Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Baş nazirin müavini: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq

    Azərbaycan iqtisadiyyatının imkan verdiyi çərçivədə Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq.

    Trend-in məlumatına görə, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda çıxış edən Baş Nazirin müavini Əli Əhmədov deyib.

    Ə.Əhmədov bildirib ki, insanların rifahının yaxşılaşdırılmasında əsas istiqamətlərdən biri məşğulluğun inkişafıdır: “Burada da əsas məsələ ölkədə qadın sahibkarlığının artırılması ilə əlaqədardır. Azərbaycanda qadın sahibkarlığının inkişafına xüsusi dəstək verilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərin nəticəsidir".

    Baş Nazirin müavini qeyd edib: "Mən artıq neçənci dəfədir ki, qadın sahibkarlığı ilə bağlı toplantıda iştirak edirəm. Azərbaycanda qadın sahibkarlığının daha da inkişaf etdiyini və iqtisadiyyat sahəsində qadınların iştirakının şahidi oluram. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə həyata keçirilən islahatların mərkəzində insan amili durur. 2019-cu ildə Azərbaycanda 2 mərhələdə böyük islahatlar həyata keçirildi. Minimum əməkhaqları, pensiyalar ciddi şəkildə artırıldı. Təkcə əməkhaqları 20 faizdən 50 faizə qədər artırılıb.

    Azərbaycan qadınları bütün sahələrdə kifayət qədər yüksək fəallıq göstərməyə hazırdırlar. İqtisadiyyatın bir çox sahələrində, səhiyyədə qadınlarımızın iştirak səviyyəsi kişilərdən daha yüksəkdir. Qadının ictimai fəallığının artırılması Azərbaycan cəmiyyətinin demokratik potensialının gücləndirilməsinin vacib hissələrindən biridir. İkinci tərəfdən, ailələrin təminatının yaxşılaşdırılmasında qadın sahibkarlığının inkişafının rolu böyükdür. Bununla yanaşı, qadınlar Azərbaycan iqtisadiyyatına, bütövlükdə ölkənin inkişafına töhfə verirlər".

  • Xaricdə doktorantura təhsili üçün il ərzində 100 nəfərin qəbulu planlaşdırılır

    Doktoranturaya qəbul çətin proses olduğuna görə də xaricdə bu təhsili almaq üçün hər semestr ərzində təxminən 40-50 şəxs proqramdan yararlana bilər.

    Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, il ərzində 100 şəxsin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub: "Gələcəkdə müraciət sayı çoxalarsa, bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq".

    N.Məmmədli onu da qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz: "Misal olaraq, həmin şəxs Azərbaycanda ödənişsiz təhsil alıbsa, o, bu proqrama müraciət edə bilməz".

  • Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub (FOTO)

    Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

    Trend-in məlumatına görə, rektor Elmar Qasımovun əmri ilə, bu vəzifəyə Zamirə Ədilova gətirilib. O, 14 noyabr tarixindən etibarən vəzifəsinin icrasına başlayıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb.

    Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

    2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.

  • Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"

    “Bildiyiniz kimi, hazırda Şərq Tərəfdaşlığının gələcəyinə dair müzakirələr gedir. Bunun gələcək öncüllükləri ilə bağlı çox sayda maraqlı tərəflərin nöqteyi-nəzərini müəyyənləşdirmək üçün geniş və əhatəli mərhələli məsləhətləşmələri başa çatdırmışıq”.

    Bunu “Report”a Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Şərqi Tərəfdaşlıq və ATƏT departamentinin sədr müavini Radoslav Darski bildirib.

    “Azərbaycan bu prosesdə yaxından iştirak edib. Biz Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Bakıda xüsusi tədbir təşkil etdik, azərbaycanlı həmkarlarımız da bizə çox fəal şəkildə konkret təklif və fikirlər verirdilər. Əlbəttə ki, Azərbaycanın təkliflərinin konkret məğzini bir kəlmə ilə ifadə etmək mümkün deyil, çünki orada bütün maraqlı tərəflərin, yəni hökumətin, vətəndaş cəmiyyətin, elmi dairələrin, təhlil mərkəzlərinin rəyləri açıqlanır. Beləliklə, proqramın gələcəyinə dair bir çox konkret təkliflər almışıq. Azərbaycan doğrudan da bu prosesə cəlb olunub”, –  diplomat hazırda həmin təkliflərin Aİ-də araşdırıldığını deyib.

    “Fikrimcə, yaxın aylarda müəyyən konkret təkliflər verə biləcəyik. Yəqin ki, bu təkliflər yeni komissiyanın (Avropa Komissiyası – red.) öncüllüklərini əks edəcək. Məsləhətləşdiyimiz maraqlı tərəflər adətən Şərq Tərəfdaşlığın gələcək gündəminə dair səmərəli idarəçilik, qanunun aliliyi, söz azadlığı kimi bir neçə öncül məsələni sadalayırdılar. Digər tərəfdən iqtisadiyyat, ticarət, rabitə, gənclər, ətraf mühit kimi öncül məsələlərlə də bağlı başqa maraqlı tərəflərin artan marağını və gözləntilərini görmək mümkündür” – R.Darski diqqətə çatdırıb.

  • Cəlil Məmmədquluzadənin nəticəsi: "Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim"

    "Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin Bakıya qonaq gələn nəticəsi Martin Cavanşiri deyib.

    O bildirib ki, C.Məmmədquluzadən ev muzeyinin təmirdən sonra açılışında iştirak etmək onun üçün ifadə olunmaz bir hissdir: "Ümumiyyətlə, Azərbaycanda ilk dəfədir səfərdəyəm. Ümid edirəm, səfərimiz davamlı olacaq. Mən Azərbaycana heyran oldum. Azərbaycan haqqında təəssüratlarım belədir ki, ölkə həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir".

    M.Cavanşiri yaşadığı Polşada mühəndis işlədiyini bildirib.

  • Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

    Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.

    Trend-in məlumatına görə, birillik layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsi ilə şəkərli diabet xəstələrinə veriləcək.

    Qeyd edək ki, əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədi ilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir.

  • AVRO-2020: Bu gün Türkiyə final mərhələsinə vəsiqəni təmin edə bilər - AFİŞA

    Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 3 qrupda 7 görüş keçiriləcək. A qrupunun lideri İngiltərə Monteneqronu qəbul edəcək. Qrupun digər matçında Çexiya Kosovo ilə üz-üzə gələcək.

    Bu qarşılaşmalardan İngiltərə heç-heçə, Çexiya isə qələbə ilə ayrılacağı təqdirdə, final mərhələsinə vəsiqəni təmin edəcək. Kosovo isə UEFA Millətlər Liqasında yoluna davam etdiyi üçün şanslarını qoruyacaq.

    B qrupunun iddialı komandalarından Portuqaliya Litva ilə, Serbiya isə Lüksemburqla qarşılaşacaq. Millətlər Liqasının qalibi olan Portuqaliyanın bu qrupda Ukraynadan sonra ikinci vəsiqəyə sahib çıxması üçün Serbiyanın xal itirməsi də kifayətdir.

    Günün ilk vəsiqəsinə isə daha erkən başlayacaq görüşdə Türkiyə yığması yiyələnə bilər. "Ay-ulduzlular" H qrupunda İslandiya ilə ev oyununda heç-heçə etsələr, AVRO-2020-də iştirak hüququna yiyələnəcəklər. Bu halda son dünya çempionu Fransa Moldovanı məğlub edərək istəyinə nail ola bilər. Qrupun Albaniya və Andorra yığmaları arasındakı son matçı isə turnir baxımından ciddi önəm kəsb etməyəcək.

    AVRO-2020

    Seçmə mərhələ

    14 noyabr

    A qrupu

    23:45. Çexiya - Kosovo

    23:45. İngiltərə - Monteneqro

    Xal durumu: İngiltərə - 15 xal (6 oyuna), Çexiya - 12 (6), Kosovo - 11 (6), Monteneqro - 3 (7), Bolqarıstan - 3 (7)

    B qrupu

    23:45. Portuqaliya - Litva

    23:45. Serbiya - Lüksemburq

    Xal durumu: Ukrayna - 19 xal (7 oyuna), Portuqaliya - 11 (6 oyuna), Serbiya - 10 (6), Lüksemburq - 4 (6), Litva 1 (7)

    H qrupu

    21:00. Türkiyə - İslandiya

    23:45. Fransa - Moldova

    23:45. Albaniya - Andorra

    Xal durumu: Türkiyə - 19 xal (8 oyuna), Fransa - 19 (8), İslandiya - 15 (8), Albaniya - 12 (8), Andorra - 3 (8), Moldova - 3 (8).

    Qeyd edək ki, Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya və Ukrayna yığmaları final mərhələsində iştirakı təmin ediblər.

  • Alimlər şam yeməyinin səhhət üçün təhlükəli olduğunu açıqlayıblar

    ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin alimləri gec yeməyin insan səhhəti üçün təhlükəli olduğunu bəyan ediblər.

    "Report" "REN TV"yə istinadən xəbər verir ki, tədqiqatalar görə, 18.00-dan sonra qəbul edilən yemək mədə-bağırsaq və ürək problemlərinə səbəb ola bilir. 

    Təcrübədə 112 qadın iştirak edib. Hamısı da bir il ərzində gündəliklərində qəbul etdikləri qidalar barədə qeydlər aparıblar.

    Məlum olub ki, saat 18.00-dan sonra qida istehlak edən qadınların qanında şəkərin miqdarı artır, ürək problemləri, çəkinin artması və yüksək təzyiq problemi yaranır.

    Hesab edilir ki, orqanizm axşam qəbul edilən kaloriləri həzm edə bilmir.

    Həkimlər gündəlik gəzmək və idman növləri ilə məşğul olmağı tövsiyyə edirlər. Digər tərəfdən axşam qəlyanaltılarından imtina vacibdir. 

  • "Research and Markets": Azərbaycan 2026-cı ilə qədər dizel generatorlarından istifadəni 4%-dən çox artıracaq

    Azərbaycanda dizel generatorları bazarının 2019-2025-ci illərdə orta hesabla 4,1% artacağı proqnozlaşdırılır.

    "Report" xəbər verir ki, bu barədə "Research and Markets" tədqiqat mərkəzinin proqnozlarında qeyd olunub.

    Qeyd olunur ki, Azərbaycanda neft-qaz sənayesi Bakı Neft Emalı Zavodunun (BNEZ) modernizasiyası, "SOCAR GPC"- Qaz emalı və neft-kimya kompleksinin yaradılması və "Qarabağ" neft-qaz yatağında qazma aparılması kimi bir sıra nəhəng layihələr sayəsində sürətlə inkişaf edir. Bundan əlavə, artan sərmayə, artan turizm sektoru və hökumətin yeni lüks və aşağı büdcəli hotellərin inkişafına diqqət yetirməsi turizm sahəsində dizel yanacağından istifadəni daha da artıracaq.

    Gücü 60 kVA qədər olan dizel generatorları ticarət və sənaye sahələrində qurğuların geniş yayılması səbəbilə bölgənin ümumi bazarında maksimum həcm payını qazanıb. Ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına dövlət sərmayəsinin artması tikinti sənayesində dizel elektrik stansiyalarına tələbatın daha da artmasına səbəb olacaq.

    Hesabatda qeyd edilir ki, 2018-ci ildə neft-qaz sənayesində dizel generator qurğularından istifadəsi səbəbilə ümumi bazarda gəlirlərin ən yüksək payı sənaye seqmentindədir. Ölkədə neft-qaz sektorunun güclənməsi Azərbaycanda sənaye müəssisələrinin daha da inkişaf etməsinə səbəb olacaq.

    "Research and Markets" tədqiqat mərkəzi Azərbaycanda dizel generatoru bazarının əsas oyunçuları qismində AKSA, "Teksan", "Caterpillar", "Cummins" və digər Çin və Türkiyə brendlərini qeyd edib.

  • Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

    "Report" xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev deyib:

    - Xoş gəlmisiniz.

    Malkolm Honlayn deyib:

    - Sizi görməyə şadam.

    Prezident İlham Əliyev: Gəldiyinizə görə təşəkkür edirəm. Mən sizin Sammitdə iştirakınızı yüksək qiymətləndirirəm.

    Malkolm Honlayn: Bu qədər fikir ayrılığı, bu qədər gərginliyin şahidi olduğumuz bir zamanda Sizin vaxt ayıraraq insanları bir araya gətirmək üçün təşəbbüs göstərməyiniz bir faktdır. Düşünürəm ki, bizim üzərimizə düşən məsuliyyət də burada olub Sizə dəstək nümayiş etdirmək və bunu qiymətləndirməkdir.

    Prezident İlham Əliyev: Təşəkkür edirəm. Eyni zamanda, biz çox uğurlu Mədəniyyətlərarası Dialoq üzrə Forum və ənənəvi Bakı Humanitar Forumunu keçiririk. Beləliklə, biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk və Azərbaycan artıq çox fəal dialoq məkanına çevrilib. Düşünürəm ki, belə mühüm tədbirə ev sahibliyi etmək üçün doğru zamandır. Ümidvaram ki, o, uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək.

    Malkolm Honlayn: Onun keçirilməsi faktının özü bir uğurdur. Bu da bir faktdır ki, Siz və Azərbaycan qlobal, beynəlxalq səviyyədə elə bir nüfuz qazanmısınız ki, bura insanların bir araya gəldiyi bir məkandır.

    *** 17:29

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

    "Report" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.