Bu il Turan Cavidin anadan olmasının 100 illik yubileyi qeyd olunur. Bu münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Turan Cavid” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Turan Cavid haqqında məqalələr, kitablar, tərtib etdiyi kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turan_Cavid/index.htm linkindən istifadə edə bilər.
Qeyd edək ki, Turan Cavid 1923-cü il oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin ailəsində dünyaya gəlib.
O, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsində təhsil alıb, həmin institutda müəllim kimi saxlanılıb, 1950-1983-cü illərdə “Azərbaycan teatr tarixi”ndən mühazirələr oxuyub. 1968-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində elmi işçi və 1968-1991-ci illərdə direktor vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru olub.
O, ölməz şairin irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək bu vəzifənin öhdəsindən şərəflə gəlib. Turan Cavid ədibin ev-muzeyinin qurucusu, əsərlərinin naşiri kimi öz övladlıq borcunu layiqincə yerinə yetirib. O, Cavidin Azərbaycan ədəbiyyatını zənginləşdirən ölməz əsərlərinin son mükəmməl nəşrini hazırlayaraq, Cavidə, onun ailəsinə məxsus əşyaları, sənədləri illərin sınağından çıxarıb ev-muzeyinə təhvil verməklə Azərbaycan xalqına qiymətli miras qoyub. Turan xanım Hüseyn Cavidin 120 illik yubileyi ərəfəsində H.Cavidin əsərlərini öz qələmindən çıxan kimi, onun üslubunda latın qrafikası ilə nəşr edilməsi üçün böyük zəhmət çəkib.
Turan Cavid 2004-cü il sentyabrın 12-də vəfat edib və Naxçıvanda Cavidlərin uyuduğu məqbərədə dəfn olunub.
Yazıçı-publisist, şair Gülarə Munis İkinci Qarabağ müharibəsinin şəhidi Həsənağa Şirvaninin igidliyinə həsr olunmuş “Biz səni gözləyirdik...” kitabını Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına təqdim edib. Təqdimat kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitab Zəfər Gününə həsr olunmuş esse ilə başlayır.
Daha sonra şəhid valideynlərinə həsr olunmuş hekayə verilib.
Kitabda müəllifin şəhidlərə həsr olunmuş qəzəl və şeirləri, mənsur şeirləri, pritça, novella və nağılı verilib.
Kitabda bir daha qeyd olunur ki, “Kəlbəcəri almamış qayıtmayacağam!”, – deyən Həsənağa hərbi xidmətə yollanır və məhz Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Festival günlərində Nizami Kino Mərkəzində 40-a yaxın bədii, sənədli və animasiya filmi nümayiş olunacaq
Oktyabrın 8-dən 11-dək Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ötən il isə qardaş ölkənin Bursa şəhərində həyata keçirilmişdi.
Builki festivalda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov, Özbəkistan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Matyakub Matçanov, Qazaxıstan Respublikası "Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi" QSC-nin İdarə Heyətinin sədri Kurmanbek Jumaqali, "Qazaxfilm"in prezidenti Azamat Satıbaldı və digər türk dövlətlərinin müvafiq sahə üzrə rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, eləcə də tanınmış türkiyəli kinorejissor Semih Kaplanoğlu – ümumilikdə türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox xarici qonağın iştirakı gözlənilir.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.
Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.
“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və oktyabrın 11-də bağlanış mərasimləri təntənəli şəkildə Heydər Əliyev Mərkəzində keçiriləcək.
Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur israilli yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Y.N.Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.
İsrailli yazıçı, tarixçi Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.
Y.N.Harari doktorluq dissertasiyasını 2002-ci ildə Oksford Universitetində müdafiə edib. Hazırda Qüds Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makro tarixi suallar ətrafındadır.
Özbəkistanda növbəti XV Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivala dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinematoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi "İpək Yolunun mirvarisi" Daşkənd Beynəlxalq Film Festivalında ”5 günə film ” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.
Müsabiqədə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb. Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi- tələbələrə təqdim edilib.
Azərbaycan və Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Muzey Mərkəzinin sərgi qalereyasında “Yurduma sülh” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və muzeyin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgidə 50-dən çox rəngkarlıq, 17 qrafika və 12 heykəltaraşlıq əsəri nümayiş olunur.
Burada təqdim olunan sənət əsərləri ötən əsrin ortalarından başlayaraq, ən görkəmli rəssamların Azərbaycan həyatının müxtəlif sahələrinə baxışını əks etdirir.
Ziyarətçilər sərgidə yer alan Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Asəf Cəfərov, Xalidə Səfərova, Kamal Əhməd, Cavad Mircavadov, Maral Rəhmanzadə, Asəf Cəfərov, Mikayıl Abdullayev, Lyubov Mircavadova, Mir Nadir Zeynalov, Böyükağa Mirzəzadə, Şamo Abbasov, Əşrəf Murad, Məmmədkərim Quliyev, Ucal Haqverdiyev, Müslüm Eldarov, Nadir Qasımov, Davud Kazımov, Tofiq Ağababayev, Nadir Qasımov, Kamil Nəcəfzadə, Qəyyur Yunus və digər tanınmış fırça ustalarının əsərlərindən zövq ala biləcəklər.
Oktyabrın 8-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
II Milli Qurama Festivalı çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şəki Şəhər İcra Hakimiyyəti və Turizm Agentliyinin təşkilati dəstəyi ilə Qurama marafonu keçirilib.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi ilə davam edərək satış yarmarkası ilə başa çatıb.
Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər. Sərgidə, həmçinin inklüziv şəxslərin əl işləri, o cümlədən az saylı xalqların qurama əl işləri də nümayiş edilib.
Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində gördüyü tədbirlər çərçivəsində “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemini istifadəyə verib.
Report bu barədə nazirliyə istinadən xəbər verir.
Altsistem vasitəsilə elektron qaydada AYNA-ya müraciət edərək avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə almaq mümkündür. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.
Elektron xidmətlərdən https://e-xidmet.ayna.gov.az/ portalına daxil olaraq yararlanmaq mümkündür. Linkə daxil olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçmək lazımdır. Müraciət edən şəxsin elektron kabinetinə yalnız “ASAN Login” üzərindən elektron imza vasitələrindən biri ilə daxil olmaq mümkündür.
Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib. Həmçinin digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Müraciət edən şəxsə dövlət rüsumunun Hökumət Ödəniş Portalı üzərindən ödənilməsi imkanı da təmin edilib.
Prezident İlham Əliyev oktyabrın 2-də Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama görə, on bir nəfər “Tərəqqi”, bir nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.