Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçiriləcək

    “Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçiriləcək.

    21 Dekabr tarixində “Pullman Hotels and Resorts” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Qış Nağılı 2019” adlı Kids Fashion Show yarışması keçiriləcək. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcək. “Qış Kolleksiyası“a həsr olunmuş tədbirdə 70 model və 10 modelyer iştirak edəcək.

    Modellərin 40 qız, 30 oğlandır. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak edəcəklər. Münsiflər heyətinin sədri ənənəvi olaraq tanınmış modelyer-dizayner Fəxriyyə Xələfovadır.

    “Star Kids Group” direktoru - Aygün Əliyeva:

    Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!

  • Ulduz şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir

    Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Ulduz şokolad fabriki Fəvvarələr meydanında artıq yeni il ənənəsi halına gələn “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.

    Trend-in məlumatına görə, Yeni il abu-havalı, ölkənin ən tanınmış qış yarmarkası olan “Soyuq əllər, isti ürək” 1 dekabr 2019-cu il tarixindən, 13 yanvar 2020-ci il tarixinə qədər davam edəcəkdir.

    Yarmarkada Ulduz Şokolad fabriki bol südlü xalis şokoladlı “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xoloda”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Favo” müsli batonları, xüsusilə turistlərin diqqətini çəkən “Azerbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları, içərisi surprizlərlə bol olan yeni il hədiyyəlik qutuları ilə fabrik satış qiymətinə şəhərimizin sakinlərinin və qonaqlarının ixtiyarında olacaqdır.

    Hər birinizi hər gün saat 11:00-dan axşam 23:00-a qədər davam edən yarmarkada yerləşən Ulduzun şirin evciyinə dəvət edirik.

    Qeyd edək ki, Ulduz Şokolad Fabriki Belçikanın məşhur şokolad firması olan “Barry Callebaut” ilə əməkdaşlıq edir.

    Fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.

  • "Sosial layihələr" müsabiqəsi çərçivəsində Azərbaycanda jest dili lüğəti yaradılacaq

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Doğma jest dili” layihəsinin icrasına başlanılıb.

    RİİB-dən "Report"a verilən məlumata görə, “Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

    Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.

    Sözlərin şəkillər ilə izahını verməklə yanaşı, jest dilinin vacib hissəsi sayılan mimika ilə ifadə edilən işarələri təsvir edən məlumatlardan ibarətveb səhifə və mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.

    Bu layihə eyni zamanda eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınları və onlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlərin istifadəsi üçün faydalı ləvazimat olacaq.

    Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

  • Xalq Bankla hədiyyələrə sahib olun

    Xalq Bank Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramının dəstəyi ilə “Xalq Bank və Ulduzumdan 10 000 hədiyyə” kampaniyasına start verir. Kampaniya 12 iyun 2020-ci il tarixədək davam edəcək. Bu dövr ərzində Xalq Bankın filiallarında aşağıda qeyd olunmuş bank əməliyyatlarından - təcili pul köçürmələri, kommunal, rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, İnternet Banka qoşulma kimi xidmətlərdən istifadə edən hər bir şəxs 10 000 hədiyyədən birini qazanacaq.

    Kampaniyada iştirak etmək üçün müştərinin Xalq Bankın istənilən filialında yuxarıda göstərilən xidmətlərdən istifadə edərkən Bankın əməkdaşına Bakcell mobil nömrəsini, şəxsiyyət vəsiqəsinin FİN kodunu, adı, soyadı və ata adını təqdim etməsi kifayətdir. Müştəri qazandığı hədiyyəni kampaniyanın qüvvədə olduğu dövr ərzində və başa çatdığı tarixdən 1 ay müddətində Bankın hansı filialından götürmək istədiyini bildirməklə 10 gün sonra həmin filiala müraciət edərək ala bilər.

    Qeyd edək ki, Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda çox uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 350-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.

    Kampaniya haqqında daha ətraflı məlumatı bankın 138 Məlumat Mərkəzindən www.xalqbank.az və www.ulduzum.az saytlarından əldə etmək mümkündür.

  • Azərbaycan İlahiyyat İnstitutunda “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub

    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmini izləyiblər.

    Azərbaycan İlahiyyat İnstitutundan Trend-ə verilən məlumata görə, sənədli film ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanıb.

    Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşmasından, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.

    Sənədli filmdə ölkəmizdə 1969-cu ilin 14 iyulunadək olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.

    “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Xalq şairi Nəriman Həsənzadə, Xalq artistləri Əlibaba Məmmədov və Mənsum İbrahimov Ulu Öndər haqqında indiyədək səslənməyən xatirələrini bölüşüblər. Bundan əlavə, sənədli filmdə müxtəlif dövrləri özündə əks etdirən videoxronikalardan və arxiv materiallarından istifadə olunub.

    Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

  • Çin və Macarıstanda oxumaq istəyənlər üçün sənəd qəbulunun müddəti uzadılıb

    2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.

    Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Hökümətlərarası Təqaüd Proqramları ( HTP ) çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulunun son müddəti Çin təqaüd proqramı üzrə 6 yanvar, Macarıstan təqaüd proqramı üzrə isə 15 yanvar 2020-ci il tarixinədək uzadılıb.

    Eyni zamanda, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib.

  • Ağ Şəhərdə əhəmiyyətli piyada keçidi və yolayırıcı açılır

    Ağ Şəhərin yeni Mərkəzi Bulvar küçəsi şimalda Xəqani Rüstəmov küçəsindəki dairədən başlayıb Nobel prospektini kəsərək, gələcəkdə inşaası nəzərdə tutulan Bulvar yoluna birləşir.

    Məlumata görə, eni 37 metr, uzunluğu 2 km-ə yaxın 4 zolaqlı Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin mütəşəkkil hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənilib, həyata keçirilir. Bu yolayrıcında piyada və velosipedçilərin üstünlüyünü qeyd edən zolaqlar və yol nişanları, qoruyucu tumbalar nəzərdə tutulub. Şəhər sakinlərinin əlavə rahatlığı üçün Bakı Ağ Şəhər Baş Planında uyğun olaraq Nobel prospekti boyunca uzanan eni 20 metrədək olan yaşıllaşdırılmış piyada zolağında həmçinin ikitərəfli velosiped yolunun salınması da nəzərdə tutulmuşdur.

    Qərbdə Nobel prospektinə açılan London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm Knighstbridge Residence kompleksi və şərqdə böyük park kompleksinin arasında yerləşən yolayrıcı vasitəsilə avtomobillər Nobel prospektindən Ağ Şəhər kvartallarına daha bir keçid əldə edirlər.

    Mərkəzi Bulvar küçəsinin tamamlanması istiqamətində işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Eyni zamanda yol boyu Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidməti, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB, Delta Telekom və UlTel MMC tərəfindən yerüstü və yeraltı infrastruktur işləri - arabalar üçün panduslar, qoruyucu tumbaların, videokameraların quraşdırılması, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təminatı boruları, elektrik xətləri və İT kanal sistemləri çəkilməsi təmin edilib.

    Növbəti məlhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçəylə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır.

    Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.

  • Paytaxtın giriş yolunda təmir-bərpa işlərinə başlanılır

    Paytaxtın giriş yolunda təmir-bərpa işlərinə başlanılır.

    "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda baş vermiş çökmənin qarşısını almaq məqsədi ilə geoloji-kəşfiyyat işləri aparılıb. Geoloji-kəşfiyyat işlərinin nəticələri ilə bağlı hesabat hazırlanıb.

    Hesabat əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “AzərYolElmiTədqiqatLayihə” institutunun və xarici mütəxəssislərin iştirakı ilə yolda aparılacaq bərkitmə işləri ilə bağlı layihə hazırlanıb.

    Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində inşa ediləcək. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulacaq və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək.

    Yağış və qrunt sularının axıdılması üçün yeni drenaj sistemi yaradılacaq. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılacaq.

    AAYDA-nin “AzərYolElmiTədqiqatLayihə” institutunun hazırladığı layihəyə əsasən isə yol yatağında və yol əsasında təmir-bərpa işləri aparılacaq. Yaxın müddət ərzində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır. Bunun üçün yolun azı 2 hərəkət zolağı bərpa edilərək hərəkətə məhdudiyyət aradan qaldırılacaq.

    Xatırladaq ki, sözügedən yolda noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.

    Hazırda ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq işləri görülür.

  • AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

    Agentlikdən verilən məlumata görə, AQTA-ya “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) ölkəyə idxalı ilə bağlı 09.09.2019-cu il tarixində daxil olan müraciət əsasında sözügedən məhsuldan nümunələr götürülərək ekspertizanın aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Sınaq protokoluna əsasən məhsul nümunəsi qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verdiyi üçün Agentlik tərəfindən qida əlavəsinə qida təhlükəsizliyi sertifikatı verilib.

    Lakin 19.11.2019-cu il tarixində “Foden” nişanlı BFMQƏ-nin içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı “Foden” əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

    Təkrar ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb. Belə ki, Agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin “İstifadə qaydası və dozası” bəndində “14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə” ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında “0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı” ifadəsi əks olunub. Eləcə də, “Əks göstərişlər” bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.

    Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na əsasən isə bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir.

    BFMQƏ-nin yüksək riskli məhsullar qrupuna aid edildiyini, eləcə də sözügedən məhsulun 14 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulduğunu və bu baxımdan məhsulun tərkibindəki komponentlərin 0-1 yaşından 14 yaşınadək uşaqların həyat və sağlamlığına ciddi təhlükə yarada biləcəyini nəzərə alaraq, Türkiyənin “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkəti tərəfindən istehsal olunan və “İnvest-Plus” MMC şirkəti tərəfindən idxal olunan “Foden” əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Eyni zamanda həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “İnvest – Plus” MMC-yə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Qanununun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilib.

    Əlavə olaraq, bu kimi məhsulların ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması məqsədilə həmin məhsulların satışı ilə məşğul olan subyektlər məhsula dair qida təhlükəsizliyi sertifikatını mütləq qaydada tələb etməli, o cümlədən sertifikatın saxtalaşdırılması və ya içlik təlimatların və qablaşdırma materiallarının dəyişdirilməsi ilə bağlı şübhəli hallarda Agentliyə məlumat verməlidir.

  • Sabah 14 dərəcə isti olacaq

    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında dekabrın 17-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi dağlıq rayonlarda isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoz dekabrın 17-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.