Milli Məclisin plenar iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihələri birinci oxunuşda qəbul olunub.
“Report” xəbər verir ki, hər iki məsələ parlamentin bugünkü plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.
Bundan başqa, “Əmək pensiyaları haqqında” (birinci oxunuş), “Məşğulluq haqqında” (birinci oxunuş), “Sosial müavinətlər haqqında” qanun layihələri qəbul edilib.
İclasda həmçinin Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu da təsdiqlənib.
Gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deputatların “uşaq pulu” verilməsi ilə bağlı təklifinə münasibət bildirib.
“Report” xəbər verir ki, nazir Milli Məclisin plenar iclasında çıxışı zamanı bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.
O qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat ödənilir: "Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ, tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil.
Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, minimum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət və təqaüdü isə 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə, ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.
“Vətəndaş işsizlikdən sığorta haqqı almaq üçün öz ərizəsi əsasında işdən çıxmamalıdır. Vətəndaş istəyindən və iradəsindən kənar işsiz qalmalıdır. Bu sığortanın ümumi prinsipidir. Vətəndaş əgər ixtisara düşürək və digər şərtlərlə işdən azad olunursa, o, müvafiq məşğulluq orqanında qeydiyyata durmaqla işsizlikdən sığorta haqqı ala bilər”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, işsiz qalan şəxsə 6 aylıq işsizlikdən sığorta haqqı təyin olunur: “Bu rəqəm 3 ay da artırıla bilər. Sığorta ödənişinin orta məbləği 300 manatın üzərindədir. Əsas problem ondan ibarətdir ki, bir çox hallarda işdən çıxan şəxs öz ərizəsi ilə işdən ayrılır, yaxud işsiz statusu almaq üçün məşğulluq mərkəzlərində qeydiyyata düşmür. Bu gün məşğulluq mərkəzlərində cəmi 201 min insan qeydiyyata durub ki, bunun da yalnız 70 mini işsiz şəxs statusundadır. Yerdə qalanı isə iş axtaran şəxs statusundadır”.
S.Babayev qeyd edib ki, işsizlikdən sığorta ilə bağlı dəyişiklikləri növbəti illərdə parlamentə təqdim edəcəyik.
“Araşdırmalar göstərir ki, Azərbaycanda, əsasən, kartof olmaqla tərəvəz saxlamaq üçün 150-200 min ton tutumlu yeni soyuducu anbarlarının yaradılmasına ehtiyac var".
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
"Sahibkarlar artıq bu istiqamətdə investisiya qoymaq istəyirlər. Azərbaycanda kartof istehsalı, əsasən, Şəmkir, Tovuz, Qazax, həmçinin İsmayıllı və Xaçmaz rayonlarındadır. Soyuducu anbarlar istehsal rayonlarında, həmçinin istehlak bazarına yaxın - Bakı şəhəri ətrafında yaradıla bilər", - o qeyd edib.
"Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olan şəxslərə əlavə müxtəlif təqaüdlər ödənilir: “Məsələn, Qarabağ müharibəsi əlili olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əlilliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir. Təxminən, pensiya alan şəxslər arasında 400 min nəfər əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.
Elmi-fantastik “Terminator: Qara talelər” filmi kinoteatrlara Arnold Şvartseneqqer və Linda Hemiltonu, həmçinin T-800 və Sarrah Konnoru geri qaytarır.
"Report" xəbər verir ki, filmə baxanlar onu 4DX formatında da izləyə biləcək.
Bu, onları daha çox qatil robotları izləməyə sövq edəcək. Çünki hərəkət edən kreslolar, duman, yağış və külək onlarla bərabər olacaq.
Tim Millerin filmində avtomobil təqibləri, paraşütlə tullanma, təyyarədə döyüş, davalar və terminatorla döyüş yer alır. Bu hərəkət dolu səhnələri daha da canlı edən isə 4DX formatıdır.
Bir avtomobil digərini qovarkən izləyici kreslonun maşın kimi hərəkətini hiss edəcək. Obrazlar islananda tamaşaçı da onunla birgə islanacaq. Keçmişə səyahət edən zaman isə elektrikvurmaya bənzəyən işıqlar ətrafa saçılacaq.
Önəmli yerlərdən biri isə təyyarədə baş verən hadisələrdir. 4DX-lə hərəkət edən kreslolar, küləyin içəri girməsi ilə sizə uçurmuşsuz kimi hiss verəcək.
4DX formatındakı “Terminator: Qara talelər” baş verənləri real həyatda izləmək kinosevərlərə zövq verəcək.
Filmin süjet xəttinə əsasən, Sara Konnor əsl terminator ovçusudur. İndi isə gələcəkdəki qatil robotların məhvi ilə məşğuldur. Saranın əsas məqsədi onların Cona çata bilməməsidir. Lakin qəfil Dani Romos peyda olur. Əgər Romos sağ qalarsa, bəşəriyyət ölümdən xilas olacaq. Sara ilə mübarizəyə robot və insanın sintezi olan əsrarəngiz Qreys də qoşulur.
Azərbaycan Voleybol Federasiyasının idman zalında 2006-2007-ci il təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda 6 komanda - UGİM, “Xətai”, “Azərreyl 1”, “Azərreyl 2”, “Abşeron”, “Azəri” iştirak edir.
Dairəvi sistem üzrə keçirilən yarışın birinci günündə “Azərreyl 1” komandası “Azərreyl 2”ni, “Azəri” isə “Xətai”ni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, sonda ən çox xal qazanan komanda Bakı birincisi olacaq.
Almaniyanın Hamburq şəhərində keçirilən və şahmatçımız Teymur Rəcəbovun səkkizdəbir final mərhələsində mübarizəni dayandırdığı FIDE Qran-Prisində finalçıların adları məlum olub.
AZƏRTAC xəbər verir ki, polşalı Yan-Kşıştof Duda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran və yarımfinala qədər irəliləyən rusiyalı Daniil Dubova qalib gələrək finala vəsiqə qazanıb. Y.Dudanın finalda rəqibi fransalı Maksim Vaşye-Laqravı məğlub edərək həlledici mərhələyə vəsiqə qazanan rusiyalı Aleksandr Qrişuk olacaq. Final qarşılaşması noyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin Moskvada keçirilmiş ilk mərhələsində rusiyalı şahmatçı Yan Nepomnyaşi, Riqada təşkil edilən ikinci mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qalib gəlib. "Grand Prix 2019" seriyasının sonunda ümumi hesabda ilk iki pilləni tutan şahmatçı 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanacaq. Təmsilçimiz Teymur Rəcəbov dünya kubokunun qalibi kimi artıq iddiaçılar turnirinə vəsiqəni təmin edib.
Dörd mərhələdən ibarət turnirdə ümumilikdə 21 şahmatçı gücünü sınayır. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər.
Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaqlar.
Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən növbəti müsabiqə - “Real həyat -real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsinə qeydiyyat iki gündən sonra başa çatır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə təşkil olunur.
Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər ad və soyad, doğum tarixi, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” +994 51 310 74 01 nömrəsinə göndərməklə iştirak edə bilər.
Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və başqaları iştirak edəcəklər.
Operanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
Görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini ərsəyə gətirib. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran “Sevgi şərbəti” operası da məhz bu illərdə yaranıb. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılıb və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera 2013-cü ildə tamaşaya qoyulub.