Almaniyanın Köln şəhərinin məhşur “Sankta Klara“ kamera musiqi zalında, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş “Qara Qarayev – ölməz düha” adlı konsert proqramı keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbir Köln şəhərinin mədəniyyət şöbəsinin, Alman – Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə baş tutub.
Konsertdə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova giriş sözü ilə çıxış edərək, dahi bəstəkar Qara Qarayevin yaradıcılığından geniş məzmunda bəhs edib, onun Azərbaycan bəstəkarlıq məktəbi məkanında milli musiqiyə yeni baxışın və yeni münasibətin əsasını qoyduğunu xüsusilə vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan və Alman müsiqiçiləri - Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə İsmayılova (piano), Anar İbrahimov (skripka), Martin Lindsej (vokal) Qara Qarayevin kamera-instrumental əsərlərini ifa ediblər. Konsert çərçivəsində Qara Qarayevin seçilmiş prelüdləri, “Don Kixot” simfonik qravüralarından parçalar, skripka və fortepiano üçün sonata, “Yeddi gözəl„ baletindən səhnələr, rus ədəbiyyatının görkəmli nümayəndəsi olan Aleksandr Puşkinin sözlərinə bəstələnmiş iki romansı, həmçinin başqa əsərləri səsləndirilib.
Tədbir zamanı Köln şəhərinin mədəniyyət şöbəsinin rəisi Dr.Kristof Müller, WDR radio və televiziya şirkətinin nümayəndəsi, Qara Qarayev musiqisinə yazılan disklərin prodüseri Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru - professor Tilman Klaus, qiraətçi sənətkar Peter Tonqer, Köln Musiqi Akademiyasının dekanı Brigitte Lindner, Azərbaycan diasporun və Alman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Eyni zamanda tədbirdə Köln şəhərində yaşayan rəssam Margarita Kərimova-Sokolovanın Qara Qarayev musiqisinə həsr etdiyi rəsm əsəri, pianoçu Elnarə İsmayılovanın Qara Qarayevin fortepiano əsərlərindən ibarət olan və Almaniyanın WDR şirkətinin dəstəyi ilə yazılmış diski, daha sonra Almaniyanın “Bellman“ nəşriyyatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Qara Qarayevin fortepiano üçün seçilmiş əsərləri“ qonaqlara nümayiş edilib.
Konsert Azərbaycan və Alman xalqları arasındakı tarixi əlaqələrin inkişafının davamı kimi dəyərləndirilərək, Azərbaycan musiqisinin Avropada təbliğatı və iki ölkənin mədəniyyətlərarası dialoqunun inkişafına daha bir töhfə olub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin maarifləndirilməsi tədbirləri çərçivsində növbəti videoçarx hazırlayıb.
AQTA-dan verilən məlumata görə, videoçarxda süd içməyin insan orqanizmi üçün əhəmiyyəti ilə yanaşı süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar əksini tapıb. Qeyd olunur ki, südün təhlükəsizliyi onun istehsal şəraiti, düzgün qablaşdırılmasından asılıdır və üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi, son istifadə tarixi qeyd edilməyən süd məhsulları orqanizm üçün təhlükəli ola bilər.
KİV və sosial şəbəkələrdə geniş şəkildə yayımlanması nəzərdə tutulan videoçarxın hazırlanmasında əsas məqsəd əhali arasında süd və süd məhsullarından düzgün istifadə qaydalarının təşviq edilməsi, vətəndaşlarda sağlam qidalanma vərdişlərinin aşılanmasıdır.
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində 2019-cu il “Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirilib.
İctimai Birlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədr müavini Həbib Misirov bildirib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə Prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir.
Sonra Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Nəsimi və aşıq sənəti” mövzusunda məruzə edib. Professor Qəzənfər Paşayev qeyd edib ki, Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı və aşıq poeziyası ilə qoşa inkişaf etmiş, aşıq yaradıcılığına yeni janrlar gətirmiş, formaca onun inkişafına təkan vermişdir. O, xüsusi vurğulayıb ki, Nəsiminin qıfılbənd bağlamaları demək olar ki, bütün görkəmli aşıqlara təsir edibdir. Biz görkəmli aşıqlar deyəndə bütün aşıq şeirinin ecazkar nümunələrini yaradan, ağır məclisləri yola verən, dastan qoşan, "bağlama deyişmələr"də cəsarətlə iştirak edən, bədahətən şeir demək qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan "Dədə" aşıqları nəzərdə tuturuq. Hər aşıq "qıfılbənd bağlama" yarada bilməz. Bağlamaları yaratmaq və dərk etmək üçün gərəkdir ki, "Şəriət" və "Təriqət" elmindən xəbərdar olasan. Ordubadlı Kərim (XVII əsr), Xəstə Qasım (XVIII əsr), Ləzgi Əhməd (XVIII əsr), Meşkinli Məhəmməd (XIX əsr), Şəmkirli Hüseyn (XIX əsr), Aşıq Ələsgər və Bozalqanlı Hüseyn və XX əsr Azərbaycan aşıq sənətində isə Dədə Şəmşir hər iki elm sahəsini mükəmməl bilən qıfılbənd ustaları kimi məşhur olmuşlar. Qəzənfər Paşayev çıxışının sonunda milli dəyərlərimizin təbliğindəki xidmətlərinə görə Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə və İctimai Birliyin sədri Qənbər Şəmşiroğluya minnətdarlığını bildirib.
Daha sonra məruzə ətrafında çıxışlar olub, professorun məruzəsi yüksək dəyərləndilib, eyni zamanda məruzəçiyə sullar ünvanlanıb.
Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzində çəkilmiş “Əbədi ezamiyyət” sənədli filminin Bakı Dövlət Universitetində (BDU) nümayişi keçirilib.
Universitetdən verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verib. Bildirib ki, film müsəlman Şərqində ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olmuş, 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Filmin yaradıcı heyəti Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə keçirilən görüşləri lentə alıb.
Parisin Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və sonrakı dövrdə Azərbaycan mühacirəti ilə bağlı bir şəhər olduğunu bildirən rektor Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Fransaya ilk rəsmi səfəri zamanı Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun və nümayəndə heyətinin müşaviri, “Azərbaycan” (rusca) qəzetinin redaktoru Ceyhun bəy Hacıbəylinin məzarlarını ziyarət etməsini filmin ideyasının müəyyənləşməsində əhəmiyyətli rol oynadığını bildirib.
Azərbaycanın qədim, zəngin, keşməkeşli tarixinin bu cür professional əsərlərdə öz əksini tapacağına əminliyini ifadə edən rektor E.Babayev xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi şərəfli tarixə qürur hissi ilə baxmağa imkan verən layihənin reallaşmasında Heydər Əliyev Fondunun mühüm xidmətlərini qeyd edib.
Sonda filmin BDU-da nümayişi üçün Xarici İşlər Nazirliyinə və Bakı Media Mərkəzinə təşəkkürlərini bildirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayb. Diplomatik xidmət orqanlarının yaranma tarixi və qısa müddətdə gördüyü işlərdən bəhs edən L.Abdullayeva təqdim edilən filmin xalqımızın XX əsrin əvvəlindən dünyəvi və demokratik dəyərlərə sahib olduğunu göstərən amil kimi xarakterizə edib. L.Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu dövrdə xarici siyasət sahəsində atılmış addımlar, həmçinin 1991-ci ildə müstəqilliyin bərpası, müxtəlif sahələrdə aparılan köklü islahatlar, xarici siyasətimizin əsasları, ikitərəfli və çoxtərəfli əlaqələrin əhəmiyyəti barədə danışıb.
Filmin ssenari müəllifi Müsəllim Həsənov filmin Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı yaratdığını diqqətə çatdırıb.
Sonra geniş ekranda filmin nümayişi olub. Sənədli film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Bizim ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları, bizim üçün əmanət buraxdığı prinsiplər həmişə aktualdır və canlıdır:
“Ulu öndərlik missiyasını layiqincə daşıyan Heydər Əliyevin siyasi kursu vəfatından sonra da yaşadı, uğurla davam etdirildi və indi də etdirilir. Ulu öndərin şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir. Onu dönə-dönə oxumaq, öyrənmək, təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycan tarixinin parlaq səhifələridir. Bu tarixin otuz ildən artıq dövrü məhz onunla bağlı olub”.
M.Əliyev deyib ki, sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciə törətdiyi ən ağır vaxtda Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, burada təşkil olunan etiraz mitinqində 20 Yanvar faciəsinə görə mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa edib:
“Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib sayan Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya gəldi və onu qarşılayanlardan biri kimi ulu öndərlə ilk tanışlığımız orada oldu. Həmin vaxt qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyirdilər. Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qaldı.Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi günü Vasif Talıbovla (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) birgə Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və onu təyyarənin salonunadək ötürdük. Sonralar Naxçıvanda ulu öndərlə görüşlərimiz olmuşdur. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, hər zaman qamətli duruşu, daxili gücə və özünə inama malik olması, möhkəm iradəlilik və qətiyyətlilik əlamətləri, səsindəki amiranəlik ümummilli lideri ilk görünüşdən məğrur sərkərdəyə bənzədir, onun hələ bundan sonra da xalqına xidmət etmək iqtidarında olduğunu göstərirdi. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz idi”.
M.Əliyev əlavə edib ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Onun sözlərinə görə, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. Məhz ulu öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanılmış, atəşkəsə nail olunub, dövlətlə xalqın birliyi təmin edilib, bütün sahələrdə demokratik islahatlara başlanılıb, güclü dövlətin möhkəm təməli qoyulub:
“1995-ci ildə Heydər Əliyevə sui-qəsd təşkil etmək istəyən şəxslərin hamısı işlədiyim dövrdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq yaxalanıb. Hətta o zaman Heydər Əliyev bu cinayətin açılmasına görə bizə təşəkkür də etmişdi. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı”.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Heydər Əliyevin anım günü münasibətilə paylaşım edilib.
Məlumata görə, paylaşımda Heydər Əliyevdən "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sitatı gətirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.
Məlumata görə, paylaşımda deyilir: "Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".
“Talassemiyasız həyat naminə” layihəsinə qoşulmaqla “Təmiz Şəhər” ASC tərəfindən hər il qanvermə aksiyası təşkil olunur.
Məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 60-dan çox əməkdaşı talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım üçün qan veriblər.
Qeyd edək ki, “Talassemiyasız həyat naminə” layihəsinə qoşulmaqla “Təmiz Şəhər” ASC tərəfindən hər il qanvermə aksiyası təşkil olunur.
Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salınıb, muğam sənətinin inkişafındakı xidmətləri vurğulanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək deyib ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanıb.
Bildirilib ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembrinə və texnikaya malik sənətkarlardan hesab edilir. Onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsimizə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə muğamın “Üşşaq” və “Hüseyni”, “Novruz-rəvəndə”, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Diqqətə çatdırılıb ki, xanəndənin təşəbbüsü ilə “Bayatı-şiraz” muğamının “Dilruba” şöbəsi dərsliyə əlavə olunub. Xalq yaradıcılığına da böyük diqqət yetirən xanəndə Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib.
Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrarlayaraq muğamın incəliklərini öyrənib. Sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib və ona xalqın böyük sevgisini qazandırıb. Onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müəllim və tələbələrinin ifsında konsert proqramı ilə davam edib. Konsertdə xalq və bəstəkar mahnıları ifa olunub, muğamlarımız səsləndirilib.
Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar”, “Dastan gecələri”, “Aşıq musiqisi axşamları”, “Yeni nəsil dəvət edir” və digər layihələrlə mütəmadi olaraq çıxış edir. Layihələrin məqsədi muğam sənətini, aşıq musiqisini, dastanları, xalq mahnılarını və təsnifləri nəsildən-nəslə ötürməkdir.