Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Şuşada I Türk Dünyası Mədəniyyət Forumu işə başlayıb

    Oktyabrın 13-də Şuşada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun açılışı olub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, mədəniyyət naziri Adil Kərimli, Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev və türk dövlətlərindən digər rəsmilər, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və kollektivləri iştirak edir.

    Əvvəlcə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən, Şuşada təşkil olunun tədbir və festivallardan bəhs edən videoçarxa baxılıb, həmçinin ədəbi-bədii proqram təqdim olunub.

    Mərasimin açılışında çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi Türk dünyası tərəfindən Şuşaya olunan xüsusi diqqətin göstəricisidir.

    Nazir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edib. Hazırda həmin ərazilərdə yüksək səviyyəli bərpa-quruculuq işləri davam edir.

    Adil Kərimli diqqətə çatdırıb ki, türk dövlətləri birliyinin güclənməsində və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Türk dünyası birliyinin təmin olunması, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

    TÜRKSOY-un Baş katibi Sultan Raev təşkilatın ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, mədəni irsinin qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulduğunu vurğulayıb.

    S.Raev TÜRKSOY-un türkdilli xalqlar və ölkələr arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər gördüyünü deyib.

    Tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, BTA-nın prezidenti, akademik Şahin Mustafayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış ediblər.

    Bildirilib ki, türk xalqlarının birliyi hər zaman böyük əhəmiyyət kəsb edib.

    Qeyd edək ki, Forum işini üç panel üzrə davam etdirəcək. Panellərdə “Türk dilləri və Ədəbiyyatları: Differensiasiya və inteqrasiya”, “Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr” və “Yaradıcı Sənayelər və innovasiyalar” mövzularında müzakirələr aparılacaq.

    Forum oktyabrın 14-dək davam edəcək.

  • Metronun “Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək

    Azərbaycanın kişilərdən ibarət milli futbol komandasının 2024-cü il UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq.

    Bu barədə Reporta “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.

    Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

    Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.

  • "Azərbaycan Konsaltinqlər Assosiasiyası" yaradılıb

    Azərbaycanda biznes mühitinin inkişafına xidmət edəcək yeni qurum - "Azərbaycan Konsaltinqlər Assosiasiyası" (AKA) İctimai Birliyi yaradılıb.

    Report xəbər verir ki, yeni assosiasiya təlim və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən şirkətlərin şəbəkələşməsində mühüm rol oynayacaq, üzvlərin fəaliyyətini əlaqələndirməklə müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.

    Assosiasiyanın fəaliyyətinin təşkil edilməsi ilə bağlı artıq İdarə Heyəti üzvlərinin ilk yığıncağı keçirilib. Yığıncaqda işin təşkil edilməsi qaydaları, nizamnamənin qəbul edilməsi, üzvlük şərtləri və prosedurları, göstəriləcək xidmətlər və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

    Bildirilib ki, Assosiasiyanın əsas hədəfi ölkədə dövlət və özəl qurumlara təlim-məsləhət xidmətləri göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadr mübadiləsi imkanlarının genişləndirilməsi, üzvlərin rəqabət qabiliyyəti və xidmət keyfiyyətinin artırılmasına nail olmaqdır. Müasir biznes tendensiyaları nəzərə alınmaqla, AKA-nın yaradılması təşəbbüsü xidmət sektorunun inkişafına müsbət təsir göstərəcək.

    Şəbəkələşmə, təlim və əməkdaşlıq platforması kimi AKA konsaltinq xidmətləri göstərən bütün şirkətləri əməkdaşlığa dəvət edir.

  • Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir

    Naxçıvan şəhərində ictimai nəqliyyatda bank kartları və NFC texnologiyalarından istifadə etməklə ödəniş tətbiq ediləcək.

    Report xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Elçin Əliyev bildirib.

    "İlk dəfədir Naxçıvanda - pilot layihə çərçivəsində ictimai nəqliyyatda bank kartı ilə təmassız, təhlükəsiz ödəniş tətbiq edilir. İlkin olaraq bir avtobusda yeni nəsil cihaz-validatorlar quraşdırılıb. Validatorlarla təmassız ödəniş imkanına malik olan istənilən bank kart ilə ödəniş etmək mümkündür. Bununla da, sərnişinin əlavə kart almasına ehtiyac qalmır.

    Bundan başqa, yerli banklardan birinin təqdim etdiyi “İnkart” da var. Əgər bank kartınızda pul yoxdursa, “İnkart”ı avtobus dayanacağındakı terminalda doldurmaq mümkündür. Kartı alan zaman 2 manat ödənilir və bunun 1 manatı avtomatik karta yüklənir. Əhali əməkhaqqı, pensiya kartı ilə də ödənişi edə bilər. Oktyabr ayının sonuna qədər Naxçıvan şəhərindəki bütün avtobuslarda "İnkart"ın tam tətbiqi ilə bağlı işlər həyata keçiriləcək. "İnkart”ın daha bir üstünlüyü mobil tədbiqin mövcud olmasıdır. Mobil tətbiqə daxil olaraq balansınızı rahatlıqla artıra, ödəniş tarixçəsini izləyə bilərsiniz. Layihənin məqsədi nağdsız hesablaşmaların, təmassız kart əməliyyatlarının sayının artırılması, nağd dövriyyənin minimuma endirilməsidir", - deyə o qeyd edib.

    Bundan başqa, idarə rəisi qeyd edib ki, bu layihənin növbəti mərhələdə taksilərdə tətbiq edilməsi nəzərdə tutulub: "Bunun üçün əvvəl sürücülərlə söhbət aparılmalı, qarşılıqlı anlaşma əsasında, heç bir narazılıq olmadan layihə icra edilməlidir. Taksilərdə ödənişin nağdsız həyata keçirilməsi istənilən bank kartı ilə mümkün olacaq".

  • Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu və “A&S Union AFEZCO” şirkəti birgə stend quracaq

    Oktyabrın 19-21-də Bakı Ekspo Mərkəzində baş tutacaq 28-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində (“BakuBuild”) Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendi təşkil olunacaq.

    Həmin şirkət Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçərək fəaliyyət göstərir.

    Şirkət beynəlxalq standartlara cavab verən, ən müasir texnologiyalara əsaslanan, yanğına davamlı alüminium və polad kompozit panellərin istehsalını həyata keçirəcək və sözügedən məhsullar Səlahiyyətli Qurum ilə “A&S Union AFEZCO” şirkətinin birgə stendində nümayiş etdiriləcək.

    İnşaat sektorunda bu məhsullara tələbatın yüksək olduğunu və onların sektor üçün faydalı olacağını nəzərə alaraq, Səlahiyyətli Qurum nümayiş olunacaq məhsullarla tanışlıq məqsədilə layihələndirmə və tikinti şirkətlərini sərgini ziyarət etməyə dəvət edir.

  • Beynəlxalq Muğam Mərkəzindən yeni kitab: Xanəndə Məşədi Qafar Qaryağdı

    Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, oxuculara təqdim edilən kitab publisist-yazıçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və texnika üzrə fəlsəfə doktoru, mühəndis Turan İbrahimov tərəfindən ərsəyə gətirilib. Kitabda XX əsrin əvvəllərində fəaliyyət göstərmiş xanəndə Məşədi Qafarın yaradıcılığına işıq salınıb. Təqdim olunan nəşrdə Məşədi Qafar Qaryağdının musiqi irsi, səs yazıları siyahısı və arxivi haqqında geniş məlumat verilir. Həmçinin xanəndənin bioqrafiyası, nəsil şəcərəsindən söz açılır, Məşədi Qafarın Şuşadan çıxmış istedadlı Qaryağdılar nəslinin nümayəndəsi və məşhur xanəndə Cabbar Qaryağdının kiçik qardaşı olduğu bildirilir.

    Kitabın məsləhətçisi Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, ön sözün müəllifi Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, redaktoru professor Abbasqulu Nəcəfzadədir.

  • Bakıda Atatürkün həyatından bəhs edən film nümayiş olunacaq

    Türkiyə Cümhuriyyətinin qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün həyatından bəhs edən “Zübeydə, Analar və Oğullar” filminin Bakıda qala gecəsi baş tutacaq.

    AZƏRTAC xəbər verir ki, filmdə baş rolları aktrisa Aslıhan Güner Kılıç, Emre Kınay, Turgay Tanülkü və Alican Yücesoy canlandırıb.

    Ssenari müəllifi Murat Arslan tərəfindən yazılan “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə Zübeydə xanım arasındakı münasibətdən, Mustafa Kamalın liderlik hekayəsindən bəhs edir.

    Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç bildirib ki, “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Film böyük öndərin mübarizələrlə dolu həyatından, Türkiyə Cümhuriyyətinin hansı şəraitdə qurulmasından, Atatürk və anası Zübeydə xanımdan bəhs edir.

    Qeyd edək ki, "Zübeydə, Analar və Oğullar" oktyabrın 12-də Bakıda bütün kinoteatrlarda yayımlanacaq.

  • Şabranda “Vibe of Nature” simpoziumu başa çatıb

    Oktyabrın 2-dən 9-dək Şabranda müasir Azərbaycan rəssamlarının iştirak etdiyi "Təbiətin vibrasiyaları" adlı simpozium keçirilib.

    AZƏRTAC xəbər verir ki, simpozium Birləşmiş Rəssamlar Klubunun təşəbbüsü ilə "Çardaq" qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı və "Shabran Wellbeing Resort" otelinin dəstəyi ilə təşkil olunub. Layihənin kuratoru qismində Azərbaycanın tanınmış rəssamı Bəhram Xəlilov çıxış edib.

    Tədbirdə rəssamlar Anar Hüseynzadə, Zümrüd Hüseynzadə, Elşən Qaraca, Şəbnəm Qaraca, Aydın Əsgərov, Anar Bəylər, Salihə Bəylər, Təranə Vaqifqızı, Vəfa Yüzbaşıyeva, Nigar Familsoy, Vüsalə Ağarazıyeva iştirak ediblər.

    AZƏRTAC-a simpoziumun işi barədə Bəhram Xəlilov məlumat verib: "Açıq havada və emalatxanalarda dərslər keçirilib, "Çardaq" qrupunun yaradıcısı Elşən Qaracanın otelin qonaqları ilə vahid və geniş formatlı tablonun yaradılması üzrə interaktiv sessiyası, Vəfa Yüzbaşıyevanın keramika, Anar Hüseynzadənin isə rəsm tablosunun çəkilməsi ilə bağlı ustad dərsləri təşkil olunub. Tədbirin musiqili hissəsi qrupun musiqi rəhbəri Anar Bəylər tərəfindən təqdim edilib, onun müşayiəti ilə şairə Salihə Bəylər öz yeni şeirlərini oxuyub. Ətraf aləmin yaradıcı insanlar tərəfindən dərk edilməsinə həsr olunmuş tematik söhbətlər aparılıb."

    "Simpoziumun konsepsiyası musiqi və təsviri sənət vasitəsilə təbiətlə ünsiyyətin ifadəsindən ibarət idi. Tədbirimizin keçirilməsinə imkan yaratdığına görə Azərbaycan Rəssamlar İttifaqına və Şabran Sağlamlıq Resort otelinin administrasiyasına öz minnətdarlığımızı bildiririk”, – deyə Bəhram Xəlilov sözlərinə əlavə edib.

    Simpoziumun nəticələri ilə yaxın vaxtlarda İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində keçirilən hesabat sərgisində tanış olmaq mümkün olacaq.

  • Heydər Əliyev Mərkəzində Mixail Qusmanın “Liderin ürəyi” filmi təqdim olunub

    Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, ekran əsəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.

    Baş direktorun birinci müavini Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında bu ilin dahi Heydər Əliyevin adı, yüzilliyi ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayaraq deyib: “Oktyabrın 10-u xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib”.

    Mixail Qusman filmin niyə belə adlandırıldığı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırılıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib. Oktyabrın 15-də İlham Heydər oğlunun 2003-cü il seçkilərində inamlı qələbə qazandığı başqa bir tarixin qeyd olunması çox simvolikdir”.

    Əməkdar jurnalist qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. “2020–ci il noyabrın 8-də Azərbaycan Bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”, - deyə o bildirib.

    Sonra “Liderin ürəyi” sənədli film nümayiş olunub.

    Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.

    Heydər Əliyev Azərbaycan tarixində əsas rol oynayıb və dünya siyasətində dərin iz qoyub. “Liderin ürəyi” sənədli filmi Mixail Qusmanın Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bler, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin diplomatiyası fəallaşıb. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxarıb.

    Filmin nümayişinin sonunda Mixail Qusman ekran əsərinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, eləcə də arxiv materiallarının əldə edilməsindəki dəstəyə görə AzTV-yə, Azərbaycan Dövlət İnformasiya Agentliyinə təşəkkürünü bildirib.

    Sonra Azərbaycanın Xalq artisti Elçin Əzizov, Xalq artisti Polad Bülbüloğlunun müşayiəti ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Rekviyem” mahnısını ifa edib. Qeyd edək ki, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu ekran əsəri üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.

    Polad Bülbüloğlu çıxış edərək bildirib: “Bu gün biz azad Qarabağı, azad Azərbaycanı görürük. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Azərbaycanda və eləcə də digər ölkələrdə qeyd edilir. Bu onu göstərir ki, Heydər Əliyev bu gün də öz xalqını tanıdır”.

    Qeyd edək ki, filmdə Heydər Əliyevin Mixail Qusmana verdiyi eksklüziv müsahibələri, onun dəyərli fikirləri, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları yer alıb. Çəkilişlər Moskvada, Bakıda və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.

    “Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.

    Ekran əsəri Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

  • “Mənim düşüncəm” uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açılacaq

    Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədilə ənənəvi “Mənim düşüncəm” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan 800-dən çox uşaq və yeniyetmə və gənc 1200-ə qədər əsər təqdim edib.

    Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilib.

    Müsabiqənin yekun sərgiləri oktyabrın 17-18-də saat 16:00-da növbəli şəkildə Xətai Sənət Mərkəzində keçiriləcək.

    Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə çərçivədə təqdim olunmalıdır.

    Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

    Nəzərinizə çatdıraq ki, iştirakçılar əsərinin fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini dusuncem23@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatılılıblar.