ktyabrın 10-da Bakıda Polşa filmlərinin nümayişinə başlanılacaq.
Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 13-dək davam edəcək nümayişlər zamanı Polşa istehsalı olan dörd film nümayiş olunacaq.
Azərbaycan dilində subtitrlə təqdim olunacaq ekran əsərləri bunlardır - “Solid Gold”, “Bread and salt”, “Filip” və “Supernova”.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin müşayiəti altında solistlər - Xalq artisti Teyyub Aslanov (xanəndə), Əməkdar artist Zakir Əliyev (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatları Rəvanə Qurbanova (xanəndə), Taleh Yəhyayev (bariton), Natavan Həsənova (qanun), Mədinə Şahgəldiyeva (kamança), Fariz Hüseynov (kamança), Hikmət Qasımov (zurna), Seymur Mürsəlov (tar), Nərgiz Mütəllibova (fleyta) və İlkanə Cəfərova (qanun) çıxış ediblər.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.
Oktyabrın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin yüksəlişi” təlim proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin 1-ci mərhələsi oktyabrın 13-dək davam edəcək.
Mərasimdə Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi çıxış edərək layihə haqqında məlumat verib. Qeyd edib ki, proqramın məqsədi Azərbaycanda yeni nəsil prodüserləri hazırlamaqdır: "Bu gün burada təcrübəli prodüserlərlə yanaşı, bu sahəyə ilk addımlarını atan prodüserlər də iştirak edir. Təlim iki mərhələdə keçiriləcək. Birinci mərhələ (intensiv mərhələ) oktyabrın 13-dək davam edəcək. İkinci mərhələdə isə təlim iştirakçılarının ideyaları əsasında kino layihəsi ilə bağlı iş aparılacaq. Bu mərhələ zamanı təlim rəhbərləri tərəfindən "Zoom" proqramı vasitəsilə iştirakçılarla əlaqə yaradılacaq".
Prodüser Martin Hagemann təlimin strukturu barədə danışıb. Bildirib ki, 8 həftə davam edəcək təlimlərdə prodüser sənayesi, bu sahənin əsasları haqqında məlumat veriləcək: “Təlim zamanı iştirakçılar hər birində 15 nəfər olmaqla iki qrupa bölünəcək. Amma biz Titus Kreyenberqlə birlikdə tez-tez qrupları dəyişdirəcəyik. Bu, təlimin effektiv olmasına şərait yaradacaq".
Prodüser Titus Kreyenberq təlimin əhəmiyyətindən bəhs edib.
Çıxışlardan sonra təlim iştirakçıları ilə tanışlıq olub.
Qeyd edək ki, təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti də qazanacaqlar.
Proqramın sonunda iştirakçılara sertifikat veriləcək. Ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihələri müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab ərsəyə gətirilib.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatda işıq üzü görən kitab aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunub.
Layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir: “Sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Sazbəndlik özünəməxsus incəlikləri olan, sazbənddən peşəkarlıqla yanaşı, aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə dair zəngin bilik və geniş dünyagörüşü tələb edən spesifik bir sənət sahəsidir.
Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca vacibdir”.
Kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba yazdığı “Ön söz”də vurğulayıb: “Təəssüf ki, indiyə qədər sazla bağlı instrumental fəaliyyətin tarixi kökləri, evolyusion inkişaf dinamikası, bir sözlə, sazbəndlik sənətinin incəlikləri, onun zaman içərisində keçirdiyi dəyişikliklər heç də lazım olan səviyyədə öyrənilməyib. Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.
Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.
Kitabın elmi redaktoru ADPU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, müəllifi isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar və eləcə də geniş ictimaiyyət faydalana bilər.
Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli xanəndə, Xalq artisti Tələt Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xanəndənin ifasından ibarət videoçarx nümayiş olunub.
Tədbirdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.
Milli Məclisin deputatı Ziyad Səmədzadə, Xalq artistləri Firuz Əliyev, Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev və sənət dostları çıxışlarında qeyd ediblər ki, yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Tələt Qasımov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Vurğulanıb ki, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov məktəbindən ustad xanəndə kimi püxtələşmiş Tələt Qasımov sənətdə öz ənənələrini yaradıb.
Xatirə gecəsi xanəndənin repertuarından ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, BMM-nin solistləri Mirələm Mirələmov, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Almaxanım Əhmədlinin ifaları dinlənilib.
Tanınmış ABŞ musiqiçisi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünyaşöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim ediləcək.
Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsidir.
Oktyabrın 10-u, 12-si və 14-də baş tutacaq konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış edəcəklər. Musiqiçiləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa Mehmandarov idarə edəcək.
Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə “Florida Keys” musiqi müsabiqəsinin qalibi olub.
Pərvin Muradov bildirib ki, bir il ərzində Bakı şəhərinin Stanislav Yudeniçin “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsinə daxil edilməsi və onunla bu layihə çərçivəsində əməkdaşlıq edilməsi məqsədilə müzakirələr aparılıb.
Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, “Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunacaq. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar aiddir.
Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq.
Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilicək. Bununla da ekspozisiyanı ziyarət edənlər qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyacaqlar.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə keçiriləcək.
“Naxışlarda motivlərin gözəlliyi” sərgisi oktyabrın 18-dək davam edəcək.
“Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun ölkəmizdə ilk dəfə yaratdığı Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ, təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər: "Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək".
Energetika naziri Pərviz Şahbazov oktyabrın 27-də Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Reportun Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Füzuli rayonunun Horadiz şəhərində (ünvan: Horadiz şəhəri, H.Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.
Bu barədə Reporta Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.
Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.