Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Vladimir Zelenskinin rəsmi qarşılanma mərasimi olub

    Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

    Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.

    Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

    Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.

  • Qobustanda tikilən Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək

    Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Qobustan rayonunda tikilən Sosial Adaptasiya Mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək.

    Trend-in məlumatına görə, bunu “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

    Onun sözlərinə görə, dövlət başçısının tapşırıqları əsasında son illərdə yeni istiqamətlər üzrə fəaliyyət göstərən bir sıra sosial xidmət müəssisələri, habelə Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb:

    "Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı isə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsini təmin edib. Nazirliyin sosial sifarişləri əsasında uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb".

  • Güzdək-Sahil dəmir yolunun təmiri ilə Sumqayıt-Bakı arasında sıxlıq aradan qaldırılacaq - Cavid Qurbanov

    Sumqayıt-Bakı arasında sıxlıq ona görədir ki, Sumqayıt-Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur.

    Məlumata görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

    C.Qurbanov bildirib ki, bu sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

    O qeyd edib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmir etdirilməsi nəticəsində Bakı xətti yalnız sərnişindaşıma üçün istifadə olunacaq.

    C.Qurbanov əlavə edib ki, yeni qatarlar gələcək və yaxın zamanlarda sıxlıq aradan qaldırılacaq.

  • Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb

    Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb.

    Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

    C.Qurbanov bildirib ki, Bakı-Quba-Rusiya sərhədində olan yola Asiya İnkişaf Bankından kredit ayrılıb, Türkiyə və Qazaxıstanın şirkətləri ilə bərabər işlər aparılacaq.

    QSC sədri qeyd edib ki, Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb.

    Onun sözlərinə görə, Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən keçəcək:

    “Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".

  • Hesab.az daha bir yenilik ilə istifadəçiləri sevindirir!

    Bildiyimiz kimi ötən ilin sentyabr ayında Hesab.az yenilənərək istifadəyə verilmişdi. Hesab.az komandası olaraq bu bir il ərzində istifadəçilərimizin müraciət və təkliflərinin hər birini nəzərə aldıq və keçən həftədən etibarən Hesab.az veb səhifəsi və mobil görünüşün interfeysində təkmilləşdirmə işləri edilərək yeni dizayn ilə istifadəyə verildi.

    Yeni interfeys ilə Hesab.az veb səhifəsi və mobil görünüşündə birbaşa ödəniş, saxlanılan və avtomatik ödənişlər, ödəniş tarixçəsi, icbari avto sığorta və səyahət sığortaının alışı və bu kimi digər yararlı xidmətlər ana səhifədə yer alıb ki, bu da ödəmələrin daha sürətli edilməsini təmin edir. Bundan əlavə yeni interfeysi ilə istifadəyə verilmiş Hesab.az veb səhifəsi indi daha rahat və ən əsası ödənişlər daha təhlükəsizdir.

    Hesab.az tək interfeys dəyişimi ilə deyil, eləcə də yeni ödəniş xidmətləri və kampaniyalar da təqdim edir və istifadəçilərin marağını qoruyur. İstifadəçilərimizə təqdim edilən yeni funksiya ilə kartı nəinki Hesab.az-da, həm də Masterpass altında kartı yaddaşda saxlaya bilir və növbəti ödəniş zamanı məlumatları təkrarən qeyd etməyə ehtiyac qalmır. Bununla belə hazırda Hesab.az-da Masterpass kampaniyası ilə istifadəçilər 31 Dekabradək minimum 20 AZN ödəniş edib, endirim əldə edir və Hesab.az-da Xalq Bankın dəstəyi ilə 20 Dekabradək istifadəçilərimiz PULSUZ Xalq Bank Visa Classic debit kartı əldə edə bilirlər.

    Hesab.az istifadəçilərin müraciətlərini nəzərə alaraq, növbəti il üçün bonuslarla bağlı və loyallıq proqramı üzrə bir sıra planlar edir, həmçinin Hesab.az mobil tətbiqində təkmilləşdirmə işləri aparılır. Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.

    Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb.

    Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

    2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

  • Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılması müzakirə olunacaq

    Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirəsi nəzərdə tutulur.

     Məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, dekabr ayının 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq:

    “Keçiriləcək görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yollarından nümayəndələr iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu, yeni marşrut xətti ola bilər”

  • UNEC tələbələrindən “Nəsimi ili”nə növbəti töhfə: Nəsimi yaradıcılığının rəsmlərdə inikası

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunan rəsm əsərləri “İçərişəhər” metrostansiyasının vestibülündə sərgilənib.

    UNEC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Texnologiya və dizayn fakültəsinin tələbələrinin və UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin Nəsiminin zəngin irsini əks etdirən 14 rəsm əsəri nümayiş etdirilib.

    Layihə UNEC-in tələbələrinin yaradıcı potensialının geniş ictimaiyyətə çatdırılması və elmi-mədəni dəyərlərin təbliği məqsədilə təşkil olunub. Dahi şair Nəsiminin həyat və yaradıcılığını əks etdirən rəsm əsərləri yerli sakinlərlə yanaşı, turistlərin də böyük marağına səbəb olub. Ziyarətçilərə Nəsiminin yaradıcılığı və əsərlərin mahiyyəti barədə ətraflı məlumat verilib.

    Sərgi zamanı UNEC Yaradıcılıq Mərkəzinin üzvləri tərəfindən Nəsiminin qəzəllərinə bəstələnmiş muğam kompozisiyaları da səsləndirilib.

  • Bakıda tramvay xətlərinin bərpası ilə bağlı xarici şirkətlərə müraciət edilib

    "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

    Trend-in məlumatına görə, C.Qurbanov mətbuat konfransında bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir az çətindir:

    “Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə ziyan vurublar. Onun yerinə xətlər tikmək bir az çətindir. Ancaq bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Baxaq, görək nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədli, Nasoslu, Maştağa, Pirallahı tərəfə xətlər çəkilə bilər”.

  • "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “Formula 1 Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə keçirdiyi fotomüsabiqədə artıq istənilən fotoqraf iştirak edə bilər.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, bu dəyişikliyə səbəb müsabiqəyə kütləvi informasiya vasitələrindən kənarda fəaliyyət göstərən fotoqraflardan əməliyyat şirkətinin ünvanına gələn çoxsaylı müraciətlər olub.

    Həmçinin əməliyyat şirkəti artan rəqabəti nəzərə alaraq müsabiqənin daha səmərəli şəkildə baş tutması üçün əvvəl elan etdiyi qaydalara daha bir neçəsini əlavə edib.

    Müsabiqənin müddəti 31 yanvar 2020-ci il tarixinədək uzadılıb. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı fotoları elektron formada media@bakugp.az email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

    İştirakçılardan müsabiqəyə müraciət edərkən aşağıdakı qaydalara tam əməl etmələri xahiş olunur.

    Müsabiqədə iştirak qaydaları:

    ✔ Müsabiqədə istənilən fotoqraf iştirak edə bilər.

    ✔ Fotolar Bakıda keçirilən Formula 1 yarışları zamanı çəkilməlidir və iki kateqoriya üzrə qəbul olunur: trek üzərində və trek ətrafında (axşam konsertlərindən çəkilən şəkillər qəbul olunmur).

    ✔ Hər bir fotoqraf müsabiqəyə iki kateqoriya üzrə birlikdə ən çox 4 ədəd foto təqdim edə bilər.

    ✔ Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda təqdim edilməlidir.

    ✔ Fotolar jpg/jpeg formatında, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmamaq şərti ilə təqdim edilməlidir.

    ✔ Təqdim edilən fotolar müəllifə məxsus olmalıdır. Lazım gəldikdə fotonun orijinal nüsxəsininin təqdim edilməsi istənilə bilər. Başqa bir şəxsə aid olan və ya internetdən yüklənilən fotoların yollanılması qəti qadağandır.

    ✔ Fotonun üzərində heç bir ad, simvol, loqo və ya su nişanı olmamalıdır. Belə olduğu təqdirdə fotolar müsabiqəyə qəbul edilməyəcəkdir.

    ✔ Hər bir fotoya əlavə olaraq müəllif və fotonun adı, məkan, tarix və təqdim olunduğu müsabiqə kateqoriyası (trek üzərində və trek ətrafında) qeyd olunmaqla fotoya dair qısa yazılı təsvir verilməlidir.

    ✔İştirakçı müsabiqədə iştirak etməklə göndərdiyi fotoların əməliyyat şirkətinin əlaqədar tədbirlərində, rəsmi onlayn səhifələrində və çap resurslarında istifadəsinə etiraz etmədiyini təsdiqləyir. Müəllif hüquqlarının qorunacağına dair zəmanət verilir.

    ✔ Hər kateqoriya üzrə 1 qalib seçiləcək və hər iki kateqoriya üzrə ilk üçlükdə yer alan fotoların müəllifləri mükafatlandırılacaqlar.

    ✔ Müsabiqə təşkilatçılarının qaydalara uyğun davranmayan iştirakçıları müsabiqədən kənarlaşdırmaq hüququ vardır.

    ✔ Şəkillər münsiflər tərəfindən texniki və kreativ göstəricilərə görə qiymətləndiriləcək.

    ✔ Fotolar üzərində cüzi redaktə qəbul olunur, lakin fotomantaj və xüsusi filterdən istifadə qadağandır.

  • İpoteka və kreditlər üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək

    Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. 

    Agentlikdən verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

    Bundan sonra ipoteka və kreditlərlə bağlı standart aylıq ödəniş, müddətin qısaldılması ilə aylıq ödənişin saxlanılıması üçün əlavə ödəniş,müddətin saxlanılması ilə aylıq ödənişin azaldılması üçün əlavə ödəniş, kreditin bağlanılması üçün tam ödəniş, zəmanət haqqı, əmlak sığortası ödənişi,həyat sığortası üzrə ödəniş, əmlak sığortası üzrə əlavə ödəniş, fərdi qəza (həyat) üzrə əlavə ödəniş, aylıq kirayə ödənişi və borcun bağlanılması üçün tam ödəniş kimi ödənişləri “ASAN ödəniş” sistemi vasitəsilə ödəmək mümküdür.

    Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

    Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 9 hüquqi şəxs və 2 özəl təşkilat olmaqla, 223 qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 570 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

    Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.