Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür.
AZƏRTAC xəbər verir ki, böyük sənətkarın vəfatından 23 il ötür.
Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.
1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.
O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.
Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.
1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhvali-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.
Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.
Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.
1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.
Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.
O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.
Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhvali-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.
Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.
T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhvali-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.
Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.
Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.
Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi Ulu Öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.
Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq.
Reportun məlumatına görə, akademiklə vida mərasimi isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında baş tutacaq.
Xatırladaq ki, SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünən 93 yaşında dünyasını dəyişib.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” idarəsində başlayıb, sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Xəzərdənizneft” Birliyində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə X.Yusifzadə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən çox neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf olunub və istismara daxil edilib. Məşhur neftçi-alimin xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi”, “Qarabağ”, nəhəng “Şahdəniz” qaz-kondensat, “Kəpəz”, “Bahar”, iri “Abşeron” kimi məşhur yataqların, eləcə də 2010-cu ildə SOCAR-ın öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.
O, SSRİ-nin iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenlərinə, iki dəfə Dövlət mükafatına layiq görülüb. Müstəqillik illərində isə əməyi “İstiqlal”, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək”, “Heydər Əliyev” ordenləri, eləcə də Heydər Əliyev Mükafatı ilə, həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə qiymətləndirilib.
Məşhur alim və görkəmli istehsalat təşkilatçısı, həmçinin 200-dən çox tədqiqat işinin, o cümlədən 18 monoqrafiyanın və 8 ixtiranın müəllifidir.
Xatırladaq ki, 2020-ci il yanvarın 15-də dövlətimizin başçısının X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni gəmisinə, həmçinin Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademikin adı verilib. 2021-ci il sentyabrın 20-də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən və neft sənayesinin canlı əfsanəsinin adı verilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri suya salınıb.
Allah rəhmət etsin!
Oktyabrın 6-dan 10-na qədər Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi oyunları keçiriləcək. Oyunlarda Azərbaycanı bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, oyunlarda 10-25 yaş arası gənclər iştirak edəcək. Onlar xalq, klassik və müasir incəsənətin müxtəlif nominasiyaları üzrə yarışacaqlar. Oyunlar çərçivəsində, həmçinin ustad dərsləri, rəsmi və elmi-praktiki tədbirlər keçiriləcək.
Qeyd edək ki, gənclər arasında keçiriləcək MDB-nin iştirakçısı olan dövlətlərin Delfi oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə keçirilir.
Müsabiqə proqramı aşağıdakı nominasiyalardan ibarətdir: fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq, milli alətlər. Müsabiqənin nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.
MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən bəri keçirilir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Cəbrayıl rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan qələbə və ilk olaraq Cəbrayıl rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib. Materiallarda Cəbrayıl rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə Cəbrayıl sakininin öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər təqdim edilir.
“Cəbrayıl-27 illik həsrətə son” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Qarabağ dastanı”, “Cəbrayıl. Qalalı məhəlləsi”, “Cəbrayıl ensiklopediyası” kimi 20-dən çox kitabın, “Cəbrayıl atanın övladları yurda döndülər”, “Cəbrayıl rayonu İkinci Qarabağ savaşında” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Cəbrayıl şəhəri haqqında dərc edilən materiallar toplanılıb. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/4-oktyabr-cebrayil-seheri-gunu yerləşdirilib.
Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində, dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarındakı yazılardan məlum olur ki, bu abidə Alban şahzadəsi Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, işğal dövründə abidə erməni vandalizminə məruz qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçı ölkə memarlıq abidəsinin üzərində qanunsuz “təmir-bərpa” işləri aparıb.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi forumu keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirlər çərçivəsində oktyabrın 29-31-də gerçəkləşəcək forum Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə təşkil olunacaq.
Oktyabrın 29-da “Gülüstan” Sarayında tanınmış musiqişünas alimlərin, bəstəkar, dirijor və ifaçıların iştirak edəcəyi forumun açılış mərasimi keçiriləcək.
Mədəniyyət ictimaiyyətinin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə panellər təşkil olunacaq.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Musiqi forumunda iştirak etmək istəyən şəxslər 26 oktyabr tarixinədək onlayn müraciət forması vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Azərbaycan Aşıqlar Birliyində (AAB) yeni layihəyə başlayıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanır.
XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələr yer alacaq toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaq olacaqdır.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.
Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzü bəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılacaq.
Beynəlxalq Muğam Mərkəzində Aşıq Veysəlin vəfatının 50-ci ildönümü ilə əlaqədar “Cümhuriyyətin üzü” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə çıxış edən Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç Aşıq Veysəlin yaradıcılığından bəhs edib: “Aşıq Veysəl daha çox panoramik baxa bilən, Türkiyənin xaotik məsələlərinə dərindən gələn iç səsinin əks sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəniyyət xadimlərinə təkliflər verə bilən böyük bir sənətkardır. Onun Türkiyənin sosial problemlərinə səssiz qalmadan cəmiyyəti xəbərdar etməsinin nə dərəcədə böyük sənətkar olduğunu göstərir. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir”.
Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca, tanınmış sənət adamları və bir çox qonaqlar iştirak ediblər.
Xatırladaq ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illiyi, “UNESCO-nun Aşıq Veysəl İli” və vəfatının 50-ci ildönümü çərçivəsində reallaşıb.
Gecədə Əməkdar artist Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynkva doqquz nəfərlik orkestr ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndiriblər.
Yarat Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) dəstəyi, “New Space Innovation” MMC-nin təşkilatçılığı, “Kapital Bank” və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış nitqi söyləyən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb, proqram iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra müxtəlif mövzularda çıxışlar edilib, ''A-hub Azerbaijan – 2023" iştirakçılarının videotəqdimatı olub.
Qeyd edək ki, layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.
Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən 14 komanda müraciət edib. Komandalar 6 həftəlik akselerasiya keçdikdən sonra öz startaplarını milli finalda təqdim edəcəklər. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “NARGIS” jurnalının “Go Green” adlı IV eko-sərgisi açılıb.
Report bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, sərgi ənənəvi xarakter daşıyır. Builki ekspozisiyaya Azərbaycanın tanınmış heykəltaraş və rəssamlarının tullantılardan hazırladığı 9 installyasiya daxildir.
“Go Green” layihəsi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin incəsənət vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
Xatırladaq ki, oktyabrın 2-dən Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.
Ülviyyə Mahmudun rəhbərlik etdiyi “NARGIS” jurnalı sosial layihələrə böyük önəm verir. İctimaiyyətin diqqətini insan fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinə cəlb etmək və istehlak mədəniyyətinin formalaşmasına təsir göstərmək məqsədilə ardıcıl olaraq sərgilər təşkil edir.
“Go Green” sərgisi Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “ASAN könüllüləri” və “Baku Bus” MMC-nin dəstəyi ilə təşkil olunub. Layiihə çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə gənc nəslin ekoloji mədəniyyətinin formalaşması və inkişafına yönəlmiş təlimlərin keçirilməsi nəzərdə tutulur.
Sərgi Beynəlxalq Astronavtika Konqresindən sonra – oktyabrın 10-dan noyabrın 30-dək “Space13” incəsənət məkanında nümayiş olunacaq.