Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Vokalçıları Festivalı çərçivəsində açıq ustad dərsi keçirilib

    Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında vokal kafedrasının dosenti, əməkdar artist Anar Şuşalının tələbələri ilə açıq ustad dərsi keçirilib.

    Məlumata görə, təlim zamanı vokal sənətinin sirlərindən bəhs olundu, tələbələrin sualları cavablandırılıb.

    Açıq ustad dersindən sonra Milli Konservatoriyanın müəllim və tələbələrinin ifalarından ibarət konsert təqdim olunub. Ön sözlə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edib. Festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət kanalının direktoru Ramil Qasımov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb, Azərbaycanda ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətindən danışıb. Konsertdə Azərbaycan və dünya klassik inciləri ifa olunub. Konsertdə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Zemfira İsmayılova, Aygün Zeynalova, Əliəhməd İbrahimov, Konservatoriyanın tələbələri çıxış ediblər.

  • Bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlanacaq

    Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə orta tibb işçiləri hazırlananacaq. Bu da regionlarda, kəndlərdə, daha ucqar yerlərdə kadrlara olan ehtiyacı ödəməyə kömək edəcək.

    Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda konfransda deyib.

    Onun sözlərinə görə, əksər Avropa ölkələrində ictimai səhiyyə üzrə orta tibb kadrları hazırlanır:

    "Onlar adi orta tibb işçisindən fərqi olaraq, daha geniş bilik və bacarıqlara malikdir və profilaktik iş apara bilirlər. Azərbaycanda da belə kadrların hazırlanmasına ehtiyac var və artıq bu sahədə işlərə başlanılıb. Azərbaycan Tibb Universitetində bakalavriat səviyyəsi üzrə hazırlanacaq orta tibb kadrları da profilaktik tədbirlər apara biləcəklər".

  • "Bank Respublika" “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinə dəstək verib

    Korporativ sosial məsusliyyət layihələrinə xüsusi önəm verən "Bank Respublika" ölkəmizdə həyata keçirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinə öz töhfəsini verib.

    Bankdan verilən məlumata görə, Bankın əməkdaşları noyabr-dekabr aylarında Bakı şəhərində və regionlarda yerləşən 25 məktəbdə 1000-ə yaxın şagirdə banklarda kreditlərin verilməsinin əsasları haqqında təlimlər keçmiş, onları maraqlandıran sualları cavablandandırıb.

    Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan) həyata keçirdiyi layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır.

    Bankdan verilən məlumata əsasən, qurumnövbəti ildə də maliyyə savadlılığıının artırılması, təhsil və digər sosial layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

    Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

  • Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib

    Azərbaycan Vokalçıları Festivalı uğurla davam edir.

    18 dekabr tarixində axşam saat 19:00-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində XX əsr Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib.

    Məlumata görə, gecədə əməkdar artistlər Anar Şuşalı, Səidə Şərifəliyeva, Nadir Xasıyev, Zenfira İsmayılova, İlahə Əfəndiyeva və başqalarının ifasında mahnı və romanslar səslənib.

    Konsert proqramı canlı efirdə Azərbaycan Televiziyasının Mədəniyyət Kanalından yayımlanıb. Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Azərbaycanda pensiya yaşına çatan şəxslər üçün ahıllar mərkəzləri yaradılacaq

    Azərbaycanda pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzinin yaradılması nəzərdə tutulur.

    Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

    Nazir hesab edir ki, bu mərkəzlərin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük bir dəstəkdir.

    Onun fikrincə, bu şəbəkə bütün rayonları əhatə etməlidir: "Ölkənin ən azı 60 rayonunda Ahıllar Mərkəzinin yaradılmasına çox ciddi ehtiyac var. Surdioloji Mərkəzlərin sayı cəmi 10-15-dir. Görmə qabiliyyəti zəif olan uşaqlar üçün Mərkəzlərin sayı da bu qədərdir. Bunların hər biri hər rayonda olmalıdır. Günərzi Mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır. Bir Günərzi Mərkəzi yaxşı halda 30-50 uşağa xidmət edə bilir. Aydın məsələdir ki, 30-50 uşağa xidmət edən Günərzi Mərkəzi 1-2 kəndin ehtiyacını ödəyə bilir, bütöv rayonunsa ehtiyacını ödəyə bilmir. Ona görə də bütün təşəbbüsləri dəstəkləyirik və birgə əməkdaşlıq göstərməkdə maraqlıyıq. Düşünürəm ki, həm qanunvericiliyin inkişaf etdirilməsi, həm də ortaq layihələrlə bu seqmenti daha da artıra bilərik".

  • Evlərdə ehtiyacı olanlara sosial xidmətlərin göstərilməsi mexanizmi təkmilləşdiriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyacı olan şəxslərə evlərində sosial işçilər tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı yeni model üzərində işləyir.

    Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

    Onun sözlərinə görə, tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara sosial işçilər tərəfindən evlərində xidmət göstərilir:

    "İl ərzində nazirliyin 1000 yaxın sosial işçisi tərəfindən təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində xidmət göstərilir. Hazırda bu istiqamətə uyğun olaraq, yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək".

  • Azərbaycanlı fotojurnalist Hələb şəhərində Nəsiminin qəbrini ziyarət edib

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov (Əzim) 28 noyabr – 3 dekabr tarixlərində Suriyanın Hələb şəhərində ezamiyyətdə olub.

    Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.

    Trend-in məlumatına görə, fotoqraf, böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.

    Orxan Əzimov bildirir ki, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqrafın sözlərinə görə, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.

    Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.

    Orxan Əzimovun dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.

    Qeyd edək ki, “Mədəniyyət” qəzetinin fotomüxbirinin Hələb şəhərinə səfəri zamanı “Nəsimi ili”nə töhfə olaraq ərsəyə gətirdiyi fotoşəkillərin Mədəniyyət Nazirliyi tərəfindən yaxın günlərdə sərgisi təşkil ediləcək.

    Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və Azərbaycanın böyük və şair mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.

  • Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunub

    Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib.

    Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Əminə Dilbazinin ömür yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

    Gecədə Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “Ləzginka” Dağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alanya), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış ediblər.

    Xatırladaq ki, Prezident İlham Əliyev bu il sentyabrın 4-də tanınmış rəqqasənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

  • “CinemaPlus” ad gününü qeyd edir

    Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” 17 dekabr tarixində öz ad gününü qeyd edir.

    Trend-in məlumatına görə, hər il olduğu kimi bu ildə kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayır.

    Məhz 17 dekabr “Qış nağılı”, “ŞaBaş” və ya “Jumanji: Yeni mərhələ” filmlərinə bilet əldə edən zalda gizlədilmiş hədiyyələri almaq şansı qazanacaqlar! Hədiyyələr yuxarıda qeyd olunan filmlərin günboyu “28 Mall”, “Ganjlik Mall” və “Azerbaijan Cinema” filiallarında nümayiş olunan seanslarında veriləcək. “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman tamaşaçılarına xoş sürprizlər etmək, kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə və həqiqətən ailəniz, dostlarınız və yaxınlarınızla vaxt keçirə biləcəyiniz sevimli istirahət məkanı olmağa hazırdır.

  • Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına salınıb

    Azərbaycanın üç tarixi məkanı İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.

    Trend-in məlumatına görə, Mərakeşin paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, ölkəmizin İçərişəhər (Qız Qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb. Ümumiyyətlə, 117 tarixi və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına, Yəməndə yerləşən 3 abidə isə İslam ölkələrində dağılmaq təhlükəsi olan abidələr siyahısına salınıb.

    Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması və qorunması sahəsində fəaliyyətin gücləndirilməsini hədəfləyir.