"Google" şirkəti istifadəçilərin 2019-cu il üzrə axtarışlarını təhlil edərək dünyanın ən arzuolunan səyahət yerlərinin siyahısını dərc edib.
"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, "Search in Year 2019" araşdırmasının tam nəticələri "Google Trends" səhifəsində dərc olunub.
Reytinqdə ilk pilləni Maldiv adaları tutub. TOP-5-də həmçinin Yaponiya, Fransa Polineziyasındakı Bora Bora adaları, ABŞ-ın Las-Veqas şəhəri və Meksikanın paytaxtı Mexiko şəhəri yer alıb.
Dövlət Turizm Agentliyi Asiya-Sakit Okean Turizm Assosiasiyasına (PATA) üzv qəbul edilib.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən bildiriblər.
Qeyd olunub ki, beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır. Dünya üzrə 95 dövlət təşkilatı, 27 beynəlxalq hava yolu şirkəti, hava limanı və kruiz təşkilatı, 108 qonaqpərvərlik şirkəti, 68 təhsil müəssisəsi və yüzlərlə turizm şirkəti daxil olmaqla, ümumilikdə 800-dən çox üzvə malik olan təşkilat 1951-ci ildən bəri fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə etdiyimiz Asiya-Sakit okean bölgəsi bizim üçün əsas bazarlardan biridir:
“Əlbəttə ki, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə və Azərbaycan ilə Asiya-Sakit okean regionu arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla, bu artıma dəstək və töhfə vermək istəyirik”.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın turizm potensialının Asiya regionunda təbliğ edilməsi və turistlərin cəlb edilməsi istiqamətində genişmiqyaslı təbliğat işləri aparılır.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA Fəlsəfə İnstitutunun böyük elmi işçisi f.f.d., dosent Anar Qafarov İslam dünyasının dahi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin vəfatının 746-cı ildönümü münasibətilə Konya şəhərində Türkiyə Respublikası Səlcuq Universiteti Mövlanə Tədqiqatlar Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzinin birgə keçirdiyi “Həzrət Mövlanə və mədəniyyətlərdə vəfa” mövzusunda beynəlxalq konfransda iştirak edib.
İlahiyyat İnstitutundan verilən məlumata görə, konfransda Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən alimlər də iştirak ediblər. Atatürk Mədəniyyət Mərkəzinin direktor müavini dr. Adem Uzunun açılış nitqi ilə başlayan konfrans, daha sonra Mövlanə Araşdırmaları İnstitutunun müdiri prof. dr. Ali Temizel, Səlcuq Universitetinin rektor müavini prof. dr. Ahmet Kaan Karabulut, prof. dr. Kadir Güldiken və Konyanın millət vəkili prof. dr. Hacı Ahmet Özdemirin “Mövlanə və mədəniyyətlərdə vəfa” məzmunlu məruzələri ilə davam edib.
Dosent Anar Qafarov “Əxlaqın mənbəyi müstəvisində Mövlanə yaradıcılığının təhlili” mövzusunda məruzə edib. A. Qafarov məruzəsində Mövlanənin əxlaq düşüncəsini metafizik, epistemoloji, psixoloji və sosioloji aspektlərdən analiz edib, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə şərh edib. O, Mövlanə Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edərək, dahi mütəfəkkirə görə əxlaqi propozisiyaların mənbəyi problemini metafizik, epistemoloji və psixoloji müstəvidə müzakirə obyektinə çevirib.
Dosent A. Qafarov məruzəsi əsnasında Mövlanənin “Divani-Kəbir”, “Məsnəvi” və “Fihi ma fih” adlı əsərlərində yer alan bir neçə metaforadan nümunələr gətirib.
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 18-də hava əsasən yağmursuz keşəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara xidmət göstərən sosial işçi mexanizmini daha da təkmilləşdirəcək".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu mexanizm vasitəsilə nazirliyin 1000-ə yaxın sosial işçisi ehtiyacı olan 10 min şəxsə evlərində xidmət göstərir: "Hazırda bu istiqamətdə yeni model üzərində işlənilir. Beynəlxalq təcrübəyə uyğun şəkildə ehtiyacı olanlara evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək".
S. Babayev xatırladıb ki, bu gün nazirliyin tərkibində 15 növ sosial xidmət var.
Prezident İlham Əliyevin dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar Azərbaycanda vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Report"a verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun sosial müavinətlər sisteminin daha da təkmilləşdirilməsinə yönəlməklə, həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır.
Nazirlikdən bildirilib ki, qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur.
Belə ki, mövcud qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ailə başçısını itirdikdə, yaxud ailə başçısını itirmiş uşaq sağlamlıq imkanları məhdud hesab edildikdə iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər. Bu da həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm önəm kəsb edir.
“Sosial müavinətlər haqqında” qanunda əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, bəzi hallarda ailəyə hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının adambaşına düşən aylıq məbləği ailə başçısını itirməyə görə aylıq sosial müavinətin məbləğindən aşağı olur. Lakin buna baxmayaraq, qanun əmək pensiyası hüququ yarandığı üçün yalnız pensiyanı almağa icazə verirdi. “Sosial müavinətlər haqqında” Qanunda yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik də ailə başçısını itirmiş ailəyə bu seçim hüququnu verir.
Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Belə ki, dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur.
“Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gəncləri arasında Nəsimi kuboku” layihəsinə yekun vurulub.
Üç ay müddətində icra olunan layihə çərçivəsində Beyləqan, Füzuli, Laçın, Bərdə, Tərtər, Xocavənd, Ağdam, Ağcabədi rayonlarında və Cocuq Mərcanlı kəndində intektual yarışlar reallaşdırılıb.
İntellektual yarışların final turniri Cocuq Mərcanlı kəndində baş tutub. Layihənin yekun tədbirində Birliyin sədri Tural Əliyev, Cəbrayıl rayonunun icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Məhəmməd Mehdiyev, məktəb direktorları və müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan F. İbayeva həyata keçirilən layihənin həmçinin Cəbrayıl rayonunu da əhatə etdiyini müsbət qiymətləndirərərk layihənin məktəblilərə verdiyi töhfələri qeyd etdi. Birliyin sədri T. Əliyev Prezindent İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Gənclər Fondunun fəaliyyəti və gənclər üçün yaratdığı imkanlar haqqında iştirakçılara geniş məlumat verdi. Daha sonra 1-ci yeri əldə etmiş Cəbrayıl rayon məktəbinin, 2-ci yeri qazanmış Füzuli rayon məktəbinin və 3-cü yerə çıxmış Beyləqan rayon məktəbinin şagirdləri həvəsləndirici sertifikat, qiymətli hədiyyələr və kuboklar ilə təltif olundular.
12-ci qrant müsabiqəsinin qalibi olmuş layihənin əsas məqsədi məcburi köçkün məktəbliləri arasında intellektual oyunlar vasitəsilə İmadəddin Nəsimi irsinin daha geniş coğrafiyada təbliğinə dəstək olmaqdan ibarət idi. Layihə çərçivəsində region gəncləri arasında özündə tariximizi, milli-mənəvi dəyərlərimizi və Qarabağ həqiqətlərini əks etdirən suallardan ibarət olacaq “Nə? Harada? Nə zaman?” intellektual yarışlar keçirilmişdir.
Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:
Bakı-Antalya-Bakı - 169 avro
Bakı-İstanbul-Bakı - 179 avro
Bakı-Ankara-Bakı - 189 avro
Bakı-Almatı-Bakı - 189 avro
Bakı-Tel-Əviv-Bakı - 229 avro
Bakı-Berlin-Bakı - 269 avro
Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
Bakı-Milan-Bakı - 289 avro
Bakı-London-Bakı - 389 avro
Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.
Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.
Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.
Uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.
Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə callcenter@azal.az elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.
Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 17-də Azərbaycana səfərə gəlib.
Dastanbek Jumabekovi Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
GALA OPERA BAKU" "Yeddi Gözəl" ("Seven Beauties") beynəlxalq layihəsini təqdim edəcək.
"Report" xəbər verir ki, tədbir gələn il fevralın 29-da Heydər Əliyev sarayında keçiriləcək.
Bu, bir səhnədə yeddi opera divasını birləşdirən unikal konsert layihəsidir. Konsert "by Sultan Couture" brendinin yaradıcısı, məşhur rusiyalı kutyure Orxan Sultanın yubileyinə həsr ediləcək.
Qeyd edək ki, Orxan Sultan yalnız kostyum dizayneri, dekorator yox, eyni zamanda Rusiya Dizaynerlər İttifaqının, Parisdəki Rus Rəssamlar Birliyinin üzvü, habelə moda sənayesi sahəsində beynəlxalq mükafatların laureatıdır.