Bakıda və Abşeron yarımadasında dekabrın 5-də havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 5-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanda fəaliyyət göstərən otellərin mütləq ulduz alması tələb olunacaq.
"Report" xəbər verir ki, bu barədə "Turizm Haqqında" qanun layihəsində göstərilib.
Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxış edən Dövlət Turizm Assosiasiyasının (DTA) Qanunvericilik və daxili nəzarət şöbəsinin rəhbəri Qiyafət Xeyirxəbərli bildirib ki, yeni qanun layihəsinə görə, otellərə ümumilikdə 1 il vaxt veriləcək: "Yeni qanun layihəsinə görə, yeni otel qeydiyyatdan keçdikdən sonra ona 6 ay vaxt veriləcək ki, ulduz almaq üçün müvafiq dövlət qurumuna məlumat versin. Ulduz alındıqdan sonra isə qeyd edilən otelə verilən ulduzun turizm reyestrnə daxil olması üçün isə 15 gün əlavə vaxt verilir.
Bəzən bizə sual olunur ki, niyə ulduz almaqla bağlı tələb qoyulur. Çünki ulduzu olmayan otellər elə 1 ulduzlu otel kimi anlaşılır. Amma onu deyim ki, ulduz olanda müştərilərdə həmin otelin xidmətləri ilə bağlı daha aydın təsəvvür formalaşır".
DTA rəsmisi əlavə edib ki, yeni qanun imzalandıqdan dərhal sonra qüvvəyə minməyəcək: "Yeni qanun digər qanunlar kimi Milli Məclisdə qəbul edildikdən və Prezident tərəfindən imzalandıqdan dərhal sonra deyil, 6 ay sonra qüvvəyə minəcək. Bu isə otellər üçün əlavə 6 ay güzəşt müddəti deməkdir. Bu müddətdə isə bütün otellər ulduz alacaq".
Pakistan ECO ölkələri arasında bio texnologiyalar şəbəkəsinin yaradılmasını dəstəkləyir.
"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında məlumat verib.
O xatırladıb ki, bio texnologiyalar şəbəkəsinin yaradılması ötən iclasda İran tərəfindən irəli sürülmüşdü: "Bununla yanaşı, Pakistan ECO ölkələri tərəfindən irəli sürülmüş bütün çağırışları dəstəkləyir. ECO ölkələri arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminik".
Təhsil Nazirliyində PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri açıqlanıb.
"Report" xəbər verir ki, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev mətbuat konfransında PİSA Proqramı haqqında ümumi məlumat verib.
O qeyd edib ki, 3 ildən bir keçirilən PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür.
Şöbə müdiri əlavə edib ki, Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 15 yaşlı 6827 şagird təmsil edib: "Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Oxuda qızlar oğlanlara nisbətdə daha yaxşı nəticə göstərirlər. Riyaziyyat sahəsi üzrə isə əksinə. Adətən ən yüksək nəticələri Şərqi Asiya ölkələri və inkişaf etmiş ölkələr əldə edir. PİSA tədqiqatlarının təhlili göstərir ki, təhsilin inkişafında nəticələrimiz əvvəlki illərə baxanda daha yaxşıdır. Bugünkü 15 yaşlı şagirdlər təxminən 10 il əvvəl məktəbə getmiş uşaqlardır. Yəni bu gün təhsillə bağlı görülən işlərin təsirini hələ PİSA təhlillərində görmürük, bu nəticələr gələcək illərdə özünü büruzə verəcək".
E. Əmrullayev məktəblərdə müəllimlərin şagirdlərə qarşı emosional münasibətinin də yüksək nəticələr əldə edilməsinə təsir etdiyini deyib: "Bakı məktəblərinin göstəriciləri bir-birindən xüsusilə fərqlənmir. Digər ölkələrdə nəzər yetirdikdə görürük ki, daha çox hər hansı bir şəhərdə bir-iki məktəb fərqlənir. Bizdə bu cür fərqlilik müəyyən edilməyib, daha çox sinif daxili fərqliliklər nəzərə çarpır".
O vurğulayıb ki, nəticələrlə bağlı gələn il milli hesabat hazırlanacaq: "Növbəti qiymətləndirmə 2021-ci ildə keçiriləcək və nazirlik artıq hazırlıq prosesinə başlayıb".
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 404 028 nəfər təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 121 nəfər və ya 7% artıb. Bu göstərici ilə Azərbaycan hesabat dövründə Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub.
Birinci yerdə 1 406 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 230 834 nəfərlə Ermənistandır.
Təkcə noyabr ayında isə Gürcüstan Azərbaycandan 114 657 ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 8 552 nəfər, yaxud 8,1% çoxdur.
Qeyd edək ki, Gürcüstana bu ilin 11 ayında 8 690 352 nəfər, yalnız noyabr ayında isə 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə ABŞ-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilən tədbirlərin keçirilməsinə başlanılıb.
“Azərxalça”dan "Report"a verilən məlumata görə, dekabrın 3-də ABŞ-Azərbaycan Ticarət Palatası, “Azərxalça” ASC və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.
ABŞ-da yaşayan soydaşlarımızın, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın, bu ölkənin tanınmış ictimai xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb və sərgi haqqında məlumat verib.
Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov Azərbaycan xalçalarının Vaşinqtonda sərgisinin mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.
“Azərxalça” ASC İdarə Heyəti sədrinin müavini Orxan Rzayev çıxış edərək xalçaçılıq tarixindən danışıb, bu tarixi ənənənin hazırda Azərbaycan dövləti tərəfindən xüsusi qayğı ilə yenidən bərpa edildiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün ən yüksək inkişaf dövrünü yaşayır. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 13 min kvadratmetrdən çox xalça toxunub.
O.Rzayev deyib ki, Azərbaycan dövləti tarixi xalçaçılıq mərkəzi olan Qarabağda xalça fabriklərinin yaradılmasına xüsusi önəm verir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam,Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsindədir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində yaradılıb.
Bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Azərbaycan dövləti tarixi Qarabağ xalçalarını yaşadaraq onun əvvəlki şöhrətini özünə qaytarır.
Sonra sərgiyə baxış olub.
Qeyd edək ki, “Azərxalça” ASC ilə ABŞ-Azərbaycan Ticarət Palatasının birgə keçirdiyi tədbirlər həftə ərzində davam etdiriləcəkdir.
Bakıda keçirilən “Bakutel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində Azərbaycan paytaxtında “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı işə başlayıb.
“Report” xəbər verir ki, konfransın açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib.
O bildirib ki, konfrans Nazirliyin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, “Aztelekom”, “Baktelekom”, Məlumat Hesablama Mərkəzi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə təşkil olunub.
“Bu konfransda biz “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi tənzimləmə məsələlərini müzakirə edəcəyik. Bu ilin may ayında Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Əşyaların interneti” laboratoriyası yaradılıb. “Bakutel-2019”da İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim olunur. Bu istiqamətdə işlərin görülməsi davam etdirilir”, - nazir müavini deyib.
“Əşyaların interneti” sahəsinin hazırki vəziyyəti barədə məlumat verən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Haoulin Jao deyib ki, 2025-ci ildə dünyada internetə qoşulmuş təxminən 41,6 milyard "Əşyalar interneti" qurğusu qeydə alınacaq.
Tədbirdə qeyd olunub ki, Xəzər İnnovasiya Konfransının “BakuTel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində təşkil olunması və ilbəil “Genişzolaqlı bağlantı”, “Əşyaların İnterneti”, “Süni İntellekt”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur. İKT xidmətləri və həllərinin inkişafında genişzolaqlı internet infrastrukturunun həyati önəm daşıdığı və Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud olan genişzolaqlı internet magistrallarına çıxışın olmadığı bir şəraitdə keçən builki konfrans “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda təşkil olunub.
Bu gün Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi öz işinə başlayıb.
"Report" xəbər verir ki, sərgi iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bu il mötəbər tədbirin uğurlu fəaliyyətinin növbəti yubileyini - 25 illiyini qeyd etdiyini diqqətə çatdırıb.
“İKT sahəsində regionun ən önəmli hadisələrindən birinə çevrilən ənənəvi sərgi qabaqcıl texnoloji nailiyyətlərin və innovasiyaların təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə imkan yaradan platforma rolunu oynayır”,- deyə nazir vurğulayıb.
R.Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı iqtisadi və struktur islahatları aparılır: “Dünya Bankı tərəfindən açıqlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir".
Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığını deyən nazir ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığını diqqətə çatdırıb.
R.Quluzadə vurğulayıb ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq dövlət başçımız tərəfindən “Hökumət buludu” Konsepsiyası təsdiq edilib. Bu konsepsiya ölkəmizdə dövlət idarəçiliyində və digər fəaliyyət sahələrində bulud texnologiyalarının tətbiqi üçün geniş imkanlar yaradır.
Nazir çıxışının sonunda “BakuTel 2019” 25-ci Yubiley sərgisinin hər il olduğu kimi, iştirakçılar arasında işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, həmçinin işgüzar əlaqələrin qurulması üçün unikal məkandır.
Yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. 11 ölkə tədbirə Milli pavilyonla qatılıb.
Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur.
“Bakutel” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.
Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərginin xüsusi qonağı məhz bu tədbirdə iştirak etmək üçün Bakıda səfərdədir və biznes sahəsində innovasiyalar haqda məlumat verəcək.
4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək.
“Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələrini nümayiş etdirir. “Azərpoçt” MMC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərmarka” MMC, “Baktelecom”, Dövlət Radiotezliklər İdarəsi, İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinə məxsus stendlər bu il də seçilir.
“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunur. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.
“Azərpoçt”un digər yeniliyi “Postpay” – elektron pul kisəsidir. “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.
Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz “Bakutel 2019” çərçivəsində keçiriləcək.
“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və SAF – internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.
“AzInTelecom” MMC öz stendində “Hökumət buludu” layihəsini, yeni məhsullarını və layihələrini təqdim edir. Eyni zamanda, “SaaS ili” (proqram təminatı xidmətləri) çərçivəsində təqdim etdiyi yeni məhsullarla və layihələrlə bağlı təqdimatlar planlaşdırıb. Bundan əlavə, Yevlaxda ehtiyat Data Mərkəzi, “Azcloud Hackathon” yarışması, “Azcloud Kinetic” əməkdaşlıq proqramı haqqında gələcək planlar açıqlanacaq. Sərgi çərçivəsində “AzInTelecom” stendində bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası yaradılıb. İnteraktiv emalatxana çərçivəsində əsasən məlumatların qorunması və təhlükəsizliyi mövzusunda 2 saat ərzində 5 təqdimat, 3 demo nümayişi və sual-cavab sessiyaları təşkil olunur.
“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxt ətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat verilir.
“Baktelecom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının imkanlarından yararlanaraq “Evədək optika” layihəsi çərçivəsində müştərilərə bir optik xətt üzərindən telefon rabitəsi, internet və rəqəmsal televiziya xidmətlərini təklif edir. Qurum Bakı və ətraf ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə imkan yaradan yeni nəsil “Simsiz rabitə” şəbəkəsi olan LTE – (Long Term Evolution) texnologiyasını tətbiq edir.
“ViTv” – “Baktelecom” internet şəbəkə üzərindən televiziya siqnalını effektiv ötürməyə imkan verən müasir IPTV (İnternet Protokol Televiziyası) texnologiyası ilə müştərilərə rəqəmsal televiziya xidmətini təqdim edir.
Mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti də sərgi iştirakçılarına təqdim olunur.
“Azərmarka” MMC öz stendində “Azərbaycan. Naxçıvan”, “Azərbaycan”, “Mənim Bakım” və “Azərbaycan 100 il. 1918-2018” markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları və Birinci gün zərflərini, “Naxçıvan”, “Bakı” və s. mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər nümayiş etdirir.
Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik reyestri, Vahid radioelektron vasitələrin reyestri barədə ətraflı məlumat əldə etmək mümkündür.
İnnovasiyalar Agentliyi “Bakutel 2019” sərgisində bir sıra maraqlı stendlərlə ziyarətçiləri sevindirir.
“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim edilir. Ziyarətçilərə “FinTech”, “GreenTech”, “DronTech”, “MedTech”, “DefenseTech” istiqamətləri üzrə innovativ layihələr nümayiş olunur. Eyni zamanda, İnnovasiyalar Agentliyinin “Hybrid Startups” proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasındadır. Ziyarətçilər “Startup Grind Baku” stendi ilə yaxından tanış olmaq imkanı əldə edirlər. “Silikon Vadisi”ndə yaradılan “Startup Grind” hərəkatı – 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Startup Grind Baku Hub”ın əsas tərəfdaşlarından biri məhz İnnovasiyalar Agentliyidir.
Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərən “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala bilirlər. Bundan əlavə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşürlər. Kurslar “Mars Academy”, “Engineering for Kids”, AREA tərəfindən təşkil olunur.
“I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdirirlər.
Nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyalar Robopark zonasında nümayiş olunur. 20-dən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə edirlər.
Roboparkda ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunur:
Fransadan gətirilən dünyanın ən təhsilli, ən əyləncəli və akademik robotu Pepper humanoid
Robot balıqlar
Robot arm Kuka əsasında hazırlanan, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur Robot rəssam
Taktiki hərbi kəşfiyyat robotu Spider
Müxtəlif Sumo
Güləş və Dron yarışları
Kosmo zonası
6 metrlik uçan astronavt
Ən nəhayət, hamının sevimlisi İtaliyadan gələn pianoçu Robot TEOTRONİCO.
Məlumat Hesablama Mərkəzinin stendində “Elektron imza (Bulud əsaslı imza, Toplu imza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “SmartCell” üz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı Mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər nümayiş olunur.
Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.
Bununla yanaşı, stendin ziyarətçiləri maraqlı viktorinalarda iştirak edir və MHM tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılır.
Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı Karbon Nano Borular yeni nəsil su texnologiyasında, birdivarlı Karbon Nano Borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl və qırmızı sahəsini əhatə edən nano və mikro ölçülü fosforlar nümayiş olunur. Həmçinin sərginin ziyarətçiləri Azərbaycanda “Chip” texnologiyasının tam olaraq yaradılmasına xidmət edən GSM/GPRS xidmətlərindən istifadə edərək “smart”laşmaya gətirib çıxaracaq GaN/KNB/saffir strukturlu LED və nano-bio-sensorların aktiv sahəsi ilə tanış ola bilirlər.
Bu, müasir elmi istiqamət olaraq çox aktualdır. Bu struktur əsasında effektivliyin 12 faiz artımına nail olunub.
Sərgidə “İnternet of Things (İoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərir. Stenddə “Əşyaların interneti” üzrə müxtəlif maraqlı layihələr nümayiş etdirilir. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar “İoT” məhsullar vardır.
Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “İoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim olunur.
Yubiley sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. 4 dekabr tarixində keçiriləcək konfrans “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.
Açılışını Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao edəcək tədbirdə Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır.
Konfransda “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sahəvi çağırışların, həmçinin innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə çıxış edib.
“Bakutel 2019” sərgisi çərçivəsində həyata keçirilən sosial layihələrdən biri də “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən filmin bu versiyasının hazırlanmasında məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.
Tədbirin sonunda filmin yazıldığı disklər görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərə paylanacaq. Qeyd edək ki, tədbirin məhz 3-6 dekabrda baş tutacaq “Bakutel 2019” çərçivəsində keçirilməsində məqsəd bu ayın onlar üçün bütün dünyada çox böyük əhəmiyyət daşıması ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul edib.
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ukraynada ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (Haqq yolu mən özüm oldum) kitabı Ukrayna Yazıçılar Birliyində təqdim edilib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə tanınmış Ukrayna yazıçı və şairləri, elm adamları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan AESAL-ın (Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyası) ədəbiyyat məsələləri üzrə katibi Dmitri Çistyak Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini, bu münasibətlə Ukraynada ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” kitabının Nəsimi yaradıcılığını müasir dünyaya tanıdan əlamətdar töhfə olduğunu bildirib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İnformasiya Departamentinin rəhbəri, yazıçı Yaşar Əliyev çıxış edərək 602 il bundan əvvəl – 1417-ci ildə uzaq Suriyanın Hələb şəhərində dərisi soyulmuş halda, qan içində bu dünyadan gedən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 1369-cu ildə qədim Azərbaycan şəhəri Şamaxıda dünyaya gəlişinin 650 illiyinin indi onun vətənində milli bayram kimi qeyd olunduğunu bildirib. Vurğulayıb ki, bu əzabkeş şairin yubileyi poeziyanın təntənəsinə çevrilir: “Şairin dünyaya gəlişi və dünyadan gedişi. Amma əsl şairlər dünyadan gedirmi? İstər qan içində, dərisi soyulmuş halda, istərsə tabutu gül-çiçəklə bəzənmiş şəkildə... Nəsiminin taleyi göstərir ki, yox!.. Şairin özünü öldürmək olar, amma onun sözünü öldürmək qeyri-mümkündür. Şair sözü ölümsüzdür. Nəsiminin ölümünə fitva verənlər onun şeirlərinin guya küfrlə dolu olduğunu, bu şeirlərdə Allahın təhqir edildiyini əsas gətirirdilər. Amma Nəsiminin şeirləri Allaha sonsuz sevgiylə doluydu. Eyni zamanda, onun yaratdığı insana da. Və öz şeirlərində “ənəlhəq”, “həq mənəm, həq məndədir, həq söylərəm” deyən şair Allahı aşağılamır, əksinə, onun bir zərrəsi olan insanı ucaldırdı. Bu, o dövr idi ki, bir tərəfdən intibah yaşayan Şərq, o biri tərəfdən müharibələr içində çaxnaşır, qan gölündə boğulurdu, düşünən başlar kəsilir və o başlardan təpəciklər qurulurdu. Nəsiminin şeirləri insan həyatının dəyərdən düşdüyü, insan vücudunun döyüş atlarının ayaqları altında tapdandığı bir zamanda insana öz qiymətini anladır, onu öz seçilmişliyinə inandırırdı”.
Daha sonra Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edərək Azərbaycanda “Nəsimi ili”nin elan olunmasını onun irsinə, yaradıcılığına verilən ən böyük dəyər adlandırıb.
“Səfirliyin dəstəyi və təşəbbüsü ilə bu il ərzində Kiyevdə Nəsiminin heykəli ucaldılıb, onun adını daşıyacaq çoxfunksiyalı binanın təməli qoyulub, bir sıra tədbirlər keçirilib. Nəsiminin şeirlərini özündə təcəssüm etdirən kitabın Ukrayna dilində çapı Nəsimi yaradıcılığının araşdırılmasına öz töhfəsini verəcək”, - K.Xəlilov söyləyib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təhsil və elm şöbəsinin müdiri Etimad Muradov, bədii tərcüməçi Püstə Axundova, Ukrayna Yazıçılar Birliyinin Kiyev şəhər təşkilatının rəhbəri Mariya Morozenko, Ukraynanın Əməkdar incəsənət xadimi, dramaturq Vasili Dovjik, Ukraynanın Xalq artisti Vladimir Quba, layihənin məsul katibi Marina Qonçaruk çıxış edərək Nəsimi poeziyasını insan gözəlliyinin, ləyaqətinin tərənnümü, insan ruhunun ölüm üzərində qələbəsi kimi qiymətləndiriblər. Bildirilib ki, onun şeirlərini insanlara sevdirən, ona əsrlərboyu müxtəlif ölkələrdə, hətta qeyri-müsəlman ölkələrində də çoxlu ardıcıllar qazandıran da məhz bu idi. Çünki əsl şairlər dünyanın ayrı-ayrı dillərində yazsalar da, ruhən bir-birinə doğma və qohumdurlar. Qeyd edilib ki, doğrudan da, vicdanı büllur kimi saf, ruhu quş kimi azad və qanadlı olanlar ölümdən güclüdür. Böyük Ukrayna şairi Skovorodanın bu fikrinin təsdiqi həm onun özünün, həm də 650 illik yubileyini qeyd etdiyimiz böyük Azərbaycan şairi Nəsiminin taleyi və şeirləridir.
Mərasimin sonunda Nəsimi yaradıcılığının dünya dillərinə tərcüməsi işinə verdiyi töhfəyə görə Ukrayna şair-tərcüməçiləri – Pavel Movçan, Dmitri Çistyak, kitabın naşiri – İvan Stepuren və layihənin məsul katibi Marina Qonçaruk Mərkəzin fəxri diplomu ilə təltif ediliblər.
Qeyd edək ki, Ukraynanın nüfuzlu “Samit-kniqa” nəşriyyatında çap edilmiş kitab Nəsimi yaradıcılığını toplu halında Ukrayna oxucusuna təqdim edən ilk nəşrdir. Kitaba şairin 200-dən çox qəzəl və rübaisi, onlara dair izah və şərhlər daxil edilib.
"Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamı ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və bu sahədə müasir tələblərə uyğun infrastrukturun qurulmasına xüsusi qayğının növbəti təzahürüdür".
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlikdən qeyd olunub ki, ötən dövrdə dövlət başçısının uğurlu sosial siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində ardıcıl şəkildə mühüm addımların atılmasını təmin edib: "Bu siyasətin tərkib hissəsi kimi, yeni sosial təyinatlı obyektlər, o cümlədən sosial xidmət və reabilitasiya məqsədli müəssisələr tikilərək istifadəyə verilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün artıq 14 reabilitasiya və 15 sosial xidmət müəssisəsi var.
Sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətdə mühüm işlər aparılır. Bu sahədə növbəti addımlar kimi, ötən ay Nazirliyin Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra və müasir ləvazimatlarla, avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi və Gəncə Peşə Tədris Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək.
Prezident İlham Əliyevin 2 dekabr 2019-cu il tarixli Sərəncamı ilə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradır.
Sərəncam üç istiqaməti – tikintisi nəzərdə tutulan sosial təyinatlı obyektlərin layihələndirilməsini, onların tikintisini, sosial təyinatlı obyektlərdə əsaslı təmir və yenidənqurmanı, bu müəssisələrdə bərpa yolu ilə gücləndirməsi və avadanlıqla təchizat işlərinin aparılmasını nəzərdə tutur.
Nəticə etibarilə sənəd müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, ayrı-ayrı bölgələrdə də yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir".