Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Universal Pictures” İlon Mask haqqında filmin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib

    “Universal Pictures” İlon Mask haqqında “Bəzəksiz” sənədli filminin çəkilməsinə beynəlxalq hüquqlar əldə edib, filmin rejissoru “Oskar” mükafatçısı Aleks Qibni olacaq. Bu barədə AZƏRTAC “Deadline” nəşrinə istinadla xəbər verir.

    “Biz dərhal bu layihəni əldə etmək istədik, çünki biz Aleksin əvvəlki işlərinin pərəstişkarıyıq və əminik ki, o əsrin ən təxribatçı personajlarından birinin bəsirətli obrazını yaradacaq”, - deyə “Universal Pictures Content Group”un icraçı vitse-prezidenti Helen Parker bildirib.

    Filmin yayım hüququ “HBO Documentary Films”ə verilib.

    Qeyd edək ki, 69 yaşlı Aleks Qibni - “Qaranlıq tərəfə taksi” kinolentinə görə “Ən yaxşı sənədli film” kateqoriyasında 2008-ci ilin “Oskar” mükafatçısıdır. Həmçinin rejissorun 2005-ci ildə həmin kateqoriyada "Enron: otaqdakı ən ağıllı oğlanlar" filminə görə “Oskar” nominasiyası var. Bundan başqa, Alex Qibninin "Armstrongun yalanı” və "Biz sirləri oğurlayırıq: "WikiLeaks” hekayəsi" ekran əsəri 2014-cü ildə "Ən yaxşı sənədli film" kateqoriyasında Britaniya Akademiyasının mükafatına namizəd olub. Rejissorun diqqətəlayiq layihələri arasında "Sinatra: hər şey və ya heç nə", "Robin Vilyams: düşüncələrimə gəl”, "Rolling Stone: jurnalın səhifələrindəki hekayə", "Cenis: balaca qız kədərlənir", "Gonzo: Hunter S.Thompsonun qorxusu və nifrəti" layihələri yer alıb.

  • Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş poçt markası buraxılıb

    Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində tədbirə həsr olunmuş poçt markasının təqdimatı olub.

    Report xəbər verir ki, markanın möhür vasitəsilə "söndürülməsi" mərasimi Heydər Əliyev Mərkəzində baş tutub.

    Müvafiq sənədi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") sədri Saməddin Əsədov, eləcə də Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri (Clay Mowry) imzalayıb.

    Nazirliyə məxsus “Azərpoçt” MMC-nun buraxdığı marka Belarusun Bobruysk şəhərindəki “Bobruisk Integrated Printing House” çap evində iki növ blok olmaqla hər biri 5 000 ədəd tirajla çap olunub. Buraxılış hər bir blokda 4 marka, ümumilikdə isə 8 markadan ibarət kiçik vərəqlər şəklindədir.

  • Kino Agentliyi film layihələri müsabiqəsinin birinci mərhələsinə yekun vurub

    Azərbaycan Respublikasının Kino Agentliyinin dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil etdiyi müsabiqənin ilk mərhələsi başa çatıb.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilk mərhələdə müxtəlif janrlarda 87 layihə müraciəti qeydə alınıb. Artıq Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim prosesinə başlanılıb.

    Bu il müsabiqənin ümumi fondu 5 milyon 500 min manat təşkil edir və layihələr dörd əsas istiqamət üzrə qəbul olunub: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.

    Xatırladaq ki, müsabiqənin 1-ci mərhələsinə iyulun 18-də start verilib.

    Artıq başlanan 2-ci mərhələdə isə Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək.

    Müsabiqənin 3-cü yekun mərhələsində Ekspert Şurası qarşısında müsabiqənin finalçıları tərəfindən layihələrin müdafiəsi (pitçinq) təşkil ediləcək.

  • Azərbaycanda ilk dəfə “Nine Senses Fest” adlı beynəlxalq festival keçiriləcək

    Azərbaycanda ilk dəfə “Nine Senses Fest” adlı beynəlxalq festival keçiriləcək.

    Report xəbər verir ki, 6-8 oktyabrda baş tutacaq festival “Nine Senses” sənət və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə baş tutacaq.

    Bu, ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri üzrə təcrübələr festivalıdır.

    “Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq. Festivalda Azərbaycanın, eləcə də dünyanın ən peşəkar mütəxəssisləri ustad dərsləri keçəcək.

    Tədbir üç məkanda “The club Port Baku”da (6 oktyabr), “Nine Senses” özünüinkişaf və sənət mərkəzində, eləcə də “Sea Breeze”də (7-8 oktyabr) təşkil olunacaq.

    Festivalda iştirak etmək istəyən hər kəs https://fest.ninesenses.az/az/ saytından onlayn formada bilet əldə edə bilər. Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir.

    Bundan əlavə, festival haqqında geniş məlumat əldə etmək istəyənlər https://www.instagram.com/ninesensesfest/ instaqram səhifəsindən ətraflı məlumat ala bilərlər.

    Bununla yanaşı, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram da təşkil olunacaq. Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və müğənni Çingiz Mustafayevin canlı konsert proqramı olacaq.

    Qeyd edək ki, tədbirin 4 hedlayneri vardır:

    - İmram Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.

    - Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.

    - Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.

    - Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.

  • 7-ci “DokuBaku” Sənədli Filmlər Festivalı başa çatıb

    7-ci “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatıb.

    AZƏRTAC xəbər verir ki, festival boyu 29 ölkədən 60-dan çox film təqdim olunub. Bu il festivalın əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olub və təqdim edilən filmlərin əksəriyyəti sənədli film ustalarının dövrümüzün çağırışları ilə bağlı baxışlarına həsr edilib. Festivalın sponsorları Azərbaycan Respublikasının

    Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi, Almaniya və Fransa səfirlikləri olub. “Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında festivalın qalibi Anastasiya Şubina və Timofey Qlininin (Rusiya Federasiyası) “Piblokto” filmi seçilib. Rejissor Nəzrin Ağamalıyevanın çəkdiyi “Hədis” filmi ən yaxşı qısametrajlı Azərbaycan filmidir. Rejissor Leyla Qənbərlinin “Sanatoriya melodiyaları” filmi “DokuDarvin” nominasiyasında ən yaxşı qısametrajlı film nominasiyasına, hindistanlı rejissor Nistha Jainin “Qızıl iplik” filmi isə bu kateqoriya üzrə ən yaxşı xarici film nominasiyasına layiq görülüb.

    Danimarkalı rejissor Maykl Qraversenin “Mr. Qraversen” filmi ən yaxşı tammetrajlı film kimi tanınıb, ən yaxşı “No Main” nominasiyasında mükafata italyan rejissorlar Davide Rizzo və Marsia Toscananın “Körpüdən sonra” filmi layiq görülüb. Aşağıdakı filmlər müxtəlif nominasiyalar üzrə münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüblər. Livanlı rejissor Siril Arisin “Vulkanın kənarında rəqs”, Rajan Kathet və Sunir Pandeyin (Nepal) “Qış tətili yoxdur”. Üç Azərbaycan filmi: “Hasarların arxasında” - Azad Əlizadə, “Dog Doc” Dadaş Musayev və Sitarə İbrahimbəyli, Səbinə Abubəkirovanın “Evdən səsləri eşidin” filmləri də münsiflərin xüsusi mükafatına layiq görülüblər.

    Qeyd edək ki, qaliblərin elan edilməsi ilə yanaşı, Rəhman Bədəlov və Toğrul Cuvarlıya kinematoqrafiyada xüsusi xidmətlərinə görə xüsusi “iCyborg” mükafatları da təqdim edilib. 2017-ci ildə Bakıda əsası qoyulan festival dünyanın hər yerindən sənədli filmləri nümayiş etdirmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli filmlər festivalıdır.

  • Azərbaycanda Türk Abidə Menecerləri Şəbəkəsi təsis ediləcək

    Ötən il Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və bu, Sammitin yekun bəyannaməsinə daxil edilib.

    AZƏRTAC xəbər verir ki, şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.

    Şəbəkənin təsis edilməsinə dair Bakı Bəyannaməsinin imzalanması oktyabrın 9-13-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil ediləcək “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutacaq.

  • YARAT Müasir İncəsənət Məktəbinə ərizə qəbulu başlayır

    YARAT Müasir İncəsənət Məktəbinə ərizələrin qəbulu başlayır.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, iki semestrdən ibarət olacaq kurs, həm nəzəri biliklərin, həm də praktiki bacarıqların verilməsi məqsədi daşıyır.

    Birinci semestr ərzində tələbələr müasir incəsənətin fotoqrafiya, video, instalyasiya, performans, konseptual rəngkarlıq, heykəltəraşlıq, kollaj, animasiya və s. kimi müasir incəsənət sahələri üzrə yerli və xarici mütəxəssislərin mühazirələrini dinləyəcəklər.

    Əlavə olaraq, tələbələr üçün muzeylərə, qalereyalara və incəsənət məkanlarına ziyarətlər təşkil olunacaq.

    İkinci semestrdə iştirakçılar birinci semestrdə əldə etdiyi bilikləri praktiki məşğələlərdə tətbiq edəcəklər, həmçinin rəsm əsərlərinin yaradılması texnologiyası, müxtəlif materiallarla işləməsi, sərgi konsepsiyalarının yazılması, büdcə tərtibatı və s. öyrənəcəklər.

    Kursun son mərhələsində buraxılış sərgisi təşkil olunacaq.

    Dərslər həftədə 3 dəfə, əsasən axşam saatlarında keçiriləcək. Abituriyentlərin məktəbə qəbulu müsabiqə əsasında aparılacaq.

    Yaşı 16-35 olan şəxslər müsabiqədə iştirak edə bilərlər.

    İştirak etmək istəyənlər ərizələrini noyabrın 30-dək "YARAT Art School" başlığı ilə qeyd edərək, yekaterina.p@yarat.az elektron ünvanına göndərməlidirlər.

  • Respublika Gənclər Kitabxanası “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində videomaterial hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən dövlətçiliyimizin tarixində dönüş nöqtəsi olan 3 oktyabr 1993-cü il tarixində ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqımız tərəfindən Prezident seçilməsi ilə əlaqədar geniş videomaterial hazırlanıb. Materialda Ulu Öndərin müstəqilliyini hələ yenicə qazanmış respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər, müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirməsindən bəhs edilir. Videoçarxda Ümummilli Lider tərəfindən Qarabağ münaqişəsinin həlli yolunda atılan ciddi addımlar - atəşkəs rejiminə nail olunması, nizamlı və güclü ordu quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə aparılan məqsədyönlü siyasət haqqında maraqlı tarixi faktlar səsləndirilir. Materialda ölkəmizi dünya iqtisadi-siyasi arenasında tanıdan “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması, Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yerli infrastrukturun yeniləşməsi kimi məsələlərdən də bəhs edilir. Materialda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə, xalqına, millətinə olan sonsuz sevgisini ifadə edən müdrik kəlamları da yer alır.

    Layihə çərçivəsində Ulu Öndərin kitab, mütaliə, təhsil, mədəniyyət sahəsinə dair səsləndirdiyi müdrik fikirlərdən ibarət virtual kitab sərgisi də hazırlanıb. Materialda “Heydər Əliyev-xalqa həsr olunmuş ömür”, “Ümummilli Lider Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Şərq”, “Heydər Əliyev dünyanın gözü ilə”, “Xilaskarlar”, “Heydər Əliyevin elmi irsi” kimi 20-ə yaxın kitabın annotasiyası da təqdim edilir.

  • “Azersky-2” peyki Azərbaycanda istehsal olunacaq

    Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

    Bu barədə Reporta nazirlikdən bildirilib.

    “Azersky-2” proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkəmizdə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. “IAI” peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.

    İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyklərin inkişafı mərkəzinin layihələndirilməsində də "Azərkosmos"a dəstək göstərəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək", - deyə məlumatda qeyd olunub.

    "Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib: “Bu layihə həm "Azərkosmos", həm də “İsrael Aerospace Industries” şirkəti üçün unikal xarakter daşıyır, şübhəsiz ki, ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Əməkdaşlığımızı ölkədə insan kapitalının, kosmik texnologiyaların inkişafında mühüm addım hesab edirəm”.

    “Israel Aerospace Industries” olaraq biz bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edirik və ölkələrimizin qarşılıqlı mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmlənməsinə çalışacağıq”, – deyə İsrail şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi bildirib.

    “IAI” proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026 və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.

  • Həkəri çayı üzərində tikilən dəmiryol körpüsündə işlər yekunlaşmaq üzrədir

    "Azərbaycan Dəmir Yolları" QSC Həkəri çayı üzərində tikilən dəmiryol körpüsündə işləri yekunlaşdırmaq üzrədir.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, 13 aşırımlı körpünün uzunluğu 418 m, eni isə 6,5 m, dayaqlarının və aşırım qurğusunun konstruksiyası dəmir-betondur.