Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Qızlara ağ yaraşır” hədəfinə çatdı!

    Sosial kampaniya çərçivəsində cüdoqili qızların sayı artıq 1000 nəfərdir

    “Azercell Telecom” və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası hədəfinə çatdı. Ağ cüdoqi geyinərək sosial təşəbbüsə artıq min qız qoşulub!

    “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.

    Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyası tərəfindən məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Qızlar artıq mütəmadi olaraq məşqlərdə iştirak edir.

    İstəyirik qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!

    “Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün:

    https://qizlaraagyarasir.az/#

  • İlon Mask bu gün Beynəlxalq Astronavtika Konqresində onlayn çıxış edəcək

    “SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

    Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

    Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında,You Tube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

  • Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

    Bu gün Naxçıvan şəhərində ilk dəfə “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçirilir.

    Reportun yerli bürosu xəbər verir ki, tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyidir.

    Forumda 4 yerli və 2 xarici spikerin iştirakı ilə "Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" mövzularında 3 panel müzakirə keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi olacaq.

    Forumda dövlət və özəl sektor nümayəndələrinin, karyera məsləhətçilərinin, təlimçilərin, insan resursları üzrə mütəxəssislərin, inkişaf mentorlarının və sahibkarların iştirakı nəzərdə tutulub. Tədbirin məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

  • Fortepiano Triosunun növbəti konserti - Kamera musiqisi axşamı

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Dövlət Fortepiano Triosunun “Kamera musiqisi axşamı” adlı konserti keçirilib.

    Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Əməkdar artistlər Töhfə Babayeva (violin), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimovanın (cello) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

    Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Trionun tərkibinə Azərbaycanın Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir.

    Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarların əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə (Rusiya, Türkiyə, Almaniya və s.) uğurla çıxış edir.

  • VIII Henrixin 510 il əvvəl yazdığı məktub hərraca çıxarılıb

    İngiltərə monarxı VIII Henrix tərəfindən 510 il əvvəl yazılmış və imzalanmış nadir məktubun nüsxəsi hərraca çıxarılıb.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ölçüsü 20x38 santimetr olan məktub kral qarderobunun mühafizəçisi ser Endryu Vindzora göndərilib və üzərinə “Henry R” imzası qoyulub. R- latın dilində “Rex” – kral sözünün qısaltmasıdır.

    Sövdələşmələr “Paul Fraser Collectibles” hərrac evində holland formatında keçiriləcək. Bu formatda əvvəlcə hərraca çıxarılan məhsul üçün ən yüksək qiymət elan olunur, daha sonra isə qiymət get-gedə aşağı salınır və lot onu həmin qiymətə almağa razı olan ilk alıcıya satılır.

    Məktub 65 min funt sterlinq (təxminən 135 min manat) dəyərində qiymətləndirilir. Lotun dəyəri hər cümə axşamı 5 min funt sterlinq məbləğində aşağı salınacaq.

  • Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək

    Oktyabrın 6-da XVIII Bakı Beynəlxalq Caz Festivalı öz rəngarəng proqramı ilə musiqisevərlərin görüşünə gəlir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən və oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da olduqca zəngindir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.

    Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramları ilə çıxış edəcəklər.

    Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.

    Builki caz şöləninin proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Gremmi” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun "Cazın ağ quşları" sərgisi də proqrama daxildir.

    Qeyd edək ki, Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından (www.bakujazzfestival.com) əldə etmək mümkündür.

  • Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür

    Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin anadan olmasından 88 il ötür.

    Otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya göz açıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

    Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

    Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırıb.

    Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan. Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilib.

    Xəyyam Mirzəzadə, eyni zamanda, gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.

    Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olub.

    Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Bəstəkar enişli-yoxuşlu sənət yolu keçsə də, heç zaman usanmayıb. 1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.

    Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ikinci Fəxri xiyabanda dəfn olunub.

    Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Mirzəzadənin əziz xatirəsi musiqisevər xalqımızın, onu tanıyanların qəlbində daim yaşayacaq.

  • İstiqlal Muzeyində növbəti sərgi - “Müqəddəs andım”

    Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Müqəddəs andım” adlı növbəti tədbir–sərgi keçirilib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.

    Bildirilib ki, Prezident İlham Əliyevin Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı Sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanır.

    Diqqətə çatdırılıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daim Azərbaycan dövlətinin və ölkə başçısının nəzərindədir.

    Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

    Sərgidə muzey fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunub.

    Sərgi oktyabrın 10-dək davam edəcək.

  • Bakıdakı Rus evində “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti keçirilib

    Bakıdakı Rus evində Müəllimlər Günü “Çox sağ olun, müəllimlər!” adlı bayram konserti ilə qeyd edilib. Tədbirin solistləri Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsinin iştirakçıları olublar.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Respublika və beynəlxalq müsabiqələrin laureatları Fərəh Əliyeva (fortepiano), İbrahim Abbasov (tar), Ayşən Umudova (fortepiano), Yasəmən Umudova (fortepiano), Nuray Cəbizadə (fortepiano), Nailə Növrəsli (vokal), Mələk Həsənli (piano), Adnan Kərimli (zərb alətləri), Cəlalə İsmayılzadə (violonçel), Mirşah Növrəsli (vokal) və digərləri çıxış ediblər.

    Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Müslüm Maqomayev, Vaqif Mustafazadə, İohann Ştraus, Yan Sibeliusun və başqalarının əsərləri səsləndirilib.

    Xatırladaq ki, “Gəncliyə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda gənc istedadların aşkar edilməsi və dəstəklənməsidir. Layihənin ideya müəllifi və bədii rəhbəri Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, koordinatoru isə direktorun müavini Ayla Kərimova-Zəkəriyyədir.

  • Bülbül Vokal Məktəbinin ilk tələbələri dərslərə başlayıb

    Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov tərəfindən yaradılan Bülbül Vokal Məktəbinin ilk dərsi keçirilib.

    Bu barədə AZƏRTAC-a Ramil Qasımov bildirib.

    O qeyd etdi ki, məqsədimiz dahi Bülbülün bizə miras qoyduğu Azərbaycan vokal məktəbinin ənənələrini gələcək nəsillərə aşılamaqdır. O, 137 namizəd arasından seçdiyi 10 tələbə ilə təmənnasız dərslərə başladığını vurğulayıb.

    Həmçinin Əməkdar artist məktəbə seçilən tələbələrin tezliklə konsertlərinin təşkil olunacağını, Bülbülün Memorial Muzeyində gecələrin keçiriləcəyini bildirib.

    Sonda tələbələrə Azərbaycan professional vokal sənətinin banisi Bülbülə həsr olunmuş kitablar, disklər hədiyyə olunub.