Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan karateçiləri beynəlxalq turnirdə iki medal qazanıblar

    Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.

    "Report"un məlumatına görə, Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.

    Beynəlxalq hakimlər - Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib. 

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub

    “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (IATA) Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyinin direktoru Cankarlo Buononun başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olub.

    “Azərbaycan Hava Yolları” QSC-dən "Report"a verilən məlumata görə, səfərin məqsədi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və IATA-nın ICAO-nun tələblərinə cavab verən birgə layihəsi – Azərbaycanın hava məkanında üçsəviyyəli uçuş təhlükəsizliyi idarəetmə sisteminin tətbiqinin başa çatdırılmasıdır. Müvafiq razılaşma cari ilin yayında “Azərbaycan Hava Yolları” və “Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası” arasında imzalanıb.

    Son bir neçə ay ərzində IATA AZANS Hava Hərəkəti İdarəsinin uçuşların təhlükəsizliyi və risklərin idarə edilməsi sistemində, o cümlədən kadr hazırlığında yüksək standartların tətbiqi üzrə geniş işlər görülüb.

    Səfər çərçivəsində qonaqlar AZAL prezidenti Cahangir Əsgərov ilə görüşüblər.

    “AZAL IATA-nın tamhüquqlu üzvü olub, bu beynəlxalq təşkilatla aviasiyanın bütün sahələrində və ilk növbədə sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi sahəsində sıx əməkdaşlıq edir. Müasir texnologiyaların tətbiqi bu vacib məsələdə uğurun təməlidir", – Cahangir Əsgərov bildirib.

    “Uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin tətbiqi ilə bağlı apardığımız birgə işlər Azərbaycan səmasını bütün aviaşirkətlər üçün təhlükəsiz edir. Biz AZANS-a sıx əməkdaşlıq üçün təşəkkür edirik", – Cankarlo Buono qeyd edib.

    IATA nümayəndə heyətinin rəhbəri, həmçinin “Azərbaycan Hava Yolları”nın Hava Hərəkəti İdarəsinin sistemləri ilə pilotsuz uçuş aparatlarının idarə edilməsi sistemlərini birləşdirmək təşəbbüsünü dəstəkləmiş (ATM / UTM İnteqrasiyası) və bu məsələnin xüsusilə hava limanlarının ərazisində uçuşların təhlükəsizliyinin təmin edilməsində vacibliyini vurğulayıb.

    Cahangir Əsgərov bir çox ölkələrin bu vəziyyətdən narahat olduqlarını qeyd edib. Xüsusilə Böyük Britaniyada hava məkanında dronların qanunsuz istifadəsinin qarşısını almaq məqsədilə “Hava məkanının təşkili və pilotsuz uçuş aparatları” ilə bağlı yeni qanun qəbul edilib. Yaponiyanın Nəqliyyat Nazirliyi, həmçinin bu kimi halların qarşısını almaq üçün təcili tədbirlərin görülməsi barəsində göstəriş verib və hava limanları ərazisindəki dronların aşkarlanması üçün sensor sisteminin alınmasını nəzərdən keçirir.

    “Dronların hava limanlarının yaxınlığında uçması bütün dünyada çox aktual problemdir. Bununla əlaqədar tərəfimizdən Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azəraeronaviqasiya”nın nəzdində Mülki pilotsuz uçuş aparatlarına nəzarət mərkəzinin yaradılması qərarı qəbul edilib”, – AZAL prezidenti bildirib.

    Görüş zamanı tərəflər 2020-ci ildə Bakının uçuşların təhlükəsizliyi və uçuş əməliyyatlarına həsr olunmuş ən mühüm beynəlxalq konfranslardan biri – “Safety and Flight Ops Conference”a ev sahibliyi edəcəyini qeyd ediblər. ICAO-nun baş katibi Fan Liu və IATA-nın baş direktoru Aleksandr de Junyakın Azərbaycanın paytaxtına səfəri gözlənilir.

    "Dünya mülki aviasiyasının qlobal problemlərinin müzakirə ediləcəyi belə bir mühüm tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə böyük uğurlarını nümayiş etdirir", – Cahangir Əsgərov bildirib.

  • İlham Əliyev: “Pambıq yığımında rekord göstəriciyə nail olmuşuq”

    “Azərbaycanda həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir”.

    “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Suraxanı, Yasamal və Xətai rayonlarının, eləcə də Şirvan şəhərinin yeni icra başçıları ilə görüşündə deyib.

    “Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15%-dən, kənd təsərrüfatımız 7%-dən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq.

    Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır. Yəni kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür. Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər”, - Prezident bildirib.

  • "Bakcell"dən tamamilə yeni İnternet paketləri

    Bakcell şirkəti abunəçilərin tələb və istəkləri əsasında hazırlanmış tamamilə yeni internet paketlərini təqdim edib.

    Yeni paketlər sayəsində Bakcell ölkənin ən sürətli mobil şəbəkəsində (Ookla şirkətinin təsdiq etdiyi məlumata əsasən) maksimum rahatlıq təklif edir. Müştəriyönümlü və çox sadə məhsul olan yeni internet paketlərindən istifadə edən abunəçilər həm də nömrənin balansına daha yaxşı nəzarət edə biləcəklər. Belə ki, mobil internet nömrədə abunəçi yalnız internet paketi aldıqda aktiv olacaq. İnternet trafiki bitdikdən sonra abunəçiyə hər meqabayta görə daha yüksək qiymət ödəmək əvəzinə, xüsusi səhifə və ya SMS vasitəsilə münasib qiymətə yeni paket almaq və ya cari paketi yeniləmək təklif olunacaq.

    Bu yeni məhsullar Azərbaycanda mobil internet istifadəsi üzrə maksimum şəffaflığı təmin edən böyük bir yenilikdir. Bundan sonra internet paketi almayan abunəçilər smartfon tətbiqetmələrinin arxa fonda baş verən yenilənmələri və ya təsadüfi internet bağlantısı nəticəsində yarana biləcək əlavə xərclərdən azad olacaqlar. Çünki mobil internet yalnız müvafiq internet paketini əldə etdikdən sonra aktivləşəcək.

    Bu internet paketlərinin gətirdiyi təkmilləşdirilmiş müştəri təcrübəsi isə “Mənim Bakcellim” tətbiqetməsi sayəsində daha əlverişli olacaq. Belə ki, “Mənim Bakcellim” vasitəsilə abunəçi internetdən istifadəyə tam nəzarət edəcək, lazım olan paketləri əldə edə, yeniləyə və ya dəyişə biləcək, xərclənən məbləğ və aktiv paketin qalan hissəsi barədə şəffaf məlumat alacaq.

    Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daha da artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.

    Yeni aylıq internet paketləri abunəçinin istəyindən asılı olaraq 50 MB, 500 MB, 1 GB, 2 GB, 5 GB və ya 10 GB həcmində təklif olunur. Daha ətraflı məlumatı https://www.bakcell.com/az/internet-for-smartphones səhifəsindən və ya “Mənim Bakcellim” mobil tətbiqetməsinin “İnternet paketləri” bölməsindən əldə etmək olar.

  • Nazir: “Tezliklə daha iki Dost Mərkəzi istifadəyə veriləcək"

    “Tezliklə Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı Dost Mərkəzi, Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edən 3 saylı Dost Mərkəzi istifadəyə veriləcək”.

    “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

    Nazirin sözlərinə görə, gələn il 85 min ailənin, təqribən 360-370 insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.

    S.Babayev əlavə edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.

  • “2020-ci ilidövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib

    “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

    “Report”un məlumatına görə, parlamentin spikeri Oqtay Əsədov bu gün keçirilən parlamentin plenar iclasında bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü çıxış edib.

    Onun sözlərinə görə, digər deputatlar isə ikinci oxunuşda çıxış edə bilərlər. O, qeyd edib ki, ikinci oxunuş noyabrın 26-da keçiriləcək.

    Səsvermə zamanı 102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.

    Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur.

    İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.

    Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur.

    2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur.

  • Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gələcəklər

    Görkəmli Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və oğlu Pşemislav Cavanşiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Azərbaycana dəvət olunub.

    Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) "Report"a verilən məlumata görə, Cəlil Məmmədquluzadə şəcərəsinin nümayəndələri ilk dəfə doğma Vətəndə olacaqlar. 

    Səfər yaxın vaxtlarda baş tutacaq. 

    Onlar Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə Cəlil Məmmədquluzadəyə həsr edilmiş elmi-mədəni tədbirlərə qatılacaqlar. Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, həmçinin yazıçının ev-muzeyini və Fəxri xiyabandakı məzarını ziyarət edəcək, Ədəbiyyat İnstitutunun kollektivi ilə görüşəcəklər.

    Qeyd edək ki, uzun illərdir böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Cəlil Məmmədquluzadənin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.

    Məmmədquluzadələr şəcərəsi ilə əlaqələrini davam etdirən akademik İsa Həbibbəyli böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş aparıb.

    İsa Həbibbəylinin yazdığı “Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi” Azərbaycan elmində yazıçıların nəsil ağacından bəhs edən ilk tədqiqatlardan biridir.

  • Sabahın hava proqnozu açıqlanıb

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 14-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

    Azərbaycanın rayonlarında əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifalarının Fransanın “Mezzo” kanalında təqdimatı davam edir

    Fransanın “Mezzo” klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları təqdim olunmaqda davam edir.

    AZƏRTAC xəbər verir ki, dekabrın 5-dək mütəmadi olaraq təkrarlanacaq konsertin növbəti yayımı noyabrın 18-də Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

    Konsertlə bağlı telekanal öz efirində və sosial şəbəkə hesablarında anonslar təqdim edir.

    Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı ifaçı, Xalq artisti Murad Hüseynov dünyaca məşhur olan violin ifaçisi Vadim Repin ilə birlikdə dünya şöhrətli bəstəkar Qara Qarayevin sonatasını və fortepiano üçün yazılmış 24 prelüdünü səsləndirəcək. Əsərlər Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə bəstəkarın 100 illik yubileyi ərəfəsində lentə alınıb. Qeyd edək ki, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə tanınmış violin ifaçısı Maxim Vengerovun ifasında dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı da yaxın günlərdə telekanal vasitəsilə yayımlanacaq.

  • Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

    Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) ofisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Türkiyənin Vyana şəhərindəki baş konsulu Asip Kaya, türkdilli ölkələrin səfirliklərinin təmsilçiləri, Azərbaycan və Türkiyənin diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxışı zamanı Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində və təşkilatlanmasında mədəniyyət mərkəzlərinin və Azərbaycan evlərinin böyük əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, artıq bu ilin sonuna qədər 11 ölkədə Azərbaycan Evi fəaliyyət göstərməyə başlayacaq, gələn il isə 8 ölkədə Azərbaycan Evi açılacaq. Bu mərkəzlərin milli-mədəni dəyərlərin yaşadılması, yerli ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması işlərində daha mühüm rol oynayacağına ümid ifadə olunub. Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Qarabağ haqqında gerçəklərin dünya ictimaiyyətinə çatdırılması işində diaspor fəallarına uğurlar arzulanıb.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün ötən ay Bakıda keçirildiyini xatırladan komitə sədri sözügedən ölkələrin diaspor təşkilatları arasında birgə əməkdaşlığın önəmini vurğulayıb.

    Qalib İsrafilov Avstriyadakı Azərbaycan diasporunun aparıcı qüvvələrindən biri olan AZER-DERin fəaliyyətindən bəhs edib. Qeyd edilib ki, AZER-DER təkcə azərbaycanlı icmasının deyil, eyni zamanda, türkdilli ölkələrdən Avstriyaya gəlmiş insanların sevimli məkanıdır. Burada tez-tez müxtəlif tədbirlər, milli bayramlar, uşaq və böyüklər üçün kurslar təşkil olunur. O, təşkilatın rəhbəri Yardım Günəşə və təşkilatın fəallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Asip Kaya Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edib və Vyanada da diaspor təşkilatlarımız arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.