Hacıqabul rayonunun 39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolu yenidən qurulub.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağının qaldırılması və genişləndirilməsi, kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, yol əsasının tikintisi işləri görülüb. 2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində 3 aşırımlı yeni dəmir-beton körpünün inşası aparılıb.
Sonda yolboyu hərəkətin normal təşkili üçün kilometr göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi həyata keçirilib.
Qeyd edək ki, bu avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun “Kukla formatı” teatrının quruluşundakı “Qırmızı çiçək” tamaşası noyabrın 26-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.
Bir çoxu “Qırmızı çiçəyin” xalq nağılı olduğunu zənn edir... Ancaq bu nağılın hekayəti yazıçı Sergey Aksakovun özünün uşaqlığı ilə bağlıdır, ona qırmızı çiçək haqqında rəvayəti Pelageya adlı anbardar qadın nəql edibmiş. Artıq yetkinlik yaşına çatan və sevimli nağılını qələmə alan Aksakov sonralar Pelageyanın bu saysız-hesabsız nağıllarına gecə-gündüz yorulmadan qulaq asa biləcəyini həssaslıqla xatırlayırmış.
Quruluşçu rejissor Anna Viktorova və aktrisa Olga Donets (Pelageya) qədim rus folklor modelinə uyğun olaraq yaradılan kuklaların köməyi ilə Gözəl qız və Bədheybətin hekayətini danışmağa qərar veriblər. Səhnədə yalnız anbardar qadın Pelageya bir vaxtlar kiçik Seryoja Aksakova nəql etdiyi kimi, indiki dövrün uşaqlarına sevgi və sədaqət haqqında gözəl bir nağıl danışır...
Tamaşanın premyerası 24 aprel 2014-cü ildə baş tutub.
Tamaşa bir çox beynəlxalq festivalların iştirakçısıdır. 2015-ci ildə Bangkokdakı Ümumdünya Kukla Karnavalında (World Carnival of Puppets) aktrisa Olga Donets oynadığı rola görə “Ən yaxşı aktrisa” adını qazanıb, tamaşa özü isə “Baş mükafat” nominasiyasına layiq görülüb. Aktrisa 2017-ci ildə Astanadakı Ümumdünya Kukla Karnavalında bu uğurunu təkrarlayaraq, "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub.
Çoxsaylı rəylər bütün tamaşa boyunca uşaqların və onların valideynlərinin maraq və diqqətini özünə cəlb etməyi bacaran yeganə aktrisanın parlaq oyunundan bəhs edir. Bununla yanaşı, onun kukla köməkçiləri də parlaq xarakterə malikdirlər, onlar həvəslə rəqs edirlər və zarafatlaşırlar. Ancaq ən tələbkar və həssas auditoriya uşaqlardır, onları aldatmaq və müxtəlif fəndlərlə ələ almaq mümkün deyil.
Tamaşanın nümayişi Sankt-Peterburq Mədəniyyət Komitəsi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sankt-Peterburq teatr mövsümləri” XVII İllik Mədəniyyətlərarası Festivalı çərçivəsində keçirilir və Heydər Əliyev ilinə həsr olunur.
Tamaşa saat 12:00 və 15:00-da başlayır və yaşı 4+ olan auditoriya üçün tövsiyə olunur. Müddəti antraktsız 55 dəqiqədir.
Biletlər teatrın kassasında, şəhərin mərkəzi kassalarında, həmçinin iTicket.Az saytında onlayn satılır.
Bu il görkəmli muzeyşünas və mətnşünas, Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru olmuş Turan Cavidin anadan olmasının 100 illiyi qeyd edilir. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Turan Cavidin həyat və yaradıcılığına həsr edilən “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterial və “Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanmış “Cavid nəslinin qoruyucu mələyi” adlı videomaterialda Turan Cavidin mürəkkəb, ziddiyyətli dövrlərə təsadüf edən ömür yolu, bədii fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Həmçinin materialda Turan xanımın atası, görkəmli dramaturq Hüseyn Cavidlə bağlı uşaqlıq xatirələri, görkəmli şairin irsinin toplanmasında, qorunmasında, təbliğində, nəşrində və gələcək nəsillərə çatdırılmasında, şairin Bakıdakı ev-muzeyinin yaradılmasında və fəaliyyətində olan müstəsna əməyi haqqında faktlar yer alır.
Materiallarda Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin onun şəxsiyyətinə olan dərin hörmət - ehtiramından bəhs olunur, Turan xanımın Ulu Öndərlə olan foto və videogörüntüləri təqdim edilir.
“Cavidlər nəslinin son yadigarı” adlı biblioqrafik icmalda Turan xanımın redaktə etdiyi, onun həyat və bədii fəaliyyəti haqqında qələmə alınan “Cavid, Mişkinaz. Hüseyn Cavid haqqında xatirələr”, “Cavid, Hüseyn. Əsərləri”, “Turan Cavid: ömür salnaməsi”, “İnsan ömrü bir dalğa kimi...”, “Vaxtdan uca” kimi kitabların biblioqrafik təsviri və annotasiyası təqdim edilir.
Materiallarda Cavid əfəndinin ömür-gün yoluna işıq saçan, böyük şairin faciəli taleyindən, zəngin bədii irsindən bəhs edən “Cavidnamə” əsərinin müəllifi, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın Turan Cavidlə bağlı xatirələri də yer alıb.
Hazırlanmış material kitabxananın rəsmi saytında https://ryl.az/ və sosial şəbəkələrində yerləşdirilib.
Bakıda “Dayanıqlı, Yaşanılabilən və Təsirlərə davamlı İrs şəhərlərinə doğru” adlı plenar sessiya keçirilib
Oktyabrın 10-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Dayanıqlı, Yaşanılabilən və Təsirlərə davamlı İrs şəhərlərinə doğru” adlı plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədovun moderatorluğu ilə keçən plenar sessiyada əvvəlcə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva İçərişəhərdə tarixi irsin qorunması ilə bağlı həyata keçirilən işlər və gələcək planlar haqqında məlumat verib. Qeyd edib ki, hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul olunub.
Sessiyada digər çıxış edənlər - Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura təşkilatının vitse-prezidenti Riin Alatalu, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Pakistanda Lahor Tarixi Qala Şəhərinin baş direktoru Kamran Laşari və Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) təşkilatının icraçı direktoru Yuliya Pagel tarixi abidələr haqqında məlumat verərək, abidələrin qorunması istiqamətində həyata keçirilən işlərdən danışılıb. Abidələrin əvvəlki və sonrakı dövrünü əks etdirən fotolar nümayiş olunub.
Natiqlər diqqətə çatdırıb ki, tarixi-mədəni irsin qorunması cəmiyyətimiz üçün önəmli məsələlərdəndir. Bu sahədə dünyada bir sıra tədbirlər həyata keçirilir.
Həmçinin son illərdə baş verən iqlim dəyişikliklərinin də mədəni irsə öz təsirini göstərdiyi vurğulanıb. Mədəni irsin qorunması və davamlılığının artırılması üçün bir çox analitik texnikaların olduğu qeyd edilib.
Sessiyada Azərbaycanın mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən də söhbət açılıb. Qeyd edilib ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır və bu şəhər bir çox şairlərin, bəstəkarların vətəni olub. Ermənistan tərəfindən həmin ərazilər 30 il ərzində işğal altında saxlanılıb, bu müddət ərzində bütün infrastruktur, o cümlədən tarixi, mədəni və dini irs vandalizmə məruz qalıb, talan edilib. Ordumuzun tarixi Zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş bərpa və quruculuq işlərinə başlanılıb. Hazırda Şuşada mədəni irsin bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi, dini abidələrin və muzeylərin bərpası artıq başa çatdırılıb.
Sessiyada, həmçinin muzeylərin mədəni həyatın modernləşdirilməsi proseslərində mühüm rol oynadığı qeyd edilib. Vurğulanıb ki, muzeylərdə qorunan tariximizin yadigarlarının gənc nəsildə əhatəli bilik, dünyagörüşü yaratması üçün bütün imkanlar səfərbər olunmalıdır.
Panelin yekununda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə artıq bir neçə gündür ki, ölkəmizdə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə musiqisevərlərin zövqünü oxşayacaq.
Festivalın açılışı “UN 1906” klubunda keçirilib. Tədbir çərçivəsində paytaxt sakinləri və qonaqlarına Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər və azərbaycanlı ifaçıları canlı dinləmək imkanı verən musiqi yarmarkası təşkil edilib. Gün ərzində yarmarkaya gələn qonaqlara ləziz təamlarımızdan dadaraq 3D fotoşəkillər və DJ GRAF-nin musiqisi sədaları altında rəqs etmək imkanı yaradılıb.
Festival çərçivəsində məşhur “Jazzanova” qrupu almaniyalı DJ Amir ilə birlikdə çıxış edib. Festivalda caz musiqisinin müxtəlif üslublarında musiqi nömrələri səsləndirilib. Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət proqram maraqla qarşılanıb.
Növbəti tədbir Beynəlxalq Muğam Mərkəzində "I am jazzman!" gənc caz ifaçıların iştirakı ilə təqdim edilib. "I am jazzman!"nın məqsədi ölkədə cazın təbliği və gənc istedadların üzə çıxarılmasıdır. Konsertin aparıcısı Tofiq Həsənsoy Azərbaycan cazının tarixi və ənənələrindən söz açıb. Bu musiqinin ölkəmizdə inkişafına töhfə vermiş insanlar xatırlanıb.
Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdullalı, Rəna Xanəlibəyli, Samir Səfərov, Nəzrin Cəfərova, Cozef Okparmen və başqaları dünyanın məşhur caz ifaçılarının repertuarlarından kompozisiyalar ifa ediblər. Gənclər cazın müxtəlif üslublarında bir-birindən maraqlı improvizələrlə dinləyicilərin alqışlarını qazanıblar. Konsertin sonunda vokalçı-bəstəkar Qasım Xəlilov səhnəyə çıxaraq gənc istedadları təbrik edib. Diqqətə çatdırıb ki, festival çərçivəsində təşkil olunan proqram gənc musiqiçilərin yaradıcılığında mühüm yer tutur.
Daha sonra iştirakçılara festivalın diplomları təqdim olunub.
Qeyd edək ki, builki festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret də Bakıya təşrif buyurub.
Festivalın proqramına gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” müsabiqəsi də yer alıb. Rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də builki festivalın yaddaqalan tədbirləri sırasındadır.
Festival oktyabrın 15-dək davam edəcək.
Xatırladaq ki, bu il 18-ci dəfə təşkil edilən festivalın əsası 2005-ci ildə görkəmli caz musiqiçisi, Əməkdar artist Rain Sultanov tərəfindən qoyulub. Artıq festival öz ənənələrini formalaşdırıb, ölkəmizdə və xaricdə musiqi ictimaiyyətinin diqqətini çəkə bilib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə oktyabrın 8-dən 11-dək III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, zəngin proqramı olan festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar oktyabrın 9-da “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən, ölkəmizin qədim musiqi və söz-sənət beşiklərindən olan Şuşa şəhərinə səfər ediblər.
Səfərin məqsədi Azərbaycan mədəniyyətinə, ədəbiyyat elminə görkəmli şəxsiyyət bəxş etmiş Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olmaqdır.
Türk dünyasından gəlmiş kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.
Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb.
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" filmi gələn il təhvil veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev Azərbaycan III "Korkut Ata" Film Festivalı ilə əlaqədar keçirilən Zirvə görüşündə deyib.
Onun sözlərinə görə, film ümumilikdə 8 seriyadan ibarət olacaq və hər seriya bir saat davam edəcək.
"Hadrut, sən azadsan" filminin çəkilişlərinin yekunlaşdığını qeyd edən Bakı Media Mərkəzinin icraçı direktoru, ekran əsərinin gələn ay təhvil veriləcəyini bildirib.
“Buxara” karvansarasının təmir və restavrasiya işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə söyləyib.
O bildirib ki, Qoruq İdarəsi hazırda bir sıra təşəbbüslər və layihələr üzərində işləyir: “Ən uzunmüddətli proses qala divarlarının bərpasıdır”.
"Qarabağ" Futbol Klubu haqqında filmin çəkilişləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən III "Korkut Ata" Türk Dünyası Film Festivalının Zirvə görüşündə çıxış edən Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev deyib.
Onun sözlərinə görə, "30 mövsüm səfərdə" adlanan film dörd hissədən ibarətdir.
Film dövlət sifarişi ilə Mədəniyyət Nazirliyinin "Salnaməfilm" studiyasında istehsal olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtımızda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində oktyabrın 10-da zirvə görüşü təşkil olunub.
Toplantıda TÜRKSOY-un Baş katibi Sultan Raev, qurumun nümayəndələri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan müvafiq nazirliklərin rəsmiləri, kinematoqrafiya sahəsi ilə bağlı aidiyyəti qurumların məsul şəxsləri, tanınmış kino xadimləri iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxışında qeyd edib ki, Türk dünyasının birləşməsi artıq regionda, o cümlədən beynəlxalq müstəvidə qədim bir mədəniyyətin yenidən dünya gündəminə gətirilməsidir: "Şübhəsiz ki, mədəniyyət bu inteqrasiyanın əsas amillərindən biridir. Mədəniyyətin ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşünürəm ki, heç kəsdə şübhə doğurmur. Mədəniyyət Nazirliyi olaraq həm dövlət-özəl münasibətlərinin formalaşmasına önəm verir, həm də türk xalqları, ümumiyyətlə isə dünya kinematoqrafiya məktəbləri ilə inteqrasiyaya üstünlük veririk. Son zamanlar bizim yaratdığımız və bir sıra ölkələrlə birgə çəkdiyimiz filmlər artıq ekranlardadır. Bu gün biz Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər ölkələrin prodüser şirkətlərinin təqdim edəcəyi layihələri nəzərdən keçirəcəyik. Bu platformanın yaranması Türk dünyasının kinematoqrafiyası sahəsində inteqrasiyasına xidmət edəcək".
Daha sonra "113 gün", "Proyekt 2602", "Sən haralısan, durna?", "Mərmər soyuğu", "Himayədar", "30 mövsüm səfərdə", "Hadrut, sən azadsan", "Nobel qardaşları", "Qoçu", "Mavi quş", "Miras", "Heyelan" (“Sürüşmə”), "İnsan", "Sofiya", "Xəyal quşu", "Gülmira" və digər filmlərin təqdimatı olub.
Festival komitəsinin sədri İhsan Kabil III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətindən bəhs edib.
“TRT Sinema”nın rəhbəri Faruk Güvən qurumun iş prinsipi haqqında məlumat verib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz türk kinosunun inkişafı barədə fikirlərini söyləyib.
Türkiyəli tanınmış aktyor Serdar Gökhan çıxışında tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, tədbirin məqsədi türk xalqlarının ortaq dəyərlərini, mədəniyyətini kinoda əks etdirmək, müstəqil türk respublikaları, digər türk muxtar respublikaları ilə birlikdə müştərək film istehsalının inkişafına təkan verməkdir.