları, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatı, ölkəmizin apstrim, daunstrim layihələrində və elekroenergetika sektorunda Çin şirkətlərinin iştirakı uğurlu enerji əməkdaşlığının nümunələri kimi qeyd edilib.

    Enerji sahəsində Çin şirkətləri ilə uzunillik əlaqələrin “yaşıl enerji” layihələri və “yaşıl texnologiya”lar üzrə əməkdaşlıqla yeni inkişaf mərhələsinə daxil olduğu bildirilib. Bu xüsusda, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakından, “China Gezhouba Group Overseas Investment” şirkəti ilə Azərbaycanda QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıqdan bəhs edilib. “SOCAR Trading” şirkətinin Çin bazarında fəaliyyətini genişləndirmək perspektivləri ilə bağlı müzakirələr aparılıb.

  • Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür

    Görkəmli bəstəkar, qayğıkeş pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayevin anadan olmasının 97-ci ildönümü tamam olur.

    AZƏRTAC xəbər verir ki, Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və musiqi mədəniyyətimiz tarixində öz dəst-xət ilə seçilən sənətkarlardan olub.

    1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olan R.Mustafayev bir il sonra ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1940-cı ildə natamam orta təhsilini başa vuraraq, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq şöbəsində, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal, 1953-1957-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali təhsil alıb.

    Əmək fəaliyyətinə 1942-ci ildə Gənc Tamaşaçılar Teatrında başlayan Ramiz Mustafayev 1943-1948-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub, 1948-ci ildən ömrünün sonunadək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivində xormeyster, baş redaktor və bədii rəhbər vəzifələrində çalışıb. O, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.

    Bəstəkarın ümumən xalq sənətinin tükənməz xəzinəsindən qidalanan yaradıcılığına məzmun dolğunluğu və forma rəngarəngliyi xasdır. Vətən sevgisinin tərənnümü onun altmış ildən artıq bir dövr ərzində aktual mövzularla zəngin və çoxşaxəli fəaliyyətinin başlıca qayəsini təşkil edib. Sənətkarın tarixi keçmişimizə dərin maraq oyadan “Vaqif” operası Azərbaycan Dövlət Opera və Balet Teatrında uğurlu səhnə həyatı yaşayıb.

    Ramiz Mustafayevin əsərləri – opera və musiqili komediyaları, oratoriya və kantataları, vokal-simfonik poemaları, simfonik və kamera musiqiləri, marş, mahnı və romansları müasir musiqi mədəniyyətimizin nailiyyətləri sırasındadır. Fitri istedadın məhsulu olan bu sənət nümunələri həmişə rəğbət və məhəbbətlə qarşılanıb və ölkəmizin hüdudlarından uzaqlarda da müvəffəqiyyətlə ifa edilərək, müəllifinə şöhrət gətirib. Bəstəkarın vokal əsərləri unudulmaz ifaçılarımızın repertuarında səslənərək populyarlıq qazanıb.

    Ramiz Mustafayev uzun illər Azərbaycan Televiziyası və Radiosu xorunun rəhbəri olaraq, ölkəmizdə bu musiqi janrının inkişafı yolunda böyük əmək sərf edib. O, xor üçün neçə-neçə yaddaqalan əsər bəstələyib və 250-yə yaxın xalq mahnısını və təsnifi işləyib. Professional musiqi sənətimizin görkəmli nümayəndələrindən olan bəstəkar həm də tanınmış dirijor idi.

    Ramiz Mustafayevin respublikamızda musiqi kadrlarının yetişdirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyəti də təqdirəlayiqdir. O, ayrı-ayrı illərdə Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində özünün bilik və təcrübəsini əsirgəməyib.

    Ramiz Mustafayev milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

    Ramiz Mustafayev 2008-ci il aprelin 10-da vəfat edib.

  • Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 100 il ötür

    Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 98-ci ildönümü tamam olan Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı kimi tanınmaqla yanaşı, Müşfiq sevgisini hər bir azərbaycanlıya çatdırmaqla özü də millətin sevimlisinə çevrildi.

    Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.

    Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.

    Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir.

    Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.

    Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.

    Gülhüseyn Hüseynoğlunun, eyni zamanda, tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmətləri vardır. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Onun xüsusən böyük şairin poetik irsinə dair çoxsaylı axtarışları, eləcə də digər araşdırmaları həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Yazıçının dərin bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə səciyyələnən əsərləri bir sıra dillərə tərcümə olunaraq nəşr edilib.

    Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.

    Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.

    Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat etsə də, Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaq.

  • Milli Kitabxanada “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub

    Milli Kitabxananın əməkdaşları tərəfindən TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Haqqında”, “Görkəmli şəxslər TÜRKSOY haqqında”, “Üzvlər”, “TÜRKSOY-un nəşrləri”, “Məqalələr”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

    Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/TURKSOY/index.html linkindən istifadə edə bilər.

    Həmçinin Azərbaycan Milli Kitabxanasında “Türk dünyası ədəbiyyatı (TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunur)” adlı ənənəvi kitab sərgisi açılıb.

    Sərgidə Milli Kitabxananın fondundan TÜRKSOY-a üzv olan 6 ölkənin Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın kitabları, TÜRKSOY-un nəşrləri nümayiş olunur.

    Sərgi bir həftə davam edəcəkdir.

    Qeyd edək ki, Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə parlaq səhifələr yazıb. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY təqdirəlayiq xidmətlər göstərir. Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

    Azərbaycan TÜRKSOY-a dəstəyini hər zaman ifadə edib, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışıb. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin göstəriciləridir.

  • V Məmməd Araz Poeziya Günləri başlayıb

    Məmməd Arazın anadan olmasının 90 illiyi ilə əlaqədar Birinci Fəxri xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, V Məmməd Araz Poeziya Günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və xalq şairinin ailə üzvləri və qohumları iştirak ediblər.

    Universitetin tələbələri Məmməd Araz məzarı üstə şairin şeirlərindən və mahnılarından ibarət kompozisiya təqdim ediblər.

    Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya Günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.

    Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər.

    Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

  • “Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Tovuzda keçiriləcək

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Tovuz rayonunda keçiriləcək.

    Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birlik İqtisadiyyat Nazirliyinin tabeliyindəki kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuzda görüşü təşkil olunacaq.

    Aksiya Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 18-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

    İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

  • Şimali Kipr Prezidenti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub

    Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

    AZƏRTAC xəbər verir ki, ziyarət zamanı Ersin Tatar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

    Görüşdə 2022-ci il noyabrın 11-də keçirilən Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi dövləti statusunu əldə etdiyini deyən Prezident Ersin Tatar zəngin Türk tarixi, mədəniyyəti, ədəbiyyatı və musiqisindən söz açaraq, ölkəsinin və xalqının Türk dünyasının bir parçası olduğunu vurğulayıb.

    O, Şimali Kipr Türk Respublikasının tezliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyət göstərdiyi ölkələr sırasında yer alacağına ümid etdiyini bildirərək, bu vasitə ilə təşkilatla birgə müxtəlif layihələrə imza atılacağını qeyd edib.

    Söhbət zamanı Fondun prezidenti Günay Əfəndiyeva ortaq soy-kök, adət-ənənə, dil, folklor, din kimi amillərin Türk dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələrinin təməlində dayandığını, Türk dünyasının birgə gələcəyi üçün möhkəm zəmin yaratdığını bildirib. Günay Əfəndiyeva çoxəsrlik Türk mədəni irsinin qorunması və nəsillərdən nəsillərə ötürülməsi istiqamətində Fondun genişmiqyaslı fəaliyyəti və beynəlxalq layihələri haqqında məlumat verib.

    Görüş qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam edib.

  • Suqovuşan istirahət parkının ikinci mərhələsində körpü salınması planlaşdırılır

    Suqovuşan istirahət parkında birinci mərhələ ilə bağlı işlər artıq başa çatıb. Gələcəkdə burada əyləncə növləri üzrə zonalar yaratmaq nəzərdə tutulur.

    Bu barədə AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.

    Onun sözlərinə görə, ikinci mərhələdə parkda piknik zonalarının yaradılması, körpü salınması planlaşdırılır.