Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Andrey Platonovun “Çevenqur”u ilk dəfə Azərbaycan dilində

    Dövlət Tərcümə Mərkəzi Rusiya Tərcümə İnstitutunun qrant layihəsi çərçivəsində rus ədəbiyyatının görkəmli nümayəndəsi, dünyaşöhrətli yazıçı Andrey Platonovun məşhur “Çevenqur” romanını Azərbaycan dilində nəşr edib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əsərin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifi, tanınmış tərcüməçi İlqar Əlfi, redaktorları Bəhlul Abbasov və Şəfiqə Şəfadır.

    Dünya ədəbiyyatşünaslarının qənaətincə, mövzu baxımından lirik satira, fəlsəfi, ideoloji roman, xalq epopeyası, faciəvi utopiya və antiutopiya kimi müxtəlif janr və ədəbi cərəyanları özündə birləşdirən əsər Andrey Platonovun “Çevenquru” adlı “Ön söz”lə təqdim edilir.

    Qeyd edək ki, “Çevenqur” Andrey Platonovun utopik sosial-fəlsəfi romanıdır. Əksər ədəbiyyatşünasların fikrincə, roman müəllifin özünün sağlığında yekunlaşdırdığı ən əhəmiyyətli əsəridir. 1926–1928-ci illər arasında qələmə alınmış romanda real hadisələr və onların cərəyan etdiyi məkan mif məntiqi ilə dəyişdirilsə də, hərbi kommunizm və Yeni İqtisadi Siyasət (YİS) dövrünü əhatə edir. Romanın baş qəhrəmanı Aleksandr Dvanov o dünyaya marağı ucbatından özünü göldə boğan atasını erkən yaşlarında itirib. Aleksandr “kommunizmi əhalinin özbaşına fəaliyyətində” axtarmağa yollanarkən inqilabın səyyar cəngavəri, Dulsineyası Roza Lüksemburq olan yeni Don Kixot – Stepan Kopenkinlə rastlaşır.

  • Filarmoniya oktyabr ayı üçün repertuarını açıqlayıb

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının oktyabr ayına olan repertuarı açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.

    Oktyabrın 16-da qədim Altay diyarının “kay” sənətinin ifaçısı Aleksey Çiçakov konsert proqramı ilə çıxış edəcək. Bununla yanaşı, oktyabrın 25-də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Oktyabrın 26-da isə Bakı Kamera Orkestrinin konserti baş tutacaq. Azərbaycan Dövlət Xor Kapellası oktyabrın 27-də filarmoniyanın səhnəsində Zəfər gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət ocağında həmçinin Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə "Barokko musiqi axşamı" konserti keçiriləcək.

    Konsertlər Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq.

  • “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edilib

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edib.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir.

    Layihədə 16-25 yaşarası gənclər iştirak edə bilərlər. İştirakçılar oktyabrın 25-dək əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər. Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşlənmə texnikası sərbəstdir. Qaliblər iki kateqoriya üzrə müəyyən olunacaqlar. Hər kateqoriya üzrə 3 qalib nəzərdə tutulub.

    Müsabiqənin nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı elan ediləcək. Ətraflı məlumat üçün +994 50 715 57 55 və ya 055 715 57 55 nömrələri ilə əlaqə saxlamaq olar.

    Qeyd edək ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizin simvolu olan 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyət və siyasi iradəsi ilə qüdrətli Ordumuz torpaqlarımızın otuzillik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

    “Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi xalqımıza əbədi Qələbə ruhu bəxş edən tariximizin bu şanlı səhifəsini gənclərin gözü ilə görmək və inkişafını dəstəkləmək, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılmasından ibarətdir.

  • Bu gün tanınmış tarzən Qurban Pirimovun doğum günüdür

    Bu gün Azərbaycanın Xalq artisti, tanınmış musiqiçi, tarzən Qurban Pirimovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 143-cü ildönümü tamam olan görkəmli sənətkarın Azərbaycan musiqisi tarixində özünəməxsus yeri var.

    Qurban Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.

    1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir: “Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürəkoxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən “Rahab”ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.

    Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, “Öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.

    Sənətkarın yaradıcılığına sağlığında yüksək qiymət verilib. 1931-ci ildə Xalq artisti adına layiq görülüb. Ona verilən ən böyük qiymət isə xalq məhəbbətidir. 70 ildən çox köksünə sıxıb dilləndirdiyi tar Qurbansız qalsa da, Azərbaycan tar sənəti Qurbansız deyil və olmayacaq, ulu tarımız əbədən yaşayacaq.

    Deyirlər ki, insanı özündən sonra üç amil yaşadır: əməlləri, əsərləri və övladları. Bu mənada Qurban Pirimov çox xoşbəxt insan olub ki, bu deyilən amillər onu bu günə qədər yaşadıb və bu yaşantı əbədidir. Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib. Amma o, ruhən ulu tardan ayrılmazdır. Çünki tar ifaçılığının tarixini Qurbansız təsəvvür etmək olmaz.

    Xatırladaq ki, tarın hazırlanması və tar ifaçılıq sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu hadisə Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

  • Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək

    “Legendary Entertainment” şirkəti “Sony TriStar Pictures” ilə birgə görkəmli braziliyalı yazıçı Paulo Koelyonun bütün dünyada populyar olan “Əlkimyagər” romanının ekranlaşdırılması üçün hüquqları əldə edib. Bu barədə AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir.

    Milyonlarla oxucunun sevgisini qazanan roman əsasında filmin ssenarisi üzərində yazıçı və ssenarist Cek Torn işləyəcək («Qaranlıq başlanğıclar”, “Enola Holms”).

    “Əlkimyagər” romanı Misirdə böyük xəzinələrin tapılacağını yuxuda gördükdən sonra Misirdəki piramidalara yollanan gənc əndəlus çobanı Santyaqodan bəhs edir. Roman ilk dəfə 1988-ci ildə nəşr olunub və dünya bestselleri olub.

  • Yazıçılar Birliyində “Mən hər gün günəşi qarşılayıram” kitabının təqdimatı olub

    Poeziya, ümumən yaradıcılıq özü ayrıca bir dünyadır və şair öz dünyasını yaradıb, oxucunu bu dünyanın sakini olmağa, havasında nəfəs almağa, suyundan içməyə, odunda qızınmağa, torpağında gəzməyə vadar eləməyə bacarmalıdır.

    AZƏRTAC xəbər verir ki, bu sözləri tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən Əməkdar jurnalist Murad Qoçuoğlunun “Mən hər gün günəşi qarşılayıram” adlı şeirlər kitabının təqdimatında söyləyib.

    Şairin əsas bədii subyekti, predmeti insan olduğunu qeyd edən ədəbiyyatşünas Əsəd Cahangir deyib: “O, öz tipologiyası etibarilə fəlsəfi düşüncəyə meyilli şairdir və bu fəlsəfilik onun təkcə Allaha müraciətlə yazdığı şeirlərlə məhdudlaşmır. Onun təbiət, dünya, insan, sevgi və digər mövzulardakı şeirləri də fəlsəfi düşüncə axarında yazılıb, lakin bu mövzuların hər biri fərqli psixoloji aura, mental iqlim, ab-havaya malikdir. Onun poetik dünyası öz ruhunun dərinliklərindədir və dünyanın üç əsas obrazı var - Allah, dünya və insan!”.

    Təqdimatda çıxış edən digər natiqlər Murad Qoçuoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıb, kitab haqqında öz fikirlərini bölüşüblər.

    Tədbirdə ədəbi ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

    Murad Qoçuoğlu ötən əsrin 80-ci illərində ədəbiyyata gəlib. “Mən hər gün günəşi qarşılayıram” müəllifin ikinci şeirlər kitabıdır. Şairin bundan öncə "Bir az gecikəndə" adlı şeirlər kitabı çap olunub. Şeirləri respublikamızda və ölkənin hüdudlarından kənarda müxtəlif mətbu orqanlarda işıq üzü görüb.

  • Azərbaycan və Türkiyə enerji əməkdaşlığının inkişafını müzakirə edib

    Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib.

    Report bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, nazir Mikayıl Cabbarov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İstanbulda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

    Görüşdə M.Cabbarov ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığının, birgə reallaşdırılan layihələrin regional inkişafa, sabitliyə, təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, hazırda enerji təhlükəsizliyi dünyada əsas çağırışlardan birinə çevrilib, ölkələrimiz arasında bu sahədə, xüsusilə bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarının reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlıqda mühüm vektorlardandır.

    A.Bayraktar isə ölkələrimizin iştirakı ilə həyata keçirilən genişmiqyaslı enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

    Görüşdə ölkələrimizin uğurlu iqtisadi tərəfdaşlığı, enerji və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

  • Bakıda daha bir yerdə yol hərəkətinin təhlükəsizlik səviyyəsi artırılıb

    Bakının Sabunçu rayonunda Abşeron küçəsi ilə Musa Nağıyev küçəsinin kəsişməsində nizamlanan yolayrıcı təşkil edilərək yol hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

    Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, görülən işlər çərçivəsində ərazidə işıqfor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib, piyada və nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsi artırılıb.

  • Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

    2026-cı ildə növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək.

    Report xəbər verir ki, bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (İAC2023) çərçivəsində nümayiş etdirilən stendlərin mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

    “Azərkosmos”un sərgi pavilyonunda keçirilən tədbirdə S. Əsədov bütün tədbir iştirakçılarına və sponsorlara təşəkkürünü bildirib. Mükafata Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi (ən innovativ stend), Çin Astronavtlar Assosiyasiyası, “Airbus” şirkətinin nümayəndələri (ən kreativ), Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi (ən fəal), Milanın “Plan-S” şirkəti, Türkiyə Kosmik Agentliyi (ən işgüzar) stend olaraq mükafatlandırılıblar.

    Qeyd edək ki, məhz bu gün yəni oktyabrın 6-da 2026-cı ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi ölkənin seçimi baş tutmalı idi.

  • Filarmoniyada Sergey Raxmaninovun anadan olmasının 150 illiyi qeyd olunacaq

    M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası oktyabrın 10-dan 14-dək keçirilən “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (Özbəkistan) dahi rus bəstəkarı Sergey Raxmaninovun anadan olmasının 150 illiyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edəcək.

    AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - İlya Şmukler (piano, Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) öz ifalarını dinləyicilərə təqdim edəcəklər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paginini mövzusuna Rapsodiya”sı, op.43 və Sergey Prokofyevin Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konserti səslənəcək.

    Oktyabrın 12-də bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Anastasiya Vorotnaya (piano, Rusiya), Sergey Belyavski (piano, Rusiya) və İsgəndər Məmmədəliyev (piano, Özbəkistan) tamaşaçılar qarşısında çıxış edəcəklər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 1 (fis-moll, op.1) və 3 saylı (d-moll, op.30) konsertləri, Sergey Prokofyevin Piano və orkestr üçün 3 saylı (C-dur, op.26) konserti səslənəcək.

    Oktyabrın 14-də bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artisti Murad Adıgözəlzadə (piano, Azərbaycan), Stanislav Yudeniç (piano, Özbəkistan), David Khrikuli (piano, Gürcüstan) musiqisevərlərə öz ifalarını təqdim edəcəklər. Proqramda Johannes Brahmsın Piano və orkestr üçün 2 saylı (B-dur, op.83) konserti, Moris Ravelin Piano (sol əl üçün) və orkestr üçün 2 saylı (D-dur) Konserti və Wolfgang Amadeus Mozartın İki piano ilə orkestr üçün 10 saylı (Es-dur, KV365) konserti səslənəcək.