Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12–də Nizami Kino Mərkəzinin repertuarına dəyişiklik edilib.
Nazirlikdən verilən məlumata görə, kinomərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxil olunub. Filmin seansları saat 13:10 və15-30-da keçiriləcək.
Seanslara giriş sərbəstdir.
Həmçinin dekabrın 12-də Nizami Kino Mərkəzində komediya filmlərinin nümayişi dayandırılacaq.
Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Savalan Mirzəyev və digər şəxslər Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Ziyarətdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri, azərbaycanlı iş adamları, ziyalılar və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Anım günü çərçivəsində səfirliyin təşkilatçılığı ilə Gürcüstanın Milli Parlament Kitabxanasının konfrans zalında Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçiriləcək.
Azərbaycan və onun paytaxtı Bakı şəhəri "Google"un versiyasına görə, Böyük Britaniyada aviareyslərin axtarışı üzrə ən populyar istiqamətlər reytinqində "TOP-10"a düşüb.
Bu barədə "Report" Britaniyanın "The Sun" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, nəhəng axtarış xidmətinin sıralamasında ilk iki yeri Madrid (İspaniya) və Bakı tutub. Qeyd olunur ki, belə maraq futbol üzrə Çempionlar Liqasının finalının Madriddə, Avropa Liqasının finalının isə Bakıda keçirilməsi ilə bağlıdır. Həm İspaniyada, həm də ölkəmizdəki həlledici görüşdə iki İngiltərə komandası mübarizə aparmışdı: uyğun olaraq "Liverpul" "Tottenhem"i, "Çelsi" isə "Arsenal"ı məğlub edərək kuboka sahib çıxmışdı.
Belə maraq nəticəsində Azərbaycanın özü britaniyalılar arasında ən populyar aviaistiqamətlər sıralamasında "TOP"10-da 6-cı yeri tutub.
Reytinqdə üçüncü və dördüncü yerləri İspaniyanın San Sebastyan və Tenerife, beşinci yeri isə ABŞ-ın Florida ştatındakı Orlando şəhəri tutub. "TOP-10"da həmçinin Qambiya, Dehli (Hindistan), Avstriya və Venesiya (İtaliya) tutub.
Daha əvvəl bu il Azərbaycana gələn turistlərin sayının 3 milyona çatdığı bildirilmişdi.
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə sənəd qəbulu bu gün başa çatır.
“Report” xəbər verir ki, sənəd qəbulu dekabrın 12-i saat 18:00-da yekunlaşacaq.
Bu günə qədər müsabiqəyə 5 şirkət qatılıb.
Qeyd edək ki, sənəd qəbuluna noyabrın 12-dən başlanılıb. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq.
Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və Azərbaycana turist axının genişlənməsi ilə əlaqədar ölkəyə gələn və gedən şəxslərin və nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sərhədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.
Bildirilib ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçənlərin sərhəd nəzarətinin effektivliyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunması istiqamətində mühüm işlər görülüb, 1 şəxsin sərhəd keçmə prosedurlarının rəsmiləşdirilməsinə 1 dəqiqədən az vaxtın sərf edilməsinə nail olunub: "Azərbaycana turist axınının artırılması üzrə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınıb. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gələn Türkiyə vətəndaşı Seda Ünlü olub. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiyyələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləyib və öz minnətdarlığını bildirib".
Dünyada audiokitablara maraq gündən-günə artır. Müasir texnologiyanın inkişaf etdiyi dövrümüzdə ənənəvi kitablardan fərqli olaraq, insanlar səsli kitaba daha çox üstünlük verirlər. Bunun səbəbi vaxt itkisi olmadan maraqlı kitablarla tanışlıqdır. Azərbaycanda bu sahədə daha əvvəl kiçik miqyasda müəyyən təşəbbüslər var idi. Ancaq indi yeni yaranan “Audiokitab” layihəsi bu sahədə olan boşluğun doldurulmasına istiqamətlənib.
Layihə Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində 1000-dən çox kitab səsləndirilib.
“Audiokitab” yeni texnologiyalar vasitəsilə insanların klassik, müasir Azərbaycan və dünya yazıçıları, onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair layihədir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Audiokitab” layihəsinin təqdimatı keçirilib. Təqdimatda layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, yaradıcı heyət Zülfiyyə Eldarqızı (sənətşünaslıq üzrə fəlsəfə doktoru), Mahir Mirişli, Əhliman Ərşadlı, Rafiq Şahbazov (audioredaktor), eləcə də, ADMİU-nun fəal tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə ADMİU-nin prorektoru filologiya elmləri doktoru, professor Gülşən Əliyeva açıb. O, qonaqları salamladıqdan sonra, audiokitabın bugünkü gəncliyin həyatında önəmli bir yer tutacağını vurğulayıb.
Daha sonra layihə rəhbəri Həsən Həsənov çıxış edib. O çıxışı zamanı “Audiokitab”da klassik və müasir Azərbaycan ədəbiyyatı, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələrinin öz əksini tapdığını qeyd edib.
Mərasimdə Zülfiyyə Eldarqızının, Mahir Mirişlinin, Əhliman Ərşadlının səsləndirdiyi parçalar tələbələr tərəfindən maraqla qarşılanıb.
Tətbiqi “İOS” və “Android” sistemli telefonlara yükləmək mümkündür.
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sərhədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.
Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qabaqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.
Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.
Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşağıdakı ardıcıllıqla keçə biləcəklər:
- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qapının skan yerinə daxil edir.
Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı konsert proqramı ilə çıxış etdi.
Muğam Mərkəzindən verilən məlumata görə, konsert proqramı Azərbaycanda MDBMİ Məzunları Asossiasiyası, Rusiyanın BMT üzrə assambleyası, “Atəşgah “ SŞ –ni n sponsorluğu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi.
Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirən musiqiçi XX yüzilliyin əfsanəvi musiqiçiləri – Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb. O, müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsidir. S.Sonun ifasında başlıca məfhum ‒ ideya, fikirdir. İfaçı üçün düşünmək – yaratmaq deməkdir.
Senya Son Vyana klassiklərinin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Debüssinin artıq məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir.
Yaradıcılığının müxtəlif dövrlərində Rusiyanın tanınmış musiqiçiləri ilə birgə çalışan pianoçu 2000-ci ilin əvvəllərində Madriddə şahzadə Sofiyanın adını daşıyan kamera orkestri ilə birgə çıxışından sonra 2003-cü ildə Montre şəhərində New model classic adlı müəlli proqramı ilə çıxış edir. Bu konsertdə pianoçu ilə birlikdə tanınan ifaçılar Elton Jon və Stinq də eyni səhnəni bölüşür. Hazırda dünyanın hər bir nöqtəsində konsertləri böyük anşlaqla keçən pianoçu-bəstəkarın Bakı konserti böyük anşlaqla keçdi.
İki saat müddətində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Bethoven, Şopen, Skryabin, Raxmaninov və öz bəstələrini qeyri-adi interpretasiyalarda təqdim edən ifaçını tamaşaçılar gur və sürəkli alqışlarla qarşıladılar.
Dekabrın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İngilis nağıllarının motivləri əsasında uşaqlar üçün “Şən Elf və cadugər” tamaşasının premyerası baş tutub.
Trend-in məlumatına görə, əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni Ayla Osmanovadır. Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidovdur, plastik həll Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edən bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.
Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova premyeranın hər zaman həyəcanlı keçdiyini deyib: “Həqiqətən bu günlər çox həyəcanlıyıq. Amma balacaların sevincini görəndə anladıq ki, məqsədimizə nail olmuşuq. Uşaqlar üçün tamaşa qurmaq sadə deyil. Çünki onları aldatmaq mümkünsüzdü. Hər zaman deyirik ki, bizim əsas məqsədimiz balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq olmalıdır. Biz özümüzü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmalıyıq. Uşaqlar hər zaman xeyirin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq.”
Tamaşada əsas rolu, Elf obrazını canlandıran aktrisa Səbinə Məmmədova isə balacaların qarşısında çıxış etməyin məsuliyyətindən danışıb: “Əminliklə deyə bilərəm ki, uşaq tamaşasının məsuliyyəti daha çoxdur. Əvvəllər Çeburajka, Dəcəl Keçi, Çippolino, Qırmızı papaq obrazlarında uşaqların qarşısına çıxmışam. Amma Elf tamam yeni bir obrazdı. Bir anlıq düşünürəm ki, görəsən gerçək həyatda belələri varmı... Axı Elf hər şeyin əla olduğuna inanır və dəfələrlə də cadugərin tələsinə düşür. Amma hər dəfə də çox şən ovqatda, gülə-gülə xilas olur tələdən. Belə çıxır ki, qəlbimizi saf, beynimizi təmiz saxlasaq, yalanı, rianı məkri özümüzə yaxın buraxmasaq, ədalət mütləq qələbə çalacaq. Elfin nümunəsində olduğu kimi, dostlarımız, doğmalarımız həmişə yanımızda olacaqlar.”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəstəyi ilə gənc prodüser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gətirdiyi “Mələk” tammetrajlı bədii filminin təqdimatı olub.
"Report" xəbər verir ki, təqdimat mərasimində tanınmış incəsənət xadimləri, YAP Gənclər Təşkilatının sədri Seymur Orucov, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, hökumət və media nümayəndələri iştirak ediblər.
Filmin nümayişi “Qadın zorakılığına qarşı 16 günlük kampaniya” (25 noyabr - 10 dekabr) çərçivəsində keçirilir.