Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qardaş şəhərlər olan Şuşa ilə Türkistan arasında əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri müzakirə edilib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Qazaxıstan Respublikasına səfərləri çərçivəsində Türkistan vilayətinin başçısı Darxan Satıbaldı ilə görüşüblər.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım, Türkistan vilayətinin başçısının müavini Beisenbay Tajıbayev, Türkistan şəhərinin başçısı Nurbol Turaşbekov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin müşaviri Anar Hüseynzadə iştirak ediblər.

    Görüşdə iki qardaş türk dövlətləri olan Azərbaycan ilə Qazaxıstanın hərtərəfli münasibətlərinin gündən-günə daha da möhkəmlənməsindən söz açılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra Qarabağın Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunması ilə bağlı danışılıb.

    Qeyd edilib ki, qədim tarixə, zəngin dəyərlərə sahib Şuşa şəhərinin işğaldan azad olunmasından sonra ilk qardaşlaşma münasibətləri Türkistan şəhəri ilə qurulub. İki şəhər arasında əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən başladılan böyük “Şuşa Günləri” layihəsi çərçivəsində şəhərin tarixi-mədəni irsinin növbəti dəfə Türkistanda nümayiş etdirilməsi yüksək qiymətləndirilib. Fondun ümumtürk irsinin qorunması və tanıdılması yönündəki çoxşaxəli fəaliyyətləri Türk dünyasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına önəmli töhfə kimi dəyərləndirilib.

    Görüş tərəflər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin perspektivlərinə dair müzakirələrlə davam edib.

  • “Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!

    İndi yeni abunəçilər “Nar”ın ən çox seçilən tariflərindən biri olan FULL 6-nı yarı qiymətə əldə edə bilərlər. Tarifə 1 illik abunə olmaq istəyənlər sadəcə 6 ayın abunə haqqını ödəməklə 50 % güzəşt əldə edəcəklər.

    Həmçinin 3 və 6 aylıq abunə olmaq istəyənlər də endirimdən istifadə edib nəzərdə tutulan xərclərinə müvafiq olaraq 30 % və 40 % qənaət edəcəklər.

    Xüsusi endirimli FULL 6 tarifi abunəçilərə 120 dəqiqə danışıq, 600 MB internet və əlavə olaraq sosial şəbəkələrdə yazışmaq üçün 1GB internet trafiki təklif edir. Tarifə qoşulmaq üçün “Nar”ın satış və xidmət mərkəzlərində yeni nömrə əldə etmək kifayətdir.

    Endirimli FULL 6 tarifi çərçivəsində təqdim olunan bonusların qalığı da digər bütün FULL tariflərində olduğu kimi yanmır və növbəti aylara keçir. FULL 6 haqqında daha ətraflı: nar.az/full-6/

  • Ölkəmizdə ilk dəfə Təhsilin İnkişafı Forumu keçiriləcək!

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2023) "Təhsildən Tərəqqiyə" konsept mesajı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 1 noyabr tarixində Gülüstan Sarayında təşkil olunacaqdır.

    Tədbir "İnnovasiya ekosisteminin yaradılması", "Universitet Sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panelləri üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə davam edəcək. İlk panel təhsil və iqtisadiyyatın inteqrasiyası, sahibkarlıq ekosisteminin inkişafı, təhsil və əmək bazarı, ikinci panel, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, üçüncü panel isə tədqiqat və inkişaf (R&D) ekosistemi, ömür boyu təhsil, sahibkarlığa yönəlik təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularında mövzulara həsr olunacaqdır.

    Forum iştirakçıları ilə işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, innovasiya ekosisteminin yaradılması, dövlət–özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası və digər mövzular üzrə müzakirələrdə iştirak, eyni zamanda, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması tədbirin hədəfləri sırasındadır.

    Tədbir haqqında ətraflı məlumatı www.tif.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.

  • Xalq artisti Yasin Qarayevə həsr olunan kitabın təqdimatı olub

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr olunan "Alın yazısına inam" adlı kitabın təqdimat mərasimi keçirilib.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, professor İlham Rəhimli tərəfindən qələmə alınan kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınıb, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollardan bəhs olunub.

    Tədbiri teatrın aktyoru, Əməkdar artist Elnur Bəhramxan açaraq 95 illik teatr ocağına yığışan tamaşaçıları salamlayıb, kitabın yazılma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

    Teatrın direktoru Naidə İsmayılzadəyə Yasin Qarayev təbrik edərək, ən xoş ürək sözlərini bölüşüb: “Mənim uşaqlığım bu teatrda keçib, ilk gördüyüm aktyorlar elə Firəngiz Şərifova, Tariyel Qasımov, Yasin Qarayev olub. Bilirsiniz, bu insanlar teatrın tarixini yaradan insanlardan olublar. Onları yada salmaq, tamaşalar, rollar haqqında yazılar, kitablar yazmaq gözəl haldır. Sənətkarları da yaşadan elə budur. Buna görə də mən İlham müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, o, Yasin müəllimin 75 illiyinə bu kitabı hədiyyə edib. Yasin müəllim, sizi təbrik edirəm. Həmişə belə sağlam və gümrah qalın, səhnədə olun. Sizi yaşadan belə kitablardı, tamaşalardı, ifa etdiyiniz rollardı. Hər kəsə təşəkkür edirəm".

    Kitabın müəllifi, professor İlham Rəhimli Gənc Tamaşaçılar Teatrının tarixindən, teatrda vaxtilə çalışan sənətkarlardan bəhs edib. Kitabın yazılma səbəbindən danışaraq Yasin Qarayevin sənətini hər zaman yüksək qiymətləndirildiyini bildirib: “Bu teatr mənim üçün çox doğmadır. Burada Yusif Vəliyev, Osman Hacıbəyov, Süsən Məcidova kimi böyük sənətkarları olub. Çox təəssüflənirəm ki, adlarını çəkdiyim bu qüdrətli sənətkarlar haqqında kitab yazılmadı. Yasin Qarayevi mən 1975-ci ildən tanıyıram. Kitabı onun 75 illik yubileyinə hədiyyə etmək məqsədilə qələmə aldım. Şadam ki, bu gün "Alın yazısına inam" adlı kitabın təqdimatına yığışmısınız. Bu təqdimatın keçirilməsinə görə teatrın rəhbəri Naidə xanıma və bura yığışan hər kəsə öz təşəkkürümü bildirirəm".

    Təqdimat mərasimində Xalq artistləri Tariyel Qasımov, Hacı İsmayılov çıxış edərək sənətkara ürək sözlərini, xoş arzularını bildiriblər.

    Sonda Yasin Qarayev qonaqlara minnətdarlığını bildirib, xoş arzularını çatdırıb, onlara imzalı kitabını hədiyyə edib.

  • Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi payız-qış mövsümünə hazırlaşır

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlərin icrasına başlayıb.

    Report bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, payız-qış mövsümündə yağış-kanalizasiya şəbəkələrində yarana biləcək fəsadların qarşısını almaq məqsədilə kompleks tədbirlər icra olunur. Agentlik tullantı su sistemlərinin istismar vəziyyətini təftiş edir, baxış quyuları, kollektorlar və xətlər bərk məişət tullantılardan təmizlənir.

    Təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Bakının Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində aparılmış təftiş-qiymətləndirmə işləri nəticəsində subasma riskləri yüksək olan ərazilərdə baxış quyuları, kanalizasiya kollektorları və xətləri, eləcə də yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənərək onların tam ötürücülük qabiliyyəti təmin olunur.

    Payız-qış mövsümünə hazırlıqlar çərçivəsində 5 km daşıyıcı kollektorun, 40 km tullantı, 23 km yağış su şəbəkələrinin yuyulması, 4 minədək kanalizasiya baxış quyusunun, 3 min yağış barmaqlığının təmizlənməsi nəzərdə tutulub. Eyni zamanda kanalizasiya nasos stansiyalarında 13 ədəd nasosun quraşdırılması və 2 km tullantı su xətlərinin dəyişdirilməsi planlaşdırılıb. İndiyədək 2 km uzunluğunda kollektorun, 20 km tullantı, 11 km yağış suları xətlərinin yuyulması təmin edilib. Eyni zamanda 2 100 baxış quyusu və 1 800 yağış barmaqlığı təmizlənib.

    Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.

    Tədbirlər Planına uyğun olaraq kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda təmir-sazlama işləri aparılır. Bununla yanaşı, Abşeron yarımadasındakı Böyükşor, Xocasən, Qu, Taşağıl, Masazır, Qotur, Bülbülə göllərində suyun səviyyəsi qiymətləndirilib, həmin göllərə xidmət edən nasos stansiyalarının iş rejimi buna uyğun təmin edilib.

  • Gənc Tamaşaçılar Teatrında “El bilir ki, sən mənimsən...” adlı ədəbi-musiqili gecə keçiriləcək

    Oktyabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “El bilir ki, sən mənimsən...” adlı ədəbi-musiqili gecə keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində Gənc Tamaşaçılar Teatrı ilə Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi belə adlanır.

    Hazırda teatrda iki yaradıcı kollektivin iştirakı ilə məşqlər gedir. Layihənin quruluş müəllifi Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımovdur.

    Quruluşçu rejissor bildirdi ki, Ulu Öndərin Səməd Vurğunun “Azərbaycan” şeirindən söylədiyi bir bənd hamının yadındadır. Biz həmin şeiri əsas leytmotiv kimi götürmüşük. Bu gözəl şeirin bəndlərinin arasında Heydər Əliyevə həsr edilmiş şeirlər, mahnılar səslənəcək. Həmin mahnıların orijinal versiyalarını isə Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin çıxışları müşayiət edəcək...

    “El bilir ki, sən mənimsən...” adlı ədəbi-musiqili tədbirdə ümumilikdə Gənc Tamaşaçılar Teatrının 50-dən çox aktyoru və BXA-nın 70-dən çox tələbəsi çıxış edəcək.

  • I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları Şuşada Saatlı məscidini ziyarət ediblər

    I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları Şuşada Saatlı məscidini ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, qonaqlara Saatlı məscidinin tarixi barədə məlumat verilib.

    Bildirilib ki, şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.

  • Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları “Heydər Əliyev və Qarabağ” adlı fotosərgi ilə tanış olublar

    I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 13-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, qonaqlar “Heydər Əliyev və Qarabağ” adlı fotosərgi ilə tanış olublar.

    Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır.

    Qonaqlara məlumat verilib ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra bu il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.

  • Gənclər Kitabxanasında “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası hazırlanıb

    Oktyabrın 14-də Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, “İstiqlal” ordenli Məmməd Arazın anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarı adına Respublika Gənclər Kitabxanasında “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında görkəmli şairin Vətənə, xalqa sevgi, azadlıq, mübarizə motivlərinə köklənən zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. Elektron məlumat bazasında milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq adını ədəbiyyat tariximizə yazan Məmməd Araz haqqında görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitablar, xarici dillərdə çap edilən əsərləri, məqalələri, onun haqqında qələmə alınan dissertasiyalar və avtoreferatlar təqdim edilir. “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazasında görkəmli Xalq şairinə həsr edilmiş “Milli oyanışın və istiqlalın poetik manifesti” məqaləsinin tam mətni, “Rəsmi sənədlər”, “İzomateriallar”, “Vəsiyyət”, “Xatirəsinin əbədiləşməsi” kimi bölmələr yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası da təqdim edilir.

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin 90 illik yubileyi münasibətilə “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/ yerləşdirilib.

  • Milli Kitabxanada “Azərbaycanın Xalq şairi Məmməd Araz–90” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib

    Bu il Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanın Xalq şairi Məmməd Araz-90” adlı elektron məlumat bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Məmməd Araz haqqında”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Sözləri Məmməd Arazındır”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan materiallar tam mətnləri ilə verilib.

    Elektron məlumat bazasında, həmçinin şairin şeirlərinə bəstələnmiş mahnılar, Məmməd Arazın radio çıxışı, həyat və fəaliyyətini əks etdirən fotolar və digər sənədlər də yer alıb.

    Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər bu linkindən http://anl.az/el/emb/M.Araz/index.html istifadə edə bilərlər.

    Həmçinin Milli Kitabxanada “Xalq şairi Məmməd Araz–90” adlı ənənəvi kitab sərgisi açılıb. Sərgi bir həftə davam edəcəkdir.

    Qeyd edək ki, çağdaş milli şeirimizin dəyərli poetik nümunələrini yaradan ustad Məmməd Arazın bədii irsində Vətən müqəddəsliyi, xalq məhəbbəti özünəməxsus yer tutur. Məmməd Araz milli istiqlalımızın önəmli simalarından biri olub. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Xalq şairi Məmməd Araz hələ sağlığında Ulu Öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülüb, dövlət mükafatı alıb və “İstiqlal” ordeni ilə təltif edilib.